BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Ukraynadakı Azərbaycan diaspor təşkilatının sədri "Kyiv Post" qəzetindəki ermənipərəst məqaləyə cavab verib

Ukraynadakı Azərbaycan diaspor təşkilatının sədri "Kyiv Post" qəzetindəki ermənipərəst məqaləyə cavab verib

 

10 avqust 2017

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UADB) sədri Hikmət Cavadov avqustun 4-də "Kyiv Post" qəzetində dərc edilmiş ermənipərəst məqaləyə cavab verib. 

"Report" agentliyi H.Cavadovun əsas məqsədi Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaq olan bu məqələyə cavabını təqdim edir.

"Stəkan və su vasitəsi ilə nikbinlə bədbin insanın məşhur müqayisəsi var. Bədbin insan stəkanı yarıya qədər boş, nikbin insan isə yarıya qədər dolu görür. Amma əlinin altında stəkan və su olmayan və hətta stəkanla və onun tərkibi ilə tanış olmaq istəməyən birinin onlar barəsində danışmasını necə adlandıraq?!

Bu sual boşuna deyil. Sual avqustun 4-də Ukraynanın "Kyiv Post" ingilisdilli nəşrində açıq-aydın birtərəfli yazılmış məqaləni oxuduqdan sonra yarandı. Məqalə "Əliyev qanunlardan sui-istifadə etməyə davam edir" adlanırdı.

Həmişə belə məqalələrin yazılması, onları dərc edənin məqsədi mənə maraqlı olub. Burada bir neçə məqam var. Sona qədər anlamadığı və tam məlumatı olmadığı mövzuda belə müzakirələr aparan yumşaq desək, həvəskardır. Burada söhbətin başqalarının mübahisəsinə coşğu ilə qoşulan "faydalı əbləhlər"dən getdiyini də istisna etmək olmaz. Nəhayət, müəyyən qüvvələrin ödənişli sifarişi əsasında işini görən icraçılarla da bağlılıq ola bilər, çünki "cins" Ukrayna mətbuatında həmişə dəbdə olub. Bundan başqa, əlimizdə olan məlumatlara görə, Ukrayna mətbuatında "cins" məqalələrin böyük vurğunlarından biri Aleksandr Yanukoviçin dostu olan ermənidir.

Bizə o da məlumdur ki, "Kyiv Post" nəşrinin sahibi Pakistan əsilli britaniyalı milyonçu Məhəmməd Zahurdur. 2015-ci ildə Ukraynanın "Fokus" xəbər həftəliyi Zahurun var-dövlətini 500 milyon dollar civarında qiymətləndirib. Bura daşınmaz əmlak sahəsi, hotel biznesi, kino sənayesi, eləcə də KİV sferasındakı aktivlər, o cümlədən "Kyiv Post" ingilisdilli qəzeti daxil edilib.

Bu vəziyyət Azərbaycan haqqında belə açıq-aydın birtərəfli və yalan məqalənin işıq üzü görməsinin səbəbləri və mahiyyəti barədə zəmanətli cavab verməsə də, "Kyiv Post"da məqalələrin dərc edilməsinə məsul şəxslərin özbaşınalığını göstərir. Bu məqalə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) çoxsaylı üzv ordusunun hiddətinə səbəb olub.

Dərc olunan yazıda Azərbaycan açıq-aydın qara rənglə verildiyindən narazılıq yaratmaya bilməzdi. Məqalədə həmçinin uzun zaman rahat şəkildə qrantları yeyənlərə və vətənə qarşı nifrət hissi ilə ticarət edənlərə istinad edilir. İstinad edilənlər arasında Azərbaycandan Avropaya mühacirət edib orada artıq əmlak əldə etmiş ər-arvad, 25 ildir Dağlıq Qarabağı və Azərbaycanın ona bitişik 7 rayonunu işğal etmiş Ermənistanın nümayəndələrinə sevgisini gizlətməyən qadın var. Azərbaycanda o qədər də hörmət sahibi olmayan bu qadın uzun illərdir ermənilərlə eyni havaya oynayır. 

Bir sözlə, tənqidçilər ənənəvi adamlardır. Lap elə onlara dəstək verən təşkilatlar kimi. Amma onların real qiyməti nədir? Bir qara qəpiyə də dəymirlər. Çünki 25 ildən çoxdur Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi məqamda, Ermənistanın hüquqlarını pozduğu bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün olduğu şəraitdə bu təşkilatların məsləhətlərini dinləmək özümüzə hörmətsizlikdir.

Onlar Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını boşaltması, erməni işğalçılar tərəfindən öz ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkünlərin doğma ocaqlarına qayıtması kimi mühüm məsələdə ədalətin bərqərar olmasına təsir edə bilmədilər. Onlar Xocalıda Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş soyqırımının təşkilatçılarının layiqli cəza almasını təmin edə bilmədilər. Hərçənd onların çoxu, lap elə Ermənistan prezidenti Serj Sarqsyan sağdır. Bu yaxınlarda isə erməni cəlladlarının iki yaşlı Zəhra Quliyeva və onun nənəsini öldürməsindən sonra bu təşkilatlar ənənəvi şəkildə qorxaqlıq nümayiş etdirdi və bu dəhşətli cinayət əməlinə görə Ermənistanı qınamaqdan imtina etdi. Belə şərtlər altında onların ölkəmiz haqqında dediklərinin hamısı cəfəngiyyatdır.

Amma Azərbaycanı ləkələmək üçün ənənəvi olaraq yalan informasiyalarla aparılan kampaniyanın Ukrayna KİV-ində istifadə edilməsi məni son dərəcə narahat edir. Təəccüblüdür ki, jurnalistlərin təqib olunmasından son bir neçə ildə "dördüncü hakimiyyət"in bir neçə nümayəndəsinin öldürüldüyü ölkənin qəzetində yazılır. Oles Buzina, Pavel Şeremet öldürülüb, amma bu cinayətlərin sifarişçiləri hələ də tapılmayıb. Üstəlik, Yanukoviçin dövründə belə Ukraynada çalışan Savik Şuster ölkədən gedib. Müxtəlif KİV-də daimi axtarışlar barədə danışmağa dəyməz. Başqa sözlə, mentor rolunda ən azı Ukrayna KİV-inin çıxış etməsi gülüncdür.

Özü də ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinin anılmasını tənqid etməyə onun haqqı yoxdur. Ukraynanın müasir tarixində Heydər Əliyev miqyasında böyük siyasətçinin olmamasına görə heç kim günahkar deyil. Xatırlatmaq istəyirəm ki, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin şərəfinə böyük meydan salınıb. Ukraynada yox, Ermənistanın Spitak şəhərində. Aydın məsələdir ki, meydan göydən gəlib düşməyib, rəsmi Kiyevin razılığı ilə salınıb. Hazırda Ermənistanın Ukraynadakı səfiri olan Andranik Manukyan isə onun bağlanması üçün fəal mübarizə aparır. Amma "Kyiv Post" nəşrindəki məqalədə bu barədə bir cümlə belə qeyd edilməyib.

Yazıda Azərbaycanın böyük iqtisadi nailiyyətlərə yiyələnməsi, Cənubi Qafqaz regionunın ən güclü dövləti olması ilə bağlı da bir kəlmə yoxdur. Sadəcə xatırladım ki, Cənubi Qafqaz üzrə ÜDM 75 milyard dollardan çox olub və bunun 70%-i Azərbaycanın payına düşür. Bundan əlavə, Cənubi Qafqazda sənaye istehsalının 80%-i, təxminən 20 milyard dolları Azərbaycana məxsusdur.

Bundan başqa, məhz Azərbaycan Avrasiyaya açılan qapıdır, nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sistemində əsas dövlətdir. Azərbaycanın son bir neçə ildə nəqliyyat-kommunikasiya əlaqələrində dünya miqyasında həlledici amil səviyyəsinə yüksəlməsi, eləcə də "Qərb-Şərq" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin yenidən qurulması, o cümlədən onların müasir tələblərə cavab verən səviyyəyə gətirilməsi böyük əhəmiyyət kəsb edir.

Elə ölkəmizlə ənənəvi dostluq münasibətləri olan Ukrayna üçün də bunun əhəmiyyəti var. "Azərbaycanın resurs potensialından və Ukraynanın tranzit potensialından istifadə etmək lazımdır. Yeni İpək Yolunun layihəsi də çox perspektivli layihədir", - bu sözləri Azərbaycana rəsmi səfəri zamanı Ukrayna Prezidenti Petro Poroşenko deyib. Və bu, düz sözlərdir.

Azərbaycanla Ukrayna arasında həmişə qarşılıqlı faydalı təcrübə mübadiləsi aparılıb. Təsadüfi deyil ki, bu ilin yanvar ayında Bakıya səfər edən Ukraynanın sosial siyasət naziri Andrey Reva Azərbaycanın qaçqınlara və məcburi köçkünlərə yardımla bağlı təcrübəsinə xüsusi diqqət yetirib. Ukrayna siyasətçilərindən çoxu - Kiyevin meri Vitali Kliçko, baş prokuror Yuri Lutsenko, ədliyyə naziri Pavel Petrenko və başqaları Azərbaycana səfər sonrası xoş təəssüratlalarını bölüşür və bütün sahələrdə ölkəmizin təcrübəsinin onlarda böyük maraq doğurduğunu gizlətmirlər.

Elə məşhur ukraynalı müğənni, aktrisa, model, 2008-ci ildə keçirilən "Dünya gözəli" yarışmasının qalibi, "Kyiv Post" nəşrinin sahibinin həyat yoldaşı Kamaliya Zahurun özü də Bakıya tam heyran olduğunu KİV-ə müsahibəsində bildirib. "Bakı həqiqətən gözəldir. Şəhər alovlu işıqlarla doludur. Qonaqpərvər və gözəl insanlardır. Rahat və təhlükəsizdir. Bunlar hər bir şəhərin qiymətləndirilməsində əsas meyarlardır. Bakıda əhali sabahına görə narahat deyil və onlar təhlükəsizlik və sabitliyin təmin olunmasından əmindirlər", - xanım Kamaliya vurğulayıb.

Amma avqustun 4-də işıq üzü görən məqalədə paytaxtımız, ölkəmiz haqqında belə ifadələr işlədilməyib. İnqilab zamanı Azadlıq meydanında azərbaycanlıların ukraynalılarla çiyin-çiyinə olması nədənsə məqalə müəllifləri tərəfindən unudulub. Lap elə Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən azərbaycanlılar haqqında olduğu kimi. Qəzet oxucuya olduğundan tam fərqli Azərbaycan təqdim edib. Ölkəmizin inkişafını gözü götürməyən, stəkan və su məsələsində belə mübahisə etməyin mənasız olduğu xəstə beyinlərdə mövcud olan Azərbaycan. Çünki onlar həmişə stəkanın boş olduğunu iddia edəcəklər, stolda içində su olan stəkan olmasa belə".

скачать dle 10.4 UTF-8Forex для начинающих