BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Professor David Qoçolidze: Azərbaycan multikulturalizm sahəsində böyük işlər görüb

Professor David Qoçolidze: Azərbaycan multikulturalizm sahəsində böyük işlər görüb

 

31 mart 2017, Tbilisi

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev martın 31-də Gürcüstanda Tbilisi Dövlət Universitetinin professor, müəllim və tələbələri ilə görüşüb.

Universitetin müəllimi, Beynəlxalq Psixolinqvistika Cəmiyyətinin sədri, professor David Qoçolidze müasir dünyada baş verən dini, sosial və siyasi cərəyanlar, mövcud problemlər və onların həllində bir sıra konsepsiyaların, o cümlədən multikulturalizmin rolundan danışıb.

Sonra Kamal Abdullayev Azərbaycanda çoxəsrlik ənənələrə malik tolerantlıq mühiti, ayrı-ayrı dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşdığını qeyd edib, ölkəmizdə dövlət-din münasibətləri, tolerantlıq sahəsində görülən işlər və həyata keçirilən layihələrdən danışıb. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm İli” olduğunu xüsusi qeyd edib.

Dövlət müşaviri bildirib ki, Azərbaycanda əsrlərboyu müxtəlif dinlərin nümayəndələri, fərqli etnik qruplar, xalqlar dostluq və qardaşlıq mühitində yaşayıblar. Multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzinə çevrilib.

Bildirilib ki, hazırda Azərbaycanın bir neçə universitetində multikulturalizm tədris olunur. Dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərində də multikulturalizmin tədrisinə xüsusi diqqət yetirilir. Qonşu Gürcüstanda da bu fənnin tədrisi yeni nəslin dünyaya baxışının formalaşmasında, eləcə də ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafında mühüm rol oynayacaq.

Sonra müəllim və tələbələrin sualları cavablandırılıb.

Kamal Abdullayev jurnalistlərə açıqlamasında Gürcüstan tərəfinin bu konsepsiyaya maraq göstərməsinin çox yaxşı hal olduğunu bildirib. Qeyd edib ki, multikulturalizm təkcə insanların mədəni inkişafında, milli azlıqların problemlərinin həllində deyil, dövlətlərarası əlaqələrin inkişafında, şəffaflığın təmin olunmasında da mühüm rol oynayır.

Dövlət müşaviri deyib: “Bu gün biz 31 mart- Azərbaycanlıların Soyqırımı Gününü hüznlə qeyd edirik. Belə bir gündə Gürcüstanın ən nüfuzlu ali təhsil ocaqlarının birində multikulturalizmlə bağlı çıxış etmək, Azərbaycanın necə mədəni dəyərlərə malik olduğunu dünyaya çatdırmaq çox vacibdir. İnanıram ki, bunun çox müsbət təsirləri olacaq”.

Professor David Qoçolidze jurnalistlərə müsahibəsində deyib: “Multikulturalizm bütün dünyanı maraqlandıran konsepsiyalardan biridir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində böyük işlər görülür. Düşünürəm ki, bu konsepsiyadan Gürcüstanda da istifadə etməliyik. Biz azərbaycanlı alim və mənim yaxın dostum Kamal Abdullayevə müraciət etdik və Azərbaycan tərəfi müraciətimizə müsbət cavab verdi. İnanıram ki, gürcü və azərbaycanlı tələbələr bu konsepsiyanı öyrənəcək və təbliğ edəcəklər”.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих