BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » 1918-ci il mart qırığını: Erməni vəhşiliyi arxiv sənədlərində

1918-ci il mart qırığını: Erməni vəhşiliyi arxiv sənədlərində

İçərişəhərdəki Şirvanşahlar sarayında olan Şah məscidi 1918-ci il 31 mart hadisələrindən sonra

 

Erməni cəlladlarının 1918-1920-ci illərdə törətdikləri qırğınlar, soyqırımı aktları barəsində mütəmadi yazılar dərc olunur. Bu sırada Qubada törədilən erməni vəhşilikləri həm amansızlığına və həm də miqyasına görə fərqlənir. Bu dəfə bölgə müxbirimiz artıq yaşı əsrə yaxınlaşan Bakıdan başlayaraq Şamaxıda və Qubada davam etmiş faciəni arxiv sənədlərinin gözü ilə nəzərdən keçirməyə cəhd etmişdir.

Azərbaycan Respublikası Dövlət Arxivi Quba Filialının direktoru, əməkdar mədəniyyət işçisi Şirin Müzəffərov Azərbaycan Respublikasının Dövlət Arxivində 1918-ci ildə Bakı Quberniyasının Quba Qəzasında törətdikləri dağıntı və qırğınların istintaqını aparan Fövqəladə Təhqiqat Komissiyasının 5 cilddən ibarət rəsmiləşdirilmiş istintaq sənədlərinin mühafizə olunduğunu bildirir. Bu sənədlərdə zərərçəkmişlərin və şahidlərin dindirilmə protokolları, dağıdılmış və yandırılmış evlərə baxış protokolları, aktlar, şəhərin ayrı-ayrı ailələrinə və sakinlərinə dəymiş zərərin miqdarı barədə ətraflı məlumatlar var.

Quba Qəzasında ermənilər tərəfindən törədilmiş bu vəhşiliklərin istintaqı qeyri-azərbaycanlı olan Aleksandr Novatski tərəfindən aparılmışdır. Bolşevik libasında, "Daşnak" partiyasının ən amansız və qəddar üzvlərindən olan S.Şaumyan və G.Korqanovun başçılığı ilə erməni silahlı dəstələri dinc, əliyalın insanlara, qadınlara, uşaqlara və qocalara heç bir mərhəmət göstərmədən onların kütləvi surətdə qırğınını təşkil ediblər. Qırğınlar 1918-ci ilin may ayının 1-dən 10-dək davam etmişdir.

Fövqəladə Təhqiqat Komissiyasının Qubaya göndərdiyi Aleksandr Novatskinin tərtib etdiyi istintaq materiallarında şəhər rəisi Əlabbas bəy Əlibəyovun məlumatında göstərilir ki, Quba şəhəri erməni qulduru Amazaspın dəstələri tərəfindən dağıdılana qədər orada 20 minə yaxın əhali yaşayırdı. Bu hadisələrə qədər Qubada cəmi 500 nəfərə yaxın erməni yaşayırmış. Əlabbas bəy özü izahatında bildirir ki, mart ayında Quba ermənilərinin əksəriyyəti özlərinin daşınan və daşınmaz əmlaklarını sataraq çıxıb gedirlər. Bunun səbəbini soruşduqda A.Melikov və Bağdasarov deyiblər ki, "Sizinlə bizim aramızda nəsə gözlənilir. Ona görə komitə bizi geri çağırır".

 

Bakıda "Kaspi" qəzetinin binası Mart hadisələrində baş vermiş yanğından sonra

 

Xatırladaq ki, 1988-ci il Sumqayıt hadisələri törənməmişdən bir müddət əvvəl şəhərdə yaşayan ermənilərin bir qismi də özlərinə mənsub olan əmlakı satmış, banklarda olan pullarını götürmüş, hadisələrdən qabaq şəhəri tərk etmişdilər. Erməni daşnakları bu ssenaridən dəfələrlə istifadə etmişdilər.

Quba şəhərinin nüfuzlu şəxlərindən Hacı İsmayıl Orucovun və şəhər rəisi Ə.Əlibəyovun Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskiyə verdiyi izahatlardan aydın olur ki, ilk dəfə D.Qolovaninin rəhbərliyi ilə Qubaya gəlmiş əksəriyyəti daşnaklardan ibarət Bakı Kommunasının silahlı dəstələri Qubada sovet hakimiyyəti quracaqlarını elan ediblər. Vəziyyətin gərgin olduğunu hiss edən şəhər əhalisi buna razılıq veribdir.

Şirin Müzəffərov danışır ki, erməni quldur dəstəsinə ləzgilər və ətraf kəndlərdən azərbaycanlılar hücum edirlər. Vəziyyətin ağır olduğunu görən poruçik Ağacanyanın dəstəsi Qubada bir yerə topladığı erməniləri buraxıb qaçırlar. D.Qolovani yazırdı ki, Ağacanyanın toplayaraq taleyin ümidinə buraxdığı ermənilərin bir hissəsini mənim dəstəm çıxara bildi, bir hissəsi isə ləzgilər tərəfindən məhv edildi.

D.Qolovaninin dəstəsi Qubadan getdikdən bir neçə gün sonra S.Şaumyanın göstərişi ilə G.Korqanov daşnak Amazaspın komandanlığı altında 2 min yaraqlıdan ibarət cəza dəstəsini Qubaya göndərir .

Quba şəhər rəisi Ə.Əlibəyovun məlumatına görə, 1918-ci il mayın 1-də 3 istiqamətdən şəhərə daxil olan Amazaspın dəstəsinin 4 top və 8 pulemyotu var idi. Bu dəstə tərəfindən təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər, ikinci gün isə 1012 nəfər azərbaycanlı qətlə yetirilmişdir.

 

Quba soyqırım memorial kompleksindəki dəhşətli eksponatlardan biri


Amazaspın hərəkətləri haqqında məlumat verən Ə.Əlibəyov bildirmişdir ki, Amazasp şəhər məscidinin yanındakı meydana gələrək bildirdi ki, "Mən əslən Ərzurumdanam. Uzun müddət türklərlə vuruşmuşam. Mən ermənilərin mənafelərinin müdafiəçisiyəm. Mən sovet hökuməti tərəfindən cəza dəstəsi ilə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülmüş ermənilərin qisasını alım. Sizin müsibətiniz o vaxt başlayacaq ki, (o, əlini üzərində toplar dayanmış dağa tərəf tutur) mən sabah o dağa qalxacağam. Sabah mən o dağa çıxanda şəhəri topa tutduracaq və yerlə-yeksən edəcəyəm".

Beləliklə, 10 gün ərzində Amazaspın rəhbərliyi ilə sovet hökuməti adından S.Şaumyan və G.Korqanovun göndərdiyi erməni cəza dəstələri böyük vəhşiliklər törədir. Şəhər rəisi Ə.Əlibəyovun məlumatına görə, 2 min nəfər öldürülmüş, ölüləri dəfn edən mollanın məlumatına görə isə, 2.800 nəfərin cənazəsini torpağa tapşırmışdı.

Şirin Müzəffərov həmin dövrdə qubalılara dəyən zərərin xüsusi komitə tərəfindən hesablandığını deyir:

- Təxmini hesablamalara görə, Amazaspın quldur dəstəsi tərəfindən təkcə Quba şəhərində oğurlanmış əmlak 4 milyon rubl nağd pul, 4,5 milyon rublluq brilyant, qızıl, gümüş və digər qiymətli daş-qaş, 25 milyon rublluq xalça və digər ev əşyaları olmuşdur. Bundan əlavə, təkcə Quba şəhərində 105 ev və digər tikililər tamamilə yandırılıb dağıdılmış və nəticədə şəhər əhalisinə vurulmuş maddi zərər 100 milyon rubldan çox olmuşdur.

Amazaspın Qubaya doğru hərəkət edən erməni hərbi hissələri yol boyu Quba qəzası ərazisində 122 kəndi dağıtmış və yandırmış, imkan tapıb qaça bilməyən 60 nəfər kişi, qadın və uşağı qətlə yetirmiş, 53 kişi yaralanmışdı.
 

Quba şəhər rəisi Ə.Əlibəyovin izahatında bu qırğınlardan sonra Bakıya gedərək bolşeviklərin rəhbərləri S.Şaumyan və A.Caparidze ilə görüşməsi barədə verdiyi məlumat da çox maraqlıdır. O yazırdı ki, Amazaspın dəstələrinin Qubada törətdikləri vəhşiliklər barədə məlumat verdikdə A.Caparidze bərk həyəcanlandı, S.Şaumyan isə üzündəki sevinc hissini gizlətməyərək sərt şəkildə dedi: "İndi nə olub ki, ermənilər Qubada iki müsəlman öldürən kimi müsəlmanlar şikayət edərək göz yaşı tökürlər".

Fövqəladə Təhqiqat Komissiyasının üzvü A.Novatskinin məruzəsində "cəza dəstəsinin" rəhbəri Amazasp, müavini Nikolay və komissarı Venutsla yanaşı, vaxtı ilə Quba şəhəri sakinləri olmuş və qırğında fəal iştirak etmiş ermənilər barədə cinayət işi qaldırmaq təklif olunurdu.

Azərbaycan Respublikası Dövlət Arxivi Quba Filialının direktoru Şirin Müzəffərov Quba soyqırımının bir neçə təşkilatçısıının məsuliyyətdən kənarda qaldığını da vurğuladı:

- Təəssüf ki, 1920-ci ildə bolşeviklər hakimiyyəti ələ keçirdikdən sonra S.Lalayev, Amazaps kimi quldurbaşının və yüzlərlə erməni daşnaklarının törətdikləri cinayətlər cəzasız qaldı və minlərlə azərbaycanlının başına gələn faciələr "unudularaq" arxivlərə atıldı. Yalnız ölkəmiz müstəqilliyini qazandıqdan sonra faciələrimizi araşdırıb faktları geniş ictimaiyyətə təqdim edə bildik.

Quba Soyqırımı Memorial Kompleksinin guşələrindən birində "Azərbaycan" qəzetinin 1918-ci il 8 dekabr nömrəsindən bir sitat oxuyuruq: "Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən siyasi düşmənlərimizə bənzəyə bilmərik və bənzəmək istəmirik. Biz təmkin və soyuqqanlıqla haqlı olduğumuzu tam dərk edərək təmiz vicdanla öz məqsədimizə doğru gedirik və inanırıq ki, ətrafımızda olan bütün xalqlara münasibətdə bizim loyallığımız, səmimiliyimiz və sadəliyimiz kin və eqaist ehtirasın gözlərini gerçəkliyə qapamadığı hər kəs tərəfindən, nəhayət ki, etiraf olunacaq və qiymətləndiriləcək. Fakt göz qabağındadır. Kim istəyirsə yoxlaya bilər".
"Azərbaycan" qəzeti

 

скачать dle 10.4 UTF-8Forex для начинающих