BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim

Dağlarda iki gün

Hər iki sahili sıx meşələrlə örtülü Qudyalçay Qəçrəş ağzından bu cür əsrarəngiz görünür

  

Shahdagpeoples.az saytının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Fotoqraflar Birliyinin üzvləri İlkin Səlifov və Elxan Qəniyev, videooperator Araz Teymurxanlı və portalımızın təmsilçisindən ibarət yaradıcı qrup Quba Dağıstanındakı Şahdağ milli-etnik qrupuna aid Qrız, Haput, Cek, Əlik, Xınalıq və Buduq kəndlərində, eləcə də Yergüc kəndinin indi tərk edilmiş tarixi ərazisində olaraq foto və videoçəkilişlər aparmışlar. Qrupun səfər təəssüratlarından ibarət mətni və fotoçəkiliş nümunələrini təqdim edirik.

 

Qudyalçay bu yerdə qayadan keçib aşağılara doğru tələsir

 

Əzəldən səngərli, qalalı Qrız

4 km-lik Quba-Qrız "yolu" buradan başlayır

 

Bəri başdan deyək ki, səyahət hədəfimiz olan kəndlərə həm aranda, həm də dağda kəndlinin qışa hazırlığının həlledici mərhələsində - yayın öz yerini payıza verməyə hazırlaşdığı avqustun ikinci dekadasında gəlmişdik. Bu yerlərin insanlarının əsas məşğuliyyəti olan heyvandarlığın qışda da davam etdirilə bilməsi üçün dağ ətəklərində, yasamallarda, yallarda biçilmiş otun yığılıb həyətlərə, tövlələrin yaxınlığına daşınmasının qızğın çağı idi. Bəlkə də elə buna görə Dağ Qrız çox sakit və hətta bəzən adamsız kimi görünürdü. Lakin təkcə buna görəmi? Kəndin qıvraq, öz şux görkəmi ilə çox insanlara həyat şövqü aşılayan 83 yaşlı sakini Hacı Əbdürrəhman Becan oğlu Yaqubovun – şəkli bir çox rəngli jurnalları bəzəyən məşhur “Bığ dayı”nın sözlərindən belə çıxır ki, həm də təkcə buna görə yox:

 

Qrızın 83 yaşlı sakini Hacı Əbdürrəhman Becan oğlu Yaqubov

 

- Dağ yerində yaşamaq həmişə çətin olub. İndi də belədir. Odur ki, zaman-zaman insanlar daha asan yaşayış dalınca aşağılara köç ediblər. Amma mən anadan olandan buradan heç yerə getməmişəm. Ən çətin günlərdə Qrızı tərk etməmişəmsə, indi, ahıl vaxtımda niyə harayasa getməliyəm? Mal-heyvan yetişdirməklə keçimimizi saxlayırıq.

 

Dağların özü kimi sərt, enişli-yoxuşlu dağ həyəti

 

Söhbət etdiyimiz digər kəndlilər də ilk növbədə kəndin, maldarlığın qayğılarından danışdılar. Əsasən diri mal satılırmış, elə həyətdəncə. Ağartı məhsullarını bazara çıxaransa demək olar ki, yoxdur: “özümüzə ancaq çatır, satışa necə çıxaraq?”

Doğrudan da, Qrızda hər şey sanki bu kənddə təsərrüfatın əsasını təşkil edən iribuynuzlu heyvandarlığın uğurla yürüdülməsinə köklənib. Qrızın qayalar dibinə sığınmış evlərində-həyətlərində çəkdiyimiz fotoşəkillərdən də bunu aydın görmək olur. Həyətin bir küncündəki, qapı qoyularaq kiçik tövləyə çevrilmiş mağara, içi oyularaq dən saxlancı halına gəlmiş quru kötük – bunların hamısı indi qrızlıların həyatının başlıca maddi təminatı olan heyvandarlığın və ev quşçuluğunun davam etdirilməsinə istiqamətlənib.

 

Bacarıqlı kəndli əllərində quru kötük taxıl saxlancına çevrilib

 

Əbdürrəhman kişi Qrız, onun tarixi, dili haqqında da qürurla söz açır:

- Bir vaxtlar bu kənddə 700 təsərrüfat var idi, indi cəmi 32 ev qalıb. Mən burada anadan olmuşam, uşaqlarım aşağılara köçüb getsələr də, mən kənddə qalmışam və bundan əsla peşman deyiləm. Xaçmaz tərəflərdə qrızlılar 32 oba salıblar. Onlar həmin yerlərdə binələnib, möhkəmlənib, təsərrüfat qurublar və heç kimin geri qayıtmaq fikri yoxdur. Amma onların da çoxu evdə öz dilimizdə danışırlar. Tez-tez aşağılardan buralara qonaq gəlirlər və mən görürəm ki, onların uşaqları da dilimizi bilirlər və bu, məni şox sevindirir...

 

Qədimdən-qədim milli interyer ənənələri Qrızda bu gün də yaşayır 

 

Kənd məktəbinin riyaziyyat müəllimi Şixbaba Xanbaba oğlu Mehdiyev Qrıza gələn turistlərin, bizim kimi maraqlıların üz tutduqları ilk ünvanlardandır. Evinə gəldiyimizdə ta Gürcüstandan təşrif buyurmuş azərbaycanlı tədqiqatçıya Şahdağ milli-etnik qrupuna daxil xalqlar arasında sayca daha çoxluq təşkil edən qrızlıların mənşəyi, adət-ənənələri, maddi və mənəvi mədəniyyətləri, Qrız dili barədə məlumatlar verirdi. Gözləyə-gözləyə çəkilişlər apardıq, kəndi gəzdik, geniş ərazilərə səpələnmiş qədim qəbiristanlığı ziyarət etdik, kəndin məşhur tarixi sakini olmuş Süleyman bəyin sülaləsinin məzarlarını, kənddəki məşhur “At qəbri”ni gördük, Hacı Əbdürrəhmanın Həccdən gələndən sonra tikdirdiyi kiçik məscidin şəklini çəkdik...

 

 

Dağlara sığınmış Qrızdan bir görünüş

 

Şıxbaba müəllim kəndin əsas müdafiə qurğusu olmuş, haqqında az məlumat olan Qrız qalasını, onun qismən salamat qalmış bürclərini, qala divarı hissələrini, kənddəki uçulmaqda olan qədim məscidi göstərir: “Qafqazın ən qədim müsəlman ibadət ocaqlarından olan bu məscidin tikintisi üçün ağacları ta Xaçmaz meşələrindən buralara qədər gətirmişlər. Uzun zaman fəaliyyətdə olmuş bu məscid indi təəssüf ki, uçulmuş vəziyyətdədir”.

Doğrudan da, dövlətin və yardımsevər insanların qatqısı ilə buranın bərpa edilib həm məscid və həm də tarix-etnoqrafiya muzeyi kimi fəaliyyətə başlaması daha doğru və faydalı olmazmı? Zənnimizcə bu istiqamətdə çalışmağa dəyər...

 

Kənd məktəbinin riyaziyyat müəllimi Şixbaba Xanbaba oğlu Mehdiyev bu məscidin bərpasını arzulayır

 

Onun Qrız dilinin özəllikləri, ətraf ərazilərin tarixi haqqında danışdıqları isə təkcə mütəxəssislər deyil, hər bir kəs üçün maraqlı ola bilər: “Xınalıq və Qrız ağsaqqalları birləşib, iki kənddən bərabər məsafədəki yerdə 6 evdən ibarət gözətçi məntəqəsi yaradıblar ki, qəfil düşmən hücumlarından vaxtında xəbər tuta bilsinlər. İndi həmin yerdə Qala Xudat adlı kənd yerləşir”.

 

Qrızlıların əsas dolanışıq mənbəyi olan mal-qaranın qışlıq yem tədarükü görülür

 

Şıxbaba Mehdiyev bir vaxtlar məşhur olmuş Qrız qalası barədə maraqlı məlumatlar verir, bu qalanın planının qalıqlarını göstərir. Məlum olur ki, alınmaz Qrız qalası kəndi zaman-zaman çox qarı düşməndən sədaqətlə qoruyubmuş. Amma indi o özü qoruduğu insanların xələflərinin laqeydliyi qarşısında duruş gətirə bilməyib, dağılıb. Bu barədə də tədbir görmək hər birimizin vətəndaşlıq borcu olmalıdır...

Qrızın kənd boyu düzdə-yamacda səpələnmiş qədim qəbiristanlıqları arasından keçib yenə gəldiyimiz, yalnız şərti olaraq yol adlana biləcək “böyrək daşlarının qənimi” iri çınqıllı şəridlə geri qayıtdıq.

 

Qrızdakı məşhur "At qəbri"

 

Kəndin, əslində yolsuzluq adlana biləcək bu “yolu” haqqında çox danışılan turizmə “qayğının” real göstəricisi hesab oluna bilər. Etno- və ekoturizm üçün bütün təbii-tarixi şəraitin mövcud olduğu Qrızda bu yöndə heç bir ciddi iş görülmür. Halbuki burada hər şey və hər kəs turizmin genişləndirilməsi imkanlarından soraq verir – evlərin interyerindəki milli-etnik özəlliklər, qədim çağlardan bəri qadınların məşğul olduqları toxu sənəti növləri, kəndin ərazisində isə bu yerlərin qədimliyindən soraq verən qəbiristanlıqlar, məscid, qala qalıqları və digər məkanlar... Halbuki daha çox turistin cəlb olunması, yerli insanların və dövlətin gəlir qazanmasına yol açacaq xalq tətbiqi sənəti növlərinin inkişaf etdirilməsi üçün təşkilati tədbirlərin həyata keçirilməsinə başlanmasından isə hələ də soraq yoxdur. Əvəzində bütün “işlərimizdə” olduğu kimi bu sahədə də sözçülük gerçək əməlləri üstələməkdədir.

 

Çoxsaylı Qrız qəbiristanlıqlarındakı qədim başdaşları

 

Ümid etmək istəyirik ki, növbəti səfərimizdə səni belə mağmın-unudulmuş deyil, abad yollu, turistlərin bol-bol ziyarət etdiyi, maraqlı suvenirlər və zəngin təəssüratlarla döndüyü məkan kimi görəcəyik, qədim Qrız! Hələlik isə - Hələlik!..   

 

Yaxın-uzaq Cek

 

Şahdağ xalqlarına aid ceklilər və Cek kəndi özünəməxsusluğu ilə diqqəti cəlb edir. Ceklilərin bir sıra nümayəndələri Şahdağ xalqlarının, xüsusən də ceklilərin tarix və mədəniyyətinin, adət-ənənələrinin təbliği sahəsində fəallıqları ilə fərqlənirlər.

 

Qoşa sal qayaya sığınmış Cek özü də qaya kimi möhkəmdir...

 

Xınalıq Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun Cek kəndinə aid ərazisində 2011-ci ildə aparılan tədqiqatlar nəticəsində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Həmin tapıntıların tunc dövrünə - e.ə. III-II minilliklərə aid olması ehtimal edilir. Kurqanın yerləşdiyi ərazidə 15-ə qədər mağara mövcuddur. Mağaraların qədim insanların yaşayış məskəni olması ehtimal edilir. Amma kurqan, daha doğrusu, onun arxeoloqlar tərəfindən tədqiqi (açılması) ilə bağlı mətbuatda müəyyən narazılıqlar da yer aldı. Sakinlər, ilk növbədə kurqanın Xınalıq kəndinə aid olmasının elan edilməsi ilə razılaşmadılar. Mətbuatda demək olar ki, yer almamış, lakin əhali arasında şayiə kimi indi də yaşamaqda olan bir məqam isə bilavasitə kurqanın tədqiqinin aparılması prosesi ilə bağlıdır. Belə ki, yerli əhalinin qazıntı işlərindən uzaq tutulması buradan xeyli miqdarda qiymətli antik məmulatın tapılması haqqında söhbətlərin yayılmasına səbəb oldu.

 

Cekin ətrafındakı bu qayalı-mağaralı dağlar sirlərlə doludur  

 

Bir çox ceklilər kurqan yerinin turizm marşrutuna daxil edilməsi və kənddə buradan tapılmış maddi-mədəniyyət nümunələrindən ibarət muzey ekspozisiyasının yaradılması ilə bağlı arzularını ifadə etməkdədirlər. Səfərimiz gedişində görüşdüyümüz müxtəlif insanlardan bu barədə eşitdiklərimiz hələ aylar əvvəl bu tədqiqatda iştirak etmiş tanınmış arxeoloq alimə ünvanlanmış israrlı müsahibə təklifimizin dəfələrlə nəzakətlə rədd edildiyini də xatırlatdı bizə...

 

  

Turizm potensiallı bu kənddə də yardımçı sahələrdən biri arıçılıqdır

 

Cek kəndi rahat Quba-Xınalıq yolunun kənarında yerləşsə də burada turizmin inkişafı, xalq tətbiqi sənətləri bilicilərinin cəlb edilməsi, müxtəlif etnosuvenirlərin hazırlanması sahəsində durğunluq hökm sürməkdədir. Halbuki digər Şahdağ xalqları kimi ceklilər də qədim tarixə və bundan qaynaqlanan zəngin etnik-mədəni irsə sahibdirlər.

 

 

Salamat qal, Cek! Nəsibsə, yenə görüşərik...

 

Əslində bütün Quba Dağısatanının sakinləri kimi ceklilər də qadınlı-kişili ta qədimlərdən bir çox xalq tətbiqi sənətləri sahəsində mahir olmuşlar. Lakin təəssüf ki, rahat, zaman-zaman turistlərin səfər etdikləri asfalt yolun yaxınlığında yerləşməsinə baxmayaraq, hələ də bu sahədə lazımi addımların atılması ləngiməkdədir...

 

Əlik aman diləyir

 

Cek kəndindən Əlikə doğru yol aldıq. Yuxarı Əlik, Cekə nisbətən daha kiçilmiş, balacalaşmış kimi görünür. Bəlkə də bunun səbəbi kənddəki, son illər intensivləşmiş sürüşmələrdir. Bütün işlərimiz kimi sürüşmənin nəticələrinin aradan qaldırılmasına da yarı-yarımçıq əncam çəkilib və... bu məsələ sanki unudulub. Halbuki həmin qorxulu proses indi də davam edir.

 

Uçulmuş evlərə Əlikdə tez-tez rast gəlmək olur

 

Biz kənddə olanda təzəcə evlərdən birinin uçduğu bildirildi. Qudyalçayın sol qıyısındakı yamacda qərar tutmuş tarixi Əlik ev-ev tarixə qovuşmaqdadır. Bunu həm adamsız qalıb xarabalığa çevrilmiş yurdlar, həm dağılıb sakinlərini quru yerdə qoyan evlər, həm də çoxunun yeganə dolanışıq mənbəyi təqaüd olan sakinlərin giley-güzarları təsdiqləyir. Aşağılarda neçə-neçə kəndin yaranmasına rəvac versə də, indi bütün Şahdağ qrupu kəndləri kimi xeyli mağmın olan Əlikin özünün yaşamına veriləcək rəvaca, davamlı qoruma fəaliyyətlərinə ehtiyacı var...

 

Uçmaqda olan evlərin fonunda qışlıq ot tədarükü dağ adamlarının dəyanətindən xəbər verir...

 

Əlikdəki sürüşmələr haqqında ilk mətbu məlumatlar meydana çıxdıqda haradasa kənarda əliklilər üçün kiçik qəsəbənin salınması ilə bağlı cavab-xəbərlər də səsləndi. Elə indinin özündə də evləri davam etməkdə olan sürüşmə nəticəsində yararsız hala düşmüş insanlardan bəzilərinə kənarda ev verilməsi deyilməkdədir. Shahdaghpeoples.az olaraq həmin məsələni yaxın gələcəkdə işıqlandırmağı nəzərdə tuturuq. Lakin bu yazıda ilk növbədə tarixi Əlikin taleyi məsələsinə toxunacağıq.

 

 

Viranə yurdda unudulmuş səhəng...

 

Əlik, hər şeydən əvvəl Şahdağ milli-etnik qrupuna aid azsaylı xalqlardan birinin ana vətənidir. Bu kəndin və bu xalqın əsrlərdən bəri yaşadığı məkanda qorunub saxlanılması, zənnimizcə, prioritet hesab edilməlidir. Ancaq çox təəssüf ki, Əlikin indiki miskin, köməksiz görkəminə baxdıqca anlamaq olur ki, bir vaxtlar dəbdə olan ifadə ilə desək, “əlaqədar təşkilatlar” bu unikal kəndin yavaş-yavaş (yavaş-yavaşmı?) Qudyalçayın qurbanına çevrilməsi ilə çoxdan barışıblar. Halbuki azsaylı da olsa bir xalqın ata yurdunun təbiət tərəfindən məhv olunmasına göz yummamaq milli azlıqlara qayğı göstərdiklərini bəyan edən həmin o əlaqədar qurumları mütləq narahat etməli idi.

 

 

Kəndin çayqırağı evlərinin çoxunu artıq Qudyalçay udub

 

Hətta mühəndis olmayan insan da Əliklə tanışlıqda başa düşür ki, bu hissədə Qudyalçayın sahilində möhkəm bəndin çəkilməsi həmin kəndi fəlakətli aqibətdən qurtara bilər. Bəs indiyədək niyə bu sahədə əməli tədbirlərə başlanmayıb? Vəsaitmi yoxdur, yoxsa istəkmi? Bəlkə hər ikisi? Bilmirik. Dəqiq bildiyimiz Əlik adlı kəndin tezliklə yer üzündən silinəcəyi və əliklilərin də bir vaxtlar yergüclülərin yaşadıqları taleyi yaşayacaqlarıdır.

 

Qapısı bağlı Əlik klubu hələlik təhlükədən yan ötə bilib... 

 

Amma hələ ümid var. Ümid var ki, nəhayət ölkə rəhbərliyi bu problemin həlli üçün zəruri olan bütün addımları atacaq və qədim tarixə, adət-ənənələrə malik Əlik də xilas ediləcək. Söhbətləşdiyimiz əliklilərin də bu ümidlərinin hələ ölmədiyini hiss etmək olurdu.

Əliklilər də gözləyir, qədim Yuxarı Əlik də...

 

Ballı-güllü Haput

 

Haput kəndi Baş Qafqaz silsiləsinin yamacında qərarlaşıb. Qafqazdilli etnik qrup olan haputluların məskunlaşdığı kəndlərdən biridir. Haputlular özlərini hər adlandırırlar. Kəndin adı Ptolomeyin (II əsr) Albaniya şəhərləri sırasında qeyd etdiyi Xabota ilə əlaqələndirilir. Azərbaycan dilinin dialektlərində həm hapıtdı (hapıtmaq), həm də hər sözü "tələsik, vaxtından tez" mənalarında işlənir. Mənbələrin verdiyi məlumata əsasaən XIX əsrin ortalarında Göyçay qəzasında 736 nəfər haputlu ailəsinin məskunlaşdığı Haputlu Məlikli, Haputlu Mollaqasımlı, Haputlu Gidəyli, Haputlu Nətəs Qacar, Haputlu Hacı Qətəsi, Haputlu İmamlı, Haputlu Kürd kəndləri var idi.

 

Gün başa çatır... Haputdan bir görünüş

 

Haputa (Hapıta) sakit bir axşamüstü vaxtı çatdıq. İlk baxışda dinc-ətalətli görünən bu ab-havada kənd öz qayğıları ilə yaşayırdı. Əsrlərdən bəri əsas məşğuliyyətləri heyvandarlıq və başlıcası da maldarlıq olan haputlular yenə öz adəti iş-gücləri ilə məşğul idilər: kimi mal-qarasını rahatlayır, kimi ev quşlarını hinə yığır, kimi çöldəki qurumuş qışlıq otunu həyətinə yetişdirmək üçün quru otla dolu lafet qoşulmuş tırtıllı traktorla ağır-ağır enişdən enir, kimi də gərgin zəhmətdən sonra evinin önündəki taxtanın üstündə oturub kəndi seyr edə-edə dincəlirdi.

 

 

Haputda da "Xınalıq mərtəbələri" fenomenini xatırladan evlərə rast gəlmək olur...

 

Kisələrə doldurduqları yunları sısqa dağ çayında döyəcləyib yuyan qadınların yanından keçib kəndin ən yüksək nöqtəsinə yetişirik. Buradan Dağ Haput – zaman-zaman ətraf rayonlarda onlarla kənd yaradacaq qədər insan yetişdirmiş, şahlara, xanlara və ümumiyyətlə, üzərinə bəd niyyətlə gələn bütün qüvvələrə qarşı sərt-dönməz, qonaq-qarasına, dostlarına münasibətdə isə səxavətli olan, ilk baxışda çiçəksiz kimi görünən dağlarından hasil edilən balın vaxtilə hətta Moskvadakı ümumittifaq sərgilərində öyüldüyü bu qədim və zəngin kənd ovuc içi kimi aydın görünür.

 

 

Haputdakı divara hörülmüş bu yazı və işarələr öz tədqiqatçısını gözləyir...

 

Bu nöqtədən bir xeyli şəkil çəkəndən sonra kəndin içindəki ziyarətgah və onun yanındakı bir tərəfi erroziyaya uğradığından qəbirləri açılmış məzarlığa yaxınlaşırıq. Fotoqraflar Birliyinin üzvləri baxımsız məzarları lentə almaq üşün çətinliklə də olsa daha yaxına gedirlər. Hətta hər an yarğana yuvarlanmaq qorxusu da çəkiliş həvəsinə qalib gələ bilmir. “Görəsən niyə bu məzarlıqla maraqlanan yoxdur?” deyə, özünüzə sual verəcəksiniz. Elə bizim də ürəyimizdən keçən bu idi.

 

 

Ekspromt "Haput natürmortu"

 

Amma axşam düşürdü, hələ qarşıda Xınalığa çatmaq və gecələmək üçün yer tapmaq kimi vəzifələr dururdu. Odur ki, yubanmadan turizm üçün istifadə edilməyən imkanlar cənnəti olan qədim Haputu tərk edib Xınalığa doğru yol aldıq.

 

Haputun sabahı doğma kəndlərini sevən bu gənclərin əlindədir... 

 

İki Xınalıq

 

Bəli, əslində iki Xınalıq mövcuddur. Bunlardan biri hamının məşhur şəkillərdən tanıdığı, zirvədə qərarlaşmış qədim-qayım, təkrarsız Xınalıq, digəri də nisbətən yeni salınmış və bu yerlərdəki digər kəndlərdən seçilməyən, şəkillərindən heç cür Xinalığın bir parçası olduğu anlaşılmayan yeni, aşağı Xınalıqdır.

 

 

Aşağı - yeni Xınalığın yay səhərlərindən biri açılıb

 

Hələ Qəçreşdə ikən özümüzə Xınalıqda qalacaq yer tapmışdıq: turistləri qonaq saxlamaqla keçimini saxlayan bir ovçu münasib haqq müqabilində dəstəmizə gecələmə yeri verməyə boyun olmuşdu. Amma Haputda ikən məlum oldu ki, bizə vəd edilmiş o otaq daha boş deyil, tutulub (imanımızı yandıra bilmərik, lakin əgər bron ləğv edilirsə, imtinanın daha çox ehtimal olunan səbəbi nisbətən artıq haqqın təklif olunmasıdır, - deyə düşündük). Mobil telefon, IT əsridir, biz də Qubadakı təşkilatçı dostumuz, əslən Xınalıqdan olan Əli bəyin köməyi ilə onun qohumlarının evində gecələyəsi olduq.

 

 

Bağ-bağatlı aşağı Xınalıqdan daha bir səhər görüntüsü 

 

Axşamüstü aşağı Xınalığın artıq erkən payızın sərin nəfəsinin duyulduğu alatoran küçələrində gəzmək və bir az da bazarlıq etmək üçün yuxarı, klassiuk Xınalığa qalxırıq. Buradan baxanda kənd əl içi kimi aydın görünür. İlk gözə çarpansa təzə, geniş və müasir məktəb binasıdır. Asfalt yolla bahəm bu təhsil ocağı da ölkə rəhbərliyinin Xınalığa hədiyyələrindən biridir. Yeni dövrün ab-havası, turizm əsintisindən fayda götürmək canatımı burada digər kəndlərdə olduğundan daha güclü hiss edilir: kənddəki iki marketdən birinin ikinci mərtəbəsi otel kimi fəaliyyət göstərir. Qonaq olduğumuzu başa düşən mağaza satıcısı hara düşdüyümüzü, neçəyə qaldığımızı soruşur və tez də əlavə edir ki, münasib qiymətə gecələmə yeri var. Lakin biz artıq turist yox, qonaq statusunda olduğumuzu xatırlayıb, nəzakətlə təklifi rədd edirik...

 

 

Qədim Xınalığın məhşur mərtəbələri...

 

Ev sahiblərinin qonaq etdikləri kənd nemətlərinin göz oxşadığı şam masası arxasında çox maraqlı söhbət baş tutur. Məlum olur ki, hamının ürəyi dolu imiş. Turizmin inkişafının faydalarından tutmuş bu yerlərin gələcək gəlişimi və bu işdə gənclərin roluna qədər bir çox mövzular ələ alınır, fikirlər söylənir. Bizi xoş sürpriz də gözləyirmiş. 

 

                Rəhim Alxasın tərcüməsində Nizami Gəncəvinin "Hikmət çələngi" Xınalıq dilində nəşr olunub 

 

Məlum olur ki, qonaq qaldığımız evin övladı, savadlı bir gənc, bacarıqlı veb-dizayner və təşkilatçı Elnur Məmmədov hələ 2013-cü ildə Almaniyanın Frankfurt şəhərindəki Höte Universitetinin Dilçilik fakültəsinin “DoBeS” layihəsinin maliyyə dəstəyi ilə xınalıqlı şair Rəhim Alxasın Xınalıq dilində olan şeirlərini, onun tərcüməsində Nizaminin və Füzulinin əsərlərini dərc etdirmiş, Xınalıq dilində... meyxanalardan ibarət kompakt kitab və CD-disk buraxmağa nail olmuşdur!

 

 

Rəhim Alxasın tərcüməsində Məhəmməd Füzulinin "Pəhlivannamə"si Xınalıq dilində dərc edilib 

 

 

Elnur deyir ki, onun “xinaliq.com” adlı internet saytı da varmış, ancaq maliyyə çətinlikləri ucbatından indi bağlanıb. Bir vaxtlar Bakıda çalışsa da, indi Qubada işləyir Elnur. Lakin Xınalığı da unutmur, tez-tez buradakı evlərinə gəlir.     

 

 

Xınalıqlı şair Rəhim Alxasın şeirləri doğma dilində üşıq üzü görüb 

 

...Dağ yerinin gecəsinin də gündüzü qədər gözəl, səfalı olduğunu çoxları eşidib. Lakin bu hissi tamam-kamal yaşamaq üçün heç olmasa bircə gecə dağ kəndində uyumalısan. Qrupumuzun üzvlərinə də məhz həmin şansdan bəhrələnmək düşdü və günəşin şəfəqləri ətrafdakı xınalı dağları sığallamağa başlayanda biz də möhkəm dağ yuxusundan oyanıb işə-gücə baş vurduq.

 

Xınalıqlı Arif Cəlalın meyxanaları CD disk və kitabça şəklində öz doğma dilində tirajlanıb 

 

Xınalıqlılar özlərini Nuhun nəvə-nəticələri sayır və kətiş adlandırırlar. Elə buradakı iki mağazadan biri də belə adlanır: “Kətiş market”. Mağazanın satıcısı, Xınalığın yorulmaz təbliğatçısı, 1954-cü il təvəllüdlü Tapdıq İzzət oğlu Bağırov hələ 80-ci illərdən maraqlı bir fikrə gəlib: Buraya təşrif buyuran insanlardan Xınalıq haqqında yazılı təəssüratlarını almaq.

 

 

Xınalıqlı Tapdıq İzzət oğlu Bağırov doğma kəndi barədə təəssüratlardan ibarət kitab arzusundadır

 

Bizimlə söhbətində o, dəftərinin demək olar ki, dolduğunu və yaxınlarda dünyanın ən müxtəlif guşələrindən olan turistlərin Xinalıq təəssüratlarından ibarət kitab çap etdirəcəyini bildirdi. Onun dəftərinə son təəssüratlardan birini yasıb mağazanı tərk elədik...

 

 

"Kətiş market" Xınalığın ən qələbəlik yerlərindəndir... 

 

Xalq memarlığının çox maraqlı nümunələri olan qədim Xınalıq evlərinin içi də, çölü də sadəliyi və özünəməxsusluğu ilə zəngin etnoqrafik muzeyi andırır. “Bu evlərə blis-səyahətlərin təşkili maraqlı olardı”, - deyə düşünürük. Qədim Xınalıq həm də özünün “mərtəbəliliyi” ilə məşhurdur: burada damlar basılaraq bərkidilmiş xırda çınqıllı torpaqdandır (qumdandır) və yuxarıdakı qonşunun həyəti rolunu da oynayır. Lakin təəssüf ki, bu gün həmin unikal mənzərəni ilk baxışdan heç də hər kəs görə bilmir. Səbəb – Xınalıqda təzə-rəzə peyda olmuş şifer və dəmir damlardır! Yerli sakinlərlə söhbətimizdə bu “yeni” damların niyə peyda olduğunu soruşduq. Cavablar heç də xoşagələn deyildi: dövlətin qayğısı sayəsində qoruğa çevrilmiş Xınalığa çəkilən yeni yolun açılışı zamanı burada olmuş Azərbaycan Prezidenti İlham Əliyev bu unikal məkanın orijinal görünüşünün qorunub saxlanılmasını tövsiyə edib.

 

 

Aşağı Xınalıq yuxarıdan belə görünür 

 

Bu sahədə real addımların atılmasına başlanıb, damlara torpaq basılması işləri aparııb və... yarımçıq saxlanılıb. Bundan xeyli sonra Xınalığa səfər etmiş Mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevin də eyni tapşırığı verdiyi söylənilir. Amma təəssüf ki, hələ də Xınalıqda sakinlərin gözləməkdən bezib yağış və qardan qorunmaq üçün qurduqları yeni “şəhər” damları qalmaqdadır. Daha bir məqam. Kəndin ən yüksək nöqtəsində qərar tutmuş qapısı bağlı qədim Cümə məscidi bərpa olunsa da... cənub divarının çay daşından hörülmüş dekorativ üzlüyü uçub. Xoşbəxtlikdən bu tərəfdə içəridən beton istinad divarı qurulubmuş. Lakin buna baxmayaraq çay daşından olan hörgünün qalıqları hələ də daş-qalağı şəklində burada qalmaqdadır...

 

 

Xınalıq və xınalı dağlar: əsrarəngiz görüntü 

 

Xınalıqdakı Etnoqrafiya muzeyi buraya gələn turistlərin mütləq baş çəkdikləri ünvanlardandır. Burada həm Xınalığa və həm də bütövlükdə Şahdağ milli-etnik qrupu xalqlarına aid zəngin tarixi-etnoqrafik material toplanıb. Ara-sıra burayadək gəlib çıxan xarici turistlər və həm də ölkəmizin vətəndaşları Xınalıq muzeyini ziyarət edirkən bu bölgənin tarixi keçmişi, insanlarının həyat tərzi haqqında ətraflı məlumat və dolğun təəssürat əldə edirlər.

 

 

Xınalığın sabahı olan uşaqlar 

 

Dünyanın ən yüksək, dəniz səviyyəsindən 2350 metr hündürlükdə yerləşən və 5000 illik tarixə malik yaşayış mənskənində - Xınalıqda istər qədimliyin qorunub saxlanılması və istərsə də burada turizmin daha səmərəli və əhatəli inkişafı baxımından aradan qaldırılmalı olan digər çatışmazlıqlara da diqqət yetirməmək düzgün olmazdı.

Qədim yaşayış məntəqələrinin ilkin görünüşünün qorunub saxlanılması etnoturizmin uğurla irəliləməsinin vacib məsələlərindən hesab olunur. Ölkəmizdə bu sahədə ilk tədbirlər Bakıdakı İçərişəhərdə gerçəkləşdirilib. Amma təəssüf ki, Azərbaycanın Lahıc və digər bu kimi etnoturizm baxımından mühüm əhəmiyyət kəsb edən, qədim və maraqlı guşələrində kommunikasiyaların, ümumilikdə bütün müasirlik əlamətlərinin “gizlədilməsi”, qədimyanalıq qılafına salınması problemi hələ də qalmaqdadır.

 

 

 Xınalığın qədimliyindən bəhs edən muzeyin fasadı da qədimyanadır 

 

Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli 2563 nömrəli Sərəncamı ilə yaradılmış "Xınalıq" Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğundakı bu müşkülə infrastruktur kommunikasiyalarının - əsasən də işıq dirəkləri və xətlərinin “gözə girməsi”, üstəlik peyk antennaları – bütün dünyada məşhur boşqab-krosnalar da əlavə olunub.

 

 

Xınalıq muzeyinin qədim eksponatları 

 

Kəndin ən yüksək nöqtəsini isə mobil telefon operatorlarının müştərək qülləsi “bəzəyir”. Əlbəttə, biz hətta dəniz səviyyəsindən bunca yüksəklikdə yaşayan müasir insanın da keyfiyyətli və operativ informasiya əldə etmək hüququnun olduğunu başa düşür və qəbul edirik. Amma, əgər söhbət Xınalığın ilkin görkəmində, bütün etnoqrafik özəllikləri ilə birlikdə dünyaya tanıdılması və bundan birinci növbədə xınalıqlıların fayda əldə etmələrini istəyiriksə, bu sahədəki dünya təcrübəsini yubanmadan tətbiq etməyə ərinməməliyik.

 

 

Xınalıq muzeyinin qədim eksponatları 

 

Daha bir müşkül, əslində Şahdağ milli-etnik qrupu xalqlarının yaşadığı hər bir kəndə aid olan turizm yönümlü məşğulluğun təşkili ilə bağlıdır. Bu kəndlərdəki əhalinin nəsilbənəsil xalq tətbiqi sənəti növlərini yaşadıb çağımıza çatdırmaları çox mühüm  və turizm baxımından olduqca maraqlı faktdır. Sakinlərin elə evlərdəcə bu sənət növləri ilə məşğul  olmaları, turistlərin də belə məkanları ziyarət eləmələri sakinlərə maddi fayda gətirər, qonaqlara isə zəngin təəssüratlar bəxş edər.

 

 

Bu epiqrafik abidələrin tədqiqi çox mətləblərə işıq salar... 

 

Hər kəsə açıq bəyan eləməsələr də, bəzi sakinləri narahat edən bir məqam Xınalığın yaxınlığında tikilmiş sərhəd zastavasıdır. Rusiya Federasiyası ilə sərhəd xəttinə 20 km məsafə olsa da sərhədçilər heç kimə zastavadan o tərəfə keçməyə imkan vermirlər. Həmin ərazilərdə isə Şah yaylağı, atəşgah, qədim qəbiristanlıqlar, turistik və tarixilik baxımından maraqlı başqa məkanlar var. Əlbəttə, biz ölkə sərhədlərinin qorunması ilə bağlı dövlət yetkililərinin yürütdükləri siyasətə tənqidi yanaşmaq fikrindən uzağıq, lakin düşünürük ki, Xınalıq kimi önəmli turizm məkanının ətraf ərazilərinin də həmin missiyaya daxil edilməsi üçün zəruri tədbirlər tamamilə mümkün görünür.

 

 

Yollar yorğunu çarıqlar indi muzeydə dincini alır... 

 

Əslən xınalıqlı olan dostumuz, hazırda Qubada yaşayan tarix maraqlısı və bilicisi Əli Vəliyev doğma kəndinin civarlarındakı maraqlı tarixi məkanları bir-bir sadalamış və mütləq həmin yerlərə baş çəkməyimizi tövsiyə etmişdi. Lakin təəssüf ki, vaxtın azlığından və bir də bizdən asılı olmayan səbəblərdən həmin məkanları nə görə, nə də foto və videolentə ala bilmədik. Bir başqa səfərə, inşallah!..

Xınalığı tərk edərkən Fransadan gəlmiş gənc cütlüklə rastlaşdıq. Hələ günortaüstü olsa da gənclər irəlicədən gecələmə yeri tapmaq fikrindədirlər. Bildiklərimizdən anladaraq onları da agah edib irəli – Buduq yaylağına doğru yol aldıq...

 

Yeri gücsüz Yergüc

 

Yerin-torpağın gücü də, bəzəyi də insanlardır. Nə qədər ki, özlərini təbiətin bir parçası kimi görürlər, daha doğrusu, görə bilirlər, onlar Allahın yaratdıqlarından bəhrələnir, bunları daha da rövnəqləndirir, yaşayır, yaradırlar. Hansısa səbəbdən yurdla-torpaqla bu ülfət pozulursa həmin yerlərdən köç eləməkdən başqa çarə qalmır yəqin ki. Allı-güllü, yaşıl, şirəli otların boy verdiyi uca təpələrin arxasındakı dərədə boş qalmış yurd yeri - Yergüc də indi belə acı taleyi yaşamaqdadır.

Yergüc kəndi vaxtilə, Quba rayonunda, Buduq İnzibati Ərazi Dairəsinin ərazisində yerləşib. Kənd əhalisi zaman-zaman buradan köçüb başqa kənd və şəhərlərdə məskunlaşdığı üçün hazırda bu məkanda heç kim yaşamır. Deyilənə görə, sonuncu sakinlər buraları 1986-cı ildə tərk ediblər. Adda-budda divar qalıqlarının, daş qalaqlarının qərib-qərib qaraldığı bu çaylı dərə qoyun sürüləri üçün məgəl və heyvanların suvarılması yeri rolunu oynamaqdadır...

 

Yergüc bir vaxtlar bu sulu dərədə yerləşib... 

 

 

Digər Şahdağ etnoslu kəndlər kimi Yergüc kəndi də xüsusi dilə malikdir. Bu dillə ilkin tanışlıq zamanı belə qənaətə gəlmək olur ki, Yergüc dili Xınalıq dilindən başqa bütün digər Şahdağ dil ailəsinə məxsus dillərə bənzəyir. Lakin əksər sözlərdə ən azından bir və ya bir neçə hərf fərqi var. Bəzən isə söz tamamilə digər xalqların sözlərindən fərqli olur, onların istifadə etdiyi sözlərə qətiyyən bənzəmir. Bundan başqa, Yergüc dilində Xınalıq dilindəki sözlərə bənzər bir sıra söz var və bu cəhət Yergüc dilini Buduq, Qrız, Əlik, Haput və Cek dillərindən bir az fərqləndirir.

 

Köhnə Yergücün yurd yerlərinin qalıqları hələ də qalmaqdadıq... 

 

Yergüc, Qrız, Haput, Əlik, Cek və Buduq xalqları öz ana dillərində bir-birləri ilə çox rahat ünsiyyət saxlaya bilirlər... Təəssüf ki, bu dil məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Belə ki, hazırda Yergüc dilini yalnız yaşlı yergüclülər bilir. Gənclərin çoxunun isə bu dil haqqında heç təsəvvürləri belə yoxdur. Yeri gəlmişkən, deyək ki, hazırda bu, xınalıqlılar xaric bütün Şahdağ qrupu xalqlarının üzləşdikləri acınacaqlı vəziyyətdir. 

 

Cəmi 30 il əvvəl burada hələ də yaşayış varmış. Bəlkə yenə oldu?!.

 

Yergüclülərin əksəriyyəti indi uzaqda – ta Xaçmazın beş addımlığında, üzü dağlara eyni adlı yurd salıb yaşayırlar. İnternetdə ara-sıra rast gəlinən şərh-yazılardan belə görünür ki, onlar hələ də keçmişlərindən tam qopmayıblar, patronomik bilgiləri yaşadır, nəsilləri, məhəllələri xatırlayır, boş qalan yurd yerini unutmamağa çalışırlar. Biz də buralara gəldik, uzaqdan da olsa bu tənha yurd yerini rəqəmsal kameralarımızın yaqddaşına həkk elədik və... eynilə yergüclülər kimi çıxıb getdik... Salamat qal, nisgilli yurd yeri!

 

Gedək üzü Buduğa

 

Budadların ana vətəni olan qədim Buduq kəndi dağların yüksəkliyində, bir tərəfi Qudyalçaya dayanan qayaların qonşuluğunda qərar tutub. Quba-Xınalıq yolundan çıxıb Buduğa tərəf yol aldığın andaca yenə əslində Qrızdakıtək yolsuzluq ekstriminə düşürsən. Dərə-təpəli, tez-tez də təhlükəli olan bu “yol” kiçik çaylardan, qayaların lap yaxınlığından, yarğanların qaşından keçir, yolçularda vahimə yarada-yarada onları inadla bir qədər yüksəkliklərdəki yaylaqlara doğru aparır.

 

 

Yaylaqları nə gözəldir bu yurdun!.. 

 

Bu yerdə ölkəmizdə az tanınan, lakin gözəlliyi, səfalı havası ilə Azərbaycanın ən əsrarəngiz guşələrindən olan Caf yaylağı – Buduq cafı barədə bir qədər ətraflı söz açmaq istərdik. Geniş, sanki əngin, bol otlu, güllü-çiçəkli otlarqları ilə Buduğu  və digər ətraf kəndləri qışlıq otla bolluca təmin edən Caf yaylaq mövsümündə çobanların çox sevdikləri məkanlardandır. Elə buna görə də tez-tez yolun sağında və solunda çoban binələrini və otlayan qoyun sürülərini görmək olur. Yol ötən maşınlara cuman qəzəbli çoban itləri əvvəlcə qorxu yaratsa da sonradan onların sürətlə gedən maşınlara xətər yetirə bilməyəcəyindən doğan xatircəmlik yolçularda təbəssüm doğurur...

 

 

Bu su qoyun-quzu üçün həyat mənbəyidir

 

Yaylaq mövsümündə kəndlərdə əli dəryaz, yaba tutan demək olar ki, heç kim qalmır. Bəzən hətta bütöv ailələr səhər obaşdan qaranlıq qovuşana qədər əvvəlcə ot biçiminə, bir müddət sonra isə quru otun tədarükü, daşınması və tayaların qurulması ilə məşğul olurlar. Yaşıl, əngin dənizi andıran otlaqlardakı yer-yerdə boy verən lökütlər – müvəqqəti kiçik quru ot tayaları və ot yığan, daşıyan insanlar bu dövrdə Caf yaylağının tez-tez rast gəlinən mənzərələridir.

Güclü UAZ sağ-soldakı lökütlərin arası ilə şütüyür. Birdən kiçik tayalardan birinin başına qonmuş iri qartal görürük. Fotoqraf Elxan Qəniyev nəzərə çarpmadan ona yaxınlaşıb, şəklini çəkmək üçün maşını saxlamağı xahiş edir. Elə sinə-sinə tayaya təzəcə yaxınlaşmağa başlayırdı ki, təcrübəli qartal duyuq düşüb havalandı və ağır-ağır uzaqlaşdı...

 

 

Buduq uzaqdan belə görünür

 

Buduğa yaxınlaşdıqca yaşıllıqlar sürətlə azalır. İndi sağ-sol, irəli-geri – hər tərəf çılpaq qayalardır. Ara-sıra nahamarlıqların arasından uzaqdakı kənd görünüb-itir. Hərdən də uzaqdan Buduğun seyrək şəkillərindən tanış olan tək çinar gözə dəyir. Amma yox, tənha Buduğa gələnləri ilk qarşılayan yolun hər iki tərəfindəki qədim-qayım qəbiristanlıqlardır. Sanki doğma kəndə keşik çəkirmiş kimi dimdik duran lay çay daşları-başdaşıları yolçuda maraq doğurur, onu tariximizə-dünənə aparır. Burada ara-sıra nisbətən yeni qəbirlər də gözə dəyir. “Hər şeyin təzəsi, dostun və qəbiristanlığın köhnəsi” yəni...

Bu kənd də demək olar ki, adamsızdır. Bir neçə qadın kəndin içindəki kiçik təpədə olan tikilini – kiçik piri gil şirəsi ilə şirələyirlər. Ən çətin yerlərə dırmanmağa-girməyə maraqlı olan Elxan Qəniyev kiçik dəlikdən içəri girib sadə məzarı lentə alır.

 

 

Buduğun qədim qəbiristanlıqlarından biri

 

İkimərtəbəli keçmiş sovxoz idarəsinin qarşısından keçirirk. Bizi yalnız binanın damına vurulmuş üçrəngli bayraq salamlayır. “Bələdiyyə də, icra nümayəndəsi də burada qərarlaşıb, – bələdçimiz deyir. – İndi belə kimsəsiz olmasına baxmayın, sovxoz dönəmində bu yerdə səhər obaşdan həyat qaynayırdı...”

Kəndi gəzir, təkəm-seyrək rast gəldiyimiz sakinlərlə dərdləşir, fotoşəkillər, videogörüntülər çəkirik. Qədim Buduq indilik yay günəşinin isti şüaları altında yanıb-qovrulur. Lakin hər kəs bilir ki, bunlar yayın son istili-qızmar günləridir. Bir azdan, lap azdan sazaqlar, ilk qar düşəcək və digər dağ kəndləri kimi Buduq da yaza qədər təbiətlə cəng-cidala çıxıb yaşamaq uğrunda öz inadlı mübarizəsinə başlayacaq və Allahın izni ilə qışa qalib gələcək.

 

 

Buduqdakı ən hündür təpələrdən birində yerləşən qədim ev

 

Uzaqda Qudyalçayın nəhəng yatağı görünür. Suyu az olsa da dağların arasında şərid kimi qaralan çay yatağı ona əzəmət verir, insanda bir qorxuncluq hissi doğurur. AMEA-nın müxbir üzvü, memarlıq doktoru, tanınmış memarlıq tarixi araşdırıcısı olan professor Cəfər Qiyasinin buradakı yüksəkliklərdən birində “8” rəqəmi formasında “daxmanın” - atəşpərəstlik dövrünə aid dəfn yerinin olduğu barədə dediklərini xatırladıq. Qədim buduqlular ölülərinin cəsədini burada vəhşi quşlara yem edir, sonra isə sümüklərini torpağa tapşırırlarmış... Buduğa gələcək səfərimizdə haqqında akademikin məlumat verdiyi həmin abidəni tapmağa çalışacağıq.

 

 

Dağlara sığınan buduqlular qış tədarükü görürlər

 

Yüksək bir qayanın üstündə möhkəm duran tənha ev diqqətimizi cəlb edir. Ona doğru dırmanmağa başlayırıq. Yaxınlaşdıqca evi daha aydın görməyə başlayırıq. Evi iki tərəfdən dövrələyən eyvan, xüsusən də oymalı dirəklər öz qədimyana görünüşü ilə fərqlənir.

Bu evin sakini - 1964-cü il təvəllüdlü Şahzadə Heybət oğlu Əhmədov öz ifrat sadə və kasıb evində tək imiş - oğlanları ot biçinindədirlər. Obaşdan gediblər. Yəqin axşam da gəlib bir-iki tikə şörək yeyən kimi növbəti obaşdana qədər dərin yuxuya gedəcəklər ki, yeni gündə işləmək üçün qüvvələri olsun. Lap elə yüz illər əvvəlin kəndliləri kimi...

 

 

Bu nöqtədən Buduğun özünəməxsus koloriti aydın bilinir

 

Evin aşağı mərtəbəsində tövlə və kiçik anbar-saxlanc yerləşir. “Bəs mal-heyvanın hanı, alacaqsanmı?” – deyə soruşuruq. “Görək də, bəlkə aldım”, - deyə yayğın cavab verir.

 

 

Şahzadə Əhmədovun qədim eyvanından Buduğu seyr etmək ayrı aləmdir...

 

İnanılmazdır, amma ağ daşları parıldayan bu daş-qayalı kiçik həyətin bir küncündə “bostan” da var! Daş parçalarından “bənd” yaradıb içini torpaqla doldurublar və beləcə də günəbaxan, kartof... əkmək üçün sahə ərsəyə gətirib. İnsanın yaşamaq uğrundan təbiətlə cəng-cidalının bəşər yaşlı örnəklərindən biri!

Buduqlu Şahzadə kişiyə bol çörək, dolu tövlə arzulayıb ondan ayrılır, yenə kəndi gəzirik. Dünəndən qaçaraq ovqatda olan sürücü-bələdçi də elə hey bizi tələsdirir: “Tez olun, qurtraın da, axı burada çəkməli nə var ki!”

 

 

Bu dağ evinin bərəkətli bağçası da var...

 

Onunla qətiyyən razı olmasaq da geri qayıtmaq məcburiyyətindəyik. Amma yəqin ki, bu kiçik evlərin çoxunda bizə ötənlərin qəhrəman sakinlərindən soraq verə biləcək müdrik qocalar, xəzinəmisal sandığında ötənilki narı builki nara çatdıran sinədəftər ağbirçəklər var. Bunu Qubaya tələsən hövsələsiz bələdçiyə izah eləməyə nə vaxt, nə də həvəs var deyə, yenə əsrarəngiz Buduq Cafına – bu gözəl yaylağa doğru yol alırıq. Ancaq bu dəfə başqa yolla, Qrız Dəhnə kəndinə çıxan nisbətən rahat yolla gedəcəyik.

 

 

Bu da buduqlu Şahzadə kişi...

 

“Buduq qazmaları” deyilən yaşayış məntəqəsindən keçib yolumuza davam edirik. Sovxoz dönəmində burada da həyat qaynayırmış – sovxozun mal-heyvanını əsasən burada saxlayırmışlar. Heç indi də buralar kimsəsiz deyil: kəndlilər sakit-sakit öz təsərrüfatları ilə məşğuldurlar və deyilənə görə pis də yaşamırlar.

 

Köhnə sovxoz idarəsi indi beləcə adamsızdır...

 

Geniş yüksəklikdə hər tərəfi hasarlanmış, içərisində irili-xırdalı bir neçə villa olan malikanə görünür. Malikanənin iri tağlı darvazasının hər iki tərəfindəki Azərbaycan və ingilis dillərində olan qoşa lövhələrdə oxuyuruq:

 

 

 

Qərb Universiteti,

Azərbaycan Beynəlxalq Dağ Turizmi və Dağçılıq Federasiyası

DAĞ MƏDƏNİYYƏTLƏRİ VƏ LANDŞAFTLARI TƏDQİQAT İNSTİTUTU

Dağ bazası

 

“ÇƏRƏKƏ” DAĞ EKSTREMAL KLUBUNUN

Dağ idman bazası

 

Bu dağlar başında həmin qurumların nə işlə məşğul olduqları dedikcə maraqlıdır. Gərək yetkililərlə görüşüb saytımızın oxucularını da məlumatlandıraq. Sağlıq olsun!

...Buduq yaylağının son əsrarəngiz təbiət lövhələri sürətlə göz önündən itib-getməkdədir. İri topalar şəklində ətrafda bitmiş ağ çiçəklərə baxdıqca bunların niyə “çobanyastığı” adlandırıldığını başa düşürsən. İrəlidə Ekologiya və Təbii Sərvətlər  nazirliyinin maraqlı giriş darvazası olan daha bir obyekti gözə dəyir. Uzaqlardan isə Qrız Dəhnənin gözəl mənzərələri, yağışdan sonrakı göbələklərtək artıb-çoxalmış müasir kotteclər, villalar gözə dəyiq – pulu olan hər kəs belə mənzərəli yerdə ev tikməyi özünə “borc” bilir!

Yeri gəlmişkən, deyilənə görə, klassik Buduq, mahal mərkəzi adlanan o nəhəng yaşayış məntəqəsi də elə bu tərəflərdədir. Qismət olsa, bir vaxt o yerlərə də gedər, vaxtilə hətta Nadir şahı da qorxuya salmış qaçaqların, sonralarsa bu tərəflərdə çox məşhur olan buduqlu Qaçaq Mayılın əcdadlarına vətən olmuş məkanları gəzib-dolaşarıq...

Asfalt yola çıxdınmı, sanki başqa aləmə, müasir sivilizasiyaya düşürsən. Hər şey adiləşir, öz qədimliyini-mübhəmliyini itirir. Bircə təbiət öz gözəllikləri ilə insanı əsarətində saxlamaqda davam edir...

Qudyalçayın lap qaşında, dənizə tələsən dağ sularının üstündə sanki asılı qalmış kabinədə qısa bir çay fasiləsindən sonra nəhayət, Qəçreşə yetişirik. Dostumuz bizi çoxdan gözləyir. Heç kəsin bu yerlərdən ayrılmaq istəmədiyini yaxşı anlasaq da, qonaqlarımızı tələsdiririk. Axı onlardan biri – Elxan Qəniyev ta İsmayıllıya getməlidir.

Hələlik, Quba! Hələlik, qoca dağlar, qədim xalqlar! Qismət olsa, yenə görüşərik. Amma biz və bizim kimi maraqlılar gəlməsə belə, siz əsrlərcə bundan əvvəl olduğu kimi, bundan sonra da var olacaqsınız! Sizin bizdən deyil, bizim sizdən öyrənməli olduğumuz çox mətləblər var!..

 

Zəruri sözardı: Məqalədə göstərilən problem və çatışmazlıqların tez bir zamanda uyğun təşkilatlar tərəfindən aradan qaldırılacağına ümid etmək istərdik... 

 

14-15 avqust 2017, Quba-Bakı

 

Mətn və fotoşəkillərdən istifadə zamanı

Shahdagpeoples.az-a istinad olunmalıdır

 

скачать dle 10.4 UTF-8Forex для начинающих