BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim

Folklor adam

 

Ədəbiyyatşünas, folklorşünas, şair Məhərrəm Paşa oğlu Qasımlı 5 avqust 1958-ci ildə Tovuzun Alakol kəndində dünyaya gəlib. Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Aşıqlar Birliyinin sədridir. Ondan 8 iyun 2017-ci ildə götürülmüş bu müsahibə müəyyən səbəblərdən Məhərrəm müəllimin 61-ci doğum günündə mətbu fakta çevrilir...

 

Birliklə var olan Birlik

 

Əslində bu, mənim Məhərrəm Qasımlı ilə ikinci söhbətim idi. 90-ların əvvəllərində onunla görüşmüşdüm. Və illərin bu üzündən cəsarətlə söyləyə bilərəm ki, bu, üç onilliyini haqlamaqda olan sadə jurnalist karyeramın ən maraqlı söhbətlərindən biri idi! Əlbəttə, bunun səbəbkarı mən deyildim. Müsahibənin belə maraqlı, cəlbedici, ən əsası da dövlətçi və vətənçi mövqeli alınmasının başlıca cövhərini məsləki folklorşünaslıq olan müsahibim professor Məhərrəm Qasımlının orijinal dövlətçilik baxışları, ideoloji-vətənçi tezisləri, cəsarətli fikirləri idi.

Heyran oldum və... iş elə gətirdi ki, həmin müsahibəni qəzetdə verə bilmədim. Baş redaktoru olduğum dövri nəşrin başının üzərini almış elə də qara olmayan buludlar hər halda öz qara işini gördü və bir çox yaradıcılıq planlarımız yarı qaldı.

...2017-ci ilin qızmar yayı. Tale məni yenə professorla üz-üzə gətirib. O, məni, daha doğrusu, 25 il əvvəl onun Elmlər Akademiyasının Ədəbiyyat institutundakı iş otağında etdiyimiz maraqlı söhbəti xatırlamır. Amma yəqin ki, budəfəki söhbətimiz gedişində bunu ona deyəcəyəm. Beləliklə, aldı aşıq sənətinin vurğunu Məhərrəm Qasımlı bizim suallarımıza cavabında nə dedi, ərz eləyək qulluğunuza:

 

Uzun illər aşıq sənətinin təbliği sahəsində əmək sərf etdiyinizdən, Azərbaycan Aşıqlar Birliyinin I katibi kimi səmərəli fəaliyyət göstərdiyinizdən Sizin 2016-cı ilin yazında bu Birliyə sədr olmağınızı hər kəs gözlənilən bir hadisə kimi qarşıladı. Yeni sədr qədim Aşıqlar Birliyini yeni gözlə necə gördü?

 

- Mən gözümü aşıq sənətinin içərisində açmışam, Tovuzda böyümüşəm. Buna görə də saza-sözə həssaslıq təbii olaraq qanımda-canımda mövcud olan bir məsələdir. Aşıqlar Birliyinin fəaliyyətini isə əvvəllər uzun zaman uzaqdan izləmişəm, Hüseyn Arifin dönəmində. Hüseyn Arifdən sonra Aşıqlar Birliyində bir başıpozuqluq dönəmi oldu. Onu da ürək ağrısı ilə müşahidə edirdim. Daha sonra V qurultay çağırdıq və Zəlimxan Yaqub Aşıqlar Birliyinə sədr gəldi. O vaxt mən də burada vəzifə daşıyırdım. Bu müddət ərzində, istər Hüseyn Arifin, istər Zəlimxan Yaqubun dövründə Aşıqlar Birliyinin götürdüyü xətt Azərbaycan aşıq sənətinin təbliği, inkişaf etdirilməsi, ustadlara diqqət və qayğı göstərilməsi, gənc nəslə həssaslıq, onları sənətdə düzgün yola yönəltmək kimi məsələlər olubdur.

Mənim sədr gəldiyim müddət ərzində Aşıqlar Birliyinin Hüseyn Arifdən, Zəlimxan Yaqubdan gələn xətti eynilə davam edir. Çünki onlarla mən o vaxtdan yaxın, həmfikir olmuşam, sənətin təbliğ olunması istiqamətində onlar da bacardıqları səviyyədə iş görüblər. Birliyin bünövrəsinin qoyulması Hüseyn Arifin xidmətidir, bunu da danmaq lazım deyil. Daha sonra da bacardığı səviyyədə bu işi irəlilətməyə çalışıb. O, dünyasını dəyişəndən sonra Aşıqlar Birliyində bir başıpozuqluq dönəmi oldu. Bu, doğrudanda ürək ağrıdan mənzərə idi. Amma Zəlimxan Yaqub sədr olandan sonra Aşıqlar Birliyinə yenidən bir canlanma gəldi. Bu canlanma bizim sənətdə ən müxtılif görüntülərlə yadda qaldı – aşıq müsabiqəsinin, festivalların keçirilməsi, müxtəlif aşıq nəşrlərinin ortaya gəlməsi... Bunları Zəlimxan Yaqub fədakarlıqla gerçəkləşdirib. Mən də imkanlarım daxilində bunlara dəstək verməyə çalışırdım. Bir çox tədbirləri mən aparmışam, bir çox verilişlərin başında durmuşam illərlə. Bunlar birgə əməkdaşlıq şəklində həyata keçirilib. Amma mən sədr seçiləndən sonra vəziyyəti bir qədər də dəyişmək qərarına gəldim. Birincisi, məkanımızı dəyişdik. Bilirsiniz ki, AB əvvəllər Muzey Mərkəzinin arxasında, dənizə yaxın ərazidə yerləşirdi. Ora uyğun yer deyildi. Bu yeni məkana biz təqribən bir ildir ki, köçmüşük. Oranın şəraiti ilə buranı müqayisə etmək olmaz. Burada çox genişlikdir, hər cür tədbirlər, məşqlər keçirmək mümkündür, şəhərin də çox uyğun, münasib yeridir.

 

- Ötən müddət ərzində Birliyin fəaliyyətində nə kimi dönüşə nail ola bilmisiniz?

 

İlk növbədə bir neçə məsələni mən gələn kimi ciddi diqqətə aldım. Birincisi, aşıqların attestasiyadan keçirilməsi. AB üzvlərinin siyahısı ilə tanış oldum və məlum oldu ki, xeyli sayda təsadüfi adam Aşıqlar Birliyinin sıralarında yer alıb. Aşıqlar Birliyinin üzvü bu sənətə qulluq edən, onu araşdıran, tədqiq edən, bu istiqamətdə sistemli fəaliyyət göstərən insan olmalıdır. Attestasiya nəticəsində 70-ə yaxın adamın bax bu cür təsadüfi AB-yə üzv olduğunu müəyyənləşdirdik və onları üzvlükdən azad elədik. Sonra məlum oldu ki, yeni üzvlər məsələsində də diqqətli olmaq lazımdır. Biz yeni üzvlərin qəbulu ilə bağlı iki komissiya yaratdıq. Birincisi, Bədii Şura. Yeni üzv BŞ-da ifası, bilikləri ilə imtahan verir. Bədii Şuranın təqdimatı əsasında AB Katibliyinin komissiyası üzvlük məsələsinə baxır. Bundan sonra məsələ İdarə Heyətinə çıxarılır və sədrin təqdimatı əsasında üzvlük gerçəkləşdirilir. Sistem hazırda bu şəkildədir. Beləcə, yeni sistemlə fəaliyyətə başladıq.

Bu gün AAB üzvlərinin sayı 300 nəfərdən bir az çoxdur. Bu da normaldır. İndiki halda AB-nin üzvləri əsasən Azərbaycan Respublikasının vətəndaşları olan sənətkarlardır. Yəni Gürcüstan və İrandakı aşıqlarla biz fəal əməkdaşlıq edirik, onlara hər cür qayğı-diqqət göstəririk, amma çox nadir adamlar – bu yolda çox zəhmətlər çəkmiş insanlar AAB-nin fəxri üzv ola bilərlər. Belə adamların da sayı 5-6 nəfərdən artıq ola bilməz. İndiki halda diqqətimiz öz ölkəmizin daxilindəki aşıqlardır. Bunları da üç qrupa bölüb diqqətdə saxlayırıq. Biri bizim ustad aşıqlarımızdır, yaşlı nəsil, məsələn, 97 yaşlı Xanmusa Musayev var. Mən hər ay qobustana gedib ona baş çəkirəm. Gözləri görmür, yataqdadı. Amma onun o qədər gözəl hafizəsi, sənət biliyi var ki... Təsəvvür edin ki, bu insan 70 ildən çox sənətə qulluq edib. Ona daim diqqət göstərilməlidir. Ötən il təqdimat verdim və Xanmusa kişi Əməkdar mədəniyyət işçisi adına layiq görüldü. (Şirvan aşıq mühitinin ən görkəmli nümayəndələrindən olan ustad aşıq Xanmusa Musayev 22 yanvar 2018-ci ildə vəfat edib – Ş.S.)

Çoxlu ustadlarımız var – İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov, Yanvar Bədəlov və başqaları. bunlar daim diqqət mərkəzində olmalıdırlar. Ustad aşıqlarımızın bir çoxu bizim tədqimatlarımız əsasında fəxri adlara layiq görülüblər, Prezident təqaüdləri alırlar və s. Aşıqlar Birliyi daim ustad aşıqlarımızla bağlı işlər görür. AB-nin sədri kimi fəaliyyətə başlayandan “Günümüzün ustad aşıqları” adlı kitab seriyasının hazırlanması və çapı ideyası ilə çıxış elədim. Tezliklə işə başladıq və artıq həmin seriya hazırdır. “Günümüzün ustad aşıqları” adlanan bu layihəyə dövrümüzün ustad aşıqlarından Əməkdar incəsənət xadimi Ədalət Nəsibov, Əməkdar Mədəniyyət işçiləri İsfəndiyar Rüstəmov, Ulduz Sönməz Quliyeva, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər biri haqqında ayrıca kitab daxildir. Seriyanın sonuncu kitabı Aşıq Haşım Qubalıya həsr olunub. Çünki o da günümüzün ustad aşığıdır, Əməkdar mədəniyyət işçisidir, yaşı da 70-i ötüb keçib.

Mirzə Fətəli Axundov adına Milli kitabxanada bu kitabların təqdimatı keçirildi. “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüş həmin nəşrlər yüksək poliqrafik tərtibatı ilə yanaşı, həm də hər ustada fərdi qaydada yanaşılması, özünəməxsus bir üslubda hazırlanması ilə diqqəti çəkir. Hər bir ustadın ayrılıqda həyat və sənət yolundan bəhs edən kitablarda, eyni zamanda, onlar haqqında respublikamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, onlara ithaf olunmuş şeirlər və eləcə də, özlərinin yaradıcılığından seçmə nümunələrin yer alması, bu ustadların həyatlarının müxtəlif məqamlarını əks etdirən qiymətli fotoşəkillərin verilməsi təqdirəlayiq haldır. Bu mənada, hər kitab bir ustad haqqında ensiklopedik məlumat toplusu xarakteri daşıyır.

Əslində həmin ustad aşıqlar hazırla fəal sənət həyatı yaşamırlar, yaşları çoxdur – 70-90 arasındadır. Lakin biz onlara nə qədər çox diqqət ayırsaq həm könülləri xoş olar, həm də gənc aşıqlar bundan örnək götürərlər, gözəl ənənələr yaranar. Elə artıq təqdimatını keçirdiyimiz kitabları da bir ilin ərzində ərsəyə gətirdik ki, bu da belə layihə üçün yetərincə qısa vaxtdır.

Birliyimizin fəaliyyətindəki ikinci istiqamət 25-65 yaş arasında olan aşıqlarla bağlıdır - Əli Tapdıqoğlundan tutmuş Bəhmən Göyçəliyə qədər. Bunlar aşıq sənətinin yükünü çiyinlərində daşıyanlardır. Sənətin yükünü çəkməyi mən daha çox Aşıq Əhlimandan, Samirə Əliyevadan, Aşıq Zülfiyyədən, Familə Göyçəlidən və başqalarından gözləyirəm. Bu adamlar öz sənətlərində elə bir dövrə giriblər ki, sənətin yükünü ləyaqətlə çəkməyə borcludurlar. Onlar 65 yaşa qədər çox fəal ola biləcəklər. Bu aşıqlar daim bizim tədbirlərdə mərkəzdə yer alırlar. Konsertlərimizin əsas repertuarı onların ifalarından təşkil olunur. Mən il ərzində onların yüz nəfərdən çoxunu, bəzən 150-yə qədər aşığı tədbirlərə daxil edirəm. Kəlbəcər, Laçın, Şirvan, Göyçə, Borçalı, Gəncəbasar və digər bölgələrdən olan aşıqları tənasüb gözlənilməklə tədbirlərə dəvət edirik.

Aşıqlar Birliyinin fəaliyyətindəki üçüncü istiqamət sırf yeni nəsillə bağlıdır ki, bunlar 10 yaşından 25 yaşınadək olan aşıqlardır. Biz gənclərə böyük önəm veririk. 2016-cı ildə “Misri” gənc ifaçılarının CD diskini buraxmışıq. Orada 50-dək gənc ifaçının oxusu var. Mahnı teatrında bu gözəl diskin təqdimatını da keçirdik, çox böyük rezonans yaratdı, hamı böyük maraq göstərdi. Bunun özünün tərbiyəvi əhəmiyyəti var; sənətə yeni gələnlər çalışırlar ki, saza-sözə daha çox diqqət eləsinlər ki, onlara da qayğı-diqqət yetirilsin.

Birliyə rəhbərlik etməyə başlayandan bəri diqqət elədiyim məsələlərdən biri də gənclərdən ibarət folklor qruplarını yaratmaqdır. Bunlardan biri gözəl ifaları ilə yadda qalan “Çeşmə” folklor qrupudur. Həmin qrupa Əməkdar mədəniyyət işçisi Gülarə Azaflı rəhbərlik edir. “Misri” sazçı qrupu. Onlar “Koroğlu” uvertürasından Bethovenin əsərlərinə qədər hər şeyi çalırlar. Bundan başqa həmin qrupun üzvləri “Misri”, “Cəngi Koroğlu”, “Ruhani” kimi havaları çalırlar. “Bayraq” qrupu. Azərbaycan bayrağının rənglərində paltar geyinmiş üç xanım aşıq bayramlarda çıxıb vətənçiliyi tərənnüm edən ifaları ilə vətənpərvərlik ovqatı yaradır, dövlətçiliyə qulluq eləmiş olurlar.

Aşıqlar Birliyində bu istiqamətdə çoxlu işlər görülür. Bu yaxınlarda Şirvan aşıqları qrupunun yaradılması ilə bağlı işlərə başlamışıq. Gənclərin belə qayğı ilə əhatələnməsi vacibdir. Bir məsələ də gənclərin musiqi təhsili alması ilə bağlıdır ki, o həmişə bizim diqqət mərkəzimizdədir. Gənc aşıqların musiqi təhsili almaları üçün hələlik yeganə yer İncəsənət Universitetindəki fakültədir. Gözləyirik ki, Milli konservatoriyada da aşıq sinfi açılsın və saz tədris olunsun. Ümumiyyətlə tədris şəbəkəsini böyütmək lazımdır. Çünki aşıqlıq sənətində təhsil çox mühümdür. Aşığın harmoniyanı, ritmi, notu bilməsi çox vacibdir. Dünya musiqi sənətinə bələd olmadan aşıq sənətini, saz ifaçılığını irəli aparmaq olmaz. Bu mənada təhsil məsələsi çox diqqətdədir.

Bir məsələni də daim diqqətdə saxlayıram. Ola bilər ki, deyəcəklərim bir qədər mübahisəli də görünsün, amma qeyd edim ki, necə bir vaxtlar mərhum Vaqif Mustafazadə muğamla cazı sintez eləmək sahəsində uğurlu çalışmalar həyata keçirib, elə də sazla bağlı axtarışların aparılmasının zəruri olması qənaətindəyəm. Bu istiqamətdə müəyyən işlər görülüb. “Araz” adlı qrupumuz var, burada cazmen, bir sazçalan və bir də ifaçı aşıqdan ibarət üçlü konsert hazırlanır. Bu istiqamətdə iş gedir. Dədə Qorqud mətnlərindən tutmuş müasir mahnılara qədər bir çox ifalar repertuara daxil edilib. Bu, çox maraqlı sintez olacaq. Təsəvvür edin ki, eyni mətni aşıqlar – Əli Tapdıqoğlu, Samirə Əliyeva, Altay Məmmədli oxuyurlar, saz ifaçısı ifa edir, sonra isə həmin mətnin tərcümə edilərək qafiyələndirilmiş variantını peşəkar cazmen caz və rok üslubunda səsləndirir!.. Və yaxud Şirvan mahnıları, “Cəngi-Koroğlu” havası və s. bu cür ifa olunur. İnşallah ki, uğurlu nəticə verəcək. Məqsəd nədir? Saz musiqisinin Avropaya yeni səviyyədə çıxarılması. Çünki, saz ifaçısı gedir Avropada ifa edir, onu yalnız musiqiçilər duyurlar, ancaq sıravi dinləyicinin bizim saz musiqisini daha yaxşı mənimsəməsi üçün onun anlayacağı mətn olmalıdır. Necə ki, muğam ifaçıları gedib Avropa ifaçısı qarşısında Azərbaycan dili ilə eyni vaxtda ingilis və fransız dilində də variasiyalar şəklində oxuyurlar, eyni şeyi biz saz musiqisi üçün etmək istəyirik. Bunu etmək lazımdır və uşaqlar da həmin işi çox böyük həvəslə həyata keçirirlər. İstəyirik ki, yaxın zamanlarda “Yarat!” İncəsənət Mərkəzində bir konsert təşkil edək və saz-caz sintezi ortaya gəlsin. Ola bilər ki, sazın olduğu kimi qalmasını istəyənlər etiraz eləsin, amma bu da bir axtarış və sazın dünyaya çatdırılması, təbliğ olunması yolunda məncə, uğurlu nəticə verəcək. Bunun nişanələrini mən öz gözlərimlə görmüşəm. 2016-cı ildə biz Fransada olanda “Araz” qrupu oxu səviyyəsində olmasa da ifa səviyyəsində saz-gitara-caz üçlüyünə nümunə ifa etdilər. Salonun bu ifanı necə coşqu ilə alqışladığını görmək çox xoş idi. Mən düşündüm ki, bunun mətni oxunsa, gör nə olar. Saz-caz sintezi ideyası belə yarandı.

Muğamla bağlı artıq dünya bu sintezi qəbul edib və bu məsələ qurtarıb. Muğamın caz və rok musiqisi ilə variasiyaları, sintezi dünya tərəfindən birmənalı şəkildə qəbul olunub. Alim Qasımov, sonrakı xanəndələr bu sahədə çox böyük işlər görüblər. Amma sazla bağlı bu işlər hələ görülməyib. Bu mənada sazla bağlı atılan addım yenidir və inşallah, yaxşı nəticələr verəcək.

Mənim gəlişimdən sonra biz ilk dəfə olaraq 2016-cı ildə 15-dən yuxarı tədbir keçirmişik – Filarmoniyada, Heydər Əliyev sarayında, Mahnı teatrında, bölgələrdə və s. Az qala hər ay bir neçə tədbirimiz baş tuturdu, heç göz açmaq mümkün deyildi. 2017-ci ilin əvvəlindən də yenə Heydər Əliyev sarayında iki tədbirimiz olub. Bunlardan biri Aşıq Şəmşirlə bağlı möhtəşəm saz-söz məclisi, digəri isə Çingiz Mehdipurun Təbrizdəki “Dalğa” qrupunun Təbriz və Bakı qanadlarının birgə konsertidir. Bu, gəlmiş-keçmiş tarixdə ilk belə hadisə idi.

Bundan başqa biz AB olaraq böyük ustadların yubileylərinin keçirilməsinə daim diqqət yetiririk. Məsələn, mayın sonlarında Molla Pənah Vaqifin 200 illik yubileyi ilə bağlı Filarmoniyada “Könüldən könülə yollar görünür” adlı böyük konsert keçirildi. Vaqif sənəti sazla-sözlə bağlıdır, ona görə də aşıqlar onu həmişə oxumalıdırlar. Bununla yanaşı olaraq vaxtaşırı bölgələrə gedir və burada böyük ustadların yubileylərini qeyd edirik. Məsələn, 2016-cı ildə Aşıq Haşım Qubalının yubileyini Qubada, Aşıq Fətullanın yubileyini isə Gəncədə yüksək səviyyədə qeyd elədik və s. Nəzərdə tutmuşuq ki, yaxın vaxtlarda Aşıq Yanvar Bədəlovun 75 illik yubileyini İsmayıllıda qeyd edək. Bu da sənətin bölgələrdə təbliği mənasında çox əhəmiyyətli məsələdir.

Mən dövlətimizdən razıyam. Dövlətimiz saza-sözə çox böyük diqqət və qayğı göstərir. Baxın, indi aşıq sənətinin səsi-sorağı YUNESKO-dan gəlir, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın fədakar təşəbbüsü və çalışmaları həm muğam və həm də aşıq sənətinin YUNESKO-ya qaldırılması kimi çox əzəmətli bir işi gerçəkləşdirib. Bununla yanaşı bizim vaxtaşırı olaraq xarici ölkələrdə konsertlərimiz təşkil olunur. Türkiyə, İran, Fransa, Polşa və Rusiyada 2016-cı il ərzində dalbadal böyük konsertlərimiz olub. Yenə belə tədbirlərimiz nəzərdə tutulub. Düşünürəm ki, Azərbaycan dövlətinin sazın-sözün təbliği sahəsində yürütdüyü siyasət çox uğurludur və bu da bizim dövlətçiliyimizin təbliğinə, möhkəmləndirilməsinə xidmət edir. Bilirsiniz ki, Gədəbəydə ayrıca aşıq məktəbi açılıb. Bundan başqa bir neçə yerdə aşıq muzeylərinin açılmasına hazırlıq görülür. Bütün bunların gerçəkləşməsində azdan-çoxdan bizim də payımız olur. Bu yaxınlarda Şamaxıda Mirzə Bilal günlərinin keçirilməsinə hazırlıq görülür. Bu bayramın hər il keçirilməsi nəzərdə tutulur. Gələn ildən başlayaraq Aşıq Ələsgər saz-söz bayramının da hər il keçirilməsi ənənəsinin əsasını qoymağı düşünürük.

 

 

Mədəniyyət ən möhkəm körpüdür

 

Bu yazı-müsahibənin əvvəlində də xatırlatdğım kimi kənardan yalnız qoşma-gəraylı, aşıq-nəğməkarla uğraşan şifahi xalq ədəbiyyatçısıtək görünən ədəbiyyat nəzəriyyəçisi, müəllim, şair Məhərrəm Qasımlının elə həmin folklordan və deməli, xalqın özündən, mayasından, istək və arzularından qaynaqlanan dövlətçi fikirləri, özünəməxsus futuroloji müddəaları var. Və o, bunları gizlətmir. Söhbətimizin bu yerində mizrabı sarı simə vurub, professorun fikir karvanını, onun on illər əvvəldən diqqətimizi cəlb eləmiş bu məcraya yönəldirik:

 

- Bir vaxtlar sizinlə etdiyimiz söhbətdə bölgələrlə, xüsusən də indi bizdən uzaq düşmüş tarixi məkanlarımızla mədəni əlaqələrin gücləndirilməsinin birbaşa ölkənin, həmin məkanlara yaxın bölgələrimizin güclənməsinə müsbət təsir göstərdiyini demişdiniz...

 

- Mən indi də o fikirdəyəm. Düşünürənm ki, tədbirlərimizin mütləq bölgələrdə də keçirilməsinə nail olmalıyıq. Çünki bölgələrdə də aşıq sənətini inkişaf etdirmək lazımdır. Baxın, bizim Dərbənddə tarixən çox böyük aşıqlıq ənənəmiz olub. Dərbəndlə əlaqələrimiz zəifləyəndən sonra Dərbənddə aşıqlıq zəifləyib. Bunun nəticəsi olaraq Qubada, Dəvəçidə, Siyəzəndə olan aşıqlıq da xeyli zəifləyib. Bunlar hamısı yeni diqqət və qayğı tələb edir ki, sənət də yeni hava ilə inkişaf etsin.

Aşıq sənəti bütün hallarda dövlətçilik düşüncəsidir. Baxın, onlar Azərbaycanın təbliğ-tərənnümündən, bayrağımızdan, ordumuzdan, torpaqlarımızın qorunması zərurətindən oxuyurlar. Koroğlu havalarının özü dövlətçilik, vətənçilik, vətənpərvərlik düşüncəsidir: düşmənlərə qarşı əlbir olmalıyıq, ruhumuz yenilməz olmalıdır və s. Bu anlamda görülməli işlər çoxdur və inşallah, görüləcək də.

Gördüyümüz bir işi də ayrıca qeyd eləyim. Bu da ondan ibarətdir ki, son zamanlar biz ənənəvi aşıq paltarlarının dəyişdirilməsi qərarına gəlmişik və həmi istiqamətdə real addımlar atmışıq. Artıq kişi və xanım aşıqlara ayrıca paltarlar tikdirmişik. Ənənəvi hündür aşıq papağından nisbətən alçaq aşıq papağına keçmişik, ənənəvi qalifeyi şalvardan da imtina olunub. Qara şalvar və qara ayaqqabı, keçmişdən qalma köynək və çuxa olmaqla, çox yaxşı bir aşıq forması ərsəyə gəlib. Bu layihə çox təqdir gördü və artıq biz o paltarlardan bir xeyli tikdirmişik, indi aşıqlar tədbirlərə həmin paltarlarda çıxırlar. Bu dəstlər artıq aşıq geyimi kimi qəbul olunub, ziyalıların, cəmiyyətin reaksiyasından görünür ki, bu yenilik təqdirlə qarşılanır.

 

- Bu, çox ağrılı məsələ idi...

 

- Bəli, çox ağrılı məsələ idi və mən onun həlli yolunu tapdım. Nə yaxşı ki, uzun zamandan bəri bütün cəmiyyəti narahat edən bu məsələ - həm xanım və həm də kişi aşıqların milli geyimə keçməsi ilə bağlı məsələ həll edildi.

Görəcəyimiz işlər çoxdur. Məsələn, ozan-aşıq ensiklopediyası hazırlanıb, onun baş redaktoru mənəm. Artıq həmin ensiklopediya “Şərq-Qərb” nəşriyyatına təqdim olunub. İnşallah, o da nəşr olunar və hamımızı sevindirər. Sonra, Azərbaycan Aşıqlar Birliyinin xətti ilə indiyədək heç vaxt olmamış “Azərbaycan aşıq ədəbiyyatı” adlı kitab da hazırlamışıq. Burada Aşıq Qurbanidən tutmuş Aşıq Şəmşirə, Mikayıl Azaflıya qədər bütün böyük aşıqlar barəsində oçerklər verilib. Oçerklərdə aşıqlar haqqında həm təhlillər, həm də informativ bilgilər var. Birliyimizdə hazırlanmış soraq kitabı vasitəsilə çox rahatlıqla istənilən aşıq haqqında məlumat əldə etmək olar. Mənim göstərişimlə Aşıqlar Birliyinin kitabxanasının və arxivinin yaradılması istiqamətində işlərə başlanılıb. Çox təəssüf ki, 1984-cü ildə yaradılmış bir təşkilatın bu günə qədər nə arxivi, nə də kitabxanası olmayıb. Birliyin nəzdində qərargah yaradılıb, artıq Azərbaycan aşıqlarının I, II və sonrakı qurultayları ilə bağlı xeyli material toplanıb, bəzi şəkillər, sənədlər əldə etmişik və s. Bütün bu materiallar arxivə verilib, çünki 50-100 il sonra bilinməlidir ki, görülən işlər nə əsasda gedib, bizim uğurlarımız, qüsurlarımız nələr olub.

 

- Son illərdə Azərbaycan sanki rəngarəng beynəlxalq layihələrin vətəninə çevrilib. Bu da təbiidir: çoxillik müstəqillik həsrətindən doğan tanınmaq, özünü tanıtmaq ehtiyacı boy verir. Aşıq sənəti də böyük coğrafiyada yaşamaqdadır...

 

- Elədir. Artıq 2011 və 2013-cü illərdə I və II Beynəlxalq aşıq festivalları keçirilib. Biz düşünürük ki, bu il və ya 2018-ci ildə III Beynəlxalq aşıq festivalı keçirilsin. Bu barədə təklifimi vermişəm. Bu, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə, İran aşıqlarını, habelə, harada aşıqlar, aşıq sənətinə yaxın sənətkarlar var, onların hamısını əhatə edəcək. Dağıstanda avar, ləzgi aşıqları var ki, öz dillərində oxuyurlar, onlar da dəvət edirik, öz dillərində öz havalarını, öz mahnılarını oxuyurlar, yer alır, laureat olurlar. Bu istiqamətdə çalışmalarımızı davam etdirəcəyik. Bayaq dediyim kimi, bizim 2016-cı ildə Polşa, Fransa, Xorvatiya, Rusiya, Türkiyə kimi ölkələrdə tədbirlərimiz olub, aşıqlarımız gedib çıxış ediblər, böyük təqdirlə qarşılanıblar.

 

 

Bu gündən başlayan sabah

 

Məhərrəm Qasımlı ömrü boyu başlıca hesab elədiyi bir çox işlərini indi ikinci və hətta üçüncü plana keçirib, bütün qüvvəsini Azərbaycan Aşıqlar Birliyinin fəaliyyətini gücləndirməyə yönəldib. Müvəffəq də olur. Onun bu Birliyə sədr seçildiyi vaxtdan bəri bu günədək elə bir ay olmur ki, ölkə ictimaiyyəti başında aşıq sənətinin, folklorumuzun professorunun dayandığı bu Birliklə bağlı yeni bir xoş xəbər, təzə layihə barədə eşitməsin.

O, öz işinin vurğunudur. Bəli, bu söhbətimizin qəhrəmanı professor Məhərrəm Qasımlı bütün qüvvəsini Azərbaycan Aşıqlar Birliyinin çiçəklənməsinə həsr edir. Onun ideyaları, həyata keçirdiyi layihələr də intellekti qədər geniş, fikir-könül dünyasıtək dərindir. Və onunla söhbət eləmək yenə də böyük zövq və əslində öyrəniləsi çox şeyin olduğu məktəbdir...

 

- İstənilən fəaliyyət sahəsi kimi aşıq sənəti də həmişə elmi tədqiqatlara mövzu olub...

 

- Azərbaycan ədəbiyyatı tarixində əvvəlki dönəmlərdə də azdan-çoxdan aşıq ədəbiyyatına yer verilib. Amma “Azərbaycan ədəbiyyatı tarixi”nin 2004-cü ildə çıxan və mənim redaktoru olduğum I cildində və indiki təkmilləşdirilmiş nəşrdə aşıq ədəbiyyatı ayrıca bölmə kimi verilib. Orada aşıqlar barəsində olan oçerklərin 15-dən yuxarısını mən yazmışam. İlk dəfə olaraq konsepsiyanı belə qoymuşam ki, aşıq ədəbiyyatı nə yazılı ədəbiyyat deyil, nə də folklor deyil. Yəni, aşıq ədəbiyyatını xalq ədəbiyyatı hesab eləmək olmaz. Bir anlıq təsəvvür edin ki, Aşıq Ələsgərə və yaxud Aşıq Qurbaniyə deyilir ki, sənin yazdıqların xalq ədəbiyyatıdır. Qəbul edərlərmi? Yox. Deyərlər ki, bunların müəllifi mənəm, sən nə danışırsan? Bu mənada aşıq ədəbiyyatı bizim xalqın xüsusi tip ədəbiyyatıdır. O, nə divan ədəbiyyatı deyil, nə də folklor, xalq ədəbiyyatı deyil, ayrıca tip ədəbiyyatdır. Bax bunu qəbul eləmək lazımdır və işlər bu istiqamətdə getməlidir. İşin başlanması üçün bu anlayış qəbul olunmalıdır ki, aşıq ədəbiyyatı ayrıca ədəbiyyat tipidir, onu xalq ədəbiyyatı da saymaq olmaz, divan ədəbiyyatı da hesab etmək olmaz. Tarixən aşıqların böyük əksəriyyəti – Aşıq Qurbani, Abbas Tufarqanlı, Aşıq Ələsgər, Xəstə Qasım Tikmədaşlı, Aşıq Şəmşir və başqaları savadlı olublar, bunların böyük əksəriyyəti yazmaq qabiliyyətinə malik olub. Bunların hamısının yazı-pozusu olub. Bizə avtoqrafların gəlib çatmaması o demək deyil ki, onlar yaza bilməyiblər. Mən 10-16 il qabaq İranda Xəstə Qasımın əlyazmalarını gördüm. (Tikmədaşda onun məzarını da ziyarət etmişəm.) Bu o deməkdir ki, həmin adamlar savadlı olublar. Aşıq Ələsgər hərflərin hamısını bilirdi. İkincisi də, savad məgər təkcə yazmaq deməkdir? O qədər yazı-pozu bilən savadsız adamlar var ki... Aşıq Ələsgərin yazısı-oxusu olmasa da, çox savadlı, dərin adam idi. Yəni yazıb-oxumaq savad ölçüsü deyil. Bu mənada onları savadsız hesab eləmək olmaz. Aşıq ədəbiyyatı savadlı ədəbiyyatdır. Quran elmini, bütün təssəvvüf simvolikasını, Şərq fəlsəfəsini bu adam başında daşıyıb gətirib və təbliğ edib. Böyük bir fəlsəfi elmin daşıyıcısına savadsız demək olarmı? Olmaz. Bu mənada aşıq ədəbiyyatına yenidən baxmaq, onu yenidən dəyərləndirmək lazımdır. Mən monoqrafiyanı da o məqsədlə yazmışdım ki, bu fəlsəfi sistemin möhtəşəmliyini, onun daşıyıcılarının professional adamlar olduqlarını göstərə bilim. Kimsə də çıxıb deyə bilər ki, tutaq ki, “Əsli və Kərəm”, “Aşıq Qərib” dastanlarının müəllifi kimdir? Bunların müəllifi xalq olsa da, həmin ədəbi nümunələri beynində daşıyan bütün xalq deyil, adı-sayı bəlli peşəkarlar, aşıqlardır. Sənin nənən, mənim babam onun bir şeirini, bir parçasını bilər, amma bütövlükdə mətni professional adam daşıyır. Professional daşıyıcısı olan sənət də professional sənətdir. Onu xalq sənəti hesab etmək olmaz. Nə aşıq, nə də muğam sənətinin heç biri xalq sənəti deyil. Ən yaxşı halda demək olar ki, bu, xalq professional sənətidir. Dediyimiz hər iki sənətdə mütləq peşəkarlıq amili olmalıdır. Muğamı mütləq bir xanəndə sənə öyrətməlidir. Sən gedib bir çobandan muğam oxumağı, yaxud da aşıqlığı öyrənə bilməzsən. Bunları ustad öyrədir, yəni professionallıqla olan şeydir. Bu anlamda burada çoxlu məsələlər var. Onların yenidən araşdırılması vacibdir.

 

- Məhərrəm müəllim, Sizcə, aşıq sənətinin təbliğinin gücləndirilməsi üçün ilk növbədə hansı tədbirlər görülməlidir?

 

- Mən bu istiqamətdə göstərilən xidmətləri görür və qeyd edirəm, amma bu sahədə xeyli boşluqlar da var. Məsələn, deyim ki, Aşıq Ələsgərlə bağlı böyük, yaxşı bir monoqrafiya yoxdur. Ondan əvvəlki klassiklər də onun kimi. Hələ ən çox öyrənilmiş aşıqlarımızdan biri elə aşıq Ələsgərdir; onunla bağlı yazılmış ən çoxu 4-5 kitabın adını çəkmək olar. Amma Aşıq Ələsgər sənətinin məğzi, mahiyyəti, onun böyük sənətkar statusu bir böyük monoqrafik tədqiqatda, adamı doyduran səviyyədə təqdim olunmuş olsun, o yoxdur, onu eləmək lazımdır. Bax o istiqamətdə işlər getməlidir ki, bu məsələlərə aydınlıq gəlsin. Yaxud Xəstə Qasımla bağlı mənə çox məlumat verə bilərsinizmi? Yox. Çünki kitab yoxdur. Xəstə Qasım və yaxud digərləri ilə bağlı monoqrafik tədqiqat olmalıdır ki, insanlar məlumat ala bilsin. Əslində tədqiq olunma, öyrənilmə üçün orada hər cür imkan var.

 

- Bəs müasir sənətkarlardan hansının həyat və yaradıcılığının tədqiqata cəlb olumasına daha çox ehtiyac duyulur?

 

- Məgər Aşıq Şəmşir, Mikayıl Azaflı haqqında tutarlı elmi kitablar yazılıbmı? Yox. Aşıq Xanmusa Şirvanlı haqqında kitab yazmağa ehtiyac var. Mirzə Bilal çox böyük aşıqdır. Onu Şirvan aşıqlığının babası hesab edirlər. Elə bilirsiz Mirzə Bilalla bağlı çox böyük kitablar var? Yoxdur. Musavat hökuməti ilə bağlı şeirləri olduğu üçün 1938-ci ildə milliyyətçi kimi güllələyiblər. Molla Cümə. Çox böyük şairdir. Min qatardan çox şeiri var. Min qatardan çox şeir hər adamda ola bilməz. Bu aşığın əlyazmaları indi də durur. Molla Cümə haqqında düz-əməlli monoqrafiya varmı? Ona görə ki, aşıq ədəbiyyatı yaxşı tədqiq və təbliğ olunmayıb. Mən həm Milli Elmlər Akademiyasının, həm də Aşıqlar Birliyinin xətti ilə illər boyu çalışmışam ki, bu istiqamətdə işlər getsin. İndi də bacardığım səviyyədə bu məsələni yeniləşdirməyə çalışıram. Baxın, Ədalət Nəsibov ən məşhur aşıqlarımızdan biridir. Biz onun barəsindəki kitabı buraxdırana qədər çox əziyyət çəkmişik. Kimə üz tuturduqsa, deyirdilər ki, bizdə heç bir məlumat yoxdur. Təsəvvür edin ki, hamının tanıdığı bu məşhur aşıq haqqında heç nə bilən yox idi. (Aşıq Ədalət 14 sentyabr 2017-ci ildə vəfat edib – Ş.S.) Bu mənada bizim hazırladığımız kitablar Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Aşıq Ulduz Quliyeva, Mahmud Məmmədov haqqında mənbəyə çevrildi. Doqquz nəfər ustad aşıq haqqında kitab buraxmışıq. Gələn il də bir sıra işlərin görülməsini nəzərdə tutmuşuq. Görülməli işlər çoxdur, inşallah ki, bunları gerçəkləşdirməyə çalışacağıq.

 

 

 P. S. Nə sirrdirsə, onunla etdiyimiz maraqlı söhbətin üstündən də iki acı il keçdi, yaxın çevrədə sağlıqla bağlı vaxtaparan qayğı-qarğaşalar səbəbindən iki sənə əvvəl etdiyimiz söhbət mətbu fakt olaraq məhz indi, onun 61-ci doğum günündə ortaya çıxdı. Neynək, bəlkə “Gec olsun, güc olsun” deyimi məhz belə hallar üçün yaradılıb.

Gec oldu, amma güc oldumu, bilmirik. Hərçənd bunun belə olması üçün bacardığımız hər şeyi etdik. İstədik ki, bu şad günündə Məhərrəm müəllimi təbrik edən çoxsaylı insanlar qatarına qoşulaq, ona daha böyük uğurlar, xalqımız və dövlətimiz naminə uzun və ən azı indiki qədər xeyirli ömür arzulayaq. Var olun, yaşayın və yaradın, hörmətli professor. Ad gününüz mübarək!!

 

Şövkət Səlimov Budad,

“Shahdagpeoples.az” saytının Baş redaktoru

5 avqust 2019-cu il

скачать dle 10.4 UTF-8Forex для начинающих