ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI

Şahdağ xalqları - Layihə

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) "Azərbaycanda yaşayan xalqları yaxından tanıyaq" layihəsinin icrasına başlayıb.

 

İyul-noyabr ayları ərzində icra olunacaq layihə Şuranın 2019-cu il dördüncü qrant müsabiqəsində "Azərbaycanda yaşayan milli azlıqların mədəni irsinin təbliğinə dair təşəbbüslər" istiqaməti üzrə qalib olub.

Layihə çərçivəsində Azərbaycanda yaşayan ləzgi, tat, udi, Şahdağ xalqları, avar, ingiloy, yəhudi, talış, saxur, kürd xalqlarının tarixi, dili, mədəniyyəti, müasir yaşayış tərzləri barədə konkret faktlara əsaslanan yazılar "525-ci qəzet"də dərc edilir.

Məqalələr Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzinin əməkdaşları tərəfindən hazırlanır.

10 yazının mətbuat orqanı vasitəsilə oxuculara təqdim olunması prosesi başa çatdıqdan sonra həmin məqalələrdən ibarət kitabça nəşr edilərək, KİV orqanlarına hədiyyə veriləcək.

Sizə layihənin beşinci yazısını təqdim edirik. Yazı Şahdağ xalqları haqqındadır. Birinci məqalə ləzgi, ikinci məqalə udi, üçüncü məqalə saxur, dördüncü məqalə avar xalqına həsr olunmuşdu.  

Quba rayonunun dağlıq hissəsində Şahdağın ətrafında yaşayan xınalıqları, buduqları, qrızları etnoqrafik ədəbiyyatda bir qayda olaraq "Şahdağ xalqları" adlandırırlar. Belə ümumiləşdirici təqdimat bu xalqların eyni ərazidə yerləşməsi, etnomədəni baxımdan bir-birinə çox yaxın olmaları ilə izah edilir. Onlar Azərbaycanın ən ucqar yaşayış məntəqələrində məskunlaşaraq, özlərinə xas olan etnomədəni xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlayıblar.

Şahdağ xalqları İslam dininin sünni təriqətinə mənsubdurlar. Onların dilləri Şimali Qafqaz dillər ailəsinin Nax-Dağıstan qrupuna aiddir. Buduq və qrız dilləri yaxın olsalar da, fərqli dillər hesab olunurlar. Xınalıq dili isə Şimali Qafqaz dillər ailəsinə mənsubdur və spesifik xüsusiyyətlərinə görə bu dillər arasında ayrıca yer tutur.

Şahdağ xalqları haqqında tarixi məlumatlar çox azdır. Bir çox alimlər hesab edirlər ki, xınalıqlar, qrızlar, buduqlar Qafqaz Albaniyası ərazisində yaşamış tayfaların nəsillərindəndir. Onlar haqqında qısa məlumatlar XIX əsr rus müəlliflərinin Azərbaycan haqqında qeydlərində də yer alıb. Etnoqrafik tədqiqatlara gəldikdə, Şahdağ xalqları haqqında nisbətən geniş məlumatlar "Dünya xalqları" silsiləsinə daxil olan "Qafqaz xalqları" əsərinin II cildində verilib. Şahdağ xalqlarına həsr olunan geniş etnoqrafik tədqiqat kimi rus, sovet etnoqrafı N.Q.Volkovanın "Xınalıq" adlı məqaləsini və İ.Q.Şahbazovun "XIX - XX əsrin əvvəllərində Şahdağ qrupu xalqlarının maddi mədəniyyəti (tarixi-etnoqrafik tədqiqat)" mövzusunda yazdığı namizədlik dissertasiyasını qeyd etmək lazımdır. Şahdağ xalqlarının etnoqrafiyasına Q.Cavadovun "Azərbaycanın azsaylı xalqları və milli azlıqları" əsərində də geniş yer ayrılıb. Şahdağ xalqları tədqiqat obyekti kimi etnoqraflardan daha çox dilçilərin diqqət mərkəzində olub. Bu da təsadüfi deyil, çünki Şahdağ xalqlarının dilləri müəyyən dərəcədə unikal xarakter daşıdığı üçün dilçilik elmi baxımından böyük maraq kəsb edir.

Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Xınalıq kəndi dünyada xınalıqların sıx yaşadığı yeganə yaşayış məskənidir. Yerli əhali öz kəndlərini "Ketş" adlandırır. Onlar bu spesifik adı öz dillərində bir-biri ilə danışarkən işlədirlər. Başqaları ilə ünsiyyət zamanı isə onlar kəndlərini Xınalıq, dillərini "is xınalıq" dili adlandırırlar. Rəvayətlərə görə, Ketş kəndi indiki yerindən bir neçə kilometr aralıda Tufandağın qoynunda yerləşirmiş. Güclü zəlzələ bu kəndi xarabalığa çevirir və əhalinin sağ qalan hissəsi Dəyirman çayı keçərək bugünkü Xınalıq kəndinin bünövrəsini qoyurlar.

Şahdağın cənub-şərq yamacında yerləşən, ata-baba məskənində yerləşən Qrız kəndinin əhalisi olan qrızlar bu ərazidə sərt təbii-iqlim şəraitində, təsərrüfat üçün torpaqların çatışmazlığı şəraitində yaşayıblar. Məhz bu səbəbdən qrızların ayrı-ayrı ailələrinin və qohum qruplarının düzənlik ərazilərə köçməsi əsrlər boyu baş verib. Belə köçmələrin nəticəsi olaraq Quba, həmçinin, Xaçmaz, İsmayıllı rayonlarının ərazisində qrızların məskən saldığı Qrız Dəhnə, Əhmədoba, Palçınoba, Çinartala və digər kəndlərin əsası qoyulub. Bəzi tədqiqatçılar hesab edirlər ki, qrız dilinin bir neçə dialekti var. Onların fikrincə, bu dialektlər Hapıt, Əlik, Cek kəndlərinin sakinlərinin danışdığı dildir. Lakin etnoqrafik materialların cəlb olunduğu tədqiqatlar göstərir ki, dil baxımından yaxın olan bu xalqlar özlərini vahid bir etnik birliyə aid etmirlər.

Buduq kəndi Çərəkə dağının Cənub-şərq yamacında yerləşir. Buduq kəndi ilə yanaşı, buduqlar həm də Pirüstü və Qab Qazma kəndlərində yaşayırlar. Onlar özlərini "budad", dillərini isə "budad-mez" adladırırlar. Qrızlar kimi buduqlar da Quba, Xaçmaz rayonlarının düzənlik ərazilərinə köçərək yeni yaşayış məskənləri salıblar. Buduq, Qrız kəndlərini tərk edən əhali hara köçməsindən asılı olmayaraq, öz ata-baba yurdlarının əvvəlki adını və ya həmin kənddə daşıdıqları nəsli yeni saldıqları yaşayış məskəninin adında yaşadıblar.

Şahdağ xalqları deyəndə hapıtlılar, əliklilər, ceklilər və yergüclülər barədə xüsusi ilə söz açılır. Hapıtlılar Qrız etnosuna qohum etnik qrup olub qrız dilinin hapıt dialektində danışırlar. Bu gün hapıtlılar toplu halda əsasən Quba rayonunun Hapıt, İsmayıllı rayonunun Hacıhətəmli, Hapıtlı və Mollaisaqlı kəndlərində yaşayırlar. Qubanın Hapıt kəndi onların ən qədim yaşayış məskənidir. Hapıtlılar tarixi Azərbaycan torpaqlarının, ö cümlədən, Qafqaz Albaniyası dövlətinin qədim sakinlərindəndir. Azərbaycan tarixçisi və etnoqrafı, professor Qiyasəddin Qeybullayev qədim yazılı mənbələrin və etnoqrafik materialların təhlili nəticəsində hapıtlıların da Alban tayfalarının varisi olması qənaətinə gəlib.

XIX əsrin 30-40-cı illərindən etibarən hapıtlılar tədricən özlərinin qədim yaşayış məskənlərini tərk edərək daha əlverişli olan mülayim iqlimli ərazilərlə birləşməyə başlamışlar. Həmin əsrə aid mənbələrdə onların Ərəş qəzasında Kür sahilində yerləşən qışlaqlarının olması barədə məlumatlara rast gəlinir. Hapıtlılar Quba, Göyçay, Şamaxı və Şəki bölgələrində 57 kənd salıblar. 

Qırızlıların subetnik qruplarından olan ceklilər, əliklilər və yergüclülər Qubanın eyni adlı yaşayış məntəqələrində - Cek, Əlik və Yergüc kəndlərində yaşayırlar. Qırızlılar kimi onların da ilkin yaşayış məntəqəsi qədim Qırız kəndi olmuş və tədricən buradan ayrılaraq öz kəndlərini salmışlar. Hazırda hapıtlılar, ceklilər, əliklilər və yergüclülər Qırız etnosuna aid edilən və qırız dilinin hapıt, cek və əlik dialektində danışan subetnoslar olaraq tanınırlar. Cek kəndi Xınalığa doğru uzanan dağ yolunda sonuncu kənddir və Qudyalçayın qolu olan Ağçayın sol sahilində, Cek qayaları kimi tanınan yüksəkliklərin üzərində, Əlik, Buduq, Qırız, Yergüc, Qalayxudat kəndlərinin əhatəsində yerləşir. Əlik kəndi isə bir qədər aralıda eyni adlı çayın sahilindəki çökəklikdə salınıb. Deyilənə görə, kəndin adı bu hidronimdən götürülüb. Əlik sözü türk dillərində "dağ çuxuru, çökəklik" anlamını verən "alık" kəlməsindən yaranıb. Kənd dəniz səviyyəsində təqribən 1500 metr yüksəklikdə yerləşir. Hazırda burada 50 evdə 300 nəfərədk insan yaşayır. Əlik digər Şahdağ kəndləri kimi qədim yaşayış məntəqələrindən biridir. Buradakı məzarlıqda aparılan tədqiqatlar zamanı Xınalıq və Qırız kəndlərində olduğu kimi, bir neçə təbəqədən ibarət qəbirlər aşkar edilib. Əlik kəndinin şərqində yerləşən Yergüc kəndində isə hazırda heç kim yaşamır. Kəndin son sakini 2006-cı ildə 110 yaşında vəfat edib. XIX əsrin 30-40-cı illərindən etibarən sosial-iqtisadi səbəblərdən yergüclülərin gülxatınlılar, qarabığlılar və təhməzlilər kimi nəsilləri tədricən məskənlərini tərk edərək, yaşayış üçün əlverişli olan Xaçmaz rayonu ərazisinə köç etməyə başlayıblar. 

Şahdağ xalqları ənənəvi şəkildə köçmə qoyunçuluqla məşğul olublar. Qışlaqlarını Yaşma düzündə, Xızı, Hacıqabul, Şirvan və Salyan ərazilərində qurublar. Köçə bütün ailə ilə gedərdilər və buna hazırlıq yaydan başlayardı. Yol üstüdə olarkən ərzaq tədarükü görürmüşlər. Pendir, yağ qovrulmuş buğda, yarıbişmiş ərzağın əsasını təşkil edirdi. Köçdən əvvəl kəndlərin əsas meydanında toplaşan ağsaqqallar məsləhətləşərdilər. Bu məsləhətləşmənin məqsədi köçə hazırlıq idi. Köç qruplarla reallaşırdı. Bu qrupa adətən qohumlar, yaxın adamlar daxil olurdu. Qrupların formalaşdırılması könüllü surətdə, sərbəst şəkildə baş tuturdu. Hər qrupu ayrı-ayrı ailələr təşkil edirdi. Köç zamanı hər ailə öz alaçığını qururdu.

Şahdağ xalqlarının təsərrüfat məşğuliyyətinin əsasını qoyunçuluq təşkil etməsilə yanaşı, bu ərazilərin sakinləri, qismən də olsa, əkinçiliklə də məşğul olublar. Başlıca olaraq arpa, buğda, çovdar, mərci kimi bitkilər becərilərdi. Əhali özünü taxıl məhsulları ilə təmin edə bilmirdi.

Şahdağ xalqlarını təmsil edən hər bir ailə xeyli miqdarda yun ehtiyatı saxlayardı. Bu fakt  əhalinin toxuculuq, xalçaçılıq sənəti ilə məşğul olmağa sövq edib. Şahdağ xalqlarının yaşadığı əksər kəndlərdə, demək olar ki, bütün ailələr xalçaçılıqla, kilim, palaz, xurcun, habelə corab və başqa məişət əşyalarının toxunması ilə məşğul olublar. Azərbaycan xalçaçılıq sənətində öz yeri olan Qrız, Buduq, Xınalıq xalça növləri məhz bu kəndlərin qadınları tərəfindən yaradılıb. Xalça toxumaq üçün şahdağlılar yerli otlardan boyaq kimi istifadə edib, hər bir bitkinin hansı rəng verdiyini asanlıqla müəyyənləşdiriblər. Məhz buna görə də onların xalçaları, palazları təbiiliyi ilə seçilir.

Hər bir ailənin qızları kiçik yaşlarından ana və nənələrindən toxuculuq sənətinin sirlərini öyrənirlər. Buna görə də Şahdağ xalqları arasında elə bir ailə tapmaq olmaz ki, orada hər hansı qız və ya gəlin xalça, palaz, xurcun, corab və bu kimi məişət əşyalarını toxuya bilməsin.

Şahdağlılar arasında yun şal toxuma sənəti də mühüm yer tutub. Bu sənət xalq arasında çulfaçılıq adlanmış, toxuçulara isə culfaçı deyilmişdir. Culfaçılar əsasən kişilərdən ibarət olardı. Onlar əhalidən sifariş götürərək, onlar üçün yundan çuxa, şalvar və başqa paltarlar tikərdilər.

Bu xalqların dünyagörüşündə ibtidai inamlar, inanclar hələ də qalmaqdadır. Onların məişətlərində dinə qədərki təbiətlə bağlı inamlara təsadüf olunur. Məsələn, xınalıqlılar arasında odla fala baxma ənənəsi var. Digər tərəfədən, Xınalığın bir neçə kilometrliyində təbii yanar qaz çıxır və bura yerli əhali tərəfindən "Ateşkah" adlandırılır. Xınalıqlıların öz Atəşkahlarına indiyədək müqəddəs ocaq kimi baxması faktı onların məişətində atəşpərəstliyin mühüm yer tutduğunu deməyə əsas verir. Və yaxud "Qırx Abdal" piri və onunla bağlı rəvayətlər də Xınalığın qədim yaşayış məskənlərindən olduğunu təsdiqləyir. Qədim inamlardan biri də dağlara, o cümlədən, Tufandağa sitayiş hesab olunur. Yerli əhali üçün müqəddəs sayılan ibadət yeri "Pirə-Mıxıx" məhz Tufandağda yerləşir.

Şahdağlıların yaşadığı qədim kəndlər oxşar quruluşa məlikdirlər. Əksər kəndlərin dağlıq ərazilərdə yerləşməsi, geniş torpaq sahələrinin olmaması ilə əlaqədar Şahdağ xalqlarının yaşayış evləri terrasvari xüsusiyyət daşıyır. Bu xüsusiyyət Cek, Hapıt və Xınalıq kəndlərində özünü qabarıq göstərir. Evlər sanki bir-birinin davamıdır. Bir evin damı, digər evin sanki eyvanı sayılır.

Hər bir Şahdağ kəndi məhəllələrdən ibarətdir. Bu məhəllələrin öz meydanları var ki, boş vaxtlarında yaşlı kişilər bu meydanda əsasən axşam vaxtlarında toplaşaraq söhbət edərlər. Nisbətən cavan nəslin nümayəndələri meydanda olarkən ağsaqqalların söhbətlərinə qulaq asardılar. Burada müxtəlif hekayətlər, rəvayətlər, lətifələr dinləmək olardı. Bundan əlavə, ağsaqqallar müxtəlif məsələləri müzakirəyə çıxararaq, problemləri anındaca həll edərdilər. Bu məsələlər ev tikintisi, təsərrüfat işləri, insanlar arasındakı mübahisələrlə əlaqəli olurdu.

Son illər Şahdağ kəndlərində sosial-iqtisadi və mədəni inkişaf da sürətlənib. 2006-cı ilin əvvəllərində Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramına əsasən Xınalıq kəndində yeni orta təhsil ocağı tikilib istifadəyə verilmişdir. Xüsusilə ölkədə turizmin inkişafı ilə bağlı görülən tədbirlər kəndlərə böyük maraq yaradıb.   

Yazı Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu nəzdindəki Antropologiya Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına təqdim edilmək üçün hazırlanıb.

"525-ci qəzet", 18 avqust 2019

скачать dle 10.4 UTF-8Forex для начинающих