BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim

Mənim gördüyüm Təbriz...

Təbriz – keşməkeşli dönəmlərdə öz mühüm rolu ilə tarix yazmış bu qədim şəhər ötən əsrin 70-ci illər insanının, xüsusən də o dövr gənclərinin romantik-nostalji duyğularının qəhrəmanı idi. Bu inqilablar şəhərindən özləri ilə bərabər Təbriz nisgilini də gətirmiş cənub kökənli yazarlar – Söhrab Tahir, Balaş Azəroğlu, Mədinə Gülgün, Əli Tudə, fövqəladə səsli qiraətçi-aktyor Həsən Əbluc və digərləri hər birimizin ürəyində özü boyda Təbriz ucaltmışdılar. Hələ Süleyman Rüstəmin сənub silsiləsi və onun şah əsəri olan “Təbrizim” şeiri!..

 

Bu ülvi hissləri qüvvətləndirən isə ağlasığmaz qadağalar idi: qədərin və Arazın ayırdığı azərbaycanlılar əzizlərindən xəbər tuta, məktublaşa bilmirdilər. Sərhədin hər iki tərəfində olan dövlətlərdəki hakim quruluşlar insanları doğmalarının dəfnində iştirak etməyə belə buraxmırdılar. Odur ki, ürəyinin Vətən həsrəti yanğısına su çiləmək istəyən şair Əli Tudə Savalan dağına uzaqdan tamaşa eləmək üçün yayda Yardımlının sərhədboyu kəndlərini gəzir, Söhrab Tahir Bakıda hər səhər oyananda yastığını islaq görürdü...

İndi nə adını çəkdiyimiz məşhur insanlar həyatdadırlar, nə də qadağalar “istehsal edən” zabitəli rejimlər. O çağlardan yarım əsrdən çox müddət keçib və budur, indi mən – adi vətəndaş Bakı-Təbriz avtobusuna sərbəstcə bilet alıb TT – tibbi turist kimi səfərə yollanmışam. Saatlardır gözlərim sağ-solumdakı mənzərələri acgözlüklə seyr edir, qulaqlarım şaqraq Təbriz ləhcəsi ilə danışan sürücünün və təbrizli yol yoldaşlarımın mənim üçün çox maraqlı olan məlumatlarını eşidir.

Alatorandır... Meşkinşehr həndəvərindən keçirik. Uzaqda Savalan əzəmətlə durub. Aralıq ayının qarı onu daha da vüqarlı göstərir. Bu təəssürat, yəqin ki, ta Təbrizədək bəs edəcək.

...Səhərdir. Təbrizin mərkəzindəki “Gülşən” otelinin 105-ci alaqaranlıq otağından şaxtalı-qarlı sübh havasına çıxıram. Üzbəüz səki ilə sağ tərəfə getsəm, qarşıma yanbayan sıralanmış Azərbaycan muzeyi, mərkəzində şairin heykəlinin ucaldığı Xaqani bağçası və dünyaca məşhur Göy məscid çıxacaq. Bunlar hər birisi haqqında ayrıca geniş danışılası yerlərdir. Təbrizi ziyarət etmiş hər bir qonağın bu məkanlarla tanışlığı ona uzun zaman unutmayacağı zəngin təəssüratlar bəxş edər. Amma mən bilmədiyim, tanımadığım tərəfə getməkdə qərarlıyam. Odur ki, sola dönüb şaxta məni kəsincəyədək səki ilə yürüyüb, sonra eyni yolla otelə geri dönmək fikrindəyəm. Bir qədər irəliləyəndən sonra qarşısında meydan olan qülləsi saatlı, maraqlı bir bina görürəm (sonradan biləcəyəm ki, keçdiyim məkan məşhur Saat meydanıdır, gördüyüm unikal və hazırda Təbrizin rəmzlərindən biri olan tikili isə təqribən 80 il əvvəl bir alman memar tərəfindən layihələndirilib, uzun müddət burada şəhər idarəsi fəaliyyət göstərib, indi isə Bələdiyyə muzeyi yerləşir).

Bir qədər də addımlayıram. Solda görünən böyük məscid – Müsəlladır. Bayaqdan elə hey şəkil çəkirəm. Birdən... Allahım, bu nədir!? Ərk! Haqqında cənuba dair kitablardan oxuduğum, rəsmlərini gördüyüm Ərk qarşımda sal qayatək durur! Elə o andaca bayaqkı piyada turla bağlı niyyətimi unudub ətrafını, özünü qar bürümüş tənha, lakin əzəmətli abidəyə yaxınlaşıram...

 

Ərkin ərki yoxmuş...

 

Təbrizlilərin yaradıcısının adını da qoşmaqla “Ərki-Əlişah” adlandırdıqları Ərk, əslində, dünyanın ən böyük məscidi kimi layihələndirilib. XIII əsrdə Hülakilər (Elxanilər) zamanında vəzir Tacəddin Əlişah tərəfindən tikdirilib. Lakin təəssüf ki, dağıdıcı Təbriz zəlzələsinə və sinəsində nişanələrini indi də daşıdığı rus toplarına sinə gərmiş Ərkin indi ancaq mehrab divarı salamat qalıb. Abidə bir neçə dəfə bərpa edilsə də, hazırda məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bütün dünyadakı kütləvi turizm potensiallı şəhərlər üçün təxminən eyni olan müasir şəhərsalma qaydalarına görə bunca maraqlı tarixi abidənin ətrafı boş saxlanılmalı, burada abidə haqqında müxtəlif dillərdə məlumat lövhələri olmalı, müşayiətedici eksponatlardan ərsəyə gəlmiş ekspozisiyalar təşkil edilməli, habelə turistlərin diqqətini cəlb edən, onlara xidmət göstərəcək müxtəlif köşklər yaradılmalı idi.

Amma belə görünür ki, Ərkin bunca ərki yoxmuş – tarixən məscid, sərbazxana, cəbbəxana, müdafiə qalası kimi Təbrizin və təbrizlilərin xidmətində durmuş Ərkin düz böyründə nəhəng Cümə məscidi inşa edilib. Qədim tikili, daha doğrusu, ondan nişanə qalan yeganə divar da indi Cümə məscidinin hasarının içərisindədir. Bu azman məscid Təbrizin rəmzi olan Ərki, demək olar ki, görünməz edib. Hələ öyrənilməmiş yeraltı yollarının da olduğu deyilən Ərkin sabahı doğma şəhərinin tarixinə sayğı duyan hər bir təbrizlini yəqin ki, narahat etməkdədir. İnanmaq istərdik ki, heç olmasa qalan ərazi turizm baxımından abadlaşdırılacaq və bu gözəl şəhərə gələn qonaqlar dünyanın bu çox maraqlı tarixi memarlıq əsərinin nişanə divarını seyr etməklə onun keçmiş əzəmətini göz önünə gətirə biləcəklər.

Müsəlla isə hələ də tikilir və hiss olunur ki, onun inşaatçıları əsla tələsmirlər. Gözəl qoşa minarəli, hasarının hər bölümündə Allahın adlarından biri yazılmış məscidin sonradan dəfələrlə seyr etmək fürsəti tapdığım gecə görüntüsü də xeyli cəlbedicidir.

Qoca Ərkin tək divarı sənə əmanət, gənc Müsəlla!

 

Keç Tərbiyat küçəsindən...

 

Bu küçə Təbriz üçün Bakıdakı Nizami küçəsinin – məşhur Torqovının rolunu oynayır: bura da nəqliyyat üçün bağlıdır, ancaq ara-sıra bu yerlərdə populyar olan motosikletçilər piyadaları yarıb keçirlər. Şərq-islam memarlığı üslubunda tikilmiş tağlı darvazadan – Tərbiyat ağzından başlayan küçənin sağ-solunda tarixi yaşayış binaları sıralanır. Elə Torqovıda olduğu kimi burada da binaların birinci mərtəbəsini bahalı dükanlar tutub. Bakıdakı oxşarı kimi Təbrizin bu tarixi küçəsi də ilin bütün fəsillərində və demək olar, sutkanın bütün saatlarında gediş-gəlişlidir. Bu küçə və ətraf yaxın məhəllələri gəzmək qərarına gəlsəniz, qoca Təbrizin bir sıra görməli yerlərini, tarixi məkanlarını seyr etmək fürsəti qazanacaqsınız. Bu sırada ilk yerdə şəhərin tarixi abidə olan mülkləri gəlir. Buradan şimala, oradan da Səmərqəndə, Buxaraya və daha uzaqlaradək yayılmış kiçik bişmiş kərpiclərlə memarlıq möcüzələri yaratmaq sənətinin nadir nümunələrini seyr etmək tarix maraqlısına dünyanın həzzini yaşadır.

Hələ qapılar!.. Təbrizin ən maraqlı qədim qapılarına, girişlərin sağ-solundakı ənənəvi mozaik mənzərələrin ən gözəllərinə məhz bu ərazidə rast gələ bilərsiniz...

Tərbiyatı Torqovıdan fərqləndirən iki cəhət mövcuddur: əvvəla, o daha dar və qısadır – Xomeyni xiyabanından başlayıb Namaz meydanında bitir. İkincisi isə onun kiçik oxşarı da var – Bala Tərbiyat. Qeyd edək ki, Tərbiyata paralel uzanıb gedən bu küçə də eynilə Tərbiyat kimi təbrizlilərin və şəhərin çoxsaylı qonaqlarının məmnuniyyətlə baş çəkdikləri məkanlardandır...

Tərbiyat küçəsi elə geniş olmasa da, burada sərbəst gəzmək və dincəlmək üçün hər cür şərait yaradılıb – çoxsaylı skamyalar, yaşıllıq, müxtəlif qədim sənət sahələrini təmsil edən sənətkarların – xalçasatanın, küftəçinin, dəlləyin, hambalın və s. kiçik heykəlləri burada vaxt keçirməyi daha komfortlu və maraqlı edir. Alış-veriş etmək istəyən də əsla darıxmaz, zira küçə boyu səpələnmiş mağazalarda hər cür brend trikotaj məmulatına, çoxsaylı kitab və digər dükanlara rast gəlmək mümkündür. Üstəlik, küçənin sonuna yaxın sağ əldə meyvə-tərəvəz bazarçası da var...

Tərbiyatdakı evlərin, demək olar ki, hamısı təqribən bir əsr əvvəl inşa olunmuş və bu gün memarlıq abidəsi kimi təkcə mütəxəssisləri deyil, sıravi turistləri də cəlb edən tikililərdir. Xülasə, buradan gəlib keçən heç kəs əsla təəssüflənməz və hər dəfəsində Tərbiyatı bir başqa cür görər. Çünki Tərbiyat küçəsi ilin bütün fəsillərində özünəxas cazibədarlığını qoruyub saxlayır.

 

Dosta açıq qapalı bazar

 

Dünyanın ən böyük qapalı bazarı və qədim tarixi memarlıq abidəsi kimi UNESCO-nun Dünya Mədəni İrs siyahısına düşmüş bu nəhəng alış-veriş məkanı Təbrizin tarixi mərkəzində yerləşir. Burada irili-xırdalı 5 min dükan və ticarət mərkəzi var. Bazarda 8 dalan, 22 rastabazar – bir neçə kiçik bazarın qovşağı, 22 karvansara və s. yerləşir. İran Milli Bankının Təbriz bölümü ilə qonşuluqdan başlayan bu bazarın həmin başında da elə sərraf – pul satışı dükanları – timçələr düzülüb. Buraya gələndə ilk diqqəti cəlb edən ayaqüstü satıcılar – qara bazarın pul dəllalları olur. Bir də səki boyu sıralanmış köhnə pul kolleksiyalarının vitrinləri. Burada çox ölkənin puluna rast gələ bilərsiniz. Üzərində 1979-cu ildə devrilmiş İran şahının əksi olan köhnə əskinaslar da sərbəst satılır. (Bu yerdə qeyd edək ki, şahın obrazının yer aldığı bədii filmlər də yerli TV-lərdə tez-tez nümayiş olunur.)

 

Sərraf bazarına daxil olan kimi pul satıcılarının təsiri altına düşəcəksiz. Amma əgər diqqətli və səbirli olsanız, pulunuzu sərfəli qiymətə dəyişə biləcəksiz. Ancaq Sərraf bazarına səhər saat 11-dən tez getsəniz, “Tehrandan hələ bu günün məzənnəsi gəlməyib” deyib, sizə dünənki məzənnə ilə pul satacaqlar...

Böyük bir məhəlləni tutan Təbriz bazarı şəhərin nəhəng, avtonom ticarət seqmentidir. Buradakı timçə sıralarını gəzib qurtarmaq üçün qonağa bir gün bəs eləməz. Deyirlər ki, burada hətta bazarın öz işçiləri də bəzən azırlar... Ən məşhur ticarət sıraları qızıl timçələri, fərş (xalça) bazarıdır. Burada adına “Gürcü bazarı” deyilən qanad da var. Həmin səmtdə daha çox alüminium və digər qab-qacaq satılır. Qiymətlər də münasibdir. Maraqlıdır ki, bu bazarda bir çox alüminium məmulatı tərəzi ilə çəkilib satılır. (Ərzaq dükanlarında yumurta çəki ilə satıldığı kimi...)

Bazarın hissələri (seksiyaları) arasında kiçik hovuzlu xudmani daxili həyətlər var. Bazar əhli və alıcılar ağaclarının kölgəliyində skamyaların olduğu bu məkanlarda dincəlməyi xoşlayırlar. Bu həyətlərə yaraşıq verən hovuzlar isə yəqin ki, tarixən dəstamaz almaq üçün qurulub. Həyətlərdə şəhərdə tez-tez rast gəlinən məşhur “Təbriz dönəri” – daim isti “Yeralma-yumurta” satan səyyar satıcılara da rast gəlmək mümkündür.

Sıralar boyu Təbriz qapalı bazarının tağtavanlar şəklində bişmiş kərpicdən inşa edilmiş qədim darvaza-alaqapıları da bir özgə aləmdir. Bunların əksəriyyəti çağımızadək öz ilkinliyini qoruyub saxlaya bilib (ümumiyyətlə, Təbrizin tarixi mərkəzini gəzərkən çox maraqlı işləmələri olan qədim qapılara rast gəlmək mümkündür).

Mübaliğəsiz olaraq bu qədim şəhərin döyünən ürəyi adlana biləcək Təbriz qapalı bazarının iki özəlliyini diqqətə çatdırmaqla guşəmizə nöqtə qoyaq. Bunlardan biri bazarın Təbrizə inqilablar şəhəri adının verilməsinə səbəb olmasıdır: zaman-zaman həmişə Təbriz bazarının bağlanması bütün İranda inqilabın başlanmasına işarə olub. Sonuncu, 1979-cu il inqilabının başlanma siqnalı da bu bazarın öz işini dayandırması ilə verilib; Təbriz küçələrində dilənçi görməzsiniz. Öyrəndik ki, bunun da nədəni Təbriz bazarı, daha doğrusu, onun tacir icması ilə bağlıdır: şəhərin küçələrinə dilənməyə çıxmış hər bir kəs dərhal bu bazara gətirilir, icma nümayəndələri onun məişət müşkülü ilə maraqlanır, bunu tam şəkildə həll edirlər. Həmin şəxs bundan sonra da sədəqə dilənmək fikrinə düşsə, onda nəticələrinə qatlanmalı olacağını çox gözəl bilir. Belədə onun Təbrizi həmişəlik tərk etməkdən qeyri çarəsi qalmayacaq...

 

Gülüstana bənzər bağ

 

Gülüstan bağı Təbrizin qədim və məşhur istirahət məkanlarındandır. Zamanında çox ünlü simalar burada asudə vaxt keçiriblər. Ara-sıra Səttarxanın öz yoldaşları ilə buraya baş vurduğu da söylənir. Zamanında bura Londondakı “Hyde park” kimi müxtəlif natiqlərin öz sözlərini demək üçün üz tutduqları məkan olaraq da tanınıb. Amma bir vaxtlar qələbəliyi ilə seçilən bağ indi çox sakit, abad və insanların asudə gəzişdikləri, seyrək əyləşib istirahət etdikləri yaşıl məkandır. Bağın mərkəzində çox maraqlı şəxsiyyətlər abidəsi ucaldılıb.

İlin bütün fəsillərində səliqə-sahmanlı olan Gülüstan bağında yaxın keçmişədək köhnə-kürüş bazarçası da varmış. İndi o yığışdırılıb. Bağın civarında isə maraqlı bir məkan gözə dəyir – Karikaturalar muzeyi.

 

Donmuş tarix – Qacarlar muzeyi

 

Təbrizdə 10-dək böyük muzey var. Lakin şəhərin ən qədim məhəllələrindən olan Şeşgilanda yerləşərək Qacarlar sülaləsinin hakim olduğu 243 illik dövrü anladan bu muzey nisbətən cavandır. Nəsrəddin şahın Təbriz valisinin müşaviri Əmir Nizam Gəruslunun evində qurulmuş muzeyin bütün salonlarında indi Qacarlar dövrünə aid çox maraqlı eksponatlar sərgilənsə də bunların heç biri sözügedən binanın sahibinə aid deyil: ölkə tarixinin az qala üç əsrlik şanlı bir dövrünü öyrənmək və öyrətmək, bir də, təbii ki, şəhərin turizm baxımından cəlbediciliyini artırmaq üçün Təbriz əhlinə müraciət edilib. Onlar da evlərində Qacarlar dövrünə aid maraq kəsb edən nə varsa, muzeyə bağışlayıblar. Muzeydə nümayiş olunan eksponatların çoxçeşidliyi və rəngarəngliyi buradan qaynaqlanır. Belə ki, Qacarlar muzeyində ziyarətçi ən müxtəlif məişət əşyalarından, geyimlərdən, silahlardan tutmuş musiqi alətlərinə, müxtəlif qrammafon vallarına qədər əlvan eksponat palitrası ilə qarşılaşır.

Muzeyin yerləşdiyi binanın özü də istər bütövlükdə memarlıq həlli, istərsə də interyerdə rəngli şüşələrdən hasilə gətirilmiş dekorativ vitraj-pəncərələri və digər interyer elementləri ilə çox maraqlı sənət əsəri təsiri bağışlayır. Son olaraq deyək ki, İranda Pəhləvi dövrünün başlaması ilə təqribən 50 il müxtəlif inzibati idarələrə qucaq açmış bu mülk sonradan 15 il boş qalmış və yalnız bundan sonra fədakar təbrizlilərin və şəhər rəhbərliyinin səyləri ilə gözəl bir muzeyə çevrilmişdir. Baxmağa dəyər!

 

Şeirlə yoğrulmuş torpaq

 

Təbrizin qədim Surhab məhəlləsində yerləşən və hələ XII əsrdən məlum olan bu məkan “Məqbərətül-şüəra” - “Şairlər məqbərəsi” adlansa da içəri daxil olduqda öncə öz vəsiyyəti ilə burada dəfn olunmuş ünlü Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın ağ mərmərdən yonulmuş və üzərinə fəlsəfi məzmunlu misralar həkk edilmiş sinə daşını görmək olur. Məsələ ondadır ki, bu yer hələ qədimdən şairlərin dəfn olunduğu məkan kimi tanınıb.

Şəhriyara qədər burada 412 şairin məzarı olubmuş. Lakin dağıdıcı Təbriz zəlzələsi nəticəsində məzarların yeri itib. Ustad Şəhriyarın burada basdırılması ilə “Şairlər məqbərəsi” ikinci həyatını yaşamağa başlayıb. Məzarları itsə də divardakı lövhədə burada uyuyan “məzari-naməlumların” isimləri yad edilir. Bunlar Xaqani və Fələki Şirvanilər, Əbül-üla Gəncəvi, Əssədi Tusi, Qətran Təbrizi, Mücirəddin Beyləqani, Zahirəddin Fəryabi, Şahpur Nişaburi, Məğribi Təbrizi, Siqqətül İslam, Ənvəri, Mani və Lisani Şirazilər, Şakibi Təbrizi, Zülfüqar Şirvani, Hümmam Təbrizi və digər şairlərdir. Burada müasir şairlərdən Əziz Dövlətabadi, Mahmud Məlmasi-Azarm da basdırılıb.

“Şairlər məqbərəsi” özü-özlüyündə maraqlı turistik məkan kimi tərtib olunub: qarşısında ustad şairin büstünün ucaldığı hovuzlu bağçadan keçib məqbərəyə daxil olan insana bura kiçik bir muzey təsiri bağışlayır. Ətrafı və özü 2013-cü ildən təmir olunan məqbərəyə giriş dünya təcrübəsinə uyğun olaraq yerlilər üçün 50% güzəştlədir. Bundan əlavə, uşaqlardan və özü ilə turistlər gətirmiş yerli ziyarətçidən giriş haqqı alınmır.

Məqbərənin mərkəzindəki məzarın dövrəsində yerləşən kiçik salonlarda müxtəlif kitablar, şəhərlə bağlı suvenirlər və yerli şairlərin büstləri satılır. Hazırkı məqbərənin tikintisinə mühəndis-memar Qulamrza Fərzən Mehrin rəhbərliyi ilə başlanıb və o, 7 il davam edib. Ustad Şəhriyarın öz səsi ilə verilən şeirlərinin sədası altında həmin salonları gəzmək insanda qəribə xoş ovqat yaradır, sözə-şeirə ehtiramı artırır.

 

Eynalıdan Təbrizə bax!..

 

Başqa adı Eynal-Zeynal olan bu məkan - Eynalı yüksəkliyi təbrizlilərin çox sevdikləri və hər cümə günündə ehtiram əlaməti olaraq piyada qalxdıqları ziyarətgah, qonaqlar üçün isə bitkisiz qonur dağlarda insan fədakarlığı sayəsində ərsəyə gətirilmiş əsrarəngiz yaşıllıqlardan ibarət ekoturizm ünvanıdır. Təbriz şəhəri bu dağın ətəyində yerləşir. Dəniz səviyyəsindən 2738 metr yüksəklikdə olan dağın zirvəsindəki məsciddə Həzrət Əlinin övladları olan Eynal və Zeynalın dəfn edildikləri deyilir. Digər məlumata görə isə burada Həzrət Əlinin Ovn ibn Əli adlı yalnız bir oğlu uyuyur. Məsciddən az aralıda yeddi sütunlu daha bir abidə var, bu, yeddi naməlum şəhidin məzarı üzərində ucaldılmış ciddi üslublu monumentdir.

Şəhər bələdiy­y­əsi təbrizlilərin bu yerə ehtiramına ehtiram göstərərək və şəhər üçün əlavə turistik ünvan yaratmaq amacı ilə hər il buradakı dağların yaşıllaşdırılmasına şəhər büdcəsindən əhəmiyyətli vəsait ayırır. Yüksəkliyindən Təbrizin əl içi kimi göründüyü bu yerin yaşıl və abad müasir istirahət guşəsinə çevrilməsində israrlı görünən Təbriz bələdiyyəsi buraya ən yüksək zirvədəki istirahət məkanlarınadək qalxan kanat xətti və rahat avtomobil yolu çəkib.

Zəruri elektrik enerjisi də əsas etibarilə buradakı külək-elektrik stansiyaları vasitəsilə əldə edilir. İki yüksəkliyin arasındakı kiçik dərənin önü bəndlənərək süni göl yaradılması Eynalı dağında həyata keçirilən maraqlı landşaft memarlığı layihələrindəndir. Bu yaxınlarda istifadəyə verilmiş gölün ortasında quraşdırılan fəvvarə və bəndin fasadının iaşə-xidmət obyektlərindən ibarət olması da məkanın cəlbedici memarlıq və turistik özəlliklərindəndir.

Eynalı yüksəkliklərinə göstərilən gündəlik qayğı, yaşıllaşdırma işlərinin getdikcə daha böyük sahələri əhatə etməsi kimi əzmkarlıq əlamətləri buranın yaxın gələcəkdə daha abad və turistlər üçün daha populyar yerə çevriləcəyindən soraq verir.

 

Elin gölündə

 

Bu əsrarəngiz məkanın əvvəlki adı Şah gölüdür. Hələ Qacarlar zamanında salındığı söylənir. Vaxtilə ara-sıra Təbrizə təşrif buyuran İran hökmdarları və şah ailəsinin üzvləri burada həm dincəlir, həm də güvən içində yaşayırmışlar. Bu yer əfsanəvi Səttarxanın da dostları ilə tez tez baş vurduğu məkanlardanmış.

Şahlıq üsul-idarəsinin dəyişdirilməsi ilə gölün təkcə adı deyil, özü də dəyişib – El gölü həqiqətən bütün elin-obanın həvəslə gəldiyi məkana, kütləvi istirahət guşəsinə çevrilib.

Metrodan çıxıb buraya gələrkən sizi məkə – qızardılmış və ya suda bişirilmiş qarğıdalı satanların çox uzun sırası qarşılayır. Böyük bir meydanda cəmləşərək eyni məhsulu satan bu qədər insanın obaşdandan işə başlayıb gecədən xeyli keçənədək yetərli çörək pulu qazanmağa müvəffəq ola bildiklərinə inanmaq çox çətindir.

El gölünün tam ortasında Şərq-İslam memarlığı üslubunda tikilmiş ikimərtəbəli, guşələrə bölünmüş dairəvi mülk var. Əvvəllər rəyasət sahiblərinin iqamətgahı olan bu tikilidə hazırda iaşə müəssisələri fəaliyyət göstərir. İnsanlar buraya aparan qısa və abad yolda gəzişir, kafe və restoranlarda dincəlirlər...

El gölünə gəldinizsə, gərək gölün başına dolana-dolana gəzişəsiniz. Bu göl-bulvarla səyahətiniz boyunca musiqi, sıralanan xidmət müəssisələri və bir də çoxsaylı skamyalar sizi “müşayiət” edəcək. Əgər bəxtiniz alçı durubsa və buraya zamanında gəlibsinizsə, El gölünün əsrarəngiz fəvvarələrini də doya-doya seyr etmək fürsətiniz olacaq...

 

Yeraltı Təbriz

 

Bu şəhərin metropoliteni çox cavandır – inşasına hələ 2000-ci illərdən başlanmış metropoliten 27 avqust 2015-ci ildən fəaliyyət göstərir. Planlaşdırılan 5 xətdən hazırda yalnız biri qismən işləyir. Bu yeraltı nəqliyyat arteriyasında olması nəzərdə tutulmuş 18 stansiyanın başlanğıcındakı ilk 7 stansiya – Nur, Şəhid Bakeri, İmam Rza, Lalə, Qazeran, Qranqa, Şəhid Mohaqqehegi hələ istifadəyə verilməyib. 11 stansiya – Saat meydanı, Şəhid Behişti, Qütb meydanı, Abresan, Daneşgah, Ustad Şəhriyar, 29 Bəhmən, Xəyyam, İmam Rza, Səhənd və El gölü isə fəaliyyətdədir. Burada Bakıdakı kimi geniş və cazibədar tərtibatlı stansiyalar yoxdur – hər şey qənaətə və praqmatikliyə hesablanıb. Amma rahatlıq var – istər stansiyalarda, istərsə də nisbətən yığcam, lakin modern qatarlarda insanlar asudə gedib-gəlirlər.

Diktor qadının hökmlü səsi sizi Azərbaycan dilində stansiyaların adları ilə tanış edəcək, üstəlik qapıların yuxarısındakı elektron lövhələrdən də qatarın nə qədər yol qət eləməsi və indi hansı stansiyaya yetişəcəyinə dair məlumat ala biləcəksiniz.

Bir neçə stansiyadan sonra qatar yenə Bakı metrosundan fərqli olaraq, yer üzünə çıxır və ta son “istgah” - stansiya olan “El gölü”nə qədər siz xüsusi estakadalar üzərində şütüyərək Təbrizin modern binalarını seyr edirsiniz.

Azərbaycandan gələnlərin qısaca “Bakılı” adlandırıldığı bu doğma şəhərdə bizləri çox sevir, hörmət bəsləyirlər. Elə Təbriz metrosunda da bu ülfəti mütləq hiss edəcəksiniz: sizdən, bizim pulla 15–20 qəpik olan gedişhaqqını ya almayacaq, ya da yarıbayarı güzəşt edəcəklər.

Hazırda Təbrizin bir neçə yerində metro xətlərinin və stansiyaların tikintisi davam etməkdədir. Çətin qruntlu bəzi yerlərdə metro xətləri yeni texnologiyalarla deyil, qədim kənkan üsulu ilə qazılır: təqribən 100 metrdənbir rast gəlinən quyular vasitəsilə torpaq yuxarı qaldırılaraq kənara daşınır. Lakin bu, öz şəhərini çox sevən təbrizliləri qorxutmur və onlar fədakar əməklərinin bəhrəsini dadacaqları günə doğru inadla irəliləyirlər. Uğur olsun, yorulmayın!

 

* * *

 

Səfər təəssüratlarımı, könül hayqırtılarımı... Bilmirəm. Bildiyim təkcə odur ki, bu yazıda gözəl və qonaqpərvər Təbrizlə bağlı gördüklərimin-duyduqlarımın kiçik bir hissəsini sizinlə də bölüşmək istədim. Xoşunuza gəldisə, nə xoş mənə. Yox, gəlmədisə, elə də sərt mühakimə etməyin. Neyləməli, axı qul xətasız olmaz...

Şövkət SƏLİMOV

“Shahdagpeoples.az” etnotanıtım saytının baş redaktoru

Təbriz-Bakı

скачать dle 10.4 UTF-8Forex для начинающих