BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Unudulmuş nasir – Vaqif Musa

Unudulmuş nasir – Vaqif Musa

 

12 fevral 2021-ci il

 

2016-cı il yanvarın 15-də dövrünün tanınmış yazıçılarından, hazırda isə unudulmaqda olan Vaqif Musanın dünyaya gəlməsinin 80 ili tamam oldu. Bir neçə il əvvəl (10.03..2014, Yarpaq.az) onun haqqında yazı yazsam da, səsimə hay verən olmadı. Həmin yazımı yubiley ərəfəsi oxuculara təkrar təqdim etməkdə məqsədim onu bir daha xatırlamaq, ruhunu sevindirməkdir.

 

Kəndimizə gedən yol Rustov kəndinin qarşısından keçir. Ədəbiyyata olan marağıma görə bu kənd uşaqlığımdan, kitabını oxuyandan yaddaşımda Vaqif Musanın adı ilə qoşalaşıb. Evimizdə onun 1973-cü ildə çap olunan "Od, yaxud gecə mahnısı" adlı kitabı vardı. On bir yaşımda kitabın bəzi yerləri uzun görsənsə də, içindəki povest və hekayələri xüsusi həvəslə oxumuşdum.

Altmışıncılar ədəbi nəslinin tanınmış nümayəndələrindən biri olan Vaqif Musa sağlığında ikən özünəməxsus yaradıcılıq üslubu ilə seçilib. Etiraf edilməli bir həqiqətdir ki, Vaqif Musa Quba-Xaçmaz bölgəsindən ədəbiyyatımıza gələn ilk böyük nasirdir. O, orta məktəbi bitirib əvvəl Bakıdakı 2 saylı Tibb Texnikumunda, sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. Ali təhsilini başa vurandan sonra Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının nəsr şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayıb. Elə ilk hekayəsi - "Kişi, qadın və qız" da 1965-ci ildə, bu jurnalın onuncu sayında çap olunub. Eyni adlı ilk kitabı isə 1967-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görüb. 

 

 

Onun yaratdığı əsərlər daim oxucular tərəfindən maraqla qarşılanıb. Romanlar və povestlərlə yanaşı oçerklər, çoxlu hekayələr və radio pyesləri də yazıb. Hekayələri qardaş xalqların dillərinə tərcümə olunub. Yazıçı özünü dramaturgiyada da sınayıb. "Meşənin şahı kim olacaq" pyesi Gəncə Kukla Teatrında, "İşlər belə getməz" adlı komediyası Ağdam Dövlət Dram Teatrında tamaşaya qoyulub.

Vaqif Musa bədii tərcümə ilə də məşğul olub. Çoxsaylı tərcümələrindən biri - V.Viniçenkonun "Günəşli yer" pyesi Mingəçevir Dövlət Dram Teatrında göstərilib. S.Endonun "Dəniz və zəhər" əsərini isə kitab şəklində nəşr etdirib. 1973-cü ildə çəkilmiş "Qubanın ağ alması" adlı televiziya filminin ssenarisini yazıb.

Yazıçıların xarici ölkələrə təşkil olunan səfərləri çərçivəsində Türkiyə və Bolqarıstanda olub. Səfərlər barədə təəssüratını 1969-cu ildə dərc etdirdiyi "Bolqarıstanda və Türkiyədə  yol qeydləri" adlı yazısında qələmə alıb.

Vaqif Musanın yaradıcılığında ən mühüm yeri romanlar və povestlər tutur. Bu sıradan "Od, yaxud gecə mahnısı", "Qonşular", "Fəti dayı və onun maşını" povestləri, "Bəyim çayı boyunca", "Səhər mehi" romanları daha çox oxucu rəğbəti qazananlardır. Xüsusilə, "Səhər mehi"nin jurnalda dərcindən sonra dövrün tanınan bir neçə tənqidçisindən ona qarşı kəskin tənqidlər yönəlib. Tənqid və təzyiqlərin yekunu olaraq 1976-cı ildə jurnaldakı işindən azad edilib. Uzun müddət işsiz qalan yazıçı, nəhayət, həyatının son beş ilini "Şərq-Qərb" nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmaqla keçirib.

Sağlığında yeddi kitab müəllifi, onlarla kitabın isə redaktoru olub. Ömrünün altmış birinci ilində  - 24 oktyabr 1996-cı ildə dünyasını dəyişən yazıçı doğma Rustov kəndində dəfn edilib.

Təəssüf ki, nə sağlığında, nə də ölümündən sonra Vaqif Musanın yaradıcılığı ümumiyyətlə araşdırılmayıb, ona lazımi qiymət verilməyib. İnternetdə, Milli Kitabxananın bazasında axtarışlarım zamanı onun haqqında (Vaqif Yusiflinin yazıçının 75 illiyindəki məruzəsindən savayı) bircə yazıya, xatırlatmaya da rast gəlmədim. Ən pisi isə, mənsub olduğu bölgənin tanınmış yaradıcı insanlarının, tənqidçilərinin, ədəbiyyatşünas alimlərinin də yazıçının yaradıcılığı və fəaliyyəti ilə bağlı biganəliyidir. Vaqif Musaya bəslənilən laqeydliyin səbəbini anlaya bilmirəm. Əgər o, istedadsız yazıçı idisə, onda niyə dövlət hesabına kitabları çap olunur, əsərləri jurnallarda dərc edilir, Yazıçılar Birliyinin plenum üzvü (1991) seçilirdi? Peşəkar, sadə, iddiasız bir tale yaşamış yaradıcıya ürəkağrıdıcı unutqanlıq nədən yaranıb? Onun əsərlərini təkrar nəşr etdirmək, heç olmasa, doğma rayonunda adını əbədiləşdirmək olmazdımı?

Sözümün sonunda həmkarlara, əlaqədar səlahiyyətlilərə, bütün ədəbiyyatsevərlərə səslənirəm: gəlin Vaqif Musa adında dəyərli nasirimizi unutmayaq. Günlərin birində hər kəs bu sayaq unudula bilər...

Rövşən YERFİ,

yazıçı-publisist

(07.01.2016, "525-ci qəzet")

 

 

“Qəhrəmanını həyatdan götürən yazıçı” - Vaqif Musa

 

 

(Kitabxanalar üçün metodik vəsait)

 

Vaqif Musa 1936-ci il yanvarın 15-də Quba rayonunun Rustov kəndində anadan olub. O, Bakıdakı 2 saylı tibb texnikomunda (1954-1956), sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. (1960-1965). İlk hekayəsi “Kişi, qadın və qız” 1956-cı ildə “Azərbaycan” jurnalında çap olunmuşdur. V. Musa əmək fəaliyyətinə “Azərbaycan” jurnalının nəsr şöbəsində ədəbi işçi kimi başlamış (1956-1976), 1991-ci ildən ömrünün sonuna kimi Şərq-Qərb nəşriyyatında nəsr şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yazıçı 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin plenum üzvü olmuşdur. Yeddi kitabın, o cümlədən çox saylı povest və romanların (“Od, yaxud gecə mahnısı”, “Bəyim çayı boyunca”, “Səhər mehi” və s.) “Zülmət”, “Əsrin qazancı”, “Sükutun sönür”, “Bir günlük itki” povestlərinin, “İnsana qayıdış”, “Balaca işığın ölümü”, “Azadlığın sədası” kinossenaristləri, “Qədim bir nağılın qul bazarında”, “Ölünün göz yaşı”, “Kədər kəməndi”, “Daha mən də yaşayacağam”, “Sirli səsin sorağında”, “Sübhün sərin havası”, və s. kimi onlarla əsərlərin müəllifidir. 60-80-ci illər nəsrinin tanınmış nümayəndəsi Vaqif Musa gözəl hekayə, povest, roman, tərçümələrin, səhnə əsərlərinin, televiziya tamaşalarının, radio pyeslərin, bir sıra publisistik məqalələrə öz imzasını atmışdır. Onun bədii əsərləri bir çox dillərə: rus, özbək, tatar türk, latış, litva, ukrayna, ingilis dillərinə tərcümə olunmuşdur. Vaqif Musa bədii tərcümə ilə də məşğul olmuşdur. Çoxsaylı tərcümələrindən biri V. Vinçenkonun “Günəşli yer” pyesi “Mingəçevir Dövlət Dram Teatrı” nda göstərilmişdir. Yazıçı S.Endonun “Dəniz və zəhər” əsərini isə 14 kitab şəklində nəşr etdirmişdir. Vaqif Musa 1973-cü ildə çəkilmiş “Qubanın ağ alması” adlı televiziya filminin ssenarisi yazmış, eyni zamanda dünya ədəbiyyatının bir çox nümunələrini dilimizə çevirmişdir. Yazıçının əsərlərində 1941-1945 müharibəsindən sonrakı Azərbaycan kəndində cərəyan edən hadisələr dolğun şəkildə, bədii boyalarla geniş təsvir olunur. Real həyatdan götürülmüş mövzular oxucuya maraqlı sujetlər, əhvalatlarla çatdırılır. Vaqif Musa nəsrinin dili doğulub boya-başa çatdığı Qubanın Rustov kəndindəki “ Şəkər bulağı” kimi şirin, billur, axıcı və səlisdir. Burada verilən bədii təsvirlər öz orijinallığı ilə seçilir. Yazıçının əsərləri həyatdan götürülmüşdür. Vaqif Musa 1996-cı ilin oktyabrın 24-də vəfat etmişdir. Yazıçı doğulduğu kənddə, Qubanın Rustov kəndində dəfn edilmişdir. Yazıçını və onun əsərlərini oxuculara tanıtmaq məqsədilə kitabxanada bir sıra tədbirlər keçirmək olar. Bu məqsədlə kitabxanaçı bir neçə məktəblə sıx əməkdaşlıq edir. O şagirdləri, xüsusən də, yuxarı sinif şagirdlərini kitabxanaya cəlb etməklə Vaqif Musanın əsərləri ilə tanış edir. Kitabxanaya abunə olan şagirdlər Vaqif Musanın müxtəlif adda əsərlərini oxuyub, onun yaradıcılığı ilə yaxından tanış olurlar. Daha sonra kitabxanaçı kitabxanada bir sıra tədbirlər üçün müəyyən olunmuş tarixdə oxucuları kitabxanaya gəlməyə dəvət edir. Kitabxanada yazıçı Vaqif Musadan bəhs edən kitab sərgisi təşkil olunur.Sərgiyə müxtəlif başlıqlar verilir. Məsələn:”Gənclərin sevimlisi Vaqif Musa”, “Vaqif Musa-80”, “həyat cazibəsini qələminin süzgəcindən keçirən yazıçı”, ”Həyatın axarına ustalıqla yanaşan yazıçı”, “Qəhrəmanlarını həyatdan seçən yazıçı” və s. Sərgidə görkəmli şəxsiyyətlərin Vaqif Musa haqqında söylədiyi kəlamlar da yer alır. Həmin kəlamlardan bir neçəsini sizə təqdim edirik. 

 

 

Görkəmli şəxsiyyətlərin Vaqif Musa haqqında söylədikləri fikirlər:

 

Vaqif Musanın hekayə, povest və romanlarında gəncliyin problem və qayğıları, ciddi mənəvi sarsıntıları çox aydın görünür.

Həyatda bir sıra əxlaqi dəyərlərin iflasa uğradığı bir vaxtda mənəvi şüura ötürülən hər hansı bədii ideya şırnağına ehtiyac çoxdur. Elə adından da göründüyü kimi, “Sənin yolunda” kitabı belə bir yazıçı səxavətinin təsdiqidir.

Nazif Ələkbərli

Professor

 

Vaqif Musa əsərlərində həyatın axarına çox ustalıqla girir, qəhrəmanlarının daxili aləminə tədricən və əsaslı şəkildə nüfuz edir. Onun təhkiyəsi şirin, dili zəngin və mənalıdır.

Ziyafəddin Bayramov

Jurnalist

 

 

Kitabxanada Vaqif Musanın yaradıcılığını oxuculara daha yaxından tanıtmaq üçün onun bir sıra əsərlərini onlarla birlikdə təhlil edir. Kitabxanaçı əvvəlcə Vaqif Musanın həyat və yaradıcılığı haqqında məlumat verir. Yazıçının əsərlərindəki qəhrəmanlar əsasən həyata yeni atılan, özünü axtaran, təsdiq etməyə çalışan, yaxşı bir iş görmək həvəsi ilə çalışan gənclərdir. “Səhər mehi” nin baş qəhrəmanı Səmirə kənddən şəhərə təhsil almağa gəlmiş, lakin ali məktəbə qəbul ola bilməyərək, fabrikə işə girmiş bir qızdır. Səmirənin aləmi təkcə yazıçının və onun öz dili ilə deyil, onun özünün və rəfiqələrinin “dəftərləri” vasitəsilə açılır. Səmirə ilk məhəbbətində uğursuzluğa düçar olsa da, 17 olduqca nikbindir, iş yerində özünə nüfuz qazanır, irəli çəkilir. “Sənin yolunda povestinin qəhrəmanı Çıraq da öz fəallığı, həyata və müasirlərinə təsir etmək bacarığı ilə fərqlənir. Onun da gündəliyi yazıçının əlinə “düşür” və yazıçı bu gündəliyin cazibəsini öz qələminin süzgəcindən keçirir. Kitabxanaçı qeyd edir ki, kitaba daxil olan əsərlərin ən lirik xətti məhəbbət xəttidir. Yazıçının qəhrəmanları sevgi meridianlarında maraqlıdırlar, sevgiyə cavab verirlər, aldanırlar, səhvlərdən qurtulurlar. Ümumiyyətlə, məhəbbət və sınaq Vaqif Musanın diqqət yetirdiyi ən önəmli prinsiplərdən biridir. Çünki məhəbbətdə xüsusən xalqımızın milli-əxlaqi düşüncəsində eksperimentçilik yoxdur. Vaqif Musanın kitabına onun eyni adlı romanı və “Sənin yolunda” povesti daxildir. “Bəyim çayı boyunca” romanında adi bir kəndin quruculuq, təsərrüfat işləri, bu kəndin təmiz qəlbli adamlarının mənəvi dünyası və məişəti kimi ciddi bir məsələlərin bədii həlli qarşıya məqsəd qoyulmuşdur. Müəllif bu niyyətlə gəncliyi ciddiyyətli, keşməkeşli keçən, ömrünün erkən çağlarında həyatın şirinini və acısını (daha çox acısını) dadmış bir insanın taleyini romanın sujet xəttinə çevirmişdir. Maraqlı cəhətdir ki, romanda müəllif bir kəndin tarixinə cevrilmiş dünəninə ara-sıra qayıtmaqla bizi müharibənin törətdiyi cinayətləri xatırlamağa, bu müharibənin bir kəndə vurduğu yaraları ümumiləşdirməklə oxucuda ona nifrət yaratmağa nail olur. Əsərin qəhrəmanı olan Ağayar bu dünyada iddiası olan, şirin, zəhmətsiz həyata can atan adam deyil. O, həm də haradasa içində insanlara yaramaq kimi gözəl bir keyfiyyətin işartıları ilə yaşayan adamdır. Bəs Ağayarın Töhmər kəndinə, daha doğrusu, öz doğma kəndinə, öz həmkəndlilərini birdən-birə niyə narahat edir? Belə bir hadisə ilə başlanan roman öz kəskin sujeti ilə, dramatik gərginliyi ilə maraq doğurur. Bu kəskin və gərgin sujeti yaradan xüsusi halın ovqatına uyğun da romanın 18 təhkiyə üslubu var. Məsələ burasındadır ki, kiçik yaşlarından qara müharibənin qurbanı olan, atadan yetim qalıb uşaq evində böyüyən, sürücülük vəsiqəsi alıb ömrünü-gününü, taleyini bir dəfəlik bağlamaq arzusu ilə yaşadığı şoferlik peşəsi ilə bir uşaq vurmasına görə lap tez ayrılan, bu ayrılığı özünə dərd edən Ağayar qəflətən can üstə olan nənəsindən köhnə ata-baba evində atasının çoxlu qızıl gizlətdiyi xəbərini öyrənir. Qızıl söhbəti maşınla vurduğu uşağa görə öz rəsmi cəzasını çəkib qayıtsa da, bu uşağın obrazını daim qəlbində gəzdirən, içində gizli bir xeyirxahlıqla yaşadan Ağayarın adamlığına qalın bir pərdə çəkir. Uşaq evində, sonralar isə həbsxanada kənd xarakterindən, təmizlik və sadəlikdən uzaqlaşmış Ağayarın doğru yola qayıtma prosesinin bədii həlli oxucunu razı salır. Kənd adamları bir qütbdə, Ağayar isə tamam başqa qütbdə dayanır. Ağayar atasının qoyub getdiyi, ancaq hələ də qapının başında yatıb qalan qızıla arxayındır. Bu arxayınçılıq onda adamlara, kəndə etinasızlığı gücləndirir, özünü onlardan üstün tutmaq üçün əlində əsasa çevrilir. Amma bəzən o qızılın yerində olub-olmamasına şübhəsi də olur. Bir neçə dəfə qızılı qazıb lap götürüb anında bu fikrindənn dönməsi, mücrünü açmağı sabaha saxlaması da bu şübhənin doğru olmadığından, reallaşacağından olan qorxusundandır. Ancaq romanın maraqlı cəhəti orasındadır ki, Ağayar qızılı qazıyıb çıxarmağı ləngitmə prosesində yavaş-yavaş adamlaşır, adamlara yovuşur, elə-obaya qaynıyıb qaışır. Köhnə həbsxana dostu Mustafanın kənddən toyuq-cücə oğurlamağının Ağayara təsiri bu dönüş bəlkə də başlanğıcdır. Oxucu məhz bu nöqtələrdə Ağayarın əsl siması ilə tanış olur. Ağayar kəndin namusunu çəkir, el-obanın qədrini bilir. O el-obanın ki, Ağayarın bütün bədxahlıqlarına baxmayaraq ona bir parça yer verib, ona iş verib, ona inanır. O el-obanın ki, orada Ağayarın Zərəfnişan kimi gözəl-göyçək, sevdiyi bir qız var. Artıq 19 Ağayar qaynayır, qarışır, yavaş-yavaş əlinə yatan iş də tapır. Beləliklə, Ağayar öz kökünə, öz yurduna tamam qayıtdığı bir anda qızılı divardan çıxarır. Qəribədir ki, qızıl onun üçün dünən arzuladığı qızıl deyil. O hiss edir ki, Zərnişan kimi bir qız var-dövlətə, qızıla nifrət edir. O, görür ki, bu kəndin körpü tikintisində işləyən sadə adamları qəlbən ondan çox-çox varlıdırlar, təmizdirlər. O görür ki, kənd Soveti sədri Səfər kişi ona qəlbən yanır, hörmət edir. Adamlar ona inanıb ticarət işi etibar ediblər: Ağayar neft satır. Elə bu məqamlarda kəndə Ağayarın yanına “qonaq” gəlmiş Mustafa yenidən oğurluq edir və Ağayar bu hərəkəti üçün onun dərsini verir. Özünü təhqir olunmuş hesab edən Mustafa gecənin oğlan çağında Ağayarın satış üçün gətirdiyi neft çənlərinə od vurub qaçır. Çənlərdən ətraf od alır. Haya gələn adamlar və Ağayar özü nə qədər çalışırlar alovu söndürə bilmirlər. Uşaq evi od tutub yanır. Onu da deyim ki, uşaq və uşaq evi lirik bir ovqat kimi bütün əsər boyu Ağayarın qəlbinin ovqatı ilə paralel verilir. Uşağa və uşaq bağçasına Ağayarın məhəbbəti onun insana məhəbbəti kimi ümumiləşdirilir. Uşaq evinin yanması faktı Ağayarın qəlbini təlatümə gətirir. Ağayar hələ tamam-kamal saymadığı qızılları mücrü ilə birlikdə kənd Sovetinə-Səfər kişiyə təhvil verir, uşaq evi tikilməsinə sərf olunmasını xahiş edir. Bu final göydəndüşmə deyil. Yazıçı obrazı bu finala tədricən hazirlayir və əsərin sonunda Ağayarın bu hərəkəti oxucuya təəccüb doğurmur. Romanın bir çox səhifələrində artıq təfərrüfat, artıq səhnəvə epizodların olmasına baxmayaraq,ümumən əsər maraqla oxunur . Qeyd edim ki, “Bəyim çayı boyunca” romanını daha çox özünün ideyası, insanı mənəvi cəhətdən insan görmək kimi yüksək idealı özündə daşıması ilə daha çox maraq doğurur. Bu cəhət nə qədər güclü olsa da, yalnız sənətkarlıqla qovuşandan sonra əsl məqsədə qovuşmaq mümkündür. Ümumiyyətlə, Vaqif Musanın əsərlərində müəllif bu günkü həyatımızın müxtəlif sahələrində müraciət edərək mürəkkəb, dolğun obrazlar qalareyası yaratmışdır. Oxucu dərhal bu obrazlarla ünsiyyətə girir. Və həyatın bir çox sahələri ilə tanış olur.

Hər zaman Vaqif Musaya yubiley gecəsi təşkil olunur. Yazıçının doğulduğu Rustov kəndindəki məzarı tez-tez ziyarət olunur.

F.Köçərli adına Respublika Uşaq Kitabxanası,

Bakı – 2016

скачать dle 10.4 UTF-8Forex для начинающих