ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI

İradə Əliyeva

 

Xınalığın Maralı

 

Hələ Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil aldığım illərdə çox sevdiyim Quba və ətraf ərazilərin tarixi, xüsusən də burada yaşayan azsaylı xalqların zəngin palitrası, onların özünəməxsus etnoqrafiyası, adət-ənənələri, çox vaxt bircə kənddə danışılan dilləri, kəşməkəşli tarixi keçmişləri diqqətimi özünə cəlb etmişdi. Dərsliklərdə, istifadə etdiyimiz əlavə ədəbiyyatda buduqlular, qrızlılar, haputlular, ceklilər, əliklilər, yergüclülər və digərləri haqqında rast gəldiyim məlumatları diqqətlə oxuyurdum. Xüsusən də Xınalıq və xınalıqlılarla bağlı informasiyalar məni daha çox maraqlandırır, cəlb edirdi. Fürsət tapdıqca bu unikal qədim kənd və onun, özlərini “Kətiş” adlandıran, Nuh peyğəmbərin nəvələri hesan edən insanları haqqında daha çox şeylər öyrəndim.

 

İradə Əliyeva

Quba-Xınalıq yolu 

 

Təhsil aldığımız sovetlər dönəmində bu bölgənin azsaylı xalqlarının tarixinin və dilinin öyrənilməsinə diqqətin artması da maraqlı hal idi. Azərbaycanın qədim dövlətçilik tarixinin incisi olan, eramızdan əvvəl III-IV əsrlərdən eramızın VII əsrinədək min ildən artıq müddətdə mövcud olmuş Qafqaz Albaniyası dövlətinin qədim tayfalarından olan, elmi ədəbiyyatda bəzən “kiçik yeddilər” adlandırılan bu Şahdağ xalqlarının ən tanınmışı və ən yüksəkdə yaşayanı olan xınalıqlıların tarixini, etnoqrafiyasını, adət-ənənələrini, dilini öyrənməyə təkcə Bakıdan deyil, Moskvadan və digər yerlərdən də alimlər gəlir, araşdırmalar aparırdılar. Xınalıqcanın bütün dünyada nadir dillərdən olması faktı Ümumittifaq səviyyəsində tanınmış alim, çeçen sovet linqvisti, qafqazşünası, əlifbalar üzrə mütəxəssis, filologiya elmləri doktoru Yunus Deşeriyevi də cəlb etmişdi. O, Xınalıq dilini dərindən tədqiq etmək üçün ötən əsrin 70-ci illərində 5 ildən çox bu əsrarəngiz məkanda yaşamışdı. Bu da təsadüfi deyil. Axı dünyada yalnız dəniz səviyyəsindən 2800 metr yüksəkdə yaşayan xınalıqlıların danışdıqları Kətiş dilinin heç bir dialekt və ləhcəsi yoxdur. Yeganə fərq Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz zamanı yaranır. 

 

İradə Əliyeva

Xınalıq evləri 

 

Xınalıqlıların tarixi keçmişi, etnoqrafiyası, dili və məişəti, bugünü Azərbaycan elmində də geniş tədqiq olunub, jurnalistikasında rəngarəng işıqlandırılıb. Xınalığın çox qədim tarixi və bu tarixi araşdırmış alimlər haqqında çox danışmaq olar. Bu bənzərsiz yaşayış məskəninin keçmişini kimlər araşdırmayıb ki?!

Xınalıqlıların əcdadları barədə məlumatlara hələ Strabon və Plininin əsərlərində rast gəlinir. Xınalıqlıların qədim yunan alimi Strabonun 17 cildlik “Coğrafiya” əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Bunu Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli dili də təsdiq edir.

Erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olan Xınalığın məşhur simaları arasında çoxlu alimlər, müxtəlif sənət sahibi olan mütəxəssislər vardır. Tarixdə məşhur xınalıqlıların adları da qalıb: XII əsrdə İbn-Həkim Əl-Xınaluqi Bağdadda fəaliyyət göstərmiş həkim və filosof olub. XV yüzillikdə başqa bir xınalıqlı tarixçi Məhəmməd Xınaluqi Şirvan və Dərbənd tarixini yazıb. XVII-XIX əsrlərdə Xınalıqdan bir sıra aşıqlar-nağılçılar çıxıb. Fitri istedada malik Əhməd Əfəndi XIX əsrdə Qafqazın müxtəlif dini mərkəzlərində - Tiflisdə, Dağıstanda yaşayıb fəaliyyət göstərib. Hazırda Xınalıqdakı Əhməd Əfəndi türbəsi xınalıqlıların ziyarət yeridir. 

 

İradə Əliyeva

Xınalıqda muzey

 

Xınalıq kəndinin özünəməxsus tarixə və məişətə, nadir dilə malik olması daha çox xınalıqlıların əsrlərlə uca dağ başında, qismən təcrid şəraitində yaşamaları ilə bağlıdır. Zaman-zaman bölgənin siyasi, dini-elmi və təsərrüfat həyatında mühüm rol oynasalar da, ümumən götürdükdə xınalıqlıların həyatı daha çox bu kəndlə bağlı olub. Təsadüfi deyil ki, Azərbaycanda ən qədim Əbu Müslim məscidinin, digər daha qədim inanc yerlərinin olduğu Xınalığa ilk elektrik xətti yalnız 1967-1968-ci illərdə çəkilib, buraya ilk televizor isə 1978-ci ildə gəlib. 

 

İradə Əliyeva

Xınalığın atlı sakinləri

 

Xınalığa ilk avtomobil yolu 1968-1969-cu illərdə çəkilib. Bu yolun uzunluğu 70 km idi. Qışda bu yol bağlı olurdu və əhali piyada hərəkət edirdi. 1988-1989-cu illərdə yolun istiqamətini dəyişərək Qudyalçay boyunca çəkmişlər. Bu yol da qışda çox vaxt bağlı olurdu. Nəhayət, 2006-cı ildə ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə Xınalığa Qubadan 57 km uzunluğunda asfalt yol çəkilərək istismara verildi. 7 oktyabr 2006-cı ildə Quba rayonunda Quba-İspik-Xınalıq avtomobil yolunun açılış mərasimində iştirak edən Azərbaycan Prezidentinə ümumi uzunluğu 57 kilometr olan yolun salınması ilə əlaqədar 9 ədəd yeni körpünün tikilməsi, 39 ədəd suötürücü boruların quraşdırılması, təhlükəsizlik bəndlərinin inşası barədə məlumat verildi. Həmin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi: "İndi Qubadan Xınalığa gəlmək adama ləzzət verir: gözəl mənzərə, gözəl dağlar, çaylar, bulaqlar, şəlalələr. Mən indi gələrkən bir neçə yerdə maşını saxlayaraq düşür, bu mənzərəyə tamaşa edirdim. Adam özünü çox yaxşı hiss edir. Mən bu gün özümü xüsusilə çox yaxşı hiss edirəm. Çünki mənim göstərişimlə bu yol çəkildi və bütün Xınalıq camaatına sevinc gətirdi".

 

İradə Əliyeva

Yeni Xınalıq yolunun inşasını bildirən lövhə

 

Son illərdə Xınalığa “Südlü bulaq”dan su kəmərinin çəkilməsi, burada yeni məktəb binasının inşa edilməsi, məscidin və digər qədim tikililərin bərpası və nəhayət, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli, 2563 saylı Sərəncamı ilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun yaradılması ölkə rəhbərliyinin bu qədim məkana olan daimi qayğı və diqqətinin bariz sübutlarıdır.

 

İradə Əliyeva

Xınalıqda yeni məktəb binası

 

...Xınalığın qışı da, yazı da, yayı da, hətta payızı da çox gözəldir. Qışının qarı-sazağı, yazının bol gül-çiçəyi, saysız-hesabsız lalələri, yayının özünəməxsus gözəl havası, payızının həzin və bəzən də sərt peyzajları ilə Xınalıq təkrarsızdır. Bu yerlərin özünəməxsus gözəllikləri, cazibəsi Xınalığa gələnlərin, o cümlədən də mənim xatirimdən heç zaman silinmir. Görkəmli Azərbaycan rəssamları Səttar Bəhlulzadə, Yusif Hüseynov, Cəmil Müfidzadə, Rasim Babayev bu dağ kəndini qarış-qarış gəzmiş, onun füsunkar mənzərələrini öz gözəl tablolarında böyük sənətkarlıqla əbədiləşdirmişlər. 

 

İradə Əliyeva

Xınalığın qış mənzərəsi

 

Xalqımızın görkəmli rəngkarı, Azərbaycanın ilk peşəkar qadın rəssamı, Azərbaycanın Xalq rəssamı, respublikanın Dövlət Mükafatı Laureatı Maral Rəhmanzadənin Xınalıq silsiləsindən də söz açmaq istəyirəm. Onun Xınalıq mövzusunda çəkdiyi rəsmlərə tamaşa edən hər kəs bu diyara bir daha vurulur. Xınalıq mövzusu Maral xanımın həvəslə işlədiyi əsərlərdir. Onun “Xınalıq”, “Xınalıqlılar”, “Xınalıqda toy mərasimi” kimi güclü koloritə malik, yüksək sənətkarlıqla işlənmiş əsərləri Xınalığı bütün Azərbaycana və dünyaya daha yaxşı tanıtmaqla qalmayıb, həm də Maral xanımı bu kəndin doğma qızına, Xınalıqlıların Maralına çevirib. 

Maral Rəhmanzadənin əbədi gözəlliklər məkanı olan Xınalığa həsr etdiyi bu ölməz rəngkarlıq əsərləri hər kəsi dünən də, bu gün də gözəlliklər qoynuna çağırır, sabah da eyni şövqlə səsləyəcək.

Bu səsləyişlərə diqqətlə qulaq verək və Xınalığın gözəlliklərindən biz də zövq alaq, ölkəmizə gələn qonaqlar da!.. 

 

İradə Əliyeva

Maral Rəhmanzadə. Xınalıq

 

İradə Əliyeva

Maral Rəhmanzadə. Xınalıq mənzərəsi


İradə Əliyeva

Maral Rəhmanzadə. Xınalıqda toy

 

скачать dle 10.4 UTF-8Forex для начинающих