ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI

Elmə həsr olunmuş ömür

 

28 dekabr 2017

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayevlə müsahibə

Azərbaycan arxeologiyasının ağsaqqallarından biri AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Atababa oğlu Babayev çoxlarına örnək olacaq mənalı bir həyat yolu keçib. O, 1958-ci ildə ADU-nu (indiki BDU-nu) fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycanın ilk milli arxeoloq kadrlarından olan Saleh Qazıyevin rəhbərliyi ilə yaradılan Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına başlamışdır. İlyas müəllim 58 ildən çoxdur ki, Qafqaz Albaniyası tarixinin və mədəniyyətinin tədqiqini davam etdirir. Onun yorulmaq bilmədən apardığı tədqiqatlar Qafqaz Albaniyası tarixşünaslığında əsas istinad nöqtəsi kimi qəbul olunur. Hazırda İlyas müəllimin rəhbərlik etdiyi Qəbələ arxeoloji ekspedisiyası beynəlxalq statusa malikdir və hər il ekspedisiyanın apardığı qazıntı işlərində yerli mütəxəssislərlə yanaşı, Cənubi Koreya Respublikasından gəlmiş 30-dan çox arxeoloq da iştirak edir.

Onun rəhbərlik etdiyi ikinci beynəlxalq ekspedisiya Şəmkir-Qaracəmilli arxeoloji ekspedisiyasıdır. Almaniya və Gürcüstan alimlərinin də qatıldığı bu ekspedisiya Kür çayının sağ sahilində eramızdan əvvəl V-IV əsrlərə aid şəhər tipli yaşayış yerində böyük sarayın və onun ətrafında digər ictimai binaların qalıqlarını aşkar etmişdir. Alimlərin fikrincə, 20 hektara yaxın ərazini əhatə edən bu yaşayış məskəni eramızdan əvvəl 550-330-cu illərdə mövcud olmuş Əhəmənilər imperiyasının inzibati mərkəzlərindən birinin qalıqlarıdır.

İlyas müəllim Qafqaz və İranın antik dövr arxeologiyası üzrə dünya miqyasında tanınmış mütəxəssisdir. O, 270-dən artıq elmi əsərin müəllifi, Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının, Azərbaycan Ensiklopediyası Redaksiya Heyətinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda Müdafiə Şurasının üzvüdür. Görkəmli alimlə söhbətə onun uşaqlıq dünyası ilə bağlı xatirələrindən başladıq.

– İlyas müəllim, hazırda ömrün müdriklik yaşındasınız. Bu zirvədən orta məktəb və tələbəlik illərini necə xatırlayırsınız? Sizi kövrəldən, kamilləşdirən və gələcək ömür yolunuzu müəyyənləşdirən hadisələr, daha doğrusu, unuda bilmədiyiniz xatirələr barədə bir neçə kəlmə deyərdiniz.

– Sadə olduğu qədər də çətin sualdır. Açığı Böyük Vətən müharibəsi dövrünə təsadüf edən uşaqlıq illərim yaddaşımda məhrumiyyət və çətinliklərlə dolu bir dövr kimi qalıb. Elə müharibədən sonrakı illər də asan deyildi. O vaxtkı sovet təbliğatı nəticəsində hardasa daha yaxşı güzəranın olduğunu heç təsəvvür də edə bilmirdik. Özümüz gəndalaşdan mürəkkəb düzəltməli olurduq. Qonşu Rustov kəndindəki məktəbə hətta ayaqyalın getdiyimiz vaxtlar da olub. Ancaq oxumağa, inkişafa olan meyl o qədər güclü idi ki, bu, mənə bütün çətinliklərə sinə gərməkdə kömək edirdi.

 Rəhmətlik anam Əsmərin dözümünə, iradəsinə ancaq qibtə etmək olardı. Savadsız olmağına baxmayaraq, məni daim oxumağa həvəsləndirirdi. O dövrün bütün anaları, qadınları kimi, o, həm kişi, həm də qadın işlərinin öhdəsindən gəlməyə məcbur idi. Bütün çətinliklərdən xilas yolunu isə mənim oxumağımda görürdü.

Tələbəlik illərində də çətinliklərimiz çox olub. Hətta dəftərlərin üz qabığında belə mühazirə yazmağa məcbur olurduq. Əlaçı təqaüdü, keçmiş Kolodeznı küçəsindəki universitet yataqxanası bizə ən böyük xoşbəxtlik kimi görünürdü.

– Universitetin tarix fakültəsini şeçməyiniz təsadüf idimi, yoxsa başqa səbəblər vardı?

– Humanitar elmlərə uşaqlıqdan böyük marağım olub. Evimizdə babalarımdan qalmış, deyilənə görə, hətta bir inəyin, yaxud bir camışın qiymətinə alınmış dini kitablar görmüşəm. Anam danışardı ki, bu kitablardan bir araba aparıb kənd məscidinə tökübmüş. Çünki ərəb əlifbası ilə olan kitabları evdə saxlamağı qadağan etmişdilər. Mən 3 yaşında olanda dünyasını dəyişmiş atam Atababanın, eşitdiyimə görə, elmə, biliyə böyük həvəsi olub. Kəsə yolla piyada 10-15 kilometr yol qət edərək Dəvəçinin Pirəbədil kəndində Əfəndilərin molla məktəbində din xadimlərinin yanına bilik öyrənməyə gedirmiş.

Universitetə sənəd verdikdə tarix fakültəsini seçməyim isə təsadüfən yox, düşünülmüş şəkildə olub, çünki mənim doğulduğum Xanəgah kəndinin hər qarışı, hər daşı bir tarix idi, hara ayağını atsan pir idi, ocaq yeri, ibadətgah idi. Hətta 5-10 il əvvəl kəndimizdə qopmuş bir ağacın kötüyü ilə üzə çıxan daş baltanın nə az, nə çox, – düz 5 min illik tarixi olduğunu demək kifayətdir. Mən ömrümü arxeologiyaya, daha doğrusu, Albaniya tarixinə həsr etsəm də, çox zəngin tarixi abidələri olan şimal, o cümlədən Quba zonasını öyrənməyə vaxt ayıra bilmədim.

– Müsahibədən əvvəlki söhbətinizdə dəfələrlə vurğuladınız ki, Leninqradda aspiranturada oxuduğunuz illər, əslində, sizin üçün ikinci ali təhsil almağa bərabər olub. O dövr Leninqrad elmi mühiti doğrudanmı belə yüksək səviyyədə idi?

– Mən bu sualı cavablandırmazdan əvvəl arxeoloq üçün zəruri keyfiyyətlərdən qısaca danışmaq istərdim. Bu elm keçmişə açılan bir pəncərədir. Ora baxmaq, orada nəyisə axtarıb tapmaq üçün böyük erudisiya, dərin bilik, keçmişin qaranlıq səhifələrinə işıq salan açarı əldə etmək lazımdır. Bu açar isə tapdığın və araşdırdığın abidəni səninlə danışdıran dildir. Buna görə mən universitetdə oxuyarkən böyük ərəbşünas alim, Ələsgər Məmmədovun ərəb dili dərsliyindən bu dili öyrənməyimlə fəxr edirəm. Bundan başqa, müvafiq ədəbiyyatdan istifadə etmək üçün 2 il fransız dilini, qədim yunan, sankskrit dillərini minimum səviyyədə də olsa öyrənməyə nail olmuşam.

Leninqrad, indiki Sankt-Peterburq elmi məktəbinə gəlincə isə onu deməliyəm ki, bu şəhər mənim həyatımda və alim kimi yetişməyimdə müstəsna rol oynayıb. Orada hökm sürən böyük ziyalı aurası insanı maqnit kimi elmi axtarışlara cəlb edirdi. Həmin şəhər ənənəvi olaraq Rusiya elminin və mədəniyyətinin beşiyi sayılır və bütövlükdə Rusiyanın inkişafında mühüm rol oynamışdır. Orada tarix, həmçinin arxeologiya sahəsində güclü məktəb və ənənələr mövcud idi. Həmin məktəb bu gün də yaşayır. Həmin dövrdə orada qabaqcıl dünya təcrübəsindən yararlanmaq imkanları da çox idi.

– Aspiranturada oxuduğunuz illərdə öyrəndiyiniz qədim yunan dilinin sonrakı tədqiqatlarınızda sizə hansısa köməyi dəydimi?

– 1962-1964-cü illərdə Leninqradda M.İ.Maksimovanın rəhbərliyi altında aspiranturada təhsil aldığım zaman həm də yunan dili və mədəniyyəti üzrə görkəmli mütəxəssis K.M.Kolobovanın yanında qədim yunan dilini öyrəndim. Ölü dillər sayılan (yəni hazırda konkret heç bir xalqın işlətmədiyi) qədim yunan və latın dilləri ilə maraqlanmağımın və onları müəyyən dərəcədə mənimsəməyimin gələcək elmi fəaliyyətimdə mənə böyük köməyi dəydi. Belə ki, mən antik dövr müəlliflərinin əsərləri ilə orijinalda tanış olmaq, antik mənbələrdə Azərbaycan tarixinə aid materialları öyrənmək, xüsusilə numizmatika sahəsindəki tədqiqatlarım zamanı onlardan bəhrələnmək imkanı əldə etdim. Qəbələ şəhərində hələ 1966-cı ildə aşkar etdiyimiz qədim pullar Azərbaycanda numizmatika sahəsində əhəmiyyətli tədqiqatlar aparmağıma, Azərbaycanda dövlətçiliyin, şəhərsalmanın, pul kəsilməsinin qədim tarixə malik olduğunu sübut etməyimə imkan verdi.

– Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına başlayan İlyas Babayev 58 ildir ki, öz sevimli işindən ayrıla bilmir. Sizcə, bu bağlılığın kökündə nə dayanır?

– İnsan sevdiyi və seçdiyi peşəyə məsuliyyətlə yanaşmalı, peşəkar olmağa çalışmalıdır. Həmin sahədə irəlilədikcə, müəyyən uğurlar qazandıqca isə ona daha çox bağlanır, ondan ayrıla bilmir. Həmçinin arxeologiyanın özünəməxsusluğu, sehrli, romantik elementləri də yəqin ki, müəyyən rol oynayır. Arxeologiyanı bu qədər sevməyimdə vaxtilə rəhbərliyi altında işlədiyim rəhmətlik böyük alim Saleh Qazıyevin rolunu da vurğulamaq yerinə düşər.

Qafqaz Albaniyasının mərkəzi şəhəri olan Qəbələnin tədqiqinə gəlincə isə, bu işə bir insan ömrü bəs eləməz. Yeri gəlmişkən bunu da deyim ki, Albaniya e.ə. IV əsrdə yaranıb. Əvvəllər bu ərazi Əhəmənilər imperiyasının tərkibində idi. Həmin imperiya qərbdə Misir daxil olmaqla şimal-şərqi Afrikadan, şərqdə Hindistanın Hind çayı vadisinə, cənubda İran körfəzi və Hind okeanına, şimalda Böyük Qafqaz dağlarına qədər geniş ərazini əhatə edirdi. O vaxta qədər dünyada bu böyüklükdə imperiya yaranmamışdı. Tədqiqatlar göstərir ki, Cənubi Qafqaz, xüsusilə hazırkı Azərbaycan Respublikasının ərazisi olan Cənubi Şərqi Qafqaz hələ Əhəmənilərdən əvvəl Midiya dövlətinin tərkibinə daxil olub. E.ə. VII əsrdə şimaldan Kaspi dənizi ilə Qafqaz dağları arasındakı keçiddən (Dərbənd keçidi) cənuba hərəkət edən köçəri skiflər burada padşahlıq yaradaraq 28 il ağalıq etmişlər. E.ə. VI əsrin əvvələrində Midiya hökmdarı Kiaksar onları məğlub edərək qovmuş, yenidən Midiyanın ağalığını bərpa etmişdi.

 Midiya dövlətinin tərkibinə daxil olan Fars (yunanlar Persida adlandırırdılar) vilayətinin hökmdarı Əhəmənilərin nəslindən olan II Kuruş (yunan mənbələrində Kir) üsyan qaldıraraq axırıncı Midiya padşahı Astiaqı məğlub etmişdi və Əhəmənilər dövlətini yaratmışdı. Az vaxt ərzində II Kuruş (e.ə. 550-530-cu illər), onun oğlu II Kambiz (e.ə. 530-523-cü illər) və I Dara (e.ə. 522-486-cı illər) bir çox ölkələri işğal edərək nəhəng imperiya yaratmışdılar. Herodotun məlumatına görə, Əhəmənilər imperiyasının şimal sərhədləri Böyük Qafqaz sıra dağlarına qədər çatırdı.

– Yeri gəlmişkən, Albaniya və albanlar haqqında ilkin məlumatlar hansı dövrə təsadüf edir?

– Makedoniyalı İsgəndər e.ə. 336-cı ildə Əhəmənilərə hücum edir. E.ə. 331-ci ildə həlledici Qavqamel döyüşündə albanların adı çəkilir. Onlardan əvvəl isə bu ərazilərdə kaspilər yaşayırdılar. Heç şübhəsiz, kaspilərin içərisində albanlar da var idi. Beləliklə, Albaniya dövlətinin yaranması üçün sosial-iqtisadi baza e.ə. I minilliyin II rübündə artıq formalaşmışdı.

Mənim doktorluq dissertesiyam qədim şəhərlərin yaranması ilə bağlıdır. Şəhərin mövcudluğu artıq dövlətin olması, dövlətin olması isə hüquq sisteminin mövcudluğudur. Bu şərait artıq e.ə. I minilliyin ortalarında yaranmışdı. Əhəmənilərin dövründə bu ərazidə yaşayan tayfaların konsolidasiyası başa çatmışdı. Strabon bu ərazidə yaşayan 26 tayfanın adını çəkir. Hər tayfanın başında isə öz basilevsi dururdu. Bizə bunlardan yalnız üçünün adı məlumdur. Albanların mərkəz şəhəri Qəbələ idi. Bəzi yazılı mənbələrdə də albanlar haqqında məlumatlar var. Lakin bəzən həmin mənbələr gerçəkliyi düzgün əks etdirmir.

Məsələn, Strabon qeyd edirdi ki, albanlar ticarətə meyilli deyillər, ticarəti mübadilə üsulu ilə aparırlar. Yəni, pulu tanımırlar. Amma qeyd edim ki, biz qazıntılar zamanı böyük dəfinələr tapmışdıq. Məlum oldu ki, Strabonun yaşadığı dövrdən 300 il əvvəl albanlar külli miqdarda pul kəsiblər. Qeyd edim ki, bu pulları Makedoniyalı İsgəndərin pullarına bənzədirdilər.

Qəbələdə aparılan qazıntılar zamanı o qədər qiymətli tapıntılar əldə olunub ki, bunlar yalnız Azərbaycanın deyil, həmçinin bütün Qafqazın və Yaxın Şərqin tarixini dərindən öyrənməyə bəs edər.

Albaniya Şimali Azərbaycan ərazisində yaranmış birinci müstəqil dövlət idi. Əlbəttə, cənubda Manna və digər dövlətlər var idi. Qəbələnin adı e.ə. I əsrdə çəkilir. Böyük Plininin adını çəkdiyi Qəbələnin harada yerləşdiyini 1967-ci ildə tapdım. Son iki ildə apardığım qazıntılardan məlum olub ki, burada daha qədim yaşayış sahələri varmış. İlk dəmir dövrünə aid boyük taxıl anbarları, onların dibində isə yanmış arpa tapmışdım.

Qafqaz Albaniyası, sözün bütün mənalarında Azərbaycan dövlətidir. Dövlətin mərkəzi təxminən 800 ilə yaxın Qəbələ şəhəri olub. Albanlar bizim əcdadlarımızdır. Amma bir şeyi qeyd edim ki, Albaniya adının haradan götürüldüyü bəlli deyil. Bəzi mənbələrdə Albaniyanın “Albus” (latınca “ağ”) sözündən götürüldüyü deyilir. Görünür, bu söz burada yaşayan hündürboy, sarışın, ağdərili adamlara işarədir.

– Albaniya dövründə indiki ­Qarabağ ərazisində ermənilər yaşayırdımı?

– 1987-ci ildə sonuncu dəfə İrəvanda elmi şuranın iclasında iştirak etmişəm. Ermənilərin Yeremyan soyadlı məşhur bir alim var. Yeremyan incikliklə dedi ki, məni Ermənistanda sevmirlər. Mən təəccübləndim, çünki o, həqiqətən, böyük alim idi. Səbəbini soruşanda bildirdi ki, onlar elmi-tədqiqatlarımın əleyhinə çıxır və məni satqın adlandırırlar. Çünki mən dəqiq faktlara əsaslanaraq demişəm ki, Qarabağda yaşayanların əcdadları ermənilər yox, albanlardır. Dedim ki, axı bunu yalnız siz yox, çoxları, o cümlədən də akademik Orbeli də yazır. Bu, artıq sübut olunmuş faktdır. Qafqaz Albaniyası dövründə Qarabağda ermənilər yaşamayıb. Ermənilər Qarabağa yalnız rus işğalından sonra gəliblər. Həmin dövrdə aparılmış siyahıyaalmalar da bunu sübut edir. Hələ XX əsrin əvvəllərində çap olunmuş hərbi xəritələrə baxsaq, görərik ki, coğrafi toponimlərin 90 faizindən çoxu Azərbaycan dilindədir.

– Siz Qəbələ beynəlxalq arxeoloji ekspedisiyası ilə yanaşı, həm də Şəmkir–Qaracəmilli ekspedisiyasına rəhbərlik edirsiniz. Bu ekspedisiyanın fəaliyyəti barədə mətbuatda çox yazılıb.

– Azərbaycan ərazisində tapılan hər abidənin hansı eraya, dövrə və hansı qədim dövlətə aidiyyətindən asılı olmayaraq onun sahibi Azərbaycan xalqıdır. Bu baxımdan qardaş Türkiyə arxeoloqlarının və digər ölkələrin təcrübəsi bizim üçün önəmlidir. Azərbaycan tarixi o qədər zəngindir ki, ermənilərdən fərqli olaraq bizə heç bir yamaq, heç bir uydurma lazım deyil. Onsuz da dünya elmində hər şey bütün dəqiqliyi ilə gec-tez sübut olunur.

 Son illərdə Şəmkir rayonunun Qaracəmilli kəndi ərazisində aparılmış qazıntı işləri Əhəməni dövrünə aid möhtəşəm bir saray kompleksinin qalıqlarını aşkar etməyə imkan vermişdir.

 Almaniya alimləri və bu ölkənin maliyyə dəstəyi ilə aparılan bu tədqiqatlar nəinki Azərbaycan, bütün Şərq, hətta dünya tarixinin öyrənilməsi baxımından vacibdir. Məlumdur ki, həmin dövrdə Əhəmənilər dünyanın ən güclü və böyük dövləti idi. Ərazilərimizin həmin dövlətin tərkibinə indiyədək düşdüyündən daha geniş şəkildə daxil olması, ən azı, iki baxımdan əhəmiyyətlidir: Qədim əcdadlarımızın həmin dövlətin bütün nailiyyətlərindən faydalana bilməsi və həmin nailiyyətlərdə pay sahibi olmaları. Əhəməni dövlətinin dağılmasından dərhal sonra isə torpaqlarımızda Albaniya dövləti formalaşmışdır.

Bir məsələni xüsusi vurğulamaq istərdim. Bu ekspedisiyalar zamanı xarici alimlərin iştirakı ilə aparılan qazıntılarda əsas prinsip budur ki, tapılan bütün maddi mədəniyyət nümunələri heç vəchlə kənara çıxarıla bilməz. Elmi tədqiqatların nəticələrinin xarici elmi jurnallarda çap olunması isə ancaq Azərbaycanın tarixinin daha yaxından öyrənilib təbliğ edilməsinə xidmət edir.

– İki beynəlxalq ekspedisiyada tədqiqat aparmaq, bir çox elmi şuraların və ictimai təşkilatların işində iştirak etmək, 270-dən çox elmi əsərin müəllifi olmaq, ölkənin ensiklopedik nəşrlərinin yaradılmasında fəal iştirak etmək, Azərbaycan tarix elmini çoxsaylı beynəlxalq konfranslarda təmsil və təbliğ etmək heç də asan deyil. Bütün bunlara necə imkan tapırsınız?

– Azərbaycanın tarixinə məhəbbətimdən, doğma Vətənimizin böyük və gözəl gələcəyinə dərin inamımdan, bir də arxeologiya elminin sehrli cazibəsindən. Belə bir məşhur fikir vardır: insan sevdiyi işdən yorulmaz, yaxud da dincəlməyə ehtiyac duymaz. Onu bilirəm ki, gördüyüm işə ürəkdən bağlıyam. Həm də əsl elm adamının, yaradıcı insanın görə biləcəyi işlər heç vaxt tükənmir. Bəlkə də insana qüvvə, həvəs verən də yaratmaq eşqidir. Mənim də arzum ömrümün sonuna qədər Azərbaycan elminə sədaqətlə xidmət etmək, hələ tamamlaya bilmədiyim əsərlərimi başa çatdırmaqdır.

– İlyas müəllim, siz Ali Attestasiya Komissiyasının tarix üzrə Ekspert Şurasının, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun müdafiə şurasının üzvü və Azərbaycan Universitetinin professorsunuz. Demək istəyirəm ki, gənclərlə həmişə sıx bağlısınız. Onlara nələri tövsiyə edərdiniz?

– Tarix boyu yaşlı nəsil gənclikdən şikayət etməyə meyilli olub. Mən isə gənclərə daha obyektiv yanaşmağın, onları başa düşüb lazımınca qiymətləndirməyin tərəfdarı olmuşam. Azərbaycanda elmə maraq həmişə yüksək olub. Bu gün özünü arxeologiya elminə həsr etmək istəyən gənclərə isə tövsiyə edərdim ki, elm yolunda bəzi şəxsi ambisiyalarını, rahatlıqlarını qurban verməyi bacarsınlar. Həmişə alim adına, alim vicdanına sədaqətli olsunlar, elmi konyukturaya çevirməsinlər. Bir az zəhmətə qatlaşmaq yetər ki, elmdə öz sözlərini desinlər.

Bütövlükdə Azərbaycan gənclərindən, əlbəttə ki, razıyam. Hazırda onların xoş sorağı dünyanın müxtəlif ölkələrindən gəlir və əldə etdikləri uğurlar ürəyimi qürurla doldurur. 2016-cı ilin aprel döyüşləri zamanı azərbaycanlı gənclərin azad edilməsi uğrunda necə mərdliklə vuruşduqlarını xüsusi vurğulamaq lazımdır. Belə gəncləri olan millətin gələcəyi parlaq olacaq.

Taleyini elmi işə həsr edən gənclərə gəlincə isə onlara məsləhət görərdim ki, bir yerdə dayanmasınlar, daim öz üzərilərində işləsinlər. Yaradıcı insan öyrənməyi dayandırmamalıdır. Gələcəyə nikbin baxmalı və ən çətin problemin üstünə inamla, qətiyyətlə getməlidir. Məhz onda tezliklə öz istəyinə, qarşısına qoyduğu məqsədə nail ola bilər.

– Maraqlı söhbətə görə sağ olun.

Müsahibəni qələmə aldı:
Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

(Bu, professor İlyas Babayevin son müsahibəsidir - 

alim dünyasını dəyişdikdən bir neçə saat sonra işıq üzü görüb.)

 

скачать dle 10.4 UTF-8Forex для начинающих