ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Latviyanın ədliyyə naziri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

17 sentyabr 2018

Latviya Respublikasının ədliyyə naziri Dzintars Rasnaçsın başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər çərçivəsində ədliyyə və məhkəmə sahəsində aparılan islahatlarla tanış olub, göstərilən elektron xidmətlər, qeydiyyat və notariat fəaliyyəti, nazirliyin informasiya resursları ilə maraqlanıb, faydalı təcrübə mübadiləsi aparılıb.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, latviyalı qonaqlar bölgələrə də səfər edərək Quba Rayon Məhkəməsinin müasir binası və informasiya texnologiyalarının tətbiqi ilə tanış olublar.

Nümayəndə heyəti, həmçinin Quba Soyqırımı Memorial Kompleksinə gələrək 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri qətliam haqqında ətraflı məlumatlandırılıb.

Bildirilib ki, 100 il bundan əvvəl - 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Həmin günlərdə Bakı şəhərində, Qubada, Şamaxıda, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yandırılaraq yerlə-yeksan edilib.

Soyqırımı aktlarına dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra ulu öndər Heydər Əliyevin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi-hüquqi qiymət verilib, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı imzaladığı Sərəncama əsasən erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində məqsədyönlü tədbirlər görülür. Bu mənada Quba Soyqırımı Memorial Kompleksi ermənilərin təcavüzkar siyasətinin və soyqırımı hadisələrinin ifşa olunmasına, faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.

Vurğulanıb ki, bolşevik-daşnak birləşmələrinin Azərbaycanı işğal etmək məqsədi ilə törətdikləri dəhşətli hadisələrin qarşısı 1918-ci il sentyabrın 15-də qardaş Türkiyənin hərbi yardımı sayəsində alınaraq ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu tarixi hadisənin 100 illiyi münasibətilə Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə Bakıda keçirilmiş möhtəşəm parad həmin tarixi həqiqətlərin bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rol oynayır.

Qonaqlar Kompleksdə ermənilər tərəfindən törədilmiş bu kütləvi qətliama dair tarixi faktları əks etdirən ekspozisiyalara baxıblar. Latviyanın ədliyyə naziri azərbaycanlılara qarşı soyqırımı hadisələrindən çox təsirləndiyini vurğulayıb, faciə ilə bağlı həqiqətlərin dünyada geniş yayılmasının əhəmiyyətini qeyd edib. Nazir D.Rasnaçs faciə qurbanlarının əziz xatirəsinə ehtiramını bildirib.

скачать dle 10.4 UTF-8Forex для начинающих