ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Mədəni irsimizin UNESCO-da növbəti təntənəsi 6 / 6

Mədəni irsimizin UNESCO-da növbəti təntənəsi 6 / 6

29 noyabr 2018

Minilliklərin yaşıdı olan Yallı rəqsi və “Dədə Qorqud” dastanı ilə bağlı nominasiyalar bəşəriyyətin xəzinəsinə daxil edilib

Mavriki Respublikasının (Şərqi Afrikada, Hind okeanında kiçik ada-dövlət) paytaxtı Port Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyası keçirilir.

Noyabrın 26-dan dekabrın 1-dək davam edəcək sessiyada Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Ramiz Həsənovun başçılığı ilə nümayəndə heyəti iştirak edir. Heyətə ölkəmizin UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov, xüsusi tapşırıqlar üzrə səfir – UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov, Mədəniyyət Nazirliyinin Aparat rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və UNESCO üzrə Milli Komissiyanın ikinci katibi Nahid Ömərov daxildir.

Sessiyanın gündəliyinə Hökumətlərarası Komitənin cari və gələcək fəaliyyəti ilə bağlı məsələlər, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına və Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınması nəzərdə tutulan nominasiyaların müzakirəsi, milli hesabatların qəbul edilməsi və digər məsələlər daxildir.

Sessiyanın açılışında çıxış edən R.Həsənov cari ilin iyun ayında Azərbaycanın sözügedən komitənin üzvü seçildiyini qeyd edərək seçkilər zamanı ölkəmizə dəstək verən üzv ölkələrə təşəkkürünü bildirib. Diqqətə çatdırılıb ki, Azərbaycan 2008-2014-cü illərdə sözügedən komitənin üzvü olub və 2013-cü ildə UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına müvəffəqiyyətlə ev sahibliyi edib. Nazir müavini universal mədəni dəyərlərin qorunmasına daim səy göstərən Azərbaycanın qeyri-maddi mədəni irslə bağlı 2003-cü il konvensiyasının səmərəli həyata keçirilməsində maraqlı olduğunu və 2018-2022-ci il Komitə üzvlüyü dövründə də konvensiyanın səmərəli həyata keçirilməsi üçün üzv ölkələrlə konstruktiv əməkdaşlıq edəcəyini vurğulayıb.

Sessiyanın üçüncü iş günü ölkəmiz üçün xüsusilə əlamətdar olub, zəngin mədəni irsimizlə bağlı daha iki nümunə UNESCO-nun müvafiq siyahılarına salınıb.

Noyabrın 28-də günün birinci yarısında ölkəmizin təqdim etdiyi “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiya faylı UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

Bu xoş hadisə ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirliklərinin birgə bəyanatı yayılıb. Bəyanatda bildirilir ki, sözügedən nominasiya sənədi Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilib. Namizədlik sənədinin məhz Naxçıvan adı ilə təqdim edilməsində əsas məqsəd ölkəmizin qədim və tarixi regionu olan Naxçıvanda yaşayan əhalinin ənənəvi mədəniyyətinə və xalq yaradıcılığına dünya miqyasında işıq salmaq və onu tanıtmaq, eyni zamanda bu ənənələri UNESCO səviyyəsində qorumaqdır.

Bəyanatda qeyd olunur ki, Ermənistanın, ölkəmizin digər mədəni irs namizədləri ilə bağlı olduğu kimi, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlərinin də qarşısı alınıb, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanları tərəfindən sessiyadan öncə müvafiq iş aparılıb və ölkəmizin nümayəndə heyəti tərəfindən sessiya zamanı Ermənistan tərəfinə layiqli cavab verilib.

Günün ikinci yarısında isə Azərbaycan, Türkiyə və Qazaxıstanın birgə təqdim etdiyi “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylının çoxmillətli mədəniyyət nümunəsi kimi UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına salınması barədə qərar qəbul edilib.

Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirliklərinin bu barədə birgə bəyanatında diqqətə çatdırılır ki, “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsi Azərbaycanda, Türkiyədə və Qazaxıstanda birlik, bərabərlik və müxtəlifliyi, həmçinin xalqlarımızın ailə dəyərlərini, qadının cəmiyyətdə rolu, qonaqpərvərlik və ədalət prinsiplərini təbliğ etdiyini ifadə edir.

Bildirilir ki, Ermənistan nümayəndəsinin bu dəfə də “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” adlı çoxmillətli mədəniyyət nümunəsinin Azərbaycana dair hissəsinə qarşı əsassız çıxış etməsi heç bir nəticə verməyib. Ermənistan tərəfinin qeyri-konstruktiv və yersiz mövqeyinin yolverilməz olduğunu bir daha diqqətə çatdıran nümayəndə heyətimiz Azərbaycanın bu çoxmillətli nominasiyanın tərəfi olmaqla regional əməkdaşlığa və ortaq mirasa sahib olan ölkələrlə mədəniyyətin bölüşülməsi faktoruna önəm verdiyini və bununla da UNESCO-nun xoşməramlı prinsiplərinə sadiqliyini nümayiş etdirdiyini vurğulayıb.

Mədəniyyət və Xarici İşlər nazirliklərinin hər iki bəyanatında həmçinin xüsusi qeyd olunur ki, UNESCO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində müstəsna rolu olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın dəstəyi ilə sözügedən iki nominasiya faylı ilə yanaşı, ötən illərdə qeyri-maddi mədəni irsimizin nümunələri – kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına, çövkən – ənənəvi Qarabağ atüstü oyunu isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Beləliklə, hazırda UNESCO-nun sözügedən iki siyahısında Azərbaycan xalqının zəngin mədəni irsi ilə bağlı ümumilikdə 13 nümunə yer alıb.

* * *

Hökumətlərarası Komitənin 13-cü sessiyasında həmçinin 2013-cü ildə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş Azərbaycanın “Çövkən - ənənəvi Qarabağ atüstü oyun ənənələri”nə dair beşillik hesabat qəbul edilib.

Hesabatda çövkən atüstü oyun ənənələrinin inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər, həmçinin Ermənistan tərəfindən Azərbaycanın Qarabağ regionunun işğalı nəticəsində bu oyun ənənələrinin həyata keçirilməsinin mümkünsüzlüyü əksini tapıb, Qarabağdan – tarixi yurdundan zorla qovulmuş azərbaycanlı əhalinin, müharibənin və təcavüzün acı nəticələrinə baxmayaraq, çövkən oyununu yaşatmağa çalışdıqları və bu istiqamətdə dövlətin icmaları dəstəklədiyi göstərilib.

İclasda Ermənistan nümayəndə heyəti “ənənə”sinə sadiq qalaraq Azərbaycana qarşı çıxış edərək hesabatın geri qaytarılmasını tələb edib. Məsələ ilə bağlı geniş müzakirə aparılıb və Ermənistanın bu cəhdi də iflasa uğrayıb. Ermənistanın qərarla bağlı təkliflərinin heç biri komitə tərəfindən dəstəklənməyib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov qeyd edib ki, hesabat beynəlxalq hüququn, BMT Nizamnaməsinin və UNESCO-nun müvafiq konvensiyasına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanıb və sənəddə ölkəmizdə çövkən oyununu həyata keçirən bütün icmaların fikirləri və müsahibələri əksini tapıb. Səfir komitə üzvlərinin konstruktiv mövqelərinə görə təşəkkürünü bildirərək Ermənistan nümayəndəsini komitə üzvlüyündən öz siyasi məqsədləri üçün istifadə etməməyə çağırıb.

* * *

Qeyd edək ki, sessiyada baxılmaq üçün UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına 7 fayl, Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına 40 fayl, yaxşı mühafizə praktikası üzrə 2 fayl təqdim edilib.

Noyabrın 28-də Təcili qorunmaya ehtiyacı olan irs siyahısı üzrə nominasiyaların hamısı qəbul edilib. Onların arasında Suriyanın təqdim etdiyi kölgə kukla oyunu, Misirin təqdim etdiyi qədim marionet teatr ənənəsi və başqa nümunələr var.

Həmçinin gün ərzində qeyri-maddi mədəni irs üzrə 10 nominasiya faylı qəbul edilib, qalanlarının müzakirəsi davam etdiriləcək.

Sessiyada Koreya Xalq Demokratik Respublikası və Koreya Respublikasının birgə təqdim etdiyi “Ənənəvi Koreya güləşi” faylının UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi xüsusilə diqqət çəkib. UNESCO-nun baş direktoru Odri Azuley bəyan edib ki, iki Koreyanın belə bir təşəbbüsdə razılığa gəlməsi misli görünməmiş haldır. Bu birgə imza iki ölkə arasında barışıq yolunda çox simvolik addımdır.

 

скачать dle 10.4 UTF-8Forex для начинающих