ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb

Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb

 

18 mart 2019

Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə keçirilən şənliklərdə iştirak etmək üçün Rusiya Federasiyasının Dərbənd şəhər dairəsinin başçısı Hizri Abakarovun rəhbərliyi ilə Dərbənd və Maqas şəhərinin meri Beslan Tseçoyevin başçılığı ilə Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıya gəliblər. Səfərlərinin ilk günündə qonaqlar İçərişəhərdə olub, buradakı tarixi abidələr, Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə tanış olub, Heydər Məscidini ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, martın 18-də Bakı Şəhər İcra Hakimiyyətində icra hakimiyyətinin başçısı Eldar Əzizovla Rusiyanın Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətlərinin görüşü keçirilib.

Görüşdə Eldar Əzizov Azərbaycan ilə Rusiya arasında çox qədim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyib. Bildirib ki, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafında dövlətlərimizin başçılarının rəsmi səfərləri və görüşləri böyük rol oynayır.

Azərbaycan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayan Eldar Əzizov bildirib ki, bu əlaqələrin qurulmasında Şimali Qafqaz respublikalarının xüsusi rolu var. Bu gün Azərbaycan ilə Dağıstan və İnquşetiya arasındakı münasibətlər bir çox sahələrdə inkişaf edir. Qarşılıqlı səfərlər əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açır. Yüksək səviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrə də öz təsirini göstərməkdədir.

Azərbaycan ilə Şimali Qafqaz xalqlarının uzun əsrlərdən bəri sülh və dostluq şəraitində yaşadıqlarını söyləyən Dərbənd şəhər dairəsinin başçısı Hizri Abakarov Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiklərini bildirib. Vurğulayıb ki, səfər zamanı onlar tarixi binaların bərpası sahəsində təcrübəni öyrənmək üçün Azərbaycan memarları ilə görüşmək niyyətindədirlər.

Maqas şəhərinin meri Beslan Tseçoyev Bakıda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirib. O, bu səfərin Bakı və Maqas şəhərləri arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.

Nümayəndə heyətlərinin rəhbərləri Bakı şəhərinin gözəlliyinə valeh olduqlarını, burada aparılan geniş abadlıq və quruculuq işlərini yüksək qiymətləndirdiklərini bildiriblər.

Sonra Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb, xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, səfər çərçivəsində Dərbənd və Maqas şəhərlərinin nümayəndə heyətləri Bakıda təşkil edilən Novruz şənliklərində iştirak edəcək, həmçinin Heydər Əliyev Mərkəzi və Azərbaycan Xalça Muzeyi ilə tanış olacaq, Dənizkənarı Milli Parkı gəzəcəklər.

скачать dle 10.4 UTF-8Forex для начинающих