BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Birinci vitse-prezidentə müraciət olundu

Birinci vitse-prezidentə müraciət olundu

12 may 2020

 

“Şahdağ Xalqlarının Mədəni İrsinin Təbliği Mərkəzi” İctimai Birliyi və “Shahdagpeoples.az” etnotanıtım saytı Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət etmişdir. Müraciətdə deyilir:

Sizin uzun illərdən bəri uğurla başçılıq etdiyiniz Heydər Əliyev Fondunun nəinki ölkəmizdə, eləcə də bütün dünyada tarixi-mədəni və dini-mənəvi dəyərlərin qorunması sahəsində həyata keçirdiyi mədəni layihələr məni bu müraciətə ruhlandırdı. Xaçmaz rayonunun arxeoloji irs baxımından çox zəngin Hülövlü ƏİN-ə daxil Qaradağ-Buduq kəndi antik dövrə aid dünya əhəmiyyətli “Canaxır təpələri” kurqanının yaxınlığında yerləşir. Ötən əsrin ilk onilliklərində Şahdağ milli-etnik qrupuna aid azsaylı xalq olan buduqluların qışlağı kimi salınmış və Buduqoba kimi tanınmışdır. Qaraçayın sol sahilindəki bu kəndin ilk sakinlərindən biri ata babam, Buduq əsilli varlı heyvandar Alişan Səlim oğlu olmuşdur.

Sonralar Qaraçayın sağ sahilindəki qonşu məskən oriyentir kimi göstərilərək indiki adı ilə Qaradağ-Buduq adlandırılan bu kəndin ilk sakinləri və onların sonrakı nəsilləri burada olan qədim məzarlıq yerinə daim böyük ehtiramla yanaşmış, onu qorumuşlar. Ətraf kəndlərin və Qaradağ-Buduq əhalisinin tarixi-mədəni dəyər hesab etdikləri, hazırda tək bir qəbirin salamat qaldığı bu qədim məzarlıq yeri müəyyən zərərlər görsə də sovet dövründən əsasən salamat çıxmışdır. Lakin digər ətraf yaşayış yerləri on illərlə qapalı olsa da tolerant buduqluların köhnə sovxoz mərkəzi olmuş bu kəndinin kənardan gələn əhalisi artdı və indi də artmaqda davam edir. Hazırda müasir aqrar-sənaye qəsəbəsinə çevrilmiş Qaradağ-Buduqda işə salınmış son müəssisə “Azərxalça” ASC-nin Xaçmaz filialıdır. Yəqin ki, əhali artımı yerli hakimiyyət qurumlarını insanların “Pir yeri” adlandırdıqları köhnə məzarlığı da yeni həyətyanı sahələr üçün sərfəli ərazi kimi görməyə və hətta bu istiqamətdə xeyli “irəliləməyə” sövq edib. Yerli əhali müxtəlif vaxtlarda yığışıb bu qərarlara etirazını bildirsə də prosesi yalnız ləngitməyə müvəffəq olmuş, lakin məzarlıq təhlükədən tam xilas edilməmişdir. Cəmi iyirmi il əvvəl təsəvvür etmək mümkün olmazdı ki, insanların toxunulmaz məkan hesab etdikləri pir yerinin yüzillik ağacları amansızcasına budansın, kölgəsi isə iribuynuzlu heyvanların kökəltmə nöqtələrinə çevrilsin!..

Zaman-zaman bu kəndin və ətraf kəndlərin ağsaqqalları ilə söhbətlərimdə onlar həmin ərazidə bu yerlərin keçmişinə dair mədəni layihənin gerçəkləşdirilməsi ilə bağlı arzularını dönə-dönə bildirmişlər. Düşünürük ki, qədim məzarlıq ərazisində bu yerlərin tarixinin təbliği, eləcə də ətraf kəndlərdən müxtəlif müharibələrdə həlak olmuş qəhrəmanların şərəfinə möhtəşəm abidənin ucaldılması, məlumat lövhələrinin, siyahıların qoyulması, ərazidə həmişəyaşıl ağac və kolların əkilməsi daha məqsədəuyğun olardı. Bu cür tarix və xatirə parkının yaradılması ətraf kəndlərdəki gənclərə vətənpərvərlik tərbiyəsinin aşılanmasında mühüm rol oynayar, buraya gələn yaxın-uzaq qonaqları məlumatlandırardı.

Multikulturalizm ənənələrinin qorunmasına dövlətimizin göstərdiyi diqqətin bariz nümunəsinə çevriləcək bu layihənin həyata keçirilməsinə başçılıq etdiyiniz Fondun yaxından kömək göstərməsini xahiş edirik.

 

Hörmətlə, Ş.S.Səlimov

“Şahdağ Xalqlarının Mədəni İrsinin Təbliği Mərkəzi” İctimai Birliyinin rəhbəri,

“Shahdagpeoples.az” etnotanıtım saytının təsisçisi və baş redaktoru

скачать dle 10.4 UTF-8Forex для начинающих