“Qeyri-maddi mədəni irs: Tədris vəsaiti” kitabının təqdimatı

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi 2025-ci il Qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsi başa çatıb. Layihənin yekun tədbiri və “Qeyri-maddi mədəni irs: Tədris vəsaiti” kitabının təqdimatı 7 avqust 2026-cı il tarixində Bakı şəhərindəki tarixi Zərgərpalan hamamında keçirilib. Tədbir çərçivəsində layihənin nəticələri təqdim olunub, təlimçilərə və iştirakçılara sertifikatlar verilib, həmçinin iştirakçıların hazırladıqları işlərdən ibarət sərgi təşkil edilib.
QHT.az xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycanın zəngin qeyri-maddi mədəni irsinin öyrənilməsi, qorunması və gələcək nəsillərə ötürülməsi üçün nəzəri bilik, praktiki fəaliyyət, ustad-şagird ənənəsi və layihə əsaslı öyrənmə metodlarını birləşdirən yeni tədris modelinin tətbiqi olub. 10 mart – 24 aprel 2026-cı il tarixlərində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Mədəni İrs Beynəlxalq Ustad Məktəbi çərçivəsində qeyri-maddi mədəni irs üzrə ustad dərsləri təşkil edilib. Təlimlər Azərbaycanın YUNESKO-nun qeyri-maddi mədəni irslə bağlı siyahılarında təmsil olunan 24 irs nümunəsini əhatə edib və müxtəlif sahələr üzrə alimlər, irs mütəxəssisləri, sənətkarlar və ustalar tərəfindən aparılıb.
Tədris proqramları səkkiz tematik istiqamət üzrə qurulub: qonaqpərvərlik, süfrə və sosial ünsiyyət mədəniyyəti; bayramlar və kollektiv mərasim mədəniyyəti; musiqi və ifaçılıq sənəti; şifahi xalq ədəbiyyatı və söz mədəniyyəti; xalq sənətkarlığı və təsviri-dekorativ sənət; mətbəx, çörək və yemək mədəniyyəti; ənənəvi tekstil, naxış və simvolika mədəniyyəti; rəqs, oyun və ənənəvi idman mədəniyyəti. Proqram çərçivəsində muğam, aşıq sənəti, xalçaçılıq, kəlağayıçılıq, Novruz ənənələri, çay və süfrə mədəniyyəti, dolma, təndir çörəyi, Çovqan, yallı, zorxana, Lahıc misgərliyi, miniatür və təzhib kimi irs nümunələri həm nəzəri, həm də praktiki şəkildə öyrədilib. Təlimlər əsasən Zərgərpalan hamamında, musiqi və ifaçılıqla bağlı bəzi proqramlar isə Bülbülün Memorial Muzeyində keçirilib.
Layihə çərçivəsində tətbiq olunan tədris modelinin əsas xüsusiyyəti iştirakçıların qeyri-maddi mədəni irsi yalnız nəzəri məlumat şəklində deyil, canlı nümayişlər, ustad dərsləri, praktiki məşğələlər və yaradıcı layihələr vasitəsilə mənimsəməsi olub. Bu yanaşma ənənəvi ustad-şagird modelini müasir layihə əsaslı təhsil metodları ilə birləşdirərək irsin ötürülməsində iştirakçının passiv dinləyicidən aktiv öyrənən və tətbiq edən tərəfə çevrilməsinə şərait yaradıb. Təlimlərin sonunda iştirakçıların hazırladıqları layihələr elmi əsaslandırma, texniki icra, estetik quruluş, yaradıcı yanaşma, komanda işi və təqdimat bacarıqları üzrə qiymətləndirilib.
Layihənin mühüm nəticələrindən biri də təlimlər zamanı təqdim olunan mühazirə və materiallar əsasında “Qeyri-maddi mədəni irs: Tədris vəsaiti” kitabının hazırlanaraq nəşr olunmasıdır. 300 səhifəlik nəşrin biblioqrafik göstəriciləri belədir: Xəlilli, Fariz. (Hazırlayan). (2026). Qeyri-maddi mədəni irs: Tədris vəsaiti. Bakı: “AFPoliqrAF”, 300 səh. ISBN: 978-9952-598-51-3. Kitabın elmi redaktoru Prof. Dr. Şikar Qasımov, rəyçisi Prof. Dr. Kübra Əliyeva, koordinatoru Məleykə Hüseynovadır. Nəşrdə istifadə olunan fotolar Fariz Xəlilli, Məleykə Hüseynova, Nərmin İmanova və Süleyman Süleymanova məxsusdur.
“Qeyri-maddi mədəni irs: Tədris vəsaiti” Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin sistemli şəkildə öyrənilməsi və tədrisi üçün nəzərdə tutulmuş elmi-metodik nəşrdir. Vəsaitdə Mədəni İrs Beynəlxalq Ustad Məktəbinin proqramları çərçivəsində təqdim olunan nəzəri biliklər və praktiki təcrübələr ümumiləşdirilib. Nəşr qeyri-maddi irsin sadəcə təsvirini verməklə kifayətlənmir, həm də onun təhsil prosesinə inteqrasiyası, ustad-şagird yolu ilə ötürülməsi, praktiki məşğələlərin təşkili və layihə əsaslı öyrənmə metodlarının tətbiqi üçün metodik yanaşma təqdim edir.
7 avqust 2026-cı il tarixində keçirilən yekun tədbirdə yeni nəşr ictimaiyyətə təqdim olunub, layihənin həyata keçirilməsi və əldə edilmiş nəticələr barədə məlumat verilib. Layihənin təlimçiləri, ekspertləri, ustaları və iştirakçıları tədbirdə bir araya gəliblər. Təlim prosesinə və layihənin həyata keçirilməsinə töhfə vermiş təlimçilərə, eləcə də proqramlarda iştirak etmiş şəxslərə sertifikatlar təqdim olunub. Eyni zamanda, iştirakçıların layihə müddətində hazırladıqları işlər nümayiş etdirilib və onların qazandıqları bilik və bacarıqların nəticələri təqdim olunub.
“Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsi ənənəvi bilik və bacarıqların müasir təhsil metodları ilə birləşdirilməsi baxımından yeni tədris modeli kimi formalaşdırılıb. Layihə qeyri-maddi mədəni irsin canlı ötürülmə mexanizmlərinin gücləndirilməsinə, irs daşıyıcıları ilə yeni nəsil arasında birbaşa əlaqənin qurulmasına, mədəni irs nümunələrinin nəzəri və praktiki şəkildə mənimsənilməsinə və onların gələcək nəsillərə ötürülməsinə xidmət edir. Nəşr olunan tədris vəsaiti isə layihənin əldə etdiyi təcrübənin daha geniş auditoriyaya çatdırılmasına, təhsil və mədəni irs sahəsində çalışan mütəxəssislərin istifadəsinə verilməsinə və bu modelin gələcəkdə də tətbiqinə imkan yaradır.
“Qeyri-maddi mədəni irs: Tədris vəsaiti” kitabı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün elan etdiyi 2025-ci il Qrant müsabiqəsi çərçivəsində nəşr olunmuşdur. Kitabın məzmunu “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin cavabdehliyindədir və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mövqeyini əks etdirmir.


