ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Multikulturalizm və folklor: Səki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı

Multikulturalizm və folklor: Səki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı

Multikulturalizm və folklor: Səki “İpək Yolu” VI Beynəlxalq Musiqi Festivalı
08.07.2015

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Şəki şəhəri İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəkidə iyulun 1-5 tarixləri arasında Şəki "İpək Yolu" Beynəlxalq Musiqi Festivalı keçirildi. Festivalda Azərbaycanda yaşayan etnik qruplar – ləzgilər, tatarlar, tatlar, Ahıska türkləri, kürdlər, rus mədəniyyəti mərkəzinin nümayəndələri, talışlar, avarlar, udilər, ingiloylar və saxurlar özlərinin maraqlı konsert proqramı ilə çıxış edtilər.

"İpək Yolu", "Karvansaray", Folklor və Multikulturalizmin vəhdəti...
Azərbaycan İpək Yolunun üzərində yerləşdiyinə görə bu coğrafiyada müxtəlif dövrlərdə böyük sivilizasiyalar bir-birilə qarşılıqlı əlaqədə olub. Azərbaycanda ta qədimlərdən bəri bir-birilə qaynayıb qarışan müxtəlif xalqlar, onların daşıdığı və tapındığı dəyərlərin gəlişdirdiyi mədəniyyətlər ölkəmizdə uzun əsrlərin sınağından çıxmış multikultural mühit formalaşdırmışdır. Bu mühitin inkişafında, əlbəttə, xarici təmaslar da böyük rol oynamışdır.
Maraqlıdır ki, multikulturalizm mühitinin özü bu mühiti tarixən formalaşdırmış xalqların, etnik qrupların folkloruna təsirsiz qalmayıb. İndi ayrı-ayrı xalqların folklor nümunələrində də multikulturalizm ideyalarının qədim izlərinə rast gəlmək mümkündür. Belə ideyalar zaman keçdikcə etnik müxtəliflik iştirakçıları olan qrupların multikulturalizm üzərində köklənən ənənələrinin yaranmasına və bu ənənələrin inkişafına da səbəb olur. Bu mənada müxtəlif xalqlara və etnik qruplara məxsus folklor ənənələri Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq və multikulturalizm ideyalarına da işıq tutur.
Təsadüfi deyil ki, İpək Yolunun üzərində yerləşən Şəki şəhərində eyni adda Beynəlxalq Musiqi festivalı keçmişlə gələcəyi, başqa bir ifadə ilə, ənənə ilə müasirliyi bir-birinə qovuşduran bir mədəniyyət tədbiri oldu. Festivalın keçirildiyi yer – ipək yolu üzərindəki tolerantlıq məkanı kimi karvansaray da bu mənada rəmzi səciyyə daşıyırdı.
Məşhur mütəfəkkir İbn Xəldun keçmişlə gələcəyi müqayisə edərkən deyir ki, bu ikisinin bir-birinə oxşarlığı suyun suya bənzəməsindən daha artıq dərəcədədir. Keçmişlə gələcəyin müqayisəsinin metafizik baxımdan bu cür təqdimatı Şəkidəki festivalın məzmun və mahiyyətini anlamaq üçün “intellektual açar” rolunu oynaya bilər. Məzh bu festival çərçivəsində Azərbaycan multikulturalizmi və müxtəlif xalqların folklor nümunələri keçmişlə indinin və gələcəyin funksional bağlarını vəhdət şəklində bizlərə təqdim etdi.
Müasir dünyada multikulturalizmin və tolerantlığın ciddi zərbələr aldığı bir məqamda belə bir festivalın keçirilməsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Azərbaycanda yaşayan müxtəlif xalqlar və etnik qrupların bu tədbirdə iştirakının təmin edilməsi dövlət əhəmiyyətli işlərdən biri kimi qəbul olunmalıdır. Bu festival bir daha Azərbaycanda tarixən formalaşmış tolerantlıq və multikulturalizm münasibətlərini “folklor dili” ilə dünyaya çatdırdı. Məhz belə tədbirlər Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşaviri akademik Kamal Abdullayevin təbirincə Azərbaycanın multikultural təhlükəsizliyi üçün böyük töhfələr verir.

Üfiqlərin qovuşması...
Müasir elm fəlsəfəsində tədqiqat obyektləri intersubyektiv, yəni subyektlərarası məzmun və mahiyyət daşıyır. Bu mənada humanitar sahəyə aid folklor nümunələri də məşhur alman filosofu H. Qadamerin ifadəsi ilə, “üfiqlərin qovuşması”(fusion of horizons) sahəsinə daxildir. Belə ki, müxtəlif anlayış və zehniyyətlərə məxsus insanlar kimi, folklor nümunələri də bu dünyada bir-birini qarşılıqlı şəkildə anlayaraq var olurlar. “Üfiqlərin
qovuşması” prosesində yeni mənalar meydana gəlir. Bu baxımdan tarixi İpək Yolunun üzərində yerləşən Şəkidəki karvansarayda səsləndirilən folklor nümunələri bu səhnənin seyçilərində duyğusallıq ovqatı yaratdı. “Birlik içində müxtəliflik” ideyasından qidalanan bu ovqatın isə ideoloji təməlində, nə gözəl ki, “Azərbaycançılıq” məfkurəsi dayanır. Qürurverici idi ki, biz bunun əyani nümayişini də gördük: hər kəs festival konsertinin sonunda musiqi sədalarının altında Azərbaycan mahnısını oxuyurdu...
İyulun 4-də axşam Şəki Yay teatrında festivalın bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə ilə görüş keçirildi. Görüşdə deyilən fikirlər, qərb müsiqisinə dair müxtəlif əsərlərin səsləndirilməsi və nəhayət, Firəngiz Əlizadənin və başqalarının həm şərq, həm də qərb məzmunlu əsərlərinin səsləndirilməsi festivalın ruhuna da uyğun idi. Müxtəlif xalqlara və etnik qruplara məxsus folklor ansamllarının konsertindən sonra Qərb və Şərq musiqi əsərlərini bir yerdə dinləmək Şəkidə, ümumiyyətlə, Azərbaycanda yüksək səviyyədə formalaşmış multikultural mühiti canlı olaraq yaşamaq demək idi.
Haqqında söhbət açdığım tədbir ölkəmizdə tarixən mövcud olan multikulturalizm ənənələrinə dövlət qayğısından da xəbər verir. Festivalda etnik müxtəliflik iştirakçıları olan folklor kollektivlərinin çıxışları bir daha göstərdi ki, Azərbaycanda müxtəlif xalqlar, etnik qruplar sülh və barış içində yaşayaraq multikultural mühitin, ölkəmizin və cəmiyyətimizin inkişafı üçün öz töhfələrini verirlər. Məhz bunu nəzərdə tutan cənab prezident İlham Əliyevin ``multikulturalizm Azərbaycanda dövlət siyasəti və həyat tərzidir`` bəyanı, həqiqətən də ibrətamiz səslənir.

Rəşad İlyasov,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Analitika şöbəsinin baş məsləhətçisi, fəlsəfə doktoru
скачать dle 10.4 UTF-8Forex для начинающих