ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI

Tofiq NURƏLİ

 

 

Qaçaq Mayıl

(Kinopovest)

 

 

I hissə

 

Vağzal. "St. Xaçmas" yazılıb.

Qatar canı boğazından çıxırmış kimi, son dəfə sinədolusu nəfəs verib dayandı. O, qatardan düşdü. Tərini nimdaş pencəyinin qoluyla silib, elə-beləcə, bir xeyli perronda dayandı. Maddım-maddım vağzal binasına, ora-bura vurnuxan adamlara baxdı. Daha sonra ağzı bağlı kisəni kürəyinə atıb iplərini çiyinlərinə keçirdi. Vağzalın çıxışına tərəf yönəldi. Elə bu vaxt azca aralıda dayanmış adamın bayaqdan ona göz qoyduğunu duydu. İçi ürpəşdi. Və hələ indi anladı ki, haradadır!

 

Vağzaldan çıxdı. Bürkü adamı əldən salırdı. Tez-tez pencəyinin qoluyla üzünü silirdi və vağzaldan qoca çinarlara tərəf uzanan yolla ağır-ağır gedirdi. Kimlərinsə düz onun gözlərinin içinə baxdığını da üzünü çevirmədən hiss edirdi.

Çinarların kölgəsinə bir xeyli adam yığışmışdı. Təbii ki, bunlar Şabran və Dağıstan tərəfə getmək istəyənlərdi. Kəndlilər basabasla qatar qabağına çıxmış furqonlara doluşurdular. Minmədi. Çəkilib, yerə yıxılı tirin üstündə oturdu. Başını əllərinin arasına aldı. Gicgahlarının damarları likkildəyirdi. Hiss etdi ki, həyəcanlanır. Vağzala tərəf boylandı. Baxışları vağzal binasının üstündə ölü quş qanadı kimi sallanıb qalan, arabir astaca yırğalanan qıpqırmızı bayrağa sataşdı. Birdən-birə ürəyindən keçdi ki, elə bil bu bayraq ona - bu qədər adamın içində məhz ona meydan oxuyur - yeri möhkəmdir!

Sifətindən acı bir təbəssüm keçdi: doğrudanmı hər şey məhv oldu?

Beş illik dustaq həyatında adət etdiyi kimi, yenə tək oturub özünə qapıldı.

- Doğrudanmı hər şey məhv oldu? Doğrudanmı bu Vətəndə üz tutmalı, sirr verməli bir kimsə qalmadı?

Doğrudanmı bu gen dünya ağzı bağlı kimsəsiz kor quyuya döndü? Çıx görüm necə çıxırsan...

Durub yenidən vağzala qayıtdı...

... Gecə. Bakı vağzalında iki nəfər plaşlı adam onu maşına oturtdurur...

Kabinet. O oturub. Hərbi geyimli adam (onu arxadan görürük) "get" deyir, "daha İbrahim yoxdur". "Al, bu sənədlərin... Poyluda işləyəcəksən... Daha mənə bel bağlama. Sağ ol".

- Bəs Qəzənfər? O da bilir gəldiyimi?

- Qəzənfər... Qəzənfər... O indi çox böyük adamdır... Yəqin ki...

* * *

 

Gimnazist formalı tələbələr sıraya düzülüb. Müəllim adları oxuyur:

- Bağırov Mircəfər.

- Burda.

- Musabəyov Qəzənfər.

- Burda...

- Zahirov İbrahim.

- Burda...

Səssiz kadrlarla müxtəlif dərs prosesləri göstərilir.

* * *

 

...Dağ dolaylarıyla uzanan əyri-üyrü yol... Nimdaş geyimli, motal papağının tükləri alnını örtmüş, sir-sifəti tüklü bir kişi iki dəvəni çəkib aparır... Gecənin qaranlığında bir kənd evinin qapısını döyür.

- Kimdi?

- Allah qonağı... Kələdə lazımdı.

- Gəldim, gəldim...

Gündüz... Həmin adam tuluqlardan neft satır... Üst-başı lap nimdaş, 7-8 yaşlı bir uşaq neft qabını irəli uzadır... O bayaqdan bu uşağa baxır...

- Adın nədir, bala?

- Əbülfəz!

- Nə?

- Əbülfəz!

- Kimin oğlusan?

- ...Atamı tutublar... Mən Qaçaq Mayılın nəvəsiyəm...

Kişi çaşqın vəziyyətə düşür, özünü yığışdırmağa çalışır. Neftli əlini tərini silirmiş kimi üzünə çəkir.

 

* * *

 

...İlıq yaz günü... Sürülər həmin dağ yolları boyunca sıralanıb, elat yaylağa köçür... Yenə motal papağının tükləri alnını örtmüş, tükləri sifətinin tüklərinə qarışmış həmin adam yedəyində at dərənin lilli-bulanıq suyunu vurub keçir. Dərənin yamacında-yastanada iri ağacların arasında alçaq daş hasarla dövrələnmiş qəbirlərə yaxınlaşır, dua oxuyur... Əvvəlcə nisbətən hündür baş daşına yaxınlaşır... Biz bu vaxt baş daşının və qəbirüstü daşın tamamilə çopur-çopur olduğunu görürük. O, əlini baş daşına sürtür. Gözləri yaşlıdır. İçindən gələn "ata" kəlməsini eşidirik. Daha sonra o biri baş daşına yaxınlaşır... dərindən "ah" çəkir. Bu vaxt yoldan ötən bir atlı ona tərəf boylanır. Ləzgi ləhçəsi ilə:

- Gür ha... U cür kişinin qəbrinə nə duvan tutub bu allahsuzlar, hamusi güllə yeridü... Qaçaq Mayulun, Mayul uğlanlarının ülmüş günnəri...

Tərəkəmə atını sürüb gəlir... O da atına tərəf dönür. Başını qaldıranda ağacların arasından daha bir tərəkəmənin baxdığını görür. Əlini yüyənə uzadır.

- İbi...

Səksənir...

- Sənsən...

- Neçə illərdi görüşmürük...

- Neçə illərdi mən sənin dustağın kimi yaşayıram... Bezmişəm... Nahaq cəhd eyləmə. Mütləq gedəcəyəm.

- Olmaz!

- Özün də bilirsən ki, dedimsə, gedəcəyəm...

- Bir balaca duyuq düşsələr, bu kol-koslar, bu daşlar, gədə-güdələr də danos gətirəcəklər... Başa düş...

- Bu çoban-çoluğun nə qədəri səninkilərdi?..

- Desəm ki, hamısı - inan (gülümsünür, əllərini qaşıyır).

- Əllərin...

- Hə, elə ta o vaxtdan...

 

* * *

 

...Qatar "Dəvəçi" stansiyasında dayanır... Az adam düşür... Gimnazist formalı üç yeniyetmə də...

- Odey... dədəm, dədəm gəlib... Uşaqlar ora qaçışırlar.

- Salam, Mayıl əmi.

 

Bazburudlu, orta yaşlı bir kişi uşaqların hər üçünü bağrına basır... - Getdik... bu gecə Pirəbədildəyik... Sabah axşama Qonaqkənddə.

Pirəbədil kəndi... Atlı dəstəsi kəndə girir...

Xalılı-xalçalı bir otaqda orta yaşlı qadın qollarını açıb uşaqların üstünə gəlir. Qəzənfər İbrahimə:

- Anamdı...

Mircəfər:

- Anamız... Mən sənin süd payına şərik olmuşam axı...

Qadın uşaqların hər üçünü bağrına basıb öpür.

- Sizi görüm ki, həmişə bir yerdə olasız. Bir-birinizə arxa-dayaq durasız... Toyunuzu eləyim...

Uşaqlar bir-birinə baxıb gülüşdülər... Mircəfəri birdən-birə anlaqsız, dərin bir kədər bürüyür...

Ağacın altındakı çay süfrəsi ətrafında beş-altı adam oturub. Gimnazistlər bağda gəzirlər. Mayıl üzünü özündən nisbətən cavan bir nəfərə tutub:

- Həmdulla əfəndi, gəlsənə bunları bir sınağa çəkəsən...

- Mayıl əmi, deyirəm hələ tezdi (gülüşürlər).

- Əfəndi, sən oxumuş adamsan, dünyada nə var, nə yox?

- Eşitmiş olarsan, Mayıl əmi, Urusətdə qarışıqlıqdır... Türkiyədə də vəziyyət çox ağırdır... Deyillər ermənilər yaman silahlanırlar.

- Yox əşşi, deyirsən yəni yenə erməni-müsəlman qırğını düşər?..

- Bilmirəm... hər halda, camaatı ayıq salmaq lazımdır... (Söhbəti dəyişir) - Mayıl əmi, yüzbaşılıq ağır işdi?

- (Gülümsünür). Yox, ağır deyil, amma Qonaqkənd kimi yerdə bir o qədər də yüngül iş deyil... Hər bəyin ağzından bir avaz gəlir... Hər yerindən duran avaranın biri də gəlir ki, mən filan bəyin nəvəsiyəm, nə bilim filan torpaqda mənim də payım var... Yoxsa yüzbaşılıq keçir könlündən (Gülüşürlər).

- Mayıl uşaqlara tərəf baxır.

- Bunların üçünün də gözlərindən cin çıxır. Yaxşı ki, ara qarışmamış qayıdıb gəldilər. Yoxsa bunlar da dinc dayanan deyillər.

- Mayıl əmi, bu dağlarda kimin gözlərindən cin çıxmır ki, yoxsa, sizinlə mənim gözlərimdən çıxmır... (Gülürlər).

- Cin ayrı, şeytan ayrı. Çoxunun gözündə gördüyün cin deyil, şeytandır...

 

* * *

 

Gimnazist formalı üç atlı təpənin üstündə dayanıb ətrafa boylanır. Səma aydın, təbiət gözəldir. Sürülər, naxırlar... Aralıda bir yaylaq obası...

İbrahim:

- Uşaqlar, Qonaqkənddən çox aralanmışıq... Bu torpaqlar Yerfi mülküdü... Bu görünən dövlət də Hacı Seyidəlinindi. Atamla haqq-salamları var... Oğlu Niftəli də dostumdu... Elə bir yaşdayıq.

Mircəfər:

- Gəlsənə gedək dostungilə, onsuz da acımışıq...

Bu vaxt arxadan səs gəlir:

- Elə mən sizinçün gəlirəm.

Arxadan gənc bir atlı onlara çatır.

İbrahim:

- Ha... ho... Niftəli... İyidin adını çək, özünü də gör...

 

* * *

 

Uşaqlar geniş bir çadıra daxil olurlar... Hacı geyımli, ağ saqqallı yaşlı bir kişi yerindən durub irəli yeriyir.

Niftəli:

- Atamdı - Hacı Seyidəli... Ata, bu Mayıl əminin oğlu İbrahimdi... o biriləri də onun məktəb dostlarıdı... Pirəbədildən əfəndi babanın qohumu Qəzənfər, bu da Qəzənfərin süd qardaşı Mircəfər - Qubadandı...

Uşaqlar Hacının əlini öpdülər... Hacı əli ilə əyləşmək işarəsi verir...

...Mircəfərin sifətini yenə anlaqsız bir kədər bürüyür. Diqqəti cəlb etmədən əllərini bir-birinə sürtür... İbrahim onun əllərinə baxır.

 

* * *

 

- Qəbirlərin yanındakı epizod. O əlini qəti hərəkətlə atın yüyəninə atır.

- Dayan... Ora getmək olmaz, heç cür olmaz. Elə bilirsən Kələdə kişi səni tanımayıb? Elə bilirsən səndən şübhələnənlər olmayıb? İndi olmaz... O vaxtlar bu camaatın canından hələ Qaçaq Mayılın xofu çıxmamışdı...

O cəld atın belinə sıçrayır, əl atıb köynəyinin altından üçrəngli Azərbaycan bayrağını çıxarır.

- Təkcə Qaçaq Mayıl yox, Osman, Ömər, Xankişi, İbrahim, Xəlil, Mövsüm... kim ki, bu bayrağın yolunda vuruşub.

- Mən bu bayrağı atam vurulanda onun tüfənginin süngüsündən götürmüşəm. Bu bayraq neçə il Qonaqkənd ellərinin başı üstündə dalğalanıb... Biz qaçaq olmamışıq. Bizim müharibəmiz də, mübarizəmiz də Azərbaycanın istiqlalı yolundadır...

Atın yüyənini çəkir, at kişnəyərək şahə qalxır. Kişnərti fonunda ekran boyu Azərbaycan Bayrağı dalğalanır...

 

* * *

 

Qaçaq Mayıl ekran boyu at üstündə görünür: Yaşı əlli beşi ötmüş bazburudlu bir kişidir.

- Uşaqlar, biz çoxumuz “Musavat” firqəsindənik. Dünən "Musavat" hökuməti parlamanının üzvü, Qalagahlı Həmdulla əfəndi mənə namə göndərib. (o danışdıqca ekran uzaqlaşır və biz onun böyük bir silahlı dəstəsinin önündə çıxış etdiyini görürük) O yazır ki, hökumətimiz, ən azı isə vətənimizin azadlığı ciddi təhlükə qarşısındadır.

Biz sizinlə burda - Qonaqkənd ellərində əl-ələ verib sipər yaratdıq. Hələ iki il əvvəl ermənilərin Qubadan Şamaxıya və Şamaxıdan Qubaya irəliləməsinə imkan vermədik. Onlar bizim qorxumuzdan Qonaqkənd ellərinə yaxın düşə bilmədilər. Daha sonra biz bu yerlərdə öz hökumətimizi qurduq və onu qoruduq. İndi isə budur, Əfəndi bildirir ki, qırmızı Urus ordusu Dərbəndi keçərək Samurun qırağına toplaşıb, 3-4 günə Azərbaycan üzərinə hücuma keçəcəklər. Bütün xalq işğalçılara qarşı müharibəyə qalxmalıdır. Əfəndi bizi də köməyə çağırır. Nə deyirsiniz?

- Gedək... gedək... (yerdən səslər), Qaçaq Mayıl atını döndərib çapır, atlılar da onun dalınca...

 

* * *

 

Təpənin üstü. Aralıda bir dəstə adam dəmir yolu relslərini sökür.

Həmdulla əfəndi:

- Mayıl əmi, camaatın özü məni məcbur edib bu döyüşə. Qabağımıza "sən çıx" deyiblər. Çıxmasan da, özümüz vuruşacağıq. Hökumətin də mənə burda müqaviməti təşkil etmək barədə tapşırığı var. Yalamada qoşun hissələrimiz var. Amma inanmıram ki, onlar tab gətirələr. Bu gecə xəbər almışam ki, parlaman uruslara müqavimət göstərməmək haqda qərar çıxarıb. Amma Yalamadakı bölüyümüz bu qərarı tanımadığını bildirib. Elə mən də bu qərara əməl etməyəcəyəm. Biz yüz illik işğaldan yenicə qurtulmuşuq, yenidən işğal altına düşməməliyik... Uruslar isə durmadan irəliləyirlər. Bilirəm ki, çətin, çox çətin olacaq... Bütün bunlardan sonra vuruşmaq fikrin varsa, döyüşə sən rəhbərlik etməlisən... Vaxtımız da azdır...

Qaçaq Mayıl (fıkirli):

- Əfəndi, deməzlərmi Mayıl da öz hökumətinə dönük çıxdı? Tutduğumuz yolu axıra kimi getməliyik. Söhbət torpaq söhbətidi, namus-qeyrət söhbətidi. Mən öz işimə başlamışam. Odey, onlar mənim uşaqlarımdı, lağım atırlar, səngər düzəldirlər... Əslində gərək biz də Yalamaya gedəydik... Çox güclüdürlər deyirsən?

- Xəbər gətiriblər ki, zirehli qatarla gəlirlər...

 

* * *

 

İlıq bir bahar gecəsidir... Göyün üzündə tək-tək ulduzlar sayrışır... Müqavimətçilər 4-5 nəfərlik dəstələrlə ocaqların başında oturublar...

Qaranlıqda Həmdulla əfəndi ilə İbrahim söhbət edirlər.

- Əfəndi, Qəzənfərdən nə xəbər-ətər var?

- Çoxdandı Həştərxandaydı, axır vaxtlar bilmirəm.. İrəlilər Mircəfər deyirdi ki, Əfəndi, bu Qəzənfər deyəsən yaxşı işlərlə məşğul deyil...

- Bəs indi Mircəfərin özü hardadı?

- Zizikskinin müavini işləyir...

- Onu bilirəm, indi deyirəm... Məni də Qubaya aparmaq istəyirdi. Dədəm buraxmadı... Dedi düşmənlərimiz çoxdu... Hamımız bir yerdə olmalıyıq... Davaya da qardaşlarımın hamısını gətirdi... Başqa vaxt bir-ikimizi kənddə qoyurdu. Düzü, dədəm bu davaya çox ehtiyatla yanaşırdı... Mən təhrik elədim onu...

- Libasın əsgər libasıdır?!.

- Mən ordumuzun əsgəriyəm... Yalamada qulluq edirdim... Dədəm qaytardı... Əfəndi, Qonaqkənddə vəziyyət çox ağırdı... Bəylər mənəm-mənəmlikdən bir-biriylə yola getmirlər. Gündə bir nahaq qan tökülür... Dədəm də onları cəzasız buraxmır...

- Bu bizim millətin, müsəlman tayfasının əzəl bəlasıdır.

- Yox ə, bunların çoxu vəzifəyə görə lap şeytana qulluq edəllər... (gülüşürlər)

- Əlindəki nədi?

- Döyüşə bu bayraqla gedəcəyik, Əfəndi (susurlar...). Əfəndi, bu işlərə bəs Rəsulzadə nə deyir?..

- Əfəndi bayrağı əlinə alır:

- Rəsulzadə deyir ki, bir kərə yüksələn bayraq, bir daha enməz!..

Qaranlıqda bir nəfər yaxınlaşır...

Əfəndi, xəbər var. Uruslar Samuru keçiblər... Qatarları sürətlə irəliləyir...

Alaqaranlıq çadır. Qaçaq Mayıl və Həmdulla əfəndi oturublar. İbrahim ayaq üstədir...

Əfəndi:

- Uruslar Samuru keçiblər...

Mayıl bir müddət İbrahimə baxır. Sonra sifəti sərtləşir:

- Uşaqlara de ki, ocaqları söndürüb yatsınlar... Keşikçilər öz yerlərinə...

 

Səhərdir... Uzaqdan torpaq yolla bir atlı çapa-çapa gəlir... Həmdulla əfəndi və Mayıl çadırın qabağında durublar. Atlı yaxınlaşıb atdan düşür. Tələsə-tələsə "Sabahınız xeyir" deyir, sonra:

- Əfəndi, Yalamada ağır döyüş getdi... Uruslar bizimkiləri sıxışdırdılar... Yəqin ki, dəmir yolunu düzəldən kimi gələcəklər...

- Qoy gəlsinlər... (Mayıl deyir)

Sonra üzünü İbrahimə tutur:

- Uşaqları başa sal ki, havayı yerə bir dənə də patron atmasınlar. Vuruş ağır olacaq. Patronumuz isə elə də çox deyil...

Gündüzdür... Mayıl ilə Əfəndi bir-bir bütün xəndəklərə baş çəkir, sökülən dəmir yoluna baxırlar... Söhbət edirlər.

 

Bir nəfər, tez-tez, gedib qulağını dəmir yolunun sökülməmiş hissəsində relsə dayayır. İbrahim soruşur:

- Nə edirsən?

- Bəy, mən neçə il dəmir yolunda işləmişəm, qatar hələ çox-çox uzaqda olanda bu dəmirlərə qulağını dayasan onun gəldiyini biləcəksən...

Mayıl:

- Əfəndi, mənim ağlıma batmır... Niyə Türkiyə bizi tək qoyur? Niyə parlaman belə məsləhət bilir? Niyə ordu başçımız dönüklük edir? Azərbaycanı bu işğaldan bizdən başqa qorumaq istəyənlər yoxdumu?

Bu vaxt qulağını relsə dayamış adam qışqırır:

- Gəlirlər, poyuz gəlir...

Ekranda Mayılın göstərişlər verməsi və zirehli qatarın irəliləməsi kadrları tez-tez bir-birini əvəz edir.

...Qatar sökülmüş relslərə çathaçatda qəfil tormoz verərək dayanır, tükürpədici siqnal verir... Ani ağır bir sükut çökür... Sonra zirehli qatardan dörd bir yana güllə yağışı başlanır... Daha sonra qatardan əsgərlər düşməyə başlayırlar... Mayıl döyüş əmri verir... Döyüş şiddətlənir... Bu vaxt zirehli qatardan ağ bayraq qaldırılır... Hər iki tərəf atəşi saxlayır... Ön vaqonun qapısı açılır. Rus zabiti geyimində bir nəfər qapıda görünür. Əlindəki səsucaldanı ağzına tutur:

- Əziz həmyerlilərim, Quba qəzasının əziz camaatı...

Bu vaxt müqavimətçilər çaşqın halda bir-birinə baxşırlar...

- Mən də sizin birinizəm... Bax, odey, arxanızda görünən o kənddə - Pirəbədildə böyümüşəm... (müqavimətçilərin çaşqınlığı daha da artır...)

- İndi sizə rəhbərlik edən Həmdulla əfəndi ilə dayıoğlu-bibioğluyuq. Mayıl əminin oğlu İbrahimlə bir yerdə oxumuşam... Qəzənfər Musabəyovam. Bilin, bu 11-ci qırmızı ordudur. Urusetdə fəhlə-kəndli hökuməti qurublar. Onlar buraya pis niyyətlə gəlmirlər. Mayıl əmi, Əfəndi, bu qan yersizdir. Bizə arxadan çoxlu kömək gəlir. Bizi saxlaya bilməyəcəksiniz... Dağılışıb gedin. Bizim sizinlə işimiz olmayacaq.

Daha sonra o gedir, qapı örtülür. Qapı örtülən kimi İbrahim tüfəngi qaldırıb düz qapının yuxarı - ortasından vurur... Döyüş yenidən qızışır... Axşam düşür. Döyüş saxlanılır.

...Gecədir. Göydə ulduzlar sayrışır. Ekranda gah zirehli qatarın, gah da müqavimətçilərin siluetləri görünür...

İbrahim:

- Qəzənfər niyə belə xain çıxdı, Əfəndi? Əfəndi babanın ocağı ona qənim olacaq, mütləq olacaq! Bizim yolumuz haqqın yoludur.

...Ulduzlar... qatar... müqavimətçilər... uzaqda dağlar...

...Yavaş-yavaş dan sökülür... Mayıl uzun-uzadı dan yerinə baxır...

- Əfəndi, yaz həmişə Dəvəçi mülkünə tez gəlir... Bizim Qonaqkənd dağları hələ də qarlıdı... Bu yazımız da qan içində gəldi... Allah axırını xeyir eləsin. (bir qədər fikrə gedir...) Əfəndi, Bakıda bilən yoxdumu ki, biz urusların qabağını kəsmişik? Kömək eləmək istəyən yoxdur? Köməyimiz olmasa, biz onları qaytara bilməyəcəyik...

...Alatoranda kənd yollarıyla dəstə-dəstə adamlar gəlir...

- Əfəndi, onlar kimdi elə...

- Mayıl əmi, bu axşam mən kəndlərə qazavat xəbəri yollamışam. Qazavata gələnlərdi...

Bu vaxt qatardan yenə pulemyotlar şaqqıldayır, kiçik top atəşləri açılır, döyüş şiddətlənir... Günortaya yaxın Mayıl atışa-atışa geri çəkilmək əmrini verir...

- Patronumuz tükənir, Əfəndi... Bunlar çox güclüdürlər. Qazavata gələnlər də silahsız, nizamsızdırlar... camaatı havayı yerə gülləyə vermək də düz deyil...

...Uzaqdan döyüş səsləri fonunda əsgərlərin relsləri bərpa etmələri görünür...

...Axşam düşür, döyüş dayanır...

...Yenə aydın bahar səması, uzaqda zirehli qatar, uzaqlarda dağlar... Birdən qatar fit verərək yerindən tərpənir... Onun taqqıltıları getdikcə güclənir və biz bu güclü taqqıltılar fonunda məyus-məyus baxan müqavimətçilərin sifətlərini görürük...

Mayıl:

- Biz onları saxlaya bilmədik, Əfəndi. Köməyimiz olmadı... Gözümüz görə-görə düşmənlər torpağımızı tapdağa çevirirlər... Mən gedirəm Qonaqkəndə... Nə qədər ki, sağam urus hökumətini tanımayacağam. Mənim bir fikrim var, bir hökumətim var: Azərbaycan Demokratik Cümhuriyyəti.

...Ekranda bir-birindən gözəl dağ mənzərələrini görürük... Silahlı atlılar kolların arasında durub aralıdakı kəndə baxırlar...

Mayıl:

- Biz hamımız Lahıca girməyəcəyik... Mənimlə İbrahim gedəcək, Xəlil yol göstərəcək. Bizi burada gözləyin...

Gecənin qaranlığında Lahıcın dar küçələriylə siluetlər keçir... Bir alaqapıdan içəri girirlər...

...Neft lampasıyla işıqlanan darısqal otaq... İbrahim ayaq üstədir... Məmməd Əmin Rəsulzadə və yanında bir nəfər stolun bir tərəfindən, Mayıl isə qarşı tərəfindən ayağa qalxırlar...

Rəsulzadə:

- Di, sağ olun, Mayıl bəy, sizə uğurlar. Həmdulla əfəndiyə mənim salamımı çatdırın (əllə görüşür).

- Sağ ol, İbrahim bəy. Azərbaycanın azadlıq işi sizin əlinizdədir - gəncliyin. Onu siz yapacaqsınız...

Çıxırlar...

 

* * *

 

Bir dəstə silahlı atlı qayalıqların üstündə dayanıb aşağıda dərənin kənarındakı kəndə baxırlar. Kənddə ikimərtəbəli bir evi şax-şüləyə dövrələmə bürüyüblər. Qırmızı ordu formalı əsgərlərin bir neçəsi əlində silah keşik çəkir. Bir neçəsi odunları alışdırır...

Mayıl qayalıqlardan baxa-baxa:

- Torpaqlarımızda at oynatdıqları bəs deyil, indi da evlərimizi yandırırlar. Bu urus hökuməti bizə gücünü göstərir...

...Ekranda Mayılın rəhbərlik etdiyi dəstənin binanın üstündən qırmızı bayrağı endirdiyini təsvir edən kadrları görürük...

 

* * *

 

Bolşevik rəhbərlərinə xas kabinet. Hüsü Hacıyev məlumat verir.

- Qəzada kəndli üsyanları hələ də davam edir... Xüsusilə Qonaqkənd bölgəsində kəndlilər şura hökumətini tanımaq istəmirlər. O bölgədə hakimiyyət demək olar ki, Qaçaq Mayılın əlindədir...

- Vəziyyət bu cür davam edə bilməz... Əgər bu gün Qaçaq Mayıldan təkcə Qonaqkənd bölgəsi ruhlanırsa. sabah bu əksinqilabi ruh bütün Azərbaycanı bürüyə bilər... Onsuz da kəndlərdə narazı olanlar arasından bir xeyli qaçaqlar var... Mayıl qaçaq deyil... O siyasi və hərbi müxalifətdir... Deyirsiniz Mayıl yol kəsmir, adam soymur, çapqınçılıq etmir, kasıblara əl tutur və yalnız Musavat hökuməti yolunda vuruşur... Deməli o nə istədiyini yaxşı bilir... Yoldaş Hacıyev, partiya sizi Quba qəzasına rəhbər təyin edib. Siz də məsuliyyət daşıyırsınız. Bu əksinqilab yuvası dağıdılmalıdır... Vəssalam... Yolunu isə özünüz tapın!

...Mövsüm Qaçaq Mayıla yaxınlaşır:

- Mayıl əmi, bir nəfər sizi görmək istəyir...

- Gətirin...

Qaçaqlar bir nəfəri gətirirlər:

Mayıl:

- Sənsən?! Nə əcəb!

- Mayıl əmi, məni aparmışdılar Qubaya, Hüsü Hacıyevin yanına... O mənimlə təklikdə danışdı. Sizinlə görüşmək istəyir... Bu saat Qonaqkənddədir... Hara desəniz gələcək.

- Tək?

- Yox, dəstəsiynən...

- Yaxşı... Hələ vaxt çoxdur. Qayıt Qonaqkəndə. Ona de ki, bu gün onu Neycədə gözləyirəm... Özüylə 10 nəfərdən artıq götürməsin...

...Qonaqkənd qaçaqların mühasirəsindədir... Hüsü Hacıyev on nəfərlik atlı dəstəsiylə kənddən çıxır... Yol boyu təpələrdən silahlı qaçaqlar boylanır...

Dəstədən bir nəfər:

- Yoldaş Hacıyev, bu bölgədə hakimiyyət Qaçaq Mayıldadır. İnanırsız ki, o elə-belə silahı yerə qoyub üzə çıxacaq? Məncə, onları tək-tək aradan götürmək lazımdır... Əvvəlcə Mayılı... Sonra oğlanlarını...

- Mayılın belə aradan götürülməsi vəziyyəti daha da ağırlaşdıra bilər... Ona görə də bacardıqca bu məsələ qansız həll olunmalıdır... Doktorun özü bu məsələni diqqət mərkəzində saxlayır... Məsələdən hərtərəfli xəbərdardır. Buraya da onun tapşırığıyla gəlmişəm... Həmdulla əfəndiylə doktor şəxsən özü görüşüb. Əfəndi daha əksinqilabla məşğul deyil... Qaldı Mayıl... Qaçaq Mayıl bu gün də olmasa, sabah bütün Azərbaycanda yeni hökumət üçün problem yarada bilər...

- Bəs üzə çıxmasa?

- Tələsməyək...

...Meşənin talasında ikimərtəbəli ev görünür. Evin üstündə üçrəngli Azərbaycan bayrağı dalğalanır... Taxta darvaza açılır. Hüsü Hacıyevin dəstəsi həyətə daxil olur... Mayıl eyvanda dayanıb... Hüsü Hacıyev atdan düşür, o biriləri də... Mayıl həyətə düşüb Hüsü Hacıyevə yaxınlaşır.

- Xoş gəlmisiniz. Mən sizi öz qonağım kimi qəbul edirəm. Adətimizdə qonağa zaval yoxdur.

Otaqda 4 nəfər var... Mayıl, İbrahim, Hüsü və başqa bir bolşevik söhbət edirlər...

Hüsü:

- Mayıl bəy, şura hökuməti qan tökülməsini istəmir. Əgər silahı yerə qoyub üzə çıxsanız, heç birinizə toxunulmayacaq. Mən hökumət adından zəmanət verirəm.

- Az qan tökməmisiniz. Evlərimizi yandırırsınız, üstümüzə ordu çəkirsiniz, camaat arasına nifaq salırsınız. Bu Qonaqkənddə mənimlə neçəsinin arasına qan düşmənçiliyini də siz salmısınız. İndi nə olub, nə xəbərdi? Mən belə hökumətin ipinin üstünə şələ yığa bilmərəm. Bir hökumətin ki, böyükləri Qəzənfərkimilər ola...

Hüsü Hacıyev ayağa durur (hamı durur):

- Mayıl bəy, bu dəfə söhbətimiz baş tutmadı. Bilirəm, birdən-birə qərar çıxarmaq da mümkün deyil. Amma fıkirləşin. Şura hökuməti çox möhkəmdir... Fikirləşin... Bir xahişim də var... Sabah yox, birisi gün Qubada sizi gözləyəcəyəm. Heç nədən ehtiyat etməyin...

- Gələrəm, amma mənim sözüm birdir... Mən şura hökumətini tanımıram... Başımdakıları da zorla yığmamışam. Çoxusu elə sizin əlinizdən qaçıb...

 

* * *

 

...Yolda həmin atlı yenə Hüsü Hacıyevə yaxınlaşır:

- Aya, mən demədimmi ki, Qaçaq Mayıl üzə çıxan deyil... Bunlarınkı bir-bir aradan götürməkdir...

Hüsü Hacıyev atını dəhmərləyir...

Hüsü Hacıyevin dəstəsi Quba qəza komitəsinin həyətinə daxil olur. Hüsü Hacıyev atdan düşüb binanın ikinci mərtəbəsinə qalxır, kabinetinə keçir... Plaşını soyunmağa başlayır... Həyətdən at kişnərtisi gəlir... Hüsü Hacıyev oturmaq istəyir. Bu vaxt qapı açılır. Qaçaq Mayıl kabinetə daxil olur... Hüsü Hacıyev çaşır...

...Həyətdə bütün əsgərlər tərk-silah edilib, bina qaçaqların mühasirəsindədir...

- Salam, Hüsü yoldaş.

- Xoş gəlmisiniz, Mayıl bəy... Mən sizi sabah gözləyirdim.

- Nə fərqi, bu gün, ya sabah... Mən sözünüzün dalınca gəlmişəm...

- Mayıl bəy, şura hökuməti sizi Quba qəzasının yaylaq naziri təyin edib. Orada özüm sizə demədim... (cibindən yazılı kağızı çıxarıb ona verir) Götürün, sizin səlahiyyətləriniz çox böyükdür. Hələlik üzə çıxmasanız da hökumətimiz sözünün üstündə durur. Amma bu barədə dərindən fikirləşin... Bu işlərin axırı yaxşı qurtarmayacaq...

- Başqa sözünüz yoxdur ki?

- Xeyr, yoxdur...

Mayıl qəzəblə ayağa durub kabinetdən çıxır. Hüsü Hacıyev də onu ötürməyə çıxır. Həyətdəki mənzərəni görüb karıxır... Öz-özünə deyir:

- Doktor haqlıdır... Bu bir az da güclənsə, şura hökumətini yıxacaq! Belə uzun gedə bilməz...

 

* * *

 

...Bolşevik rəhbərlərinə xas kabinet. Hərbi geyimli üç nəfər... Onların sifətini görmürük, səslərini eşidirik. Divarda Dzerjinskinin iri şəkli nəzərə çarpır.

- Vəziyyət ağırdır... camaat aclıqdan, özbaşınalıqlardan bezir... Kortəbii böyük partlayışlar ola bilər... Mayılın səsi-sorağı sürətlə yayılmaqdadır. O bir xalq qəhrəmanına çevrilir... Haqqında mahnılar qoşulur, əfsanələr danışılır. Qaçaq Nəbi kimi, Koroğlu kimi... Daha başqa yol qalmır...

...Rejissorumuz müxtəlif gözəl bahar mənzərələrini göstərir... qarşı-qənşər tərəfdə üstünü ot-mamır basmış qayanın yarğanında iki nəfər silahlı adam oturub... Biri durbinlə bayaqkı cığır boyunca - cığırın meşəyə girən yerinəcən baxır...

- İki gündür burdayıq... bir ins-cins görünmür...

- Tələsmək lazım deyil... Mən bilirəm ki, Mayıl gec-tez mütləq bu cığırla Utuqa enəcək... O dağda çox duruş gətirən deyil... İllah da ki, indi... Oğlanlarıyla aralarında inciklik var... Ona görə də hələlik tək dolanır... Tək deyəndə ki, Xanbalayla.

- Gözləyək də... Bu dəfə də işimiz tutmasa heç nə... İllah da ki, duyuq düşsələr, külümüzü göyə sovuracaqlar...

 

* * *

 

...İki atlı dağ döşündə dayanıb. Qarşı tərəfdə çayın qırağında bir pir görünür, uzaqda Baba dağının qarlı zirvələri...

- Ziyarətin qəbul olsun, Mayıl əmi.

- Sənin də, Xanbala... Getdik...

Atları sürürlər...

- Oğlum Xankişi vurulandan sonra uşaqlar deyəsən bir az inciyiblər məndən. Amma nahaq...

Elə özüm də axır vaxtlar birtəhər olmuşam... Dədəgünəş baba tez-tez yuxuma girirdi... İndi yüngülləşdim bir az...

...Sakitcə gedirlər... Quşlar oxuyur. Gözəl bahar mənzərələri.

- Bizim yerlərin əsl yazı indilərdədi - mayda-iyunda... Heyf ki, qan içindədi... (bir qədər sakit gedirlər) Xanbala, işdir, ölüb-eləsəm...

- Bu nə sözdü, Mayıl əmi...

- Sözümü kəsmə! Ölüb-eləsəm, məni, Şixəli babada - pirin üstündə basdırarsınız... Şahdan Şirvana, Şirvandan Şaha yol burdan keçir... Qoy yolçular keçəndə qəbrimi görüb məni xatırlasınlar... Məni xatırlayanda isə bizim hansı yolda qan tökdüyümüz yadlarına düşəcək... Mən qəbrimdə də, Rəsulzadə demiş, "Azərbaycan məsələsini" yaşatmaq istəyirəm... Düz dörd ildi ki, Şura hökuməti bu dağlarda özünə yer tapa bilmir... Tərəfdaşlarımız isə əməlli-başlı bir iş görə bilmirlər... Elə hey xəbər yollayırlar ki, möhkəm durun...

 

* * *

 

...Qayanın yarğanındakı epizod... Durbınlə baxan həyəcanlanır.

- Gəlirlər... Özüdü... Qaçaq Mayıl, yanında da Xanbala.

Qaçaq Mayılla Xanbala həmin cığırla gəlirlər... Qaçaq Mayıl bir an duruxur... Ətrafa şübhəli nəzərlərlə göz gəzdirir. Sonra əlini qoynuna salaraq kiçik bir bayraq çıxardır... Açır, ona baxır...

- Xanbala, bunu mənə Lahıcda son görüşümüzdə Rəsulzadə bağışladı. Görəsən indi özü haradadır?

Bu vaxt güllə açılır. Güllə arxadan Qaçaq Mayıla dəyir... Xanbala çaşır. Mayıl səs gələn tərəfə atəş açır...

- Xanbala (qışqırır), Xanbala özünü uşaqlara yetir... De ki, desinlər ki, məni oğlum Osman vurdu... Mayıla düşmən gülləsi dəyməməlidir... Get, Xanbala!

Qaçaq Mayıl arxasını daşa söykəyərək durur, tüfənginin süngüsünü keçirir, daha sonra üçrəngli bayrağı süngüyə taxır... Ekran boyunca üçrəngli bayraq dalğalanır... Bayraq dalğalana-dalğalana uzaqlaşır və biz bayrağı filmimizin əvvəllərində təsvir etdiyimiz epizodda da - qəbirlərin yanında, tərəkəmə paltarlı həmin adamın əlində olduğunu görürük... O, at üstündədir...

 

(Birinci hissənin sonu)

 

2-ci hissə

 

Gecə... Əvvəlcə "St. Poylu" yazısı... Sonra dəmir yolunun şosse yolunu kəsib keçdiyi yerdə balaca bir dəmiryolçu budkası. Stolun üstündə neft lampası, dəmir krucka, bir-iki parça qənd, batareyalı radioqəbuledici... Çarpayı. Neft maşinkasının üstündə his çəkmiş çaydan... Bayırda ilıq bahar havası var... Budkanın qapısı ağzında nimdaş dəmiryolçu paltarında, yaşı əlli beşi ötmüş, bir qədər tez ahıllaşmış, saçları ağarmış bir kişi fikrə dalıb. Birdən divardakı cihazlar qatarın gəlməsini bildirən siqnalı verir... O cəld çarxın dəstəyindən yapışaraq fırladır... Hər iki şlaqbaum şose yolunu kəsir... Qatarın taqqıltıları eşidilir, o projektorun işığında əlində tutduğu sarı çubuğu və əl fənərini yuxarı qaldırır. Birinci vaqon ötəndən sonra əlini qoynuna salıb oradan bayrağı çıxarıb başı üzərinə qaldırır. Sürətlə ötən qatarın fonunda üçrəngli bayraq çırpınır... Qatar ötüb keçir, o, əli havada dayanıb, bayraq əlinin üstünə düşüb...

- Bilirəm, bu gün mayın 28-dir...

Səsə diksinən kimi olub arxaya çevrilir. Mülki paltarlı orta yaşlı bir şəxs dayanıb ona baxır...

- Düz tapmısınız, yoldaş Bağırov!.. (xüsusi vurğuyla)

- Endiyi bu 30 ildən artıq müddətdə Azərbaycanda hələ də dalğalanan ən sonuncu bayraq budur.

Bunu mən dəqiq bilirəm...

- (şlaqbaumu aça-aça) Yəqin ki, bu gün o da sonuncu dəfə dalğalanır...

Budkaya girib qapını örtürlər, qonaq lampanın işığını bir qədər azaldır...

- Elə bilirdim mən daha yadından çıxmışam... Bir az sakit yaşamağa öyrəşirdim.

- Yaşımız altmışı haqlayıb, görünür sən hələ məni yaxşı tanımamısan, İbrahim! (əlləri qaşınır)

- Niyə ki? (İbrahim onun əllərinə baxır) İndi hamı səni yaxşı tanıyır...

- Ona görə ki, görürəm sən də 20-ci ildən bəri Azərbaycanın bütün müsibətlərini mənim ayağıma yazırsan... (getdikcə əsəbiləşir) Elə deyil, qətiyyən elə deyil. (əlini stola çırpır)

Araya sükut çökür... İbrahim onun qaşınan əllərinə, qəzəbli və kədərli gözlərinə baxır...

- Bəs bu 37-lər, bir belə gedər-gəlməzlər kimin boynundadır?!

- Tarixin. Tarix düzgün başa düşülməlidir... Mən elə bilirdim dünyada yeganə adam sənsən ki, məni düzgün başa düşürsən... İçim özümü yandırır, çölüm özgəni... Bir belə illər ərzində mən sirrimi-dərdimi bir kimsəyə danışa bilməmişəm. Mən bütün ömrümü, həyatımı Rəsulzadə demiş, "Azərbaycan davasına" həsr etmişəm. Bu iş mənim taleyim olub. Biz hamımız Azərbaycan uğrunda vuruşuruq... Siz də... biz də... Bizlərdən bəlkə də meydanda həmişə mən tək qalmışam... Şura hökuməti rəhbərlərimizin çoxunun başı havalıydı... Mərkəzdən Mikoyanların, Mirzoyanların diqtəsilə gələn bütün göstərişlərə mahiyyətini anlamadan əməl edir, qol çəkir, iş görürdülər...

...Qulaq as, biri elə doktor... Doktor təmiz adamıydı, amma Zəngəzuru və Naxçıvanı ermənilərə bağışladı. Qarabağda ermənilərə muxtariyyət verdi... bu dadaşlar, qəzənfərlər də ona əl çaldılar... Doktor səhvini anlayanda özünü aradan götürdülər...

Qalanların böyük əksəriyyəti isə həqiqətən oralıq idi... İnsan bu qədər məntiqsiz, düşüncəsiz, satqın, xain olmaz axı. Ən başlıcası isə bu rəhbərlərdə vətən qeyrəti yox idi. Onlar bir respublikanın rəhbərliyində otursalar da onun başı üstündə hansı siyasi alverlərin getdiyini anlamırdılar.

...Olub... 37-də mənim də dəhşətli səhvlərim olub - heç özümə də bağışlaya bilmirəm... Nahaq gedənlər çox oldu... Çoxusunu saxlamağa gücüm çatmadı... Çünki, Stalinin, Beriyanın, Mikoyanın əli ilə Azərbaycanın ÇK-sına, NKVD-sinə doldurulmuş daşnak niyyətli ermənilərin qabağında mən gücə-güclə davam gətirirdim. Mən 18-ci ildə Qubada ermənilərlə açıq döyüşlərdə bu qədər çətinliklərlə üzləşməmişdim. Bunlar hər şeyi qanunun əliylə, böyük Stalinin adıyla törədirdilər... Mən isə aciz qalırdım. Bu acizliyimə görə özümə nifrət edirdim. Bax elə buna görə məni şaqqalamaq lazımdır.

Bəli, sizlər mənim əllərimi qanlı görürsünüzsə, mən bu qanı qoruduğum, respublika kimi saxladığım Azərbaycan torpağı ilə yuyaram... Qoy bizdən sonra gələnlər vətənə sədaqətlə xidmət etsinlər. Lakin bizim də xidmətlərimizi unutmasınlar. Onsuz da tarix heç nəyi unutmur... Onsuz da tarix hər kəsin yerini özünə göstərir... Mən həmişə istəmişəm ki, sən yaşayasan... Mən səni özümün bir parçam hesab etmişəm... Mən istəmişəm sən görəsən ki, mən ta lap o əzəli işimizə zərrə qədər də olsun xəyanət etməmişəm.

...Mikoyan məni burdan uzaqlaşdırmaqçın hansı oyunlardan çıxmırdı. Məni saxlayan Beriya oldu, bir də ki, hər dəfə həyatımı riskə qoymağım... 37... 37-də Musavatın gizli təşkilatı getdi... amma unutma ki, 37-də Musavata xəyanət edənlər də getdilər...

- Bəs sonra? Hamı tutuldu. Hamı getdi... Deyək ki, bir gün sən də getdin... Sizin tarix kitabları bizləri xalqa düşmən kimi tanıdır... İndikilərin az-çox xəbəri var... Gələcək nəsillər siz istəyən kimi böyüyəcək. Bəs onda bu "Azərbaycan davasını" kimlər aparacaq?

- Qorxma, millət heç vaxt əriyib itməyəcək. Tarixi məqam yetişəndə xalq özü seçib belələrini irəli çıxaracaqdır...

- Sən özün bunları xalqa açıq deyə bilməzsənmi?

- (Gülümsünür) Siyasət uşaq oyunu deyil... Ya da dağda at oynatmağa bənzəmir...

İbrahim əsəbiləşir.

- Əsəbiləşmə. Nə siyasət, nə də tarix yamağı sevmir...

- Bəs ermənilər? Onların ki bütün işləri zorla yamamaqdan ibarətdir.

- Onlar həmişə tor qururlar. Bizim isə gələcək vəzifəmiz bu toru qırmaqdan yox, onların özlərini bu tora salmaqdan ibarətdir... Olacaq! Bizim də belə oğullarımız yetişəcək, hökmən yetişəcək. (Sükut) ...De görüm, necə dolanırsan... Bilirəm, daha Qonaqkənd tərəflərə getmirsən... İndi getsən bir elə xətası olmaz, daha o vaxt keçdi...

- Yox, Miri, mən daha bu vəziyyətdə getmək istəmirəm. İstəmirəm onlar heç mənim sağ qaldığımı da bilsinlər. Biz indi o yerlərdə nağıla-əfsanəyə dönmüş igidlər kimi xatırlanırıq. İndi istəmirəm ki, Qaçaq Mayılın oğlunu - İbrahimi bu görkəmdə görsünlər...

- Koroğlunun qocalığı yadına düşüb nədi?!

(Gülüşürlər) - Hə, elə bir şeydi... (sükut) - hə, bir söz soruşum, düzünü de: öndərdən nə xəbər var?..

- (Bir az fikrə gedir): Sağdı, Türkiyədədir... Stalinin ona can borcu vardı... Ona görə də toxunmadı. (yenə fikrə gedir) Özünə, sözünə sadiq adamlar hər yerdə qiymətlidi... elə sən də... (yenə fikrə gedir). Mən Azərbaycan tarixinin ən burulğanlı vaxtlarından birində hakimiyyətdə oldum... Nə bacardımsa elədim. Bircə təsəllim odur ki, onu bu burulğandan salamat keçirə bildim... Qalanları isə gələcəyin işidir... Stalin öləndən sonra yuxarılar təlaş içindədir... Qorxuram Mikoyana fürsət düşə.

Mircəfər yerindən sakitcə durub qapıdan qaranlığa girir... Qaranlıqda biz onun arxadan siluetini, atılan çiyinlərini görürük... O yenə qaranlığın içərisinə yeriyir... İbrahim (həyəcanlı səslə):

- "Miri" - deyə çağırır. Arxadan ona çatır. Qucaqlaşırlar... Bu zaman fit verə-verə qatar keçir. Pəncərələrdən düşən işıqlarda biz qucaqlaşmış bu iki kişinin yaşlı gözlərini görürük...

Yenə həmən gözətçi budkası. Axşamdır. İbrahim radioqəbuledici ilə müxtəlif dalğaları axtarır.

Radio: "burası Ankara radiosu. Dünən 1918-20-ci illərdə ilk Azərbaycan Demokratik Cümhurisınin başkanı, sayın Mehmet Emin Rəsulzadə üç kərə "Azərbaycan", Azərbaycan, Azərbaycan" deyərək vəfat etdi... Bütün azeri kardeşlərimizə keçmiş olsun deyirik".

İbrahim bir müddət gözlərini pəncərədən qaranlıqlara zilləyib durur, gözləri dolub. Daha sonra qalxır, qoynundan üçrəngli bayrağı çıxararaq bir çubuğa sancır. Budkanın dəmir yolu tərəfinə keçir. Bayrağın ağacına bir parça qara lent bağlayaraq bayrağı endirilmiş şəkildə budkanın divarına taxır. Özü də fikrə dalaraq endirilmiş bayrağa baxır. Bu fonda tez-tez qarşı-qarşıya qatarlar keçir, bayraq çırpınır...

“Mars” ədəbi-bədii, elmi-publisistik jurnalı,  №5/6, 2003-cü il

 

 

 

Xaçmaz dəmiryol stansiyası XIX əsrin sonu - XX əsrin əvvəllərində

Xaçmaz Dəmiryol vağzalı 

 

Quba şəhəri XIX əsrin sonu - XX əsrin əvvəllərində

Tofiq NURƏLİ

Tofiq NURƏLİ
Tofiq NURƏLİ
Tofiq NURƏLİ
Tofiq NURƏLİ

 

Qaçaq Mayılın oğlu İbrahim dostları arasında

 Qaçaq Mayılın oğlu İbrahim dostları arasında

 

Mircəfər Bağırov

Mircəfər Bağırov

 

Qəzənfər Musabəyov (Soldan birinci)

Qəzənfər Musabəyov

 

ADR parlamentinin üzvü qalagahlı Həmdulla əfəndi Əfəndizadə

Tofiq NURƏLİ

 

Əslən Buduq kəndindən olan qonaqkəndli Qaçaq Mayıl Zahirov

Tofiq NURƏLİ

 

Məmməd Əmin Rəsulzadə

 

 

Nəriman Nərimanov

 

 

Əli bəy Zizikski yaxınları ilə

Tofiq NURƏLİ

 

İosif Stalin

 

 

Hüsü Hacıyev

Tofiq NURƏLİ

 

Lavrenti Beriya

  

Quba. Buduq kəndi

Tofiq NURƏLİ

 

Quba. Qonaqkənd qəsəbəsi

Tofiq NURƏLİ

 

Qubalı Qaçaq Mayılın məlum olan yeganə şəkli

Tofiq NURƏLİ

скачать dle 10.4 UTF-8Forex для начинающих