ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Qubanın Buduq kəndi sirlərlə doludur

Qubanın Buduq kəndi sirlərlə doludur

Qubanın Buduq kəndi sirlərlə doludur
Qafqaz regionu dünya sivilizasiyasının ən qədim ocaqlarından biri sayılır. Regionda yerləşən Azərbaycan Respublikası etnik tərkibinin müxtəlifliyi və onların inkişafına diqqətinə görə daima fərqlənir. Əhalinin etnik tərkibi baxımından maraq doğuran ərazilərdən biri respublikamızın şimal-şərqində Quba,Qusar və Xaçmaz rayonlarıdır.
Azərbaycanlılarla bərabər ləzgilər, tatlar, yəhudilər, Şahdağın ətəklərində yerləşdiyinə görə etnoqrafiya elmində “Şahdağ etnik qrupları” kimi məşhur olan xınalıqlılar, qrızlılar, buduqlular, haputlular, ceklilər, əliklilər, yergüclülərin yaşadıqları bu rayonlarda muxtəlifdilli xalqların birgə yaşayış tərzi nəticəsində qarşılıqlı inkişaf prosesi gedir.


Bu yeddi etnoqrafik qrupun mərkəzi igamətgahları Şahdağ yastanında(platosunda) yerləşir və bir-birinə çox yaxın olmaqla hərəsinin ayrı-ayrılıqda adına kəndə var. Qrız, Buduq, Xınalıq, Haput, Əlik, Cek, Yergüc adlı bu kəndlərin hər birisinin tarixi, maddi və mənəvi mədəniyyəti haqqında qalın kitablar yazmaq olar. Say etibarıilə az olsalar da , bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Biz bu yazımızda həmin etnik qruplardan biri olan buduqlular haqda məlumat verəcəyik.


Qədim tarixə məskənlərin bolluğu ilə seçilən Qubanın topanimikasına nəzər salsaq, burada neçə-neçə yüzillər bundan əvvəl xatırlanan yeradlarının bolluğunu görərik. Buduq belə məskənlərdən biridir. Qubanın 64 km cənubi-qərbində, Qaraçayın sol sahilindən 2 km aralı, Böyük-Qafqazın yan silsiləsinin yamacında yerləşən Buduq kəndi buduqluların yaşayış məskəni olmuş və indi də əsas yaşayış yerləri olaraq qalmaqdadır. Buduq yastanında Gülxana (Güləxana) karst mağarasının və eləcə də Qaraçayın sağ sahilində Əmbərə dağında insan əli ilə yonulmuş Qaşa mağarasının olması həmin ərazidə ibtidai insanların yaşadığından soraq verir. Meşəsiz dağlı yamacda yerləşən Buduqun strateji əhəmiyyəti də böyükdür. Buduq kəndində buduq dilində danışan, buduqlular yaşayır. Buduq etnik qrupu, tarixi və etnoqrafik tərəfdən çox az araşdırılıb. Buduqluların mədəniyyətləri də dilləri kimi qrızlıların mədəniyyətnə çox yaxındır. Əldə olan məlumata görə, Buduq kəndinin əsası Qafqaz Albaniyası dövründə qoyulub. Əhalinin Sasani qoşunlarının qəfil basqınlarından qorunması üçün, kənd çətin keçilən yerdə salınıb. (276-ci ildən 651-ci ilə qədər şimali Azərbaycanın bir hissəsi İran dövləti olan Sasanilər tərəfindən işğal olunub).


Buduqlular kənd yollarının keçilməsinin yalnız yay mövsümündə mümkün olduğu, tam ayrı bir ərazidə məskən salıblar. Buduqlular həmin ərazilərin ilkin sakinləridir. Kəndin yaxınlığında yerləşən Küləxana və Əmbərə dağında olan mağaralar, burada qədim sakinlərin mövcud olmasından xəbər verir.
Buduqdan 10 km aralı, Qaraçay dərəsinin əlçatmaz sıldırım qayalıqlarında qədim “Yeddilər” qalasının qalıqları var. Həmin Qaraçay kanyonunda, əlçatmaz qayalıqlarda yerləşən mağarada əhali öz mal-qarasını qəfil hücumlar və basqınlar vaxtı gizlədirmişlər. Qaraçay dərəsinin kanyon başlandığı yerdə, sıldırımlı qayalıqda mağaranın içində “Pir Bənövşə” adlanan müqəddəs bir yer var.

Bu mağarada böyük bir stalaktit var, içində sanki nəhəng bir balıq qulağı salınıb. Buduq kəndinin yaxınlığında, Qaraçayın əks istiqamətində, böyk bir sıldırım qaya üzərində qədim qala və zərdüştlərin dəfn üçün nəzərdə tutduqları məbədi var. Bu qalanı “Daxma” və ya “Sükut qalası” adlandırırlar.

Bu qala tikilişi görünüşdən “8” rəqəmini xatırladır. Kəndin yaxınlığında gözəl bir şəlalə var, yerli adamlar bu şəlaləni “Axçid” yəni, buduq dilindən tərcümədə “hündürdən tökülən su” adlandırırlar.

Buduqda müqəddəs “Çərəkə” dağına (2100 m.d.s.y), Qazma Buduq kəndi yaxınlığında mağara daxili pirə, müqəddəs sayılan “Pir Bənövşə” və mağaralar da daxil olmaqla Qaraçay dərəsinə və s. maraqlı yerlərə getmək olar. Turistlər həmçinin sıldırım qayalıqda yerləşən “Daxma” (“Sükut qalası”) qalasına da qalxa bilərlər.

Qeyd edək ki, buduq türklərini birləşdirən “Buduq” Cəmiyyəti 1994-ci ildə yaradılıb. Amma R.Abdulayevin rəhbərliyi ilə buduq türklərinin fəaliyyəti daha əvvəl başlayıb. R.Abdulayev dedi ki, Cəmiyyət buduq türklərinin mərkəzi olmaqla daima hər vəchlə Buduq kəndi və buduqluların inkişafına səy göstərib, bu istiqamətdə müəyyən işlər görüb: “Bu cəmiyyət hazırda da buduq türklərinin təmsilçisi rolunu oynayır. “Buduq” Cəmiyyəti təkcə buduğu türklərin deyil, həmçinin köməyə ehtiyacı olan istənilən şəxsin fərdi nicat yerinə çevirilib. Cəmiyyətdən ehtiyacı olan minlərlə şəxslər, ailələr yararlana biliblər. Uzun müddət 50 şəhid ailəsinə hər ay maddi yardımlar göstərilib. Bundan başqa çox sayda şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlər, eləcə də ehtiyacı olan digər ailələrə “Buduq” Cəmiyyətinin köməyi dəyib”.

Cəmiyyət rəhbərliyinin təşəbbüsü ilə “Fətəli Xan” Fondu, “Qaçaq Mayıl” mükafatı, əlaçı şagirdlər üçün “Bəylər” mükafatı təsis edilərək öz sahiblərini tapıb. Həmsöhbətimiz bildirdi ki, “Buduq” Cəmiyyəti ölkənin ictimai-siyasi həyatında da əhəmiyyətli işlər görərək, baş verən neqativ hadisələrə öz etiraz səsini ucaldıb: “Qondarma erməni soyqırımının Fransa Senatında tanınması, ABŞ-da bu fantasmaqoriya uydurmanın müzakirəyə çıxarılması kimi absurd fəaliyyətə qarşı bəyanatlar Cəmiyyətin iradəsinin ifadəsi kimi həmin dövlətlərə göndərilib”, deyə o əlavə etdi.

R.Abdullayev respublikamızda mədəni-maarif, nəşriyyat işlərinin inkişafına, idmanın tərəqqisinə töhfəsini verə bilib. 1994-cü ildə Cəmiyyətin mətbuat oqanı olan “Babadağ” qəzeti təsis edilib. Qəzet nəşrindən başqa R.Abdullayev kitab nəşrinə böyük diqqət yetirib. “Buduq və buduqlular” kitabı onun sərmayəsi hesabına nəşr olunub. Cəmiyyət sədrinin sözlərinə görə, hazırda buduq dili tədqiq olunur: “Artıq əlifba hazırlanıb. Buduqca lüğət, buduqca danışıq kitabının işıq üzü görməsi istiqamətində işlər aparılır”.

“Buduq kəndi uzun əsrlər öz varlığını qoruyub saxlaya bilib” deyən R.Abdullayevin fikrincə, bunda buduğu türklərin əməyi böyükdür: “İnanırıq ki, dövlət Buduq kəndinə qayğısını artırsa, bura yol çəkilsə, orta məktəb, tibb məntəqəsi bərpa edilsə, imkanlı şəxslər tərfindən zəbt edilmiş torpaqlar geri alınaraq kəndlilərə verilsə Buduq kəndində yenidən həyat qaynayacaq. Nəticədə buduq və buduğu türklər məhv olmaqdan qurtula bilərlər”. “Buduq” sözü qədim türk dillərində “dəliqanlı, hirsli” mənasını verir. “Buduq” oykonimi buduqlulara qonşu xalqlar, etnik qruplar tərəfində verilmiş addır. Buduqlular isə özlərini “budad” adlandırırlar. Buduqlular Azərbaycanın milli etnik nümayəndələridir.


Buduqlulara dair əldə olunan ilk tarixi məlumat Xlll əsrin sonu XlV əsrin əvvəllərində yaşamış, Fəzlullah Rəşidəddinin “Came ət - təvarix” (Tarixlərin toplusu) əsərində verilib. Müəllif öz əsərində qeyd edir ki, bu qəbilə Tumbine xanın 5-ci oğlu Bat - Kulkinin nəslindən şaxələnib. Çingiz xanın dövründə onların başçısı Uriday idi. Çingiz xan Tayciut qəbiləsi ilə vuruşduğu vaxt, budatlar Çingiz xanla müttəfiq idilər və onun qoşununa birləşmişdilər. Budatlardan çoxlu əmirlər olubmuş, lakin hal-hazırda adları məlum deyil.

Buduqlularla bağlı ilk rəsmi sənəd isə 1607 - ci ildə Səfəvi hökmdarı l Şah Abbas tərəfindən verilmiş fərmandır. Buduq və buduqlular barədə XVlll və XlX əsrin əvvəllərində verilmiş Quba xanlarının - Həsənəli xanın, Fətəli xanın, Şeyxəli xanın fərmanları xüsusi əhəmiyyət kəsb edir.
A. A. Bakıxanovun “Gülüstani-İrəm” əsərində Buduğa və buduqlulara müəyyən yer verilib. XVlll əsrdə Buduq eyni adlı mahalın mərkəzi olub.

Buduqlular tarixən nəsillərə, böyük və ya kiçik ailə birliklərinə bölünüblər və indi də həmin nəsillərin adı ilə tanınırlar. Kəndin qəbirstanlığında hər bir nəslin öz yeri olub. Sosial-iqtisadi şəraitlə əlaqədar olaraq sakinlərin çox hissəsi kəndi tərk ediblər. Kənddə 9 illik təhsilli məktəb və kənd bələdiyyəsi fəaliyyət göstərir.
Digər dağ əhalisi kimi, buduqlular da oturaq həyat tərzi keçirirlər. Onların əsas yaşayış məskənləri Buduq kəndidir.

Buduqun əhalisi payız gələndə öz sürülərini orta zolağa, qışda isə daha düzən yerlərə qışlaqlara aparır, yaya kimi orada xüsusi hazırlanmış yerlərdə qalırlar. Qışlaqlara adətən heyvanların saxlanması üçün yerlər-tövlələr, mağaralar olur.

Buduqda evlər sıra ilə yaylanın yuxarı hissəsində yerləşir. Kənddən təxminən 2-3 km yuxarı, alp çəmənliklərində Qazma Buduq kənd sakinlərinin evləri var. Yastı sahələr az olduğundan evlər çox sıx yerləşdirilib. Evlər qədim, yonulumuş daşdan, divarlara taxtadan arakəsmələr salınıb, bu da evləri zəlzələyə dözümlü edir. Əhali az danışan, lakin qonaqpərvərdirlər. Buduq sakinləri toy, dəfn və digər ailə təntənələrində öz etnik adət - ənənlərinə sadiq qalırlar. Evlərin içərisi əcdadlarının toxuduqları xalça və palazlarla örtülüb. İndiki dövrdə peşələrin bir çoxu unudulub. Çətin vaxtlarda kənd sakinlərinin çoxu qədim mis qabları və digər qədim əşyaları satmışdılar.

Böyük təntənələr zamanı açıq havada güləşmə və digər milli oyunlar təşkil olunur. Kənddə yalnız iki bulaq var ki, sakinlər mis səhənglər və gil qablarla bunlardan evlərə su daşıyırlar. Buduqlular çox təvazökarlıqla əkinçilik və bostançılıqla məşğul olurlar. Maldarlıq çox inkişaf edib. Yayın ortalarında sakinlər heyvanlar üçün yem tədarükü üçün otlaqlara gedirlər.

“Buduq” Cəmiyyətinin sədri Rafiq Abdullayev “Rəalxeber.az”a bildirdi ki, buduqlular Azərbaycanın milli etnik nümayəndələridir: “Buduqluların ana dili buduq dilidir. Buduqlular İslam dininə etiqad edirlər. Kənddə məscid və mədrəsə mövcuddur”.
O qeyd etdi ki, aparılan tədqiqatlar Azərbaycanda hazırda buduqluların 50-60 minə çatdığından xəbər verir: “Zənnimcə dünyada buduq türklərinin ümumi sayı 100-min civarındadır. Belə ki, bu etnosun nümayəndələri Azərbaycanın rayonlarında, Bakıda yaşamaqla yanaşı dünyanın çox yerlərində, o cümlədən qonşu Rusiyada, Dağıstan ellərində kompakt şəkildə məskunlaşıblar. Ayrı-ayrı bölgələrdə buduqlu ailələrin məskunlaşması istisna edilmir”.
Buduqda nə görmək olar?

Buduq kəndindən yuxarıda yerləşən Qazmalardan qədim zamanlarda Buduqa saxsı süd boruları mövcud olub. R. Abdullayevin dediyinə görə, XX əsrin əvvəllərinə qədər həmin borular vasitəsilə kəndə süd ötürülərmiş: “Həmin dövrlərdə Qazmalarda əsasən buduqluların fermaları yerləşirdi. Saxsı borularla gələn süddən sakinlər süd məhsulları düzəldirdilər”.скачать dle 10.4 UTF-8Forex для начинающих