BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şahdağlı məşhur tarixçi vəfat etdi

Şahdağlı məşhur tarixçi vəfat etdi

19 avqust 2024-cü il

 

Tanınmış tarixçi, şair, şərqşünas və tərcüməçi, Şahdağ xalqlarından olan Buduqların nümayəndəsi Şahin Fazil vəfat edib.

Mərhum professor 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, tarix elmləri doktoru Şahin Fazil oğlu Fərzəliyev 27 mart 1940-ci ildə anadan olub.

1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirib. O, 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərib. 1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edib, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışıb, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləyib, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olub, 1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirib. Vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirib.

200-dən çox çapdan çıxmış elmi əsərlərin müəllifi olub. 2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub.

Şahin Fazil “Əlini ver mənə”, “Yenə görüşərik”, “Quba tarixi” kitablarının və poetik Divanların müəllifidir.

Allah rəhmət eləsin!

 

Şahin Fazilin həmyerlisi və dostu, AMEA-nın müxbir üzvü, məşhur arxeoloq alim professor İlyas Babayevin ölümünə həsr etdiyi qəzəl 

 

Bu gün onun dəfninə gedərkən maşında bu şeiri yazdım.

 

 

Sevdiyi dünyasını tərk etdi İlyas dostumuz,

Qəlbimizdə qalsa da, ah, getdi İlyas dostumuz.

 

Bisəbəb bir kimsə dünya mülkünə gəlməz qəti,

Yoxdu şəkk, Allahdan dəvətdi, İlyas dostumuz!

 

Çox-çox illər qazdı torpaq, açdı torpaq sirrini,

Qazdığı hər torpağa şöhrətdi İlyas dostumuz.

 

Bir salam et İlyas adlı sən Nizami şairə,

Yad elə çox alimi, fürsətdi, İlyas dostumuz.

 

Müxbir üzvü olmusan elm aləminin, mərhəba!

Qədrini, əlbət, bilən dövlətdi, İlyas dostumuz!

 

Dəfninə getməkdəyik Fəxrəddin ilə biz bu gün,

Gözlə, gəllik yanına, növbətdi, İlyas dostumuz!

 

Kəndini yad eyləyərdin il boyu illərlə sən,

Xanəgahə yoxluğun zillətdi, İlyas dostumuz!

 

Qış çağında toplaşıb millət gəlibdir dəfninə,

Qədrini yüksək tutan millətdi, İlyas dostumuz!

 

Biz də bir gün aləmi tərk eylərik, amma bu gün

Səndən ayrılmaq bizə zillətdi, İlyas dostumuz!

 

Var gümanim ki, tapar cənnət bağında öz yerin,

Şahina, zənn etmirəm ki, itdi İlyas dostumuz!

 

28 dekabr 2017

Bakı-Quba-Xanəgah yolu

скачать dle 10.4 UTF-8Forex для начинающих