BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şahdağlı professor ABŞ-da vəfat edib

Şahdağlı professor ABŞ-da vəfat edib

8 iyun 2024-cü il

 

Yaxınlarının saytımıza verdikləri məlumata görə, məşhur həmyerlimiz, Puerto-Riko Universitetinin professoru, Şahdağ xalqlarından buduqluların nümayəndəsi Səbzəli Əbil oğlu Cavadov bir neçə gün əvvəl 64 yaşında Mayamidə (ABŞ) qəflətən dünyasını dəyişib. 

 Azərbaycan və ABŞ alimi, tibbi biokimyaçı və fizioloq, tibb elmləri doktoru (1992), professor (1993), Amerika Kardioloqlar Cəmiyyətinin fəxri üzvü (2015), Amerika Fizioloqlar Cəmiyyətinin üzvü (2009), Amerika Redoks Biologiya və Tibb Cəmiyyətinin üzvü (2015), Amerika Milli Sağlamlıq İnstitutunun (2017) və Amerika Kardiologiya Cəmiyyətinin elmi qrant komitələrinin üzvü (2015), İngiltərə (2012), Belçika (2010), Çexiya (2011) və Xorvatiyanın (2010) elm fondlarının Ad-hoc üzvü Səbzəli Cavadov 20 may 1960-cı ildə Xaçmazın Qaradağ-Buduq kəndində ziyalı ailəsində dünyaya gəlib. 

 1977-ci ildə Bakı şəhəri Kimya-biologiya təmayüllü respublika liseyini bitirib. 1977-1983-cü illərdə Piroqov adına 2-ci Moskva Tibb İnstitutunun (indiki adi: Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universiteti) tibbi-biologiya fakültəsində biokimya ixtisası üzrə təhsil alıb. 1983-1986-cı illərdə SSRİ Tibb Elmləri Akademiyası Ümumittifaq Kardiologiya Elmi Mərkəzinin Eksperimental Kardiologiya İnstitutunda aspirant olub. 1985-ci ildə Mərkəzin aspirantları və gənc alimləri arasında keçirilən elmi müsabiqənin qalibi olub və fəxri fərmanla təltif edilib. 1986-cı ildə biokimya və kardiologiya ixtisasları tibb elmləri namizədi alimlik dərəcəsi alıb. 1986-1993-cü illərdə Azərbaycana qayıdıb Elmi-Tədqiqat Kardiologiya İnstitutunda işə başlayıb, respublikada ilk eksperimental kardiologiya laboratoriyasını təşkil edib və ona rəhbərlik edib. 1992-ci ildə Rusiya Kardiologiya Elmi-İstehsalat Kompleksi (indiki adi: Rusiya Milli Tibbi Elmi-Tədqiqat Kardiologiya Mərkəzi) və Rusiya Xalqlar Dostluğu Universitetinin müştərək elmi şurasında doktorluq dissertasiyası müdafiə edib. 1993-2003-cü illərdə Azərbaycan Tibb Universitetində biokimya kafedrasının professoru olmuş və eyni zamanda "Hüceyrə patologiyasının biokimyası" problem elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. 1993-2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini vəzifəsində çalışıb və Komissiyanın Rəyasət Heyətinin üzvü olub. 2003–2008-ci illərde Kanadanın Qərbi Ontario Universitetinin (indiki adı: Qərb Universiteti) Tibb fakültəsinin dəvəti ilə Kanadaya köçüb və elmi tədqiqatlarını bu universitetdə davam etdirib. 2009-cu ildən ABŞ-da Puerto Riko Universitetinin Tibb Fakültəsinin professoru və Ürək Mitoxondrilərinin Tədqiqi Elmi Laboratoriyasının direktoru idi.

Cavadov ürək biokimyası və fiziologiyası üzrə xüsusi təlim və təcrübəyə malik beynəlxalq səviyyədə tanınmış alimdir. Onun tədqiqatları əsas etibarilə müxtəlif heyvan, orqan və hüceyrə eksperimental modelləri və sistemlərindən istifadə etməklə, koronar ürək xəstəlikləri (miokard infarktı və işemiya-reperfuziya) zamanı ürək disfunksiyasında, həmçinin beyin-ürək çarpazlığında mitoxondrilərin rolunun aydınlaşdırılmasına yönəlib. Son illər o, ürək hüceyrələrində apoptoz, nekroptoz, ferroptoz, piroptoz və autofagiya kimi müxtəlif ölüm mexanizmlərində mitoxondrilərin rolunu araşdırır. Həmçinin, Cavadov ürək xəstəliklərinin müalicəsi üçün yeni motoxondriyaya istiqamətlənmiş terapevtik strategiyaların işlənib hazırlanmasında iştirak edirdi. Cavadovun tədqiqat işləri Amerika Milli Sağlamlıq İnstitutunun və Amerika Elm Fondunun qrantları hesabına maliyyələşdirilirdi.

 

Professor S.Cavadov zun illər Almaniya, Fransa, Macarıstan, Kanada və İngiltərənin taninmış universitetlərində elmi mühazirələrlə çıxış edib. O,  yüzlərlə elmi məqalə  müəllifi eksperimental  kardiologiya, ürək çatışmazlığının molekulyar və hüceyrə mexanizmlərinin öyrənilməsində aparıcı tədqiqatçı olub.

 

Elmi nailiyyətləri:

  1. Ürəyin işemiya-reperfuziya zədələnməsində mitoxondrilərin keçiriciliyinin rolunu araşdırıb.
  2. İşemik prekondişin və natrium-hidrogen dəyişdirici inhibitorlarının kardioprotektiv təsirlərində mitoxondrilərin rolunu müəyyən edib.
  3. Ürək işemiya-reperfuziyası zamanı mitoxondria tənəffüs superkomplekslərinin rolunu aşkar edib.
  4. Miokard infarktı və işemiya-reperfuziya zədələnməsinin müalicəsi üçün yeni azot oksid tərkibli mitoxondriyaya hədəflənmiş antioksidanların təsir mexanizmlərini öyrənib.
  5. Digər ölüm mexanizmləri ilə müqayisədə ürəkdə ferroptotik hüceyrə ölümündə mitoxondrilərin rolunu öyrənib. 

 

 Allah rəhmət eləsin!

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих