Türkiyədə Dağıstan ruhu12 oktyabr 2021-ci il
Bu ilin 7-10 oktyabr tarixlərində Türkiyə və Dağıstan xalqlarının həyatında yaddaqalan bir hadisə baş vermişdir. Hər iki ölkənin həyatında ilk dəfə olaraq birgə tarix və mədəniyyət simpoziumu keçirilmişdir. Həmin tədbir Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən “Dağıstanlılar Eğitim Kültür Yardımlaşma Derneği”nin təşəbbüsü, təşkilatçılığı və maddi dəstəyi ilə baş tutmuşdur. Bu ideyanı reallaşdirmaqdan ötrü Yaşar Özün və onun həyat yoldaşı Asiyat Özün çəkdiyi zəhməti və maliyyə xərclərini xüsusi qeyd etmək lazımdır. Sevindirici haldır ki, onların səyləri sayəsində YTB (Yurt Dışı Türkler ve Akraba Topluluklar Başkanlığı) da simpoziumun keçirilməsini dəstəkləmişdir.
Simpoziumun ilk günündə Ankara şəhərində on il əvvəl salınmış Şeyx Şamil parkında türklərin böyük məhəbbətlə “Qafqaz qartalı” adlandırdıqları İmam Şamilin büstünün təntənəli açılışı oldu. Ankaranın Etimesqut bələdiyyəsinin, Türkiyədəki Rusiya səfirliyinin, Dağıstan diaspor nümayəndələrinin və simpozium iştirakçılarının qatıldıqları tədbir təntənəli şəkildə keçmiş və toplaşanlara qürurlu anlar yaşatmışdır. Oradan Ankaranın Tarix Parkına yollanan simpozium iştirakçıları bu möhtəşəm muzeydə türk dövlətinin bütün dövrlərinin hökmdarlarına ucaldılmış monumental heykəllərə maraqla tamaşa etmişlər. Türklərin öz tarixlərinə olan böyük sevgi və ehtiram hissini milli qürur səviyyəsinə çatdırdıqlarını dərk etmək qürürverici idi.
Simpozium keçirmək ideyası filoloq, doktor Asiyat xanıma məxsusdur. Azərbaycanın Balakən rayonunda doğulmuş, Bakıda ali təhsil aldıqdan sonra namizədlik dissertasiyası müdafiə etmiş, ali məktəblərdə pedaqoji fəaliyyətlə məşğul olmuş Asiyat Tinayeva avar xalqının tanınmış nümayəndəsidir. Avar ədəbiyyatının və mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanması sahəsində onun səyləri təqdirəlayiqdir. Bakıda Azərbaycan və avar dillərini məhəbbətlə tədris edən bu xanım ailə qurub Türkiyəyə köçəndən sonra türk ədəbiyyatı və filologiyası sahəsində öz biliklərini dərinləşdirməklə məşğul olur. Dağıstan-Türkiyə, Azərbaycan-Türkiyə mədəni əlaqələrini möhkəmlətmək sahəsində əlindən gələni edən Asiyatdan həyat yoldaşı Yaşar Öz köməyini əsirgəmir. Bu cütlüyün ideyasını “Dağıstan və dağıstanlılar” dərnəyinin sədri Fatin Dagçinarın dəstəkləməsi və ürəklə onlara yardımçı olması sayəsində tədbir baş tutdu. Dağıstandan və Azərbaycandan simpoziuma dəvət olunan 63 nümayəndə arasında bu məqalənin müəllifi də var idi.
Üç gün ərzində Dağıstan alimlərinin qədim və orta əsrlər dövrü Dağıstan tarixi, Dağıstan dillərinin tarixi əlaqələri və bu sahədə tədqiqatlar, qlobal mədəniyyətlərarası əlaqələr çərçivəsində Qafqazın və Dağıstanın etnoqrafiyası, Dağıstanla Türkiyənin mədəni əlaqələri və s. mövzularda məruzələri diqqətlə dinlənildi. Tanınmış tarixçilərin, arxeoloqların, filoloqların, hüquqşünasların, yazıçıların iştirakı ilə keçirilən müzakirələr canlı və yaddaqalan oldu. Dağıstanın tanınmış tarixçi alimləri Məhəmmədxan Məhəmmədxanovun, Murtazali Hacıyevin, Ramazan Abdulməcidovun, Murtazali Hacıyevin və başqalarının məruzələri alqışlarla qarşılandı. Tarix elmləri namizədi Maysarat Musayevanın məruzəsi də canlılığı ilə yadda qaldı.
Türkiyə Ticarət Universitetinin rektoru, professor Yücel Uğurlunun Qafqaz dillərinin qohumluq əlaqələri haqqında məruzəsi də marağa səbəb oldu. Hüquq elmləri doktoru, professor Yücel Uğurlu son illər elmin daha bir sahəsi – dilçilik və linqvistika ilə məşğul olmağa başlayıb. Onun bu sahədəki uğurları artıq bir sıra alimlərin diqqətini cəlb edib. Simpoziumda onun Dağıstan dillərinin bir vaxtlar eyni bir kökdən necə əmələ gəldiyini əyani şəkildə, cədvəllər vasitəsi ilə izah etməsi canlı müzakirələrə səbəb oldu.
Simpoziumun maraqlı anlarından biri Dağıstanın xalq şairi Məhəmməd Həmzəyevin Mahaçqalada avar dilində işıq üzü görmüş “İmam Şamil” kitabının türk dilinə tərcümə olunmuş nəşrinin təqdimatı oldu. Qeyd edək ki, onu türkcəyə Asiyat və Yaşar Öz çeviriblər. Simpoziumda doktor Asiyat xanımın çıxışı səmimiyyəti ilə hamını duyğulandırdı.
Simpozium iştirakçılarının tez-tez səsləndirdiyi ən maraqlı fikirlərdən biri Türkiyə arxivlərində qorunub saxlanan Dağıstan və ümumən Qafqaz tarixinə aid qiymətli sənədlər, arxiv materialları ilə yaxından tanış olmaq üçün iki ölkə alimləri arasında yaradıcılıq əlaqələrinin yaradılmasına səy göstərmək məsələsi idi. Bu fikir hamının ürəyincə oldu və həmin sahədə ciddi addımlar atmaq planlaşdırıldı.
Üç gün keçən səmərəli müzakirələrdən sonra simpozium iştirakçılarını olduqca maraqlı mədəni-kütləvi tədbirlər proqramı gözləyirdi. Onlara Ankaranın, Çanaqqalanın, İstanbulun və digər şəhərlərin tarixi memarlıq abidələri, elm mərkəzlərində olmaq, Türkiyə dağıstanlılarının tanınmış nümayəndələri ilə yaxından tanış olmaq fürsəti verildi. Ümumiyyətlə, simpozium xoş təsir bağışladı və özündən sonra gözəl təəssüratlar buraxdı.
Sədaqət KƏRİMOVA,
Ankara-Bakı
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |