Quba rayonu ərazisində, Xınalıq kəndində, mənzərəli yüksək bir yerdə yerləşən Əbu Müslüm (Cümə) məscidi qədim tarixi əhəmiyyətli və öz ölçülərinə görə kəndin ən iri memarlıq abidəsidir. Dünyada olan ən hündür yaşayış məntəqələrindən biri olan Xınalıq kəndi dəniz səviyyəsindən 2350 m yüksəklikdə yerləşir. Təkcə Azərbaycanda deyil, bütün dünyada nadir etnoqrafik yaşayış məntəqəsi sayılan Xınalıq, 5000 il tarixə malikdir. Bu kəndə bənzər digər qədim yaşayış məntəqəsi kimi yalnız İlisu kəndindən 7 km şimali-qərbdə, 1800 km yüksəklikdə yerləşən Sarıbaş kəndini misal göstərmək olar. Dağ kəndlərində ərazinin enişli-yoxuşlu olması evlərin birbaşa küçələr ətrafında yerləşməsinə imkan vermədiyinə görə binalar nisbətən hamar yerlərdə qrup şəklində tikilir. Bu qruplar arasında təbii yaşıllıq sahələri olmadıqda bağlar salınır. Belə kəndlərin bəzilərində məhəlli xarakterli küçələr də yaradılır. Quba (Xınalıq və Afurca kəndləri), Qax (Sarıbaş kəndi), Qusar (Hil kəndi) rayonlarında və Daşkəsəndə (Bayan kəndi) evlər bəzən də dağ döşündə, yaruslar şəklində tikilir.
Xınalıq məscidinin həcmi qəsəbənin ümumi məkan kompozisiyasında dominant rolunu oynayır. O, hicri 1306-cı ildə (miladi 1889-cu il) ildə kəndin ən hündür yerində inşa edilmişdir. Ölçüsünün böyüklüyü baxımından “Cümə məscidi” adlandırılır. Yerli əhali buranı pir kimi də tanıyır. Ümumiyyətlə, kənddə mövcud olan bir çox məsçidlər tarixən pir adlandırılıb. Yerli memarlıq üslubunda inşa olunan abidə çay və qaya daşından, saman qarışdırılmış gil məhlulu ilə hörülmüşdür. Xınalıq tikililərini ümumiyyətlə taxçalar, bəzilərinin səthində oyma ornamentlər olan sadə ağac dirəklər, rəflər, xalılar və s. bəzəyir. Xınalıqda bir neçə bu tipli, lakin ölçücə daha kiçik olan məscidlər vardır ki, bu məscidlərin də memarlıq üslubu və tikinti texnikası Cümə məscidininki ilə eynidir. Abidə uzun zaman kəsiyində tikildiyi üçün, onun görkəmində müxtəlif dəyişikliklər olmuşdur. Bu dəyişikliklər, onun həm daxili, həm də xarici görkəminə təsir etmişdir. Müxtəlif yazılı mənbələrə, eyni zamanda abidənin üzərində aparılan araşdırmalara əsasən, onun üzərində aparılmış dəyişikliklər müəyyən edilmiş və bərpa layihəsində məscid mümkün qədər öz ilkin vəziyyətinə qaytarılmışdır.
Məscid bir ibadət zalından və eyvandan ibarətdir. Əsas giriş qərb fasadın sol küncündəndir. Girişin bu cür yerləşməsi, ibadət zalının bütün sahəsinin rasional istifadəsinə imkan verir. Görünür ki, yalnız mühitin relyefi deyil, eyni zamanda yerli iqlim şəraiti də tikililərin qapalı olmasını diktə edirdi. Bu səbəbdən bərk küləklərin olması tikilinin hansı istiqamətdə yerləşməsinə heç bir təsir etmirdi, yalnız qapı boşluqları qoyulan zaman qərb küləklərinin istiqaməti nəzərə alınırdı.
Plan cizgisində yarımçevrə şəklində, oxvari tağ ilə tamamlanan mehrab taxçasının qurğusu müəyyən maraq kəsb edir. Mehrabın həcmi məscidin cənub divarının səthindən kənara çıxır. Məscid kəskin mailliyi olan relyefli ərazidə yerləşmişdir. Bu səbəbdən cənub və qərb tərəfdən istinad divarı üzərində inşa olunmuşdur.
Burada bir neçə tip ağac sütunlar vardır. Sütun və sütunüstü tirlər əsasən möhkəm lifli palıd ağacındandır. Sütunlar əsasən kronşteyn hissəsinə, üzərindəki ornament müxtəlifliyinə və ölçülərinə görə bir-birindən fərqlənir. Ağac üzərində oyma ornamentləri olan taxta sütunlar sadə interyer həllinə malik məscidə xüsusi gözəllik verir. Sütunların üzəri qədim oda sitayiş dövrünün xatırlatması kimi Günəş rəmzləri ilə bəzədilmişdir. Bu, Xınalıq əhalisinin islam dinindən əvvəl oda sitayiş etmələrindən irəli gəlir. Həm ibadət zalında, həm də eyvanda, tavanın taxta konstruksiyasını saxlayan sütunlar vardır.
Sütunlar 10 sm-ə qədər torpağa daxil olur. Sütunun əsası sal daşa bərkidilmişdir. İbadət zalından fərqli olaraq eyvandakı ağac dirəklər, atmosfer təsiri nəticəsində deformasiyaya uğramış, üzərindəki oyma ornamentlər müəyyən yerlərdə görünməz vəziyyətə düşmüşdür. Sütunlar üzərindən 20 sm enində tirlər, onların üzərindən isə aralarında 70 sm məsafə olmaqla taxta atmalar keçir. Taxta atmalar rekonstruksiya zamanı quraşdırılıb. Sonradan quraşdırılan, diametri 19 sm olan atmalar şam ağacındandır. Xınalıq dağ ərazisində yerləşdiyinə və yaxınlıqda meşə olmadığına, eyni zamanda yollarda gediş-gəlişin çətin olması ilə əlaqədar, kəndin tikililərinin memarlığında ağac materialından az istifadə olunub. Əsasən qapı və pəncərələr, interyerdəki dirəklər və dam örtüyü ağacdan idi. Tikililərin ölçüsünün daha böyük olması interyerdə yerləşən sütunların sayından aslıdır. Bütün sadalanan problemlər, yəni tavanın taxta konstruksiyası, sütunların bünövrəsinin möhkəmləndirilməsi, taxta sütunların kronşteynləri üzərindəki ornamentlər, qapı və pəncərələr abidə üzərində aparılan tədqiqatlar nəticəsində işlənilən bərpa layihəsində nəzərdə tutulmuş norma və qaydalara əsasən bərpa olunur.
Məscidin yastı dam örtüyü, rekonstruksiya işləri zamanı metal lövhədən ibarət bucaqlı dam örtüyü ilə əvəz olunmuşdur. Bərpa zamanı dam yenidən ilkin vəziyyətinə qaytarılıb. 2 əsas elementdən - yük daşıyan və qoruyucu hissədən ibarət olan dam konstruksiyası öz həll sadəliyi ilə fərqlənir. Divar və sütunlara, üzərinə ağac lövhələr vurulan, bir-birindən 60-70 sm məsafədə yerləşən tirlər dirənir. Alınan döşəmə üzərinə adətən qalınlığı təxminən 50 sm olan gil tərkibli torpaq tökülür (Xınalıq dilində - “maqal”), saman (Xınalıq dilində - “nuk”) ilə örtülür. Örtüyün sıxlaşdırılması, xüsusi daş katok-vərdənə (Xınalıq dilində - “kurnan”) vasitəsi ilə yerinə yetirilirdi. Sızmanın qarşısını almaq üçün müəyyən vaxtdan bir örtüyün hamarlanması həyata keçirilirdi. Bu çətinliyi aradan qaldırmaq və sütunlar üzərinə düşən yükü azaltmaq üçün üst təbəqəsi 10 sm olan gil-torpaq qatının altından istilik izolyasiya materialından istifadə olunur. Dam örtüyü (Xınalıq dilində - “qis”) tikilini atmosfer təzyiqindən qoruyur. Eyni zamanda o, divar və dayaq sütunlarına ötürülən, öz kütləsindən başqa həmçinin müvəqqəti yükü (insan, qar və s.) qəbul edən yükdaşıyan element funksiyasını yerinə yetirir. Bu fakt daxili dayaqların yetərincə möhkəm və enli olmasını tələb edir. Xınalıqda tikililər relyefdə yerləşdiyi üçün onların damından meydança kimi istifadə olunurdu ki, dam örtüyünün bərpasında bu fakt nəzərə alınıb.
Məscid bu yaxın vaxtlara qədər yarıuçulmuş vəziyyətdə idi. 1968-ci ildə yerli ustalar tərəfindən binada təmir işləri aparılmışdır. Nəticədə Cümə məscidinin qərb və şərq divarları 3 m məsafədə binanın dərinliyinə doğru çəkilmişdir. Bunun nəticəsində ibadət zalının ölçüsü kifayət qədər kiçilmişdir. Həmin səbəbdən qərb tərəfdən örtülü veranda, şərq tərəfdən isə açıq terras əmələ gəlmişdir. Rekonstruksiyaya qədər məsciddə pəncərə boşluqları yox idi və yastı damda quraşdırılan işıq-tüstü boşluqlarından işıqlandırılırdı. İşıq-tüstü boşluqları iki tipdə - dairəvi və düzbucaqlı formada olur. Ümumiyyətlə dam örtüklərinin yastı olması kəndin təbii şəraiti ilə bağlıdır. Belə ki, burada tikilən abidə və yaşayış evləri relyefli ərazidə inşa edildiyinə və həmçinin həyətyani sahəsinin olmadığına ğörə bu yastı damlar eyni zamanda orada yaşayan əhali üçün həyət rolunu oynayırdı. Bir evin sakini digər qonşunun damından istifadə edirdi. İbadət zalının döşəməsi gildən idi və yerli xalılarla örtülürdü.
Divarın hörgüsündə müəyyən yerlərdə müşahidə olunan bəzi daşların üzərində ərəb yazıları ilə yanaşı müxtəlif naməlum işarələrə də rast gəlmək olar. Ehtimal ki, bu qədim türk runi yazılarının izləridir. Belə işarələrə Damdamı çayı (Xınaıq dilində - “Damdaminka”) yaxınlığındakı şəlalə ilə üzbəüz yerləşən Kinder dağındakı (Xınalıq dilində - “Kinder dahar”) sal daşın üzərində rast gəlmək olar. Həmçinin Cabbar baba pirinin yerləşdiyi qədim qəbiristanlıqda da naməlum işarəli yazılar və müxtəlif fiqurların həkk olunduğu qədim daş kitabələr mövcuddur. Qeyd etmək lazımdır ki, Cənubi Azərbaycanın Haput adlı kəndindəki qədim məbədin xarabalıqlarında da, türk runi yazılarına rast gəlinmişdir. Bu məlumatlar Şahdağ xalqlarının qədim türk köklərinin olması ehtimalımızı daha da gücləndirir. Bu fakt yazı mədəniyyətimizin qaranlıq, öyrənilməmiş səhifələrindən biri olan Orxon-Yenisey əlifbasının Azərbaycanda da tətbiq edilib edilməməsi məsələsinə aydınlıq gətirə bilər.
İbadət zalının divarlarına əhəng məhlulu ilə suvaq vurulmuşdur. Şimal divarının səthində iki yerdə zondaj olunaraq, onun hörgüsünün vəziyyəti müəyyən edilmişdir. Cənub divarı, torpaq sürüşməsi və atmosfer təsiri nəticəsində deformasiyaya uğramışdır, üzərində hörgünün dərinliyinə doğru gedən çatlar müşühidə olunurdu. Bu divarda yerləşən mehrab demək olar ki, tamamilə dağılmaq üzrə idi. Mehrabın dağılmamış səthində suvaq altından zəif tonla ornament sezilirdi. Bu hissələr yuyularaq, onun rəngi və forması müəyyən edildi. Divar sökülüb yenidən hörüləcəyinə görə mehrabın mövcud hissəsindəki ornamentin digər hissələri də bərpa olunaraq şablon şəklində işləndi. Ornament eyni tərkibli boya vasitəsi ilə əhəng məhlulu ilə suvaq olunmuş divar səthin üzərinə çəkilir. Digər divarlar isə yenidən əhəng məhlulu ilə suvaqlanır.
Mehrabın yerləşdiyi bu divarın möhkləmləndirilməsində müasir tələblər nəzərə alınmışdır. İndiki zamanda binanın bünövrəsinin möhkəmləndirilməsi üçün bir çox metodlar var. Lakin tarixi-mədəniyyət irsi və bərpa meyarlarının qəbulu uyğun möhkəmləndirilmə texnalogiyası və stabilləşmə üsulunun seçilməsinə təsir edir.
Memarlıq abidələrinin qorunmasına olan müasir yanaşma “Avropa memarlıq irsinin qorunması konvensiyası” (Qrenada,1985-ci il), əsas bərpa prinsipləri isə Afina (1931-ci il) və Venesiya (1964-cü il) redaksiyalarında “Abidələrin və tarixi yerlərin bərpası və saxlanılması üzrə ümumxalq birliyi” qanunvericilikdə öz əksini tapmışdır.
İncəsənət sahəsi kimi memarlığın spesifikası özündə əsrin mühəndisi biliklərinin memarlıq abidələrində əks edilməsini və inşaatçıların ustalıq səviyyəsini görməyə imkan verən xüsusiyyətləri cəmləşdirir. Bu şərhə əsasən binanın torpaq altında olan elementləri əsasın quruntunun yaxşılaşdırılmasının konstruktiv metodları, tarix və mədəniyyət abidələrinin ayrılmaz hissəsidir. Onların dəyişdirilməsi və ya aradan qaldırılması, binanın mövcud olmasına aşkar təhlükə yarandıqda mümkündür.
Şərq fasadı tərəfində, məscidin hörgüsündən kənara çıxmış şimal divarının qalığı, gələcəkdə aparılacaq araşdırmalar nəzərə alınaraq qorunub saxlanılıb. Yerli əhali arasında aparılan sorğu, müəyyən mənbələrin araşdırılması və arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, məscidin şərq divarı, sonrakı dövrlərdə 3 m içəriyə doğru çəkilmişdir. Bu hissədə torpaq sürüşməsinin qarşısını almaq məqsədi ilə, istinad divarı tikilir ki, o da eyvan rolunu oynayır. Şərq və qərb eyvanlarının döşəməsi yerli qaya daşı ilə üzlənir. Məbədin interyerində, döşəmədə istifadə olunmuş taxta elementlər, yəni sütunlar, taxta tavan konstruksiyası uyğun taxtadan istifadə olunaraq layihələndirilmişdir. Taxta sütunların möhkəmləndirilmə konstruksiyalarını gizlətmək məqsədi ilə yerli daşdan istifadə edərək, onun aşağı hissəsində sanki baza yaradılıb ki, bu da interyerin ümumi görünüşünə uyğundur. Abidənin yerləşdiyi kəndin qışı sərt olduğundan, kəskin şaxta nəzərə alınaraq, isitmə sistemi kimi məscid sobalarla təchiz edilməsi məqsədəuyğun bilinib.
Abidənin ətrafındakı ərazidə abadlıq işləri baxımından, əhalinin gediş-gəlişini təmin etmək məqsədi ilə müvafiq yerlərdə pilləkənlər quraşdırılıb. Abidənin ətrafı işıqlandırılır.
“Hər bir tarixi abidəmizə dəyər verək ki, onun önəmli xüsusiyyətləri üzərində gələcək mühitimizi quraq.”
Qeyd etmək lazımdır ki, Joltovski, Korbüzye, Fomin və digər memarlar, öz fikirlərini daha dəqiq və anlayışlı etmək üçün, xalq tikililərinə istinad edirdilər. Çünki bu tikililərdən, sanki toxumdan cücərən bütöv memarlıq ağacı inkişaf edirdi.
İstifadə edilən ədəbiyyat: G. Mehmandarova. Xınalıq. Bakı, 1993.
скачать dle 10.4 UTF-8Forex для начинающих