BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Meksikanın məşhur jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub

Meksikanın məşhur jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub

Meksikanın məşhur jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub
Bakı, 17 oktyabr 2016, AZƏRTAC
Azərbaycanın Meksikadakı səfirliyinin təşəbbüsü və məlumat dəstəyi ilə ingilis-ispan dilli lüks kateqoriyalı “Amura Yachts & Lifestyle” jurnalının “Azərbaycan - Odlar Yurdu” sərlövhəli təqdimat xarakterli xüsusi buraxılışı dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, əsasən zəngin təbəqədən olan oxucu kütləsinin və iş adamlarının diqqətini cəlb etmək üçün nəzərdə tutulmuş jurnalın xüsusi buraxılışında ölkəmizin tarixi, mədəniyyəti, turizm imkanları, kulinariyası, coğrafi mövqeyi, iqtisadiyyatı və əhalinin həyat səviyyəsi barədə məlumatlar və nəfis şəkillər yer alıb.
Jurnalda Azərbaycanın qədim tarixinin insanın yaranışı ilə bir dövrə təsadüf etdiyi qeyd olunur və bu ərazidə yaşayanların mədəni irsinin paleolit dövründə qayaüstü yazılarda əks olunmasından bəhs edilir. Bildirilir ki, Azərbaycan Avropanın və Asiyanin qovuşuğunda yerləşdiyi üçün burada məskunlaşan xalqın zəngin və nadir mədəniyyətinin təşəkkül tapmasında çoxsaylı sivilizasiya və mədəniyyətlərin təsiri əvəzsiz olub. Xüsusi buraxılışda Zərdüştün bu torpaqlarda anadan olduğu, onun təliminin buradan yayılmağa başlandığı qeyd olunur və çoxsaylı atəşpərəstlik məbədlərinin mövcudluğu buna sübut kimi göstərilir. Eyni zamanda, qədim vikinqlərin indi yaşadıqları ərazilərə Qafqaz dağlarından köç etmələrindən bəhs olunur.
Xüsusi buraxılışda ideal coğrafi şəraitin Azərbaycanı Çin, Asiya, Avropa, Hindistan, Rusiya və İran arasında bağlayıcı halqaya çevirdiyi bildirilir. Azərbaycanın 1847-ci ildə dünyada ilk dəfə neft çıxaran ölkə olduğu vurğulanır, respublikamızda bu və digər sahələrdə əldə olunan nailiyyətlərdən, mövcud təbii qaz ehtiyatlarından bəhs edilir.
Həmçinin Azərbaycanın mədəni sərvəti olan, musiqi, poeziya və fəlsəfənin sintezindən ibarət muğamın nəsildən-nəslə keçdiyi qeyd edilir, musiqi alətlərimiz tar, kamança və qaval haqqında ətraflı məlumat verilir. Növbəti səhifələrdə Bakının tarixi yerləri olan İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı barədə ətraflı söhbət açılır.
Müasir Bakı haqqında məlumat verilərkən, göydələnlərdən, dəbdəbəli ticarət mərkəzlərindən, şəhərdə 24 saat ərzində təmin olunan təhlükəsizlikdən, o cümlədən çimərliklərdən, təmiz və səliqəli küçələrdən, lüks hotellərdən, restoranlardan bəhs edilir. Bundan başqa, Bakı Bulvarındakı əyləncə mərkəzləri, müxtəlif yaş kateqoriyalarına aid insanlara göstərilən çoxçeşidli xidmətlər, ərazini bəzəyən flora nümunələri haqqında məlumat verilir, burada 300 il yaşı olan ağacların olduğu qeyd edilir, möhtəşəm “Baku Crystal Hall” barədə söhbət açılır.
Sonrakı səhifələrdə bu ilin iyun ayında Bakıda uğurla keçirilmiş “Formula-1” yarışı ilə bağlı fotoşəkillər yerləşdirilib. Həmçinin jurnalda Azərbaycandakı tarix və incəsənət muzeylərindən, Opera və Balet Teatrından, məscid və kilsələrdən, Gəncə, Quba, Şəki, Lənkəran və Naxçıvan kimi şəhərlərimizdən bəhs olunur. Dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Heydər Əliyev Mərkəzi barədə də məlumat verilir. Buraxılışın növbəti səhifələrində dünyanın 6 ən qədim və məşhur at cinsinə aid olan Qarabağ atlarından bəhs edilir və geniş planda nəfis tərtibatlı şəkillər təqdim olunur.
Daha sonra Bakıdan 64 kilometr aralıda yerləşən, paleolit dövründən qədim insan məskəni olan Qobustan haqqında geniş məlumat verilir, buradakı tapıntıların 10 min il tarixə malik olduğu, son tədqiqatların nəticələrinə əsasən bu tarixin 35-40 min il əvvələ gedib çıxdığı qeyd olunur, “Kiçikdaş”, “Böyükdaş” qaya rəsmləri və “qaval daş” barədə məlumat verilir. 2007-ci ildə Qobustanın UNESCO-nun Ümumdünya İrs Siyahısına salındığı və bu ərazidə üç yüzdən artıq palçıq vulkanının olduğu qeyd edilir. Eyni zamanda, 2013-cü ildən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə bu ərazinin Qobustan Dövlət Tarixi-Bədii Qoruğu kimi fəaliyyət göstərdiyi bildirilir.
Xüsusi buraxılışda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumat verilir, onun insanlığın nadir hallarda bəşəriyyətə bəxş etdiyi aqillərdən biri olduğu vurğulanır. Nizami Gəncəvinin bütün əsərləri adbaad sadalanaraq onun miras qoyduğu irsin Azərbaycan, İran, Tacikistan, Əfqanıstan və digər ölkələr üçün paylaşılan bir dəyər, xəzinə olduğu vurğulanır.
Sonda Azərbaycan ərazisində mövcud olmuş dövlətlər barədə müfəssəl məlumat verilir. Qara dənizdən Xəzər dənizinə qədər əhatə olunan ərazidə əcdadları qədim skiflər olmuş Qafqaz albanlarının məskunlaşdıqları diqqətə çatdırılır. Daha sonra Roma İmperiyasının, Makedoniyalı İsgəndərin bu ərazilərə hücumlarından, Mesopotamiya, Parfia, Ərəb Xilafəti və Bizans İmperiyası ilə münasibətlərdən bəhs olunur, sonrakı dövrdə Rusiya və Fars imperiyaları arasında bu ərazi uğrunda mübarizə aparıldığı, 1918-ci ildə Azərbaycanın öz müstəqilliyini elan edərək bir müddət sonra sovet qoşunları tərəfindən yenidən işğal olunduğu, 1991-ci ilə qədər Sovetlər İttifaqının tərkibində qaldığı bildirilir.
Xüsusi buraxılışda, həmçinin Sovet İttifaqının süqutundan sonra Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması barədə məlumat verilir, buna baxmayaraq, xalqımızın özünəməxsusluğunu və öz mədəni irsini mühüm miras kimi gələcək nəsillər üçün qoruyub saxladığı diqqətə çatdırılır.
Qeyd edək ki, jurnalın əvvəlki buraxılışları dünyada böyük turist axını qəbul edən Manila, Berlin, Malta, Honq-Konq, Roma, Nyu-York, London, Monako və digər məşhur şəhərlərə və Baham adalarına həsr olunub.
Meksikanın məşhur jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub
Meksikanın məşhur jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub
Meksikanın məşhur jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunub
Meksikanın məşhur jurnalının xüsusi buraxılışı Azərbaycana həsr olunubскачать dle 10.4 UTF-8Forex для начинающих