BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » "Buduqluların tarixinin və mədəniyyətinin öyrənilməsinə az diqqət ayrılır"

"Buduqluların tarixinin və mədəniyyətinin öyrənilməsinə az diqqət ayrılır"

 

“Strateq.az”  saytının növbəti qonağı Cəlaləddin Budadoğludur. Cəlaləddin müəllim ilə Buduq kəndi və buduqlular haqqında danışdıq.

Müsahibimiz barədə:

Cəlaləddin Budadoğlu (Cəlaləddin Mirzağa oğlu Məmmədov) 25 iyul 1953-cü ildə Quba rayonunun  Buduq kəndində anadan olub. İlk mətbu şeirləri hələ orta məktəbin son siniflərində oxuyarkən işıq üçü görüb. Belə ki, “Dağlar” adlı şeiri məhz həmin dövrdə Qubada çıxan “Şəfəq” qəzetində dərc olunub. Sonradan “Səs”, “Gedirəm” şeirləri və bir neçə adsız şeiri xalq şairi Məmməd Arazın redaktoru olduğu “Azərbaycan təbiəti” jurnalında və “Vaxt” qəzetində qərc edilib.

1971-1976- cı illərdə Bakı Dövlət Universitetinin Tarix fakultəsində təhsil alıb. 1990-cı ildən Azərbaycan Aşıqlar, 1999-cu ildən isə Yazıçılar Birliklərinin üzvüdür. 2000-ci ildə "Mən kiməm" adlı şeirlər kitabı çap olunub. Bundan başqa şeirləri Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin almanaxlarında, eləcə də paytaxtda çıxan “Azərbaycan”, “Ulduz” ədəbi jurnallarında, “Ədəbiyyat”, “Ekspres”, “525-ci qəzet”, “Vaxt”, “Azad Azərbaycan”, “Palitra” və digər qəzetlərdə dərc olunub.

1981-2008-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində çalışıb, istefada olan polis mayorudur. 

C.Budadoğlu hazırda buduqların tarixi, həyat tərzi və adət-ənənələri ilə bağlı araşdırmalarını və ədəbi yaradıcılığını davam etdirir.  

 

- Buduqlar kimdir və “Buduq” sözünün etimologiyası necə izah olunur?

- Buduqlular Azərbaycanın şimalında - Quba rayonunda, Baba dağın ətəklərində yaşayan etnik xalqdır. Onlar öz dillərində, yəni Buduq dilində danışırlar.  Buduqluların kimliyi və etimologiyası haqqında tarixçi və dilçi alimlər kifayət qədər tədqiqat aparmışlar. Bu haqda  muxtəlif fikirlər və ehtimallar mövcuddur. Bir çox alimlər Buduqluları Qafqaz İber xalqlarının Şahdağ yarımqrupuna aid etmişlər, lakin bu, həqiqətə uyğun deyildir. Ona görə ki, heç bir tarixi ədəbiyyatda bu barədə yazılı mənbə və məlumat yoxdur. “Buduq” sözünün etimologiyasına gəldikdə isə, bu söz kök və şəkilçidən ibarət olmaqla, Bud - sözün kökü, uq - (oq da ola bilər) şəkilçi olmaqla buduq dilində mənsubiyyət mənasında işlənir.

- Azərbaycanda buduqlar əsasən hansı bölgələrdə yaşayırlarOnların sayı haqqında statistik məlumat varmı?

- Buduqlular Azərbaycanın bir çox rayonlarında yaşayırlar.  Onlar ən çox Quba, Xaçmaz, Qusar, Şabran rayonlarında, eləcə də Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışlar. Buduqların sayı haqqında dəqiq statistik məlumat yoxdur, təxmini hesablamalara görə 10-15 min nəfər civarindadırlar.

- Buduq soyunun tarixi haqqında nələri deyə bilərsiz? İlk dəfə buduq adı hansı mənbələrdə çəkilib?

- Buduq inzibati ərazi vahididir və rəsmi ad kimi işlənir. Buduqlular özlərini "Budad" adlandırırlar.  Buduğun tarixi və dili bir çox alimlərin diqqətini çəlb etmişdir. Bəzi alimlər buduqluları Heredotun "Tarix" kitabında adı çəkilən budilərə aid edir, bəziləri Strabonun"Coğrafiya" əsərində adı çəkilən 26 alban tayfalarından biri olduğunu deyirlər. Bu haqda bir çox fikirlər və ehtimallar mövcuddur. Həqiqətə daha yaxın hesab etdiyimiz məlumat 13-14 -cü əsrlərin görkəmli tarixçisi, mənbəşünası və dövlət xadimi F.Rəşidəddinin "Came-Ət-Təvarix" əsərində"Budat qəbiləsinin" mövcudluğu, onların türk əsilli monqol qəbilələrindən biri olduğu barədə verdiyi məlumatdir. Həmin məlumatda deyilir: Budat qəbiləsi Tunbinə xanın 5-ci oğlu Bat-Kulkinin nəslindən şaxələnmişdir. Çingiz xanın dövründə onların başçısı Uriday idi. Çingiz xan Taycuit qəbiləsi ilə vuruşduğu vaxt onlar, yəni budatlar onunla, yəni Çingiz xanla müttəfiq idilər və onun qoşununda birləşmişdilər. Onlardan, yəni budatlardan çoxlu əmirlər olmuş və vardır. Lakin hal-hazırda adları məlum deyil."  F.Rəşidəddin köçəri türk xalqlarının təsnifatını verərkən "Budat" qəbiləsini qədim vaxtlarda monqol ləqəbi daşıyan türk qəbilələri – "Nirun" türkləri sırasına daxil etmişdir. "Buduq" sözü qədim türk dillərində "dəliqanlı", "hirsli" və "nəhs" mənalarında işlənmişdir. Leksik tərkibinə görə bu söz "Bud" və "uq" və ya "oq" olmaqla iki hissədən ibarətdir. Bud sözünə Buduq ilə yanaşı buddizm dini təlimində, bir sıra qəbilə adlarında; budilər, budinlər toponimlərində; Bud və Budin adalarında, budun, Budapeşt, Sultan Bud təpəsi yer adlarında, Budaqov, Buduqov familyalarında və hətta şəxs adlarında da təsadüf edilir. Etnik azlıq sayılan xınalıqlıların Buduq sözünü "Budoq" kimi işlətmələri də təsadüfi deyildir. "Bud" kökünə əlavə edilmiş "oq" şəkilçisi, oğuzlarla əlaqəli olub, "oğul", "xalq", "tayfa" mənasını bildirir.

- Buduqların adət-ənənəsi, etnoqrafik özəllikləri haqqında nə deyə bilərsiz?

- Buduqluların adət ənənəsi ümumazərbaycan adət  ənənələrindən çox da fərqlənmir. Toy və yas mərasimləri, dini və digər bayramlar Azərbaycan milli mentalitetinə uyğun qeyd olunur. Buduq kəndində son zamanlara kimi toy 3 gun davam edirdi: 1-ci gün dama çıxıb qara zurnada  cəngi çalınardi, zurna səsi dağlarda əks-səda verərdi, bununla camaatı toya çağırardılar. Kənd sakinləri toya gəlib, yeyib-içib oynayardılar. 2-ci gün camaat təzədən toya gələrdi, yeyib-içib nəmər salardılar. 3-cü gün isə "bəydurdu" və "gəlingətirdi" mərasimləri olurdu.  Toy qurtardıqdan sonrakı gün isə "gəlin üzəçıxdısı" mərasimi keçirilirdi. Yadımdadır, bəyi bəzəndirib dayısı evindən çalğının müşayiəti ilə çıxardıb məclisə gətirərdilər.  Bəyin qarşısına xonçalar düzülərdi,  bəy xonçası ayrı olardı. Axırda pəhləvanlar üçün ayrılmış xonça saxlanılardı, gənclər xonçanı götürmək üçün cəngi havasında güləşərdilər. Qalib gələn xonçanı aparardı. "Gəlin üzəçıxdısı"nda isə bütün yaxın qohum-əqraba yığılardı. Qız evi tərəfdən də adamların iştiraki ilə yaşmaqlı gəlini məclisə gətirərdilər, ona pul və qiymətli hədiyyələr verilərdi. Çox təəssüf ki, bu adət-ənənələr unudulub getməkdədir.

- Buduqların bu günü haqqında nə deyə bilərsiz? Bu gün buduqlar nə ilə məşğul olurlar? Yəni onların əsas məşğuliyyəti nədir?

- Buduq kəndi vaxtı ilə mahal mərkəzi olub. Bu mahal 17 kəndi əhatə edirdi. 400-ə yaxın təsərrüfat və 500-dən artıq evdən ibarət idi. 20-ci əsrin 40-cı illərindən başlayaraq əhali kənddən köçməyə başladı. Vaxtı ilə kənddə orta internat məktəbi fəaliyyət göstərirdi. Bu gün Buduq, Qazmalar və Pir üstü yaşayış məntəqələrində cəmi 50-yə yaxın ev qalıb. Əhalinin sayı 200 nəfərə yaxındır. Onların məşğuliyyəti əsasən heyvandarlıqdır.

- Hər bir toplumun özünə məxsus şifahi yaradıcılığı, ədəbiyyatı və sənəti olur. Buduq soyunun şifahi yaradıcılığı haqqında nələri qeyd etmək olar?

- Buduqluların öz dillərində səsləndirdikləri çoxlu bayatıları, nəğmələri var. Buduq dili yazılı dil olmadığı üçün bunlar yazıya alınmayıb. 19-cu əsrdə yaşamış Baba Buduği adlı bir şairin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazması məlumdur. Onun həmin əlyazmadakı şeirlərindən bir bəndi qeyd etmək istərdim:

                  Yoxuşu çıxanda tutmaz dizləri,

                  Enişi düşəndə görməz gözləri,

                  Ləldi, cəvahirdi, dürdü sözləri,

                  Cəm olsa bir yerə, beşi qocanın.

Hətta orta əsrlərdə şərqin ən böyük universitetlərindən biri olan Bağdad universitetində Əl-Buduği adlı alimin fəlsəfədən dərs dediyi barədə məlumatlar da dəqiqləşdirilməkdədir.

- Buduqların tarixinin və mədəniyyətinin öyrənilməsi baxımından hansı işlər görülüb və bu sahədə daha nələri təklif edərdiz?

- Çox təəssüf ki, buduqluların tarixinin və mədəniyyətinin öyrənilməsinə az diqqət ayrılır. Hər bir etnik qrupun qorunub saxlanılması, mühafizəsi, hakim millətin, xalqın böyüklüyünün təcəssümüdür. Buduqlular-Budatlar birmənalı olaraq türk mənşəli azərbaycanlılardır. Azərbaycan adlı xalçanın rəngarəngliyini təcəssüm etdirən etnik xalqlar, etnik qruplar, etnik azlıqlardır. Onların dili artıq itib getməktədir. Diqqətə layiq haldır ki, Xınalıq kəndində 4-cü sinfə qədər Xınalıq dili dərsləri keçilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə "Şahdağ" maddi-mədəniyyət qoruğu yaradılmış, çətin dağ şəraitində Xınalığa asfalt şose yolu çəkilib, maddi mədəniyyət muzeyi yaradılıb. Mədəniyyət və Turizim Nazirliyi Xınalıq kəndini maddi mədəniyyət abidəsi kimi qoruyur. Hesab edirəm ki, belə müqəddəs fəaliyyət buduqlulara və digər etnik qruplara da aid edilməlidir. Buduqlu müəllim Adıgözəl Hacıyev bir neçə il olar ki, buduq dilinin yazılı əlifbasını hazırlayıb. Buduq dilinin itib  getməməsi, qorunması üçün buduqluların kompakt yaşadığı ərazilərdə 4-cü sinfə qədər buduq dili dərslərinin keçirilməsi, bu dilin tədris olunması təqdirəlayiq hal olardı.

                    Söhbətləşdi: 

Namiq Hacıheydərli,

22.04.2015

 

 

 

Cəlaləddin Budadoğlu

Şeirlər

 

Günəşə bənzəyir sənin yoxluğun

XX əsrin klassiki İlyas Əfəndiyevin əziz xatirəsinə

Ustad, çiçək açır baharın sənin.
Yaşıla bürüdü bahar ömrünü.
Vətən sevə-sevə yaşadır səni
Yazdığın əsərlər yanar ömrünü.

Canlı tarix idin, canlı əfsanə
Sən kərəm sahibi, pirəfəndimiz.
Eşq olsun tanrıya, eşq olsun sənə
Xızırmı, Nəbimi sirr əfəndimiz.

Nə tərifə getdin, nə mədhə uydun,
Könül rübabımın sarı simisən.
Mahnını əmanət dağlarda qoydun,
Dərin dəryalarda üzən gəmisən.

Gör kimlər tor qurub sözün lığında,
Gör kimlər toy tutur sözə arxayın.
Bazar şairləri bazarlığında
Sözü tapdamayın ayaq saxlayın.

Ədəbi işbazlar, ədəbsiz rəylər
Qaldırır-endirir, irəli-geri,
Bakının içində cəbhəsiz bəylər
Xalqından xəbərsiz xalq şairləri.

Bu qisas hökmüdür, yoxsa qiyamət.
Məni yoldan çıxar az, başım üstə.
Kərəmi çaldırıb oynayır millət,
Odlanıb kül olur saz, başım üstə.

Qarabağ qaralmış qara damımdır,
Qara mağarı da Cıdır düzündə.
Şuşada toy quran balalarımdır…
Vağzalı çalınır göyün üzündə…

Ustad, kamanını bir də çalsana!
Yoxsan, yoxluğuna zaman günahkar.
Dərd məni öldürür, durub baxsana.
Başımın üstündə duman günahkar.

Başımın üstündən çəkilən deyil,
Qarğışı qarımış qara buludlar.
Dizimiz dözümlü, bükülən deyil,
Vaxt gələr çəkilər dara buludlar.

Ustad, qəm eləmə, rahat yat, uyu.
Vətən göylərində narahat ruhun…
Yaşadın yaratdın bir ömür boyu,
Günəşə bənzəyir sənin yoxluğun.

 

Kim ola

Həsrətim dağ cəkir, güman yerinə.
Tələsir uçmağa ümman yerinə.
Baxıram zirvədə duran yerinə,
Qartallar qıy vurur dayan, kim ola?

Bax örüş yerinə sırada Cafdı,
Bax yürüş yerinə sağlamdı, safdı.
Bir adı Babadağ, bir adı Qafdı,
Haylayan kim ola,hayan kim ola?

Bir-bir,iki-iki köçüb getdilər,
Diz çöküb torpağa öpüb getdilər.
Ömrün karvanını çəkib getdilər,
Qaytarıb yoluna qoyan kim ola?

Şehli yamaclarda günüm, ayım hey,
Daşda çiçəkləyən ömür payım hey,
“Can Qardaş” harayım, “Nənəvayım” hey
“Kəllə qoparana” qıyan kim olla?

Təngədə tən oldum, Kerçdə yoruldum,
Endim Qara çaya çimdim, duruldum..
Mən də bir zamanlar sənə oğuldum,
Babadağ, bal tutan balan kim ola?

Murada çatmağa içdim suyundan,
Keçdim cığırından, keçdim yolundan,
Gözümə nur gəldi sənin nurundan,
Şam kimi əriyib yanan kim ola?

Pir Əbdül Məhəmməd, Kərəmdi babam,
İçib kövsərindən doyunca yatam,
Anam harda qaldı? Hardadır atam?
Bu yanım oyandı, O yan kim ola?

Anamın laylası bayatım mənim,
Yerdə qiyamətim göy taxtım mənim,
Öz elim, elatim paytaxtım mənim,
Doymadım üzündən doyan kim ola?

Bir səhər yurduma qayıda bilsəm,
Fələyin çarxını döndərə bilsəm,
Təkcə ürəyimi göndərə bilsəm,
Göylərdən endirib alan kim ola?

Daşlara züy tutub çaldıran da mən ,
Daşı daş üstünə qaldıran da mən,
Bu daş inadları sındıran da mən,
Dağları,daşları sayan kim ola?

Öz Dərbənd yolum var, öz Şirvan yolum,
Yenisey bir qolum, Orxon bir qolum,
Sonun başlanğıcı, ölüm ya olum.
Döyür qapımızı boylan kim ola?

İç bulaq suyundan dadım, bu daddı,
Coratdı, Bayatdı, andım Xudatdı,
Mən Nirun türküyəm, adım Budatdı,
Başqa birisinə, uyan kim ola?

Nə əcəm oğluyam, nə yad oğluyam,
Bir az dəliqanlı, bir az buğluyam…
Budatlar, mən sizin Budadoğluyam,
Sizi haraylayan başqa kim ola?

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих