Vaqif Arzumanlı
Azərbaycan hamımız üçün doğma vətəndir (Azərbaycan Respublikasında yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik azlıqlar)
Müəllif haqqında: Əslən Qubanın Şahdağ ətrafındakı Söhüb kəndindən olan professor, filologiya elmləri doktoru, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki, filoloq-tarixçi, politoloq Vaqif Arzumanlı 1947-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olub. Onbirillik məktəbi qızıl medalla bitirdikdən sonra 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, M.Qorki adına Dünya Ədəbiyytı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi kimi çalışıb. 1980-1991-ci illərdə AMEA-da şöbə müdiri olub. 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru vəzifəsində çalışıb. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edib. 2011-ci ildən ömrünün sonunadək AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq əlaqələr üzrə direktor müşaviri olub. V.Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1991-ci ildən professor adı almışdı, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki (1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1979), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2000), "Alman-Azərbaycan Cəmiyyəti" İdarə Heyətinin üzvü (1992), Beynəlxalq "Soydaş" Assosiasiyasının vitse-prezidenti (1994), Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti (1996), "Quba Xeyriyyə Cəmiyyəti"nin sədri (1996), Türkiyəni və S.Dəmirəli Sevərlər Cəmiyyətinin həmsədri (1999), İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin Prezidenti (2002) idi. Xocalı şəhərinin fəxri vətəndaşı olan V.Arzumanlı "Elturan"("Milli məsələlər") (1992) və "Diasporun səsi" (2009) jurnallarının və "Ədəbi əlaqələr" toplusunun (2005) baş redaktoru, "Qartal" nəşriyyatının direktoru (1999) kimi səmərəli fəaliyyət göstərib. O, 2007-ci ildən Dünya Azərbaycanlıları Konqresi (DAK) sədrinin müavini, İdarə Heyətinin üzvü, DAK Divanının həmsədri, Beynəlxalq Diaspor Mərkəzi İB-nin sədr müavini idi (2009). V.Arzumanlı 1974-cü ildən Bakı Dövlət Universitetinin müəllimi və professoru (1989) idi. 1973-1974-cü illərdə M.F. Axundzadə adına RDƏ İnstitutunda (indi Slavyan Universiteti), 1976-1987-ci illərdə İrəvan Pedaqojı İnstitutunun Azərbaycan bölməsində dərs deyib. Onun haqqında müxtəlif illərdə xeyli məqalə və iki monoqrafiya yazılıb. Adı bir sıra xarici ölkələrdə nəşr edilmiş ensiklopediyalara salınıb. V.Arzumanlı Azərbaycan dilindən Litva dilinə, Litva, latış və rus dillərindən Azərbaycan dilinə 10-dan artıq kitab tərcümə edib. Onun elmi əsərləri, kitab, monoqrafiya və məqalələri rus, Ukrayna, alman, türk, Litva, latış, eston, belarus, polyak, ərəb, fars, ingilis və başqa dillərdə nəşr edilib. 2014-cü ilin iyul ayında Nabrandakı bağ evində dünyasını dəyişib. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. İyulun 10-da Xudatda öz vəsiyyəti ilə atasının dəfn olunduğu "Şıxlar" qəbiristanlığında torpağa tapşırılıb. ...Ölümündən bir neçə ay əvvəl təsadüfən rastlaşdığımızda onunla çoxdan görüşmək istədiyimizi, Şahdağ xalqlarını etnotanıtım saytı üzərində çalışdığımızı və Vaqif müəllimin də bir məqaləsini burada vermək arzumuzu söylədik, icazə istədik. Sevindi, iltifatla icazə verdi, qiymətli tövsiyələrini də əsirgəmədi. Bir də onu dedi ki, “Mədəniyyət və turizm nazirliyi ilə sıx əməkdaşlıq edin, nazirlik vaxtaşırı etnik azlıqlarla bağlı mədəni tədbirlər keçirir”. Ağır xəstəliyi illərlə vücudunu sarsa da əyilməyən, çox sevdiyi Azərbaycana və elmimizə son nəfəsinə qədər sadiq qalan Vaqif Arzumanlı kimi fədakar alimlərin, təmənnasız ziyalıların əməlləri heç zaman ölmür və onlar cismani yoxluqlarından sonra da Vətənə, xalqa əvəzsiz xidmətlərini davam etdirirlər.
Öz coğrafi və strateji mövqeyi, iqlim şəraiti, təbii ehtiyatları, yeraltı və yerüstü sərvətləri baxımından çox əhəmiyyətli, zəngindən zəngin olan Azərbaycan torpağı bütün dövrlərdə dünya xalqlarının və dünya dövlətlərinin diqqət mərkəzində olmuşdur. Dünya praktikasında monoetnik dövlət, yəni yalnız bir xalqdan, bir millətdən ibarət olan ölkə tapmaq çətindir (“bir xalq və bir dövlət” prinsipi ilə yaşayan yeganə respublika hələlik ki, Ermənistan Respublikasıdır. Bizcə, bu, müvəqqəti haldır və belə vəziyyət uzun sürə bilməz...). Dünyanın əksər dövlətləri çoxmillətlidir. Azərbaycan Respublikası da bu mənada istisnalıq təşkil etmir. Şimalla Cənubun, Qərblə Şərqin qovuşduğu və kəsişdiyi bir ərazini əhatə edən Azərbaycana dilindən və dinindən asılı olmayaraq, maraq göstərən xalqların, millətlərin sayı çoxaldıqca, onun ərazisinə köçüb gələnlərin, onunla öz taleyini əbədi qovuşduranların da sayı artmağa başlamışdır. Ayrı-ayrı dövrlərdə Azərbaycanın feodal dövlətləri öz ərazilərini genişləndirərkən Yaxın və Orta Şərqin, Şimali Qafqazın və Orta Asiyanın bir sıra xalq və etnik azlıqları qrup halında Azərbaycanın indiki ərazilərinə köçürülmüşlər. Eləcə də, istər Azərbaycan sasanilərin, ərəblərin və monqolların yürüşlərindən, Orta Asiya türklərinin növbəti gəlişindən, istərsə də Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bu əraziyə köçürülmüş tayfalar və etnoqrafik qruplar talelərini əbədi olaraq Azərbaycanla bağlamışlar. XIX əsrin ortalarından başlayaraq, neft sənayesi mərkəzinə çevrilən Bakıya, həmçinin təbii sərvətləri ilə zəngin olan Gəncə quberniyasına çörək pulu dalınca gələn müxtəlif xalqların minlərlə nümayəndəsi də həmişəlik olaraq bu ərazilərdə məskunlaşdılar. Beləliklə, Azərbaycan ölkəsi əsrdən-əsrə, dövrdən-dövrə yerli-aborigen tayfa birləşmələri və xalqlarla yanaşı, öz taleyini, öz gələcəyini bu torpaqla bağlayan bir sıra milli azlıqların, azsaylı xalqların və etnik azlıqların da doğma vətəninə çevrilmişdir. Azərbaycanın çoxmillətli bir ölkəyə çevrilməsinin obyektiv və subyektiv səbəblərinin dərinliklərinə varmadan bir cəhəti xüsusilə vurğulamaq istərdik ki, bu torpağı özünə əbədi məskən seçmiş xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşmış, bəziləri isə yerli xalqlarla qaynayıb-qarışmışlar. Və bu gün haqlı olaraq bu torpaqda yaşayanların çoxu Azərbaycanı özlərinin doğma və əbədi vətənləri hesab edirlər. Bütün bu cəhətlər indi nəinki demoqrafik hesablamalarda, həmçinin Azərbaycan xalqının, Azərbaycan millətinin formalaşmasının məzmununda və tərkib hissəsində də özünü göstərir. Hazırda Azərbaycan Respublikasında ölkənin əsas və çoxluq təşkil edən əhalisi – azərbaycanlılar (Azərbaycan türkləri) ilə yanaşı, bir sıra digər millət, xalq və etnik azlıqlar da çiyin-çiyinə yaşayırlar. Əlbəttə, “millət”, “xalq”, “azsaylı xalq”, “milli azlıq”, “etnik azlıq” məfhumları təzə yaranan terminlər deyil və öz məna çalarlığı baxımından da nə dünənin, nə də bugünün reallığı ilə izah edilə bilər. Bu terminlər müxtəlif dövrlərdə ayrı-ayrı tayfaların xalq, ayrı-ayrı xalqların tədricən millət kimi formalaşması prosesi nəticəsində meydana gəlmişdir. Bütün dünya ictimaiyyətinin bu terminlər haqqında aydın və dəqiq təsəvvürləri vardır. Elə bizim respublikada kifayət qədər olmasa da, müəyyən mənada bu məsələyə maraq və onun izahı yeni problem deyil, müxtəlif vaxtlarda az-çox öyrənilib, ayrı-ayrı dövrlərdə, ayrı-ayrı müəlliflər tərəfindən araşdırılıb... Lakin son bir neçə ildə, xüsusən Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması prosesi, eləcə də dövlət dili ilə bağlı müzakirələr göstərdi ki, nəinki geniş ictimaiyyətin, hətta bəzi hüquqşünasların, ictimai və humanitar elmlər sahəsində çalışan ziyalılarımızın da “millət”, “xalq”, “etnik azlıq”, “azsaylı xalq” və “milli azlıqlar” ifadələri haqqında təsəvvürlərində qaranlıq nöqtələr çoxdur. Bəzən bu terminlər qarışıq salınır, bəzən düzgün izah olunmur, eyniləşdirilir, bəzən isə onların arasında mövcud fərqlərə heç bir məhəl qoyulmur. Nəticədə milli münasibətlərlə, milli məsələlərlə bağlı problemlərə qeyri-obyektiv mövqedən yanaşılır, bir sıra reallıqlar və tarixi gerçəkliklər təhrif olunur. Belə hallara kitab və monoqrafiyalarda tez-tez rast gəlmək olur. Sovet hakimiyyəti illərində SSRİ-də iki istiqamətdə güclü iş aparılırdı. İlk baxışda bu istiqamətlər bir-birinə əks mövqe təsiri bağışlamasa da, əslində məzmun etibarilə bir-birinə daban-dabana zidd məna kəsb edirdi. Daha doğrusu, o vaxtlar SSRİ-də yaşayan bütün xalqların tədricən bir-biri ilə qaynayıb-qarışması nəticəsində zorla SOVET XALQI adı altında yeni birliyin yaradılmasına ciddi-cəhd göstərilirdisə, digər tərəfdən, beynəlmiləlçilik bayrağını əldə əsas tutaraq, “dostluq” və “bərabərlik” şüarlarını ucalda-ucalda ayrı-ayrı respublikalardakı (bu baxımdan Azərbaycan SSR xüsusi yer tuturdu) müxtəlif tayfaları etnik qrup, etnik azlıqları xalq, hətta bəzən bu və ya başqa etnik azlığı və yaxud azsaylı bir xalqı az qala millət kimi qələmə vermək cəhdləri olurdu. Çoxmillətlilik və beynəlmiləlçilik, özü də şişirdilmiş səviyyədə, sanki bu və ya başqa respublikanın zənginliyini, iqtisadi potensialını, öncüllüyünü göstərən əsas amil idi. Bütün bunların nəticəsidir ki, ittifaq dağıldıqdan sonra müstəqillik yoluna qədəm qoymuş bəzi respublikalar bu sahədə bir sıra çətinliklərlə üz-üzə qalmışdır. Müstəqil Azərbaycan Respublikasının son yeddi il ərzində ictimai-siyasi durum baxımından qarşılaşdığı ən narahat problemlər içərisində məhz milli məsələlərlə bağlı problemlər daha çox narahatlıq doğurur. Respublikamızda yaşayan xalqlarla bağlı yeni uydurulan, yeni qondarılan hər bir məsələyə milli don geyindirmək cəhdi ağır və sarsıntılı nəticələr vermişdir. Milli əlamətlərə görə siyasi partiya yaradanların, erməni-kürd separatçılarına züy tutanların, “sadval”çıların ideya silahdaşlarının, “Talış-Muğan Respublikası” xülyası ilə yaşayanların və bu qəbildən olan digərlərinin özlərinə aludəçilikləri, xam xəyallar aləminə qapanmaları respublikamızda nəinki ictimai-siyasi tarazlığı pozdu, eyni zamanda dədə-baba torpaqlarımıza göz dikən, onu işğal edən erməni təcavüzkarlarına qarşı mübarizəyə qalxmaq üçün yumruqlanmış gücümüzü parçaladı və xeyli zəiflətdi. Nəticədə Azərbaycan xalqının qəhrəmanlıq tarixi salnaməsinə ağrılı-acılı səhifələr düşdü. Yalnız məqsədyönlü və ardıcıl siyasət nəticəsində son illər Azərbaycanda yaşayan bütün millət və xalqlar, etnik azlıqlar vahid amal uğrunda birləşməyə doğru müəyyən addımlar atmağa başlamış, öz doğma vətənlərini hamılıqla qorumaq üçün ayağa qalxmışlar. Son illərdə respublikamızda ictimai və humanitar elmlər sahəsində tez-tez işlənən, lakin əslində məfhumun dərindən ehtivasına, məna çalarlarına diqqət yetirilməyən terminlər çoxdur. Bu baxımdan “milli azlıqlar”, “azsaylı xalqlar”, “etnik qruplar”, “etnik azlıqlar”, “etnoqrafik qruplar” xüsusi qeyd olunmalıdır. Məsələn, ayrı-ayrı etnik azlıqlar “etnik qrup” adlandırılmış, “etnoqrafik qruplar” termini düzgün şərh olunmamışdır. Şübhə yoxdur ki, “milli azlıqlar”, “azsaylı xalqlar”, “etnik azlıqlar” terminlərinin doğru izahı və şərhi respublikamızda milli məsələlərə dair bir çox problemlərin obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edən amildir. Xüsusən, indiki dövrdə. Bəs “xalq”, “millət”, “milli azlıq”, “azsaylı xalq”, “etnik azlıq”, “etnik birlik”, “etnoqrafik qrup” məfhumlarının beynəlxalq aləmdə hüquqi, elmi, fəlsəfi və sosial məzmunu necə izah edilir və başa düşülür? Qismən də olsa, bu cəhətlərə nəzər salmaq faydalı olar. Hazırda yer üzərində dörd minə yaxın xalq yaşayır. Bu xalqların hər birinin tarixin sınaqlarından çıxmış vahid mədəniyyəti, dili, müstəqil ərazisi, iqtisadi əlaqələrin ümumiliyi, başqa xalqlardan fərqlənən özünəməxsus birlik amalı vardır. Məlumdur ki, bütünlükdə xalq insan birliyinin tarixi formalarından biridir. Hələ ilkin dövrlərdə etnik inkişafın nəticəsi kimi, yəni ayrı-ayrı qəbilələrin, tayfaların birləşməsi nəticəsində yaranmış qurum vahid xalqa çevrilmişdir. Yaranma tarixi baxımından xalq quldarlıq və feodalizm dövrünün meydana gətirdiyi bir ictimai qurumdur. Bu prosesin başlanıb sona çatmasında ictimai əmək bölgüsünün, xüsusi mülkiyyətin, ticarətin meydana gəlməsi və inkişafı əsas rol oynayır. Adlarını sadaladığımız bu xüsusiyyətlər bir-birinə qohum olan tayfaların birləşərək, vahid xalq halında formalaşmasına əsas zəmin yaradır. Bəzi xalqlar, xüsusən, say etibarilə çoxluq təşkil edən xalqlar öz növbəsində subetnoslardan, subetnik qruplardan ibarət olur. Məsələn, azərbaycanlıların (Azərbaycan türklərinin) bir xalq kimi formalaşmasında ayrımlar, əfşarlar, boyatlar, qaradağlılar, padarlar, şahsevənlər və b. xüsusi rol oynamışlar. Tarixi kateqoriya olan millət insanların tarixi birliyidir. Xalqın tədricən millətə çevrilməsi daha çox kapitalizmin meydana gəlməsi, kapitalizm inkişaf mərhələsinə keçilməsi ilə bağlıdır. Bu zaman xalqı millət kimi formalaşdıran əsas amillər ümumi ərazi, ümumi ədəbi dil, ümumi mədəniyyət, ümumi iqtisadi və mənəvi həyat birliyi hesab olunur. Ayrı-ayrı millətlərin inkişaf yolları, meydana gəlmə prosesləri müxtəlif forma və mərhələlərlə səciyyələnə bilər və təbii ki, bu proseslər arasında bəzi fərqlər mövcuddur. Məsələn, azərbaycanlıların və yaxud ukraynalıların bir millət kimi formalaşmaları arasında müəyyən müxtəlifliklər vardır. Milli azlıqlar dedikdə, bu və ya başqa ölkədə, dövlətdə, respublikada yaşayan, ölkənin, dövlətin, respublikanın əhalisinin çoxunu təşkil edən millətdən sonra azlıqda qalanlar nəzərdə tutulur. Məsələn, əgər Rusiyada, Ukraynada, Belarusda, Gürcüstanda, Qazaxıstanda yaşayan azərbaycanlılar bu ölkələrdə milli azlıq hesab edilirlərsə, Azərbaycan Respublikasında yaşayan ruslar, ukraynalılar, belaruslar, gürcülər Azərbaycanda yaşayan milli azlıqlar hesab olunurlar. Hazırkı dövrdə bu və ya başqa ölkədə, respublikada elə xalqlar yaşayırlar ki, onlar tarixən özlərini həmin ölkənin və ya respublikanın yerli xalqları hesab edir və əhali tərkibinin sayından asılı olmayaraq, kompakt halında, daha dəqiq desək, bütünlükdə, hamılıqla əsasən bir ölkədə, bir respublikada konkret ərazidə məskunlaşırlar. Məhz belə xalqlar bu və ya başqa ölkədə, respublikada yaşayan azsaylı xalqlar kimi tanınırlar. O ki qaldı respublikamızda yaşayan və etnik qrup adlandırdığımız ayrı-ayrı milli tərkiblərə, onları etnik qrup deyil, etnik azlıq adlandırsaq, elmi cəhətdən daha doğru olar. Çünki əslində respublikamızda yaşayan etnik qruplar, daha çox etnoqrafik qrup və ya etnik azlıq xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, etnoqrafik qrup bu və ya başqa xalqın, millətin öz dilini, mədəniyyətini və məişət xüsusiyyətlərini qoruyub saxlamış müəyyən bir hissəsini təşkil edən quruma şamil edilir. Etnik azlıqlar ayrı-ayrı xalq və millətləri təşkil edən etnik birlikdən qopmuş, etnik proseslər zamanı xüsusi forma və məzmun kəsb etmiş ayrıca etnik qurumlardan ibarət olur. Hər bir etnik azlığın öz dili, öz adət-ənənəsi və mənəvi birliyi mövcud olur. Etnik azlıq adətən müəyyən bir ərazidə kompakt halında yaşayır. Etnik azlıq üçün səciyyəvi olan bu xüsusiyyətlər onun başqa xalq və millətlərlə qaynayıb-qarışmasına heç də mane ola bilməz. Eyni zamanda, etnik azlıqlar tarixən baş verən etnik proseslər nəticəsində öz keçmiş etnik əlamətlərini saxlamaqla bərabər qonşu xalq və millətlərdən də müəyyən əlamətlər və xüsusiyyətlər əxz edə bilər. Bu mənada respublikamızda yaşayan etnik azlıqlar da istisna təşkil etmirlər. Beləliklə, hazırda Azərbaycan Respublikasında ruslar, ermənilər, ukraynalılar, belaruslar, gürcülər, avarlar, ləzgilər, başqırdlar, tatarlar, yəhudilər, kürdlər, osetinlər, laklar kimi milli azlıqlar; talışlar, udilər, dağ yəhudiləri, saxurlar kimi azsaylı xalqlar; Ahıska türkləri, tatlar, lahıclar, buduqlar, qrızlar, haputlar, ceklər, xınalıqlar, ingiloylar, Krım tatarları, gürcü yəhudiləri, kazaklar, tabasaranlar kimi etnik azlıqlar yaşayırlar. Əlbəttə, respublikamızın ərazisində kompakt halında yaşayan bu milli azlıq, azsaylı xalq və etnik azlıqlarla yanaşı, bu gün qədim Odlar ölkəsində bizimlə birgə bəzi digər millətlərin, xalqların və etnik azlıqların da nümayəndələri yaşayırlar. Daha doğrusu, məlum olur ki, Azərbaycan Respublikasında sayının azlığından və çoxluğundan asılı olmayaraq, həmçinin özbəklər, qazaxlar, litvalılar, latışlar, moldovanlar, estonlar, qırğızlar, taciklər, türkmənlər, abxazlar, aqullar, buryatlar, inquşlar, darginlər, kabardinlər, komilər, qumuqlar, marilər, noqaylar, rutullar, udmurtlar, çeçenlər, çuvaşlar, adıgeylər, çərkəzlər, qaqauzlar, Orta Asiya yəhudiləri, qaraçılar, ərəblər, aysorilər, əfqanlar, bolqarlar, macarlar, vyetnamlılar, yunanlar, koreyalılar, kubalılar, almanlar, farslar, polyaklar, uyğurlar da yaşayırlar. Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı xalq və etnik azlıqlara öz milli mədəniyyətlərini, dillərini, adət-ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək üçün hər cür şərait yaradılmışdır. “Demokratik islahatlar uğrunda” Cəmiyyətinin “Azərbaycanda milli azlıqlar: sosial-iqtisadi və siyasi şərait” nəşri. Bakı, 2000-ci il
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |