Şahdağlılar və dilləriAzərbaycan Respublikasının bəzi rayonları əhalinin etnik tərkibinin rəngarəngliyi ilə diqqəti cəlb edir. Bu rayonlarda azərbaycanlılarla yanaşı başqa xalqların nümayəndələri də yaşayırlar. Əhalinin etnik tərkibi baxımından maraq doğuran ərazilərdən biri də respublikamızın şimal-şərqində yerləşən Quba, Qusar və Xaçmaz rayonlarıdır. Azərbaycanlılarla bərabər ləzgilər, tatlar, yəhudilər və Şahdağın ətəklərində yerləşdiyinə görə etnoqrafiya elmində “Şahdağ etnik qrupları” və ya “Şahdağ xalqları”adları ilə məşhur olan xınalıqlılar, qrızlılar, buduqlular, haputlular, ceklilər, əliklilərin yaşadıqları bu rayonlarda muxtəlifdilli xalqların birgə yaşayış tərzi qarşılıqlı inkişaf prosesi ilə səciyyələnir. Bu proses təkcə maddi, iqtisadi və mədəni əlaqələr çərçivəsində qalmır, həm də bu xalqların varlığının başlıca əlaməti sayılan dillərinə də aiddir.
Qrız, Buduq, Xınalıq, Haput, Əlik, Cek kəndlərinin hər birisinin tarixi, maddi və mənəvi mədəniyyəti haqqında qalın kitablar yazmaq olar. Say etibarilə azlıq təşkil etmələrinə baxmayaraq, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir xalq və ya etnik qrupu təşkil edir.
Biri digərindən o qədər də uzaqda yerləşməyən Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik kəndləri... Yaxın vaxtlara qədər bu kəndlərin qonşuluğunda Yepgüc kəndi də mövcud olmuşdur (Əlik kəndinin şərqində). Onun əhalisinin tədricən buradan köçməsi Xaçmaz rayonunda başqa bir Yepgüc kəndinin meydana çıxması ilə nəticələnmişdir (yerlilər öz kəndlərinin adını da özləri ilə aparmışlar).
Göstərilən yeddi kənd, bu kəndlərdə yaşayanlar keçən əsrin ortalarından dünya alimlərinin böyük marağına səbəb olmuşdur. 1917-ci ildən əvvəl Qafqaza dair bir sıra əsərlərdə Şahdağ etnik qruplarından da bəhs edilmişdir. Onlara olan maraq zaman keçdikcə güclənir.
Soruşula bilər ki, xınalıqlılar, buduqlular, qrızlılar mütəxəssislərin diqqətini nə üçün cəlb edir? Şahdağlılara olan maraq daha çox onların dillərinə görədir. Axı dil etnik qrupun varlığını göstərən başlıca əlamətdir. Dili öyrənmək, həm də o dildə danışanları öyrənmək deməkdir. Keçən əsrin məşhur qafqazşünası P.Usların sözləri ilə desək, dil faktları keçmişin qəribə sirlərini öyrənməkdə, arxeoloji tapıntılar kimi əhəmiyyətlidir.
Xınalıq dili haqqında ilkin məlumatlara R. fon Erkertin yazılarında rast gəlirik. O, 1895-ci ildə Vyana şəhərində alman dilində nəşr etdirdiyi “Qafqaz köklü dillər” (2. 296-298) kitabında xınalıq, buduq dillərinin və cek dialektinin lüğət və frazeologiyasına aid nümunələr vermiş, onların qrammatik quruluşlarına toxunmuşdur. Burada 545 almanca söz və onların 26 Qafqaz dilində, o cümlədən buduq, xınalıq, qrız dillərində tərcüməsi göstərilmişdir. Şahdağın ətəklərində yayılmış dilləri bildirən “Şahdağ dilləri” termini də həmin müəllifə məxsusdur.
A.Dirr 1928-ci ildə Leypsig şəhərində çıxmış “Qafqaz dillərinin öyrənilməsinə giriş” (1. 11-13) kitabında bu dillərin qrammatik quruluşlarından bəhs etmişdir. A.Dirr buduq və xınalıq dillərinin ləzgi yarımqrupunda dəqiq yerini müəyyənləşdirməyə ilk təşəbbüs göstərmişdir.
1895-ci ildə görkəmli Avstriya dilçisi Hügo Şuxardtın “Qafqaz dillərində felin passivlik xarakteri” (10.) adlı kitabı çap olunmuşdur. Əsərdə xınalıq və buduq felləri haqqında qısa məlumat verilir və bir neçə nümunə gətirilir.
Sovet dövründə şahdağlılar və onların dilləri həm də mərkəzi şəhərlərdəki alimlərin, respublika ziyalılarının diqqətini cəlb etmişdir. Məsələn, 20-ci əsrin ikinci yarısında A.Qenko Xınalıq kəndində işləmişdir. O, latın qrafikası əsasında bu dilin 51 hərfdən ibarət əlifbasını tərtib etmişdir. Bu dövrün dilçilik ədəbiyyatında tez-tez Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik, Yergüc kəndlərinin hər birində bir müstəqil dilin mövcudluğundan söhbət getmişdir. Hətta N.Marr, N.Yakovlev, R.Şor, L.Jirkov və b. dünya dillərini təsnif edərkən Şahdağ dillərinin yeddi dildən ibarət olduğunu göstərmişlər.
V.N.Pançvidze uzun müddət buduq dilinin tədqiqi ilə məşğul olmuş, 1941-ci ildə bu dildən namizədlik dissertasiyası yazmışdır.
1950-ci illərdən başlayaraq Ş.Sədiyevin, V.S.Xıdırovun məqalələrində qrız dilinin leksik tərkibinin və dilin morfoloji quruluşunun geniş tədqiqinə fikir verilirdi. 1972-ci ildə Ş.Sədiyev “Qrız dilinin tədqiqi təcrübəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
Bu qədim kəndlərin adlarının etimologiyası hələ aydınlaşdırılmamışdır. Keçmişdə özlərini necə adlandırmaları, haradan və nə vaxt buraya gəlib məskən salmaları haqqında yerli əhali heç bir şey deyə bilmir. Yazılı mənbələr də bu sualların qarşısında hələlik susur. Odur ki, qrızlılar, xınalıqlılar və buduqlular müstəqil etnik qruplar kimi öz kəndlərinin adları ilə məşhurdurlar.
Əsrlərin sərt sınağından çıxaraq, öz yeganə dilini, mədəniyyətini və adət-ənənəsini qoruyub saxlamış Xınalıq kəndinin keçmişi haqqında alimlərimiz, yazıçılarımız, arxeoloqlarımız hələ qəti fikirlərini söyləməmişlər. E.ə I əsrdə qədim yunan tarixçiləri bu ərazidə ket tayfalarının yaşadıqları barəsində Xınalığın varlığı haqqında məlumat vermişlər. Kəndin qədimliyini bundan görmək olar ki, 8 qəbiristanı var. Məzarların çoxu 3-4 qat bir-birinin üstündə qazılıb. Baş daşları ya ərəb, ya da ondan qabaqkı əlifbalarla yazılıb. Köhnə qəbirlər olduqca enli və uzundur, sanki orada Herakl cüssəli pəhləvanlar yatır.
“Xınalıq” sözünü arxeoloqlar, tarixçilər burada olan xınalı qayaların adından və yaxud hun “Xunluq” – “Xınalıq” tayfalarının adından götürüldüyünü göstərirlər.
İndi isə xınalıqlıların özlərini və kəndlərini necə adlandırdıqlarına nəzər yetirək.
Xınalıq dilində Xınalığa “Ketiş”, xınalıqlılara isə “Kettid” və ya “Kəttid” deyirlər. Bu sözlərin mənasını ayrı- ayrılıqda araşdıraq: “Ketiş” və “Kettid” sözləri nəyi göstərir?
Əvvəlcə kəndin ətrafındakı yer adlarına nəzər salaq və onların mənalarını araşdıraq: Dərədiriş (Dərələr yeri), Maqaldırış (Palçıqlı yer), Novurduruş (Nohurlar yeri), Antış (Düzənlik yer).
Sözlərə -ış, -iş, -uş şəkilçiləri əlavə edilib, bir yurd kimi məna verir. “Ketiş” sözündəki “ket” kökünə -iş şəkilçisi əlavə edilibdir ki, bu da “ket yeri”, “ket məskəni ” mənasını verir. Yəni “ketlər yurdu” anlamında başa düşülür.
Qədim tarixə, dünyada yalnız bir kənddə işlədilən dilə malik Xınalığın (Kettişin) tarixini, kettiş dilini tədqiq etməyin əhəmiyyəti böyükdür. Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə yerləşən qədim Xınalıq özünün təkrarsızlığı, mədəniyyət abidələri, tikililəri ilə dünyanın çox yerində tanınır. Rəsul Rzanın qartal yuvasına bənzətdiyi evlərində cəsur, mərd, fədakar adamlar yaşayırlar. Ketlər yurdunda sirləri açılmamış tarixi abidələr mövcuddur.
Keçən əsrin 30-cu illərində Haput kəndində bir müddət tədqiqat aparmış A.N.Qenkonun məlumatına görə haputlular özlərinə “hereti” deyirlər. Əgər bu doğru isə, onda bu xalqın adı VI-VII əsrlərə aid gürcü mənbələrindəki ”ereti” termininə yaxındır, bəlkə də eynidir. Qədim gürcü mənbələrində isə “ereti” Albaniyaya verilən addır. Azərbaycan alimləri bu fikirdədirlər ki, həmin xalqların ulu babaları bizim eranın əvvəllərində yaşamış yunan coğrafiyaşünası Strabonun qeyd etdiyi 26 alban tayfalarındandır. Qədim mənbələr əsasında bəzi alban tayfalarının İber-Qafqaz dillərində danışmaları da artıq sübut olunmuşdur. İndi də bu xalqların dilləri dilçilər tərəfindən İber-Qafqaz dil ailəsinin Dağıstan qrupunun ləzgi yarımqrupuna aid edilir. Bütün bunlar göstərir ki, Şahdağ etnik qrupları xalqımızın qədim, yerli tərkib hissəsi olmaq etibari ilə tariximizdə müəyyən rol oynamışdır.
Şahdağ xalqlarının dilləri içərisində Xınalıq dili xüsusi yer tutur, çünki bu dildə yalnız həmin kəndin sakinləri danışırlar. Qrız dilində Qrız kəndindən başqa Haput, Əlik, Cek kəndlərinin əhalisi də danışırlar. Bununla belə, qeyd etmək lazımdır ki, Qrız dili ilə onun dialektləri arasında fərqləndirici xüsusiyyətlər o qədər çoxdur ki, keçən əsrə aid ədəbiyyatda Haput dili müstəqil dil kimi qeyd olunmuşdur. Buduq dili də müstəqil dildir.
Əsrlər boyu eyni zonada yaşamış, lakin müxtəlif dillərdə danışan bu xalqlar üçün Azərbaycan dili ünsiyyət vasitəsi rolunu oynamışdır. Onların dillərində çoxlu sayda Azərbaycan sözlərinin olmasının bir səbəbi də elə budur. Şübhəsiz ki, bu dillərin tədqiqatı Azərbaycan tarixi və mədəniyyətinin qaranlıq səhifələrinin işıqlandırılması üçün böyük əhəmiyyətə malikdir. Misal olaraq bunu qeyd etmək olar ki, Haput və Qrız dillərində çaya “kür” deyilməsi tədqiqatçılarımıza imkan vermişdir ki, uzun müddət Kür çayının etimologiyası üzərində gedən mübahisəyə son qoysunlar və Zaqafqaziyanın bu ən böyük çayının öz adını qədim alban tayfalarının birinin dilindən aldığını sübut etsinlər.
Şahdağ etnik qrupları tarixən formalaşmış qədim maddi mədəniyyətə malikdir. Onların kəndləri öz formaları və quruluşlarına görə keçmiş patriarxal icma münasibətlərini özündə əks etdirən yaşayış məskənləridir. Belə ki, hər bir kənd indi də məhəllələrə bölünür. Keçmişdə hər bir məhəllədə ayrı-ayrı nəsillər yaşayırdı. Məhəllə bəzən inzibati vahid rolunu oynayırdı. Hər məhəllənin ağsaqqalı, qəbiristanlığı və piri var idi. Məhəllələrin bəziləri orada vaxtilə məskən salmış ulu nəsillərin adları ilə adlanırdı.
Xınalıq, Qrız, Haput kəndləri abidələrlə zəngindir. Onlardan Xınalıqdakı Pir Cumərt, Cümə məscidi, Atəşgah, Haputdakı Cümə məscidi, Babadilim piri və s. qeyd etmək olar.
Qrızdəhnə yolunun başlanğıcında Qudyalçay daş qayanı yarıb keçir. Elə həmin ərazidə kəndlərin əhalisinin “Minarə” adlandırdıqları bir yer diqqəti cəlb edir. Onun yeni tektonik hərəkətlər və çayın eroziya fəaliyyəti nəticəsində əmələ gəldiyi güman olunur. IV əsrin bu yadigarı təbii abidə kimi qeydə alınmışdır. Çay qayada 30-35 metr uzunluğunda, eni 4-5 metr, hündürlüyü 3-4 metrə çatan oyuq açmışdır. Minarə həm də 10-15 metr nisbi yüksəklikdə təbii körpü rolunu oynayır.
Qrız və Qrızdəhnə qonşu kəndlərdir. Lakin aralarında uca divar kimi keçilməz bir dağ uzanır. Odur ki, həmişə gedib-gəlmək mümkün deyil. Bəs xeyirdə, şərdə camaat bundan necə xəbər tutur? “Laçın beli” adlı həmin dağda iki qoşa daş var. Hündürü “xeyir daşı”, alçağı “şər daşı” dır. Bir nəfər toy-bayramda birincinin üstünə çıxıb qışqırır. El arasında bu abidəyə “çağıran daşlar” deyilir. Onlar hər iki kənddən görünür. Buna görə də hamı hay salanın hansı daşın üstündən olmasından bilir ki, nə baş verib.
Xınalıq kəndinin əhalisi əsasən qoyunçuluqla məşğul olduğundan orada toxuculuq sənəti geniş yayılmışdır. Xınalıqda yun ipdən toxunmuş şal Quba qəzasında məşhur idi və ətraf kəndlərdə onu üst paltarı tikmək üçün alırdılar. Yun şaldan tikilən çuxa vaxtilə kəndlərdəki varlı adamların milli geyim forması olmuşdur. Bu paltarlıq şal Xınalıq dilində “kargə” adlanan və hazırda, demək olar, aradan çıxmış dəzgahda toxunurdu. Tədqiqatçıların fikrincə, ayaqla hərəkətə gətirilən belə dəzgahların təşəkkülü eramızın I-III əsrlərinə təsadüf edir və ən qədim zamanlarda İran və Suriyada mövcüd olmuşdur. Şahdağ xalqlarında bu dəzgahın işlənmə prinsipi eyni idi. Xınalıqda nə toxunurdusa, Buduqda, Qrızda, Haputda, Cekdə, Yergücdə, Əlikdə də cüzi fərqlərlə həmin şeylər toxunurdu.
Hələ XVII əsrdə Xınalıq kəndinə su kəmərinin çəkilməsini söyləyirlər. XIX əsrin ortalarına aid bir mənbədə Buduqda cəhətləri müəyyən etmək üçün qiblənüma qayrılmasından danışılır.
Xınalıqlılar, buduqlular, qrızlılar, yergüclülər, əliklilər, haputlular və ceklilər tədricən özlərinin qədim ata-baba yurdlarından daha əlverişli təbii iqlim şəraiti olan qonşu Xaçmaz rayonuna da köçmüş, burada yeni yaşayış məskənləri salmışlar. Haputluların xeyli hissəsi isə Azərbaycanın bir sıra rayonlarında- İsmayıllıda, Ağdaşda, Qəbələdə və başqa yerlərdə məskunlaşmışlar. Yeni yaranmış kəndlərlə birlikdə indi şahdağlıların bütün yaşayış məntəqələrinin ümumi sayı 103-ü keçmişdir.
Buduqlular, xınalıqlılar, qrızlılar, yergüclülər, haputlular, ceklilər, əliklilər iki dildə danışırlar: onlar ana dilləri ilə yanaşı, Azərbaycan dilinə də mükəmməl yiyələnmişlər. Bu xalqların əksəriyyəti ləzgi dilində sərbəst danışa bilir.
İkidillilik Azərbaycanda geniş yayılmış hadisədir. Burada yaşayan xalqlar öz ana dilləri ilə yanaşı millətlərarası ünsiyyət vasitəsi olan Azərbaycan dilini də bilirlər.
Şahdağlılar ta qədim dövrlərdən azərbaycanlılarla təmasda olan, qaynayıb-qarışan ikidilli xalqlardır. Azərbaycan dili həmin azsaylı xalqların həyatında aparıcı rol oynayır. Ona görə də Y.D.Deşeriyevin “İki dilin qarşılıqlı təsirində bir dilin başqa dilə təsir dərəcəsi, həmçinin onlardan hər birinin ictimai vəzifələri, cəmiyyətin həyatında onların rolu ilə müəyyənləşdirilir” (15. 36-37) fikri tamamilə yerinə düşür.
Şahdağ dillərində külli miqdarda Azərbaycan dilindən alınmış sözlərin işlənməsi onunla izah olunur ki, bu dillərdə danışan xalqlar uzun müddət eyni ərazidə və mehriban qonşuluq münasibətlərində olmuşlar.
Şahdağlılar, eləcə də Dağıstanın digər xalqları arasında Azərbaycan dili geniş yayılmış, anlaşıqlı bir dil olmuşdur.
Şahdağ xalqlarının məktəb və kargüzarlıq işləri Azərbaycan dilindədir. Bütün mədəni-kütləvi tədbirlər Azərbaycan dilində aparılır. Bu dil təkcə Şahdağ dillərinin zənginləşməsi üçün mənbə deyil, eyni zamanda şahdağlıların gündəlik həyatlarında işlətdikləri əsas dildir.
Azərbaycan dilinin sözdüzəldici “-çı, -çi, -çu, -çü”, “-lıq, -lik, -luq, -lük” şəkilçiləri Şahdağ dillərinin söz yaradıcılığında əhəmiyyətli rol oynayır.
Şahdağ dillərində işlənən bağlayıcılar və ədatlar əsasən Azərbaycan dilindən, yaxud bu dil vasitəsilə ərəb və fars dillərindən alınmışdır.
Azərbaycan dili ana dili olmayan, lakin azərbaycanlılarla uzun müddət ünsiyyətdə saxlayan, respublikamızda yaşayan başqa dilli xalqlar, o cümlədən şahdağlılar azərbaycanca danışarkən dil qaydaları çox zaman pozulur. Onların danışığını ədəbi dil normalarından fərqləndirən əsas iki cəhəti qeyd etmək lazımdır: öz ana dilinin və təmasda olduğu Azərbaycan dialektinin xüsusiyyətləri.
Şahdağlılar azərbaycanca danışarkən ana dili vərdişlərinin təsiri altında Azərbaycan dili səslərini qeyri-iradi olaraq, özlərinə məxsus şəklidə tələffüz etməklə də bəzən ədəbi dilin orfoepiya normalarını pozurlar. Lakin bütövlükdə onların tələffüzü qonşu azərbaycanlıların tələffüzündən demək olar ki, fərqlənmir.
Şahdağ dillərinin lüğət tərkibində, səs sistemində və hətta qrammatik quruluşunda Azərbaycan dilinin təsiri özünü göstərir. Onların lüğət tərkibinə çoxlu Azərbaycan sözləri daxil olur, tədricən kök sözlərin yerini dilə daxil olan yeni Azərbaycan sözləri tutur. Azərbaycan dilinə məxsus sözdüzəldici şəkilçilər əsasında bu dillərdə yeni sözlər yaranır. Bu dillərə Azərbaycan dili vasitəsilə ərəb, fars, hətta rus sözləri də daxil olmuşdur. Bu münasibətlə V.A.Zveqintsev çox düzgün qeyd edir ki, “... leksik alınmalar vasitəsilə nəinki bu və ya digər xalqın başqa xalqlarla tarixi münasibətlərini, həmçinin bu münasibətlərin mahiyyətini də bərpa etmək olar. Məhz ona görə də çox vaxt bir dildən başqa bir dilə keçən leksik vahidlər son dərəcə qiymətli tarixi dəlillərdir” (16. 245).
Qrız, buduq, xınalıq, ləzgi dillərində elə türk sözləri işlənir ki, bu gün bəzilərimiz həmin leksemlərin ilkin variantdakı mənasını başa düşmürük. Məsələn, kap “meyvənin yeyiləndən sonra qalığı”, şud “taxtabiti”, yeb “ip”, qajğan (qazan) və s.
Şahdağ xalqları arasından müəllimlər, həkimlər, şair və tərcüməçilər, jurnalistlər, tarixçilər, hüquqşünaslar, istedadlı sənətkarlar, alimlər yetişmişlər. Xınalıqlı poliqlot- müəllim Rəhim Alxas, Quba rayon təhsil şöbəsinin müdiri Süleyman Aslanov, daş və ağac üzərində gözəl sənət əsərləri yaradan Qərib Sultanov və başqaları dərin hörmət və nüfuz qazanmışlar. Bu gün şahdağlılar XI əsrdə Bağdadda təhsil almış, bir müddət Buxarada yaşayıb yaratmış hüquq və fəlsəfə elmlərinin bilicisi İbn Həkim Əl-Xinaluqi, XV əsr tarixçisi Məhəmməd Xinaluqi və digər görkəmli alimlərlə haqlı olaraq fəxr edirlər.
Azərbaycanın ali məktəblərində və elmi müəssisələrində azərbaycanlılarla birlikdə elmin və mədəniyyətin inkişaf etdirilməsində, kadrların yetişdirilməsində fəal iştirak edən və öz əməyi ilə Azərbaycan xalqı arasında şöhrət qazanmış xınalıqlılardan, qrızlılardan, buduqlulardan, ləzgilərdən və digər Şahdağ xalqlarından olan alimlər, elmi işçilər də az deyildir. Onlar respublikada iqtisadiyyatın, elm və texnikanın, mədəniyyətin, ədəbiyyat və incəsənətin yüksəlişində fəal iştirak edirlər. Bu xalqların minlərlə oğul və qızı hazırda respublikadakı və xaricdəki ali məktəblərdə təhsil alırlar.
Şübhəsiz ki, Şahdağ dilləri tarix üçün maddi-mədəni abidələr qədər vacib hesab edildiyindən gələcəkdə də qorunacaq, mütəxəssislərin əsil tədqiqat obyektlərinə çevriləcəkdir. Onların keçirdiyi təbii inkişaf prosesini izləməyin müasir nəzəri dilçilik elmi üçün də mühüm əhəmiyyəti vardır.
ƏDƏBİYYAT
1. Dirr A.M. Einführung in das Studium der kaukasischen Sprachen. Leipzig , 1928
2. Erckert R. Die Sprachen des kaukasischen Stammes. Wien , 1895
3. Jakob Grimm. Geschichte der deutschen Sprache. Leipzig , 1880
4. Klaproth J. Kaukasische Sprachen. Anhang zur Reise in den Kaukasus und nach Georgien. Halle und Berlin, 1814
5. Krahe H. Ortsnamen als Geschichtsquelle. Heidelberg, 1949
6. Kranikof N. Memorie sur les inseriptions musulmanes du Caucaze. JA. , ser. St. XX, Paris, 1862
7. Schiefner A. Versuch über die Sprache der Uden. СПб. , 1863
8. Schiefner A. Ausführlicher Bericht über Baron P. von Uslars „Kürinische Studien“ – Сборник сведений о кавказских горцах, вып. VII, Тифлис, 1875
9. Trubetskoy N. Die Konsunantensysteme der ostkaukasischen Sprachen. Caucasiska_ S. 8, Leipzig, 1931
10. Hugo Schuchardt. Über den passiven Charakter des Transitivs in den kaukasischen Sprachen. Wien, 1895
11. Weinreich U. Lanquages in Contackt. New Jork, 1953
12. Job D.M. Probleme eines typologischen Vergleichs ibero – kaukasischer und indo-germanischer Phonetensysteme im Kaukasus. Frankfurt / M. ; Bern, 1977
13. Schmidt K.H. Studien zur Rekonstruktion des Lautstandes der südkaukasischen Grundsprache. Wiesbaden, 1962
14. Дирр А.М. Цахурский язык. СМОМП, вып. 43, Тифлис, 1913
15. Дешериев Ю.Д. Закономерности развитие и взаимодействие языков. М., 1966
16. Звегинцев В.А. Очерки по общему языкознанию М., 1962
скачать dle 10.4 UTF-8Forex для начинающих