Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən milli azlıqlarla bağlı görülmüş işlərə dair məlumatlar
29 dekabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə rəsmi məktubla müraciət etmişdik:
Müstəqil Azərbaycanın şimal-şərq bölgəsindəki Şahdağ ətrafında çox qədim zamanlardan məskunlaşmış yeddi etnik qrupun – xınalıqlılar, buduqlular, haputlular, ceklilər, əliklilər, qırzlılar və yergüclülərin (bu etnik qrupun vaxtilə yaşadığı kəndin indi xarabalıqları qalır, əhalisi isə Xaçmaz şəhəri ətrafındakı eyni adlı kənddə məskunlaşıb) etnotanıtım portalı olan Shahdagpeoples.az 2015-ci ilin əvvəlindən fəaliyyətə başlayıb. Müasir Azərbaycan xalqının formalaşmasında bu və digər dərəcədə iştirak etmiş, tarixi ədəbiyyatda “Şahdağ xalqları qrupu” və “Kiçik yeddilər” kimi adlandırılan bu azsaylı etnik qrupların zəngin tarixi keçmişini, maddi və mədəni irsini təbliğ etmək, qarşılaşdıqları problem və çətinliklərə diqqət yönəltmək, bu kontingenti müstəqil Azərbaycan dövlətçiliyi ideyası ətrafında daha da sıx birləşdirmək saytımızın başlıca fəaliyyət istiqamətləridir. Bununla yanaşı saytda bölgənin digər xalqları – türkdillilər, ləzgilər və dağ yəhudiləri haqqında da bir sıra maraqlı materiallar yerləşdirilib. Çox istərdik ki, Mədəniyyət və turizm nazirliyinin rəhbərliyinə aid məsul şəxslərdən biri ölkəmizdə və o cümlədən də Şahdağ ətrafında yaşayan azsaylı etnik qrupların mədəni irsinin qorunması və təbliği sahəsində görülmüş və görülməsi nəzərdə tutulan işlərə işıq salacaq sualları cavablandırsın:
21 yanvar 2016-cı il tarixdə həmin nazirlikdən İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun imzası ilə 136/14 saylı məktub aldıq. Məktubda deyilirdi: “Sizin etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində görülmüş işlərə, habelə digər məsələlərə dair müraciətinizə əsasən müvafiq məlumatlar təqdim olunur. Nəzərə almağınızı xahiş edirik”. Həmin məktubda “Milli azlıqlar barədə görülmüş işlər və digər müvafiq məlumatlar” başlıqlı mətn və milli azlıqların həyatı ilə bağlı şəkillərdən ibarət disk vardı. Mətni və şəkilləri diqqətinizə yetiririk. “Shahdagpeoples.az”
Milli azlıqlar barədə görülmüş işlər və digər müvafiq məlumatlar Məlum olduğu kimi, Bakı şəhərində və respublikanın bölgələrində iyirmidən artıq müxtəlif mədəni mərkəz, o cümlədən rus, ukrayna, kürd, lak, ləzgi, tat, tatar, gürcü, ingiloy, talış, avar, axısxa türkləri, yəhudi, alman, yunan, udin və bir sıra başqa milli icmalar fəaliyyət göstərir. Ümummilli lider Heydər Əliyevin fəaliyyətində azsaylı xalqların mədəniyyətinə diqqət və qayğı xüsusi yer tutmuşdur. Bu siyasətin davamı olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu həssas məsələyə daim böyük önəm verilmiş, son illər ərzində azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafı üçün məqsədyönlü işlər həyata keçirilmişdir. YUNESKO-nun 20 oktyabr 2005-ci il tarixində qəbul etdiyi "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycan Respublikasında yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Ölkədə yaşayan milli azlıqlar və etnik qrupların mədəni dəyərləri, mədəni irsinin qorunub saxlanılması və inkişafı ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən konkret işlər görülür. Bununla bağlı dəqiq istiqamətlər müəyyənləşdirilərək müvafiq fəaliyyət həyata keçirilir. Bu məqsədlə aşağıdakılar nəzərdə tutulmuşdur: Azərbaycan Respublikasında yaşayan etnik qrupların tarixi vətəni olan ölkələrin səfirlikləri və nümayəndəlikləri ilə iş;
Nazirlik tərəfindən miili azlıqların mədəni icmaları ilə daima iş aparılır, onlar mövcud layihə və proqramların işlənib hazırlanmasına və həyata keçirilməsinə, habelə beynəlxalq festivallarda iştiraka cəlb olunurlar. Eyni zamanda, kollektivlərin milli geyimlər və müvafiq texniki avadanlıqlarla təmin edilməsi də nazirliyin daim diqqət mərkəzində olan məsələlərdəndir. 2009-cu ildə "Axısxa türk gənc qızlar folkloru" qrupu nazirlik tərəfindən səhnə geyimi ilə təmin olunmuşdur. Bundan başqa, yerli rayon mədəniyyət və turizm idarə və şöbələrinin maliyyə dəstəyi ilə Lənkəran şəhərinin "Nənələr" talış folklor xalq mahnı və rəqs kollektivi, Saatlı rayonunun "Adıgün" türk xalq folklor kollektivi, Qax rayonunun "Samur" saxur folklor kollektivi, Şabran rayonunun "Xınayaxdı" tat folklor xalq kollektivi, Balakən rayonunun "Cahan" avar folklor qrupu, İsmayıllı rayonu Lahıc kənd Mədəniyyət evinin "Lahıc" folklor qrupu və İvanovka kənd Mədəniyyət evinin "İvanovka" folklor qrupu, Masallı rayonunun "Halay" talış folklor xalq mahnı və rəqs koilektivi, Qəbələ rayonunun "Cəngi" udin folklor ansamblı, Şəki şəhəri Şorsu kənd Mədəniyyət evinin rutul folklor kollektivi, Quba rayonunun "Atəşgah" tat mahnı və rəqs ansamblı, Lerik rayonunun "Uzunömürlülər-rəfti" talış folklor rəqs kollektivi, Astara rayonunun "Əvəsor" talış folklor xalq kollektivi, Qusar rayonunun "İnci qızlar" ləzgi rəqs kollektivi, Zaqatala rayonu Əliabad kənd Mədəniyyət evinin İngiloy folklor kollektivi, "Ceyranım" saxur folklor xalq kollektivi və "Hudulki" avar rəqs kollektivi üçün yeni səhnə geyimləri hazırlanmışdır. Mütəmadi olaraq nazirliyin dəstəyi ilə Bakı şəhərində tatar mədəniyyəti cəmiyyətləri tərəfindən "Sabantuy" tatar milli bayramının keçirilməsinə yardım göstərilir. Masallı rayonunun talışlardan ibarət "Halay" rəqs kollektivi son 5 il ərzində respublikada və respublikanın hüdudlarından kənarda böyük şöhrət qazanmış, Azərbaycanın müxtəlif bölgələrində, habelə Rusiya, Türkiyə, Macarıstan və digər ölkələrdə qastrol səfərlərində olmuşlar. Masallı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Masallı rayonunda yeni kollektivlər - "Həcər" ansamblı, "Halay"ın yaşlı qadınlardan ibarət qrupu, "Masallı" rəqs ansamblı yaradılmış, onlar üçün səhnə geyimləri tikilmişdir. 2012-ci ildə Azərbaycanın folklor paytaxtı elan olunmuş Masallıda respublikada ilk dəfə olaraq 7 ölkədən gəlmiş kollektivlərin iştirak etdiyi Beynəlxalq Folklor Festivalı keçirilmişdir. Bu Festival hər il təşkil edilir. TÜRKSOY Beynəlxalq Təşkilatının dəstəyi ilə 13-17 oktyabr 2011-ci il tarixlərində keçirilən Türkiyənin Xatay vilayətinin təqdimat mərasimində Lerik rayonunun 15 nəfərdən ibarət "Uzunömürlülər-rəfti" xalq kollektivinin iştirakı təmin edilmişdir. Bakı şəhərində fəaliyyət göstərən "Suvar" ləzgi mahnı və rəqs ansamblı dəfələrlə Rusiya və Türkiyədə keçirilən folklor festivallarında və musiqi bayramlarında iştirak etmişdir. Ansamblın bədii rəhbəri Sədaqət Kərimova Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür. 2013-cü ilin 27 iyun-01 iyul tarixlərində Belarus Respublikasının Bobruysk şəhərində keçirilmiş XI "Dostluq Çələngi" Beynəlxalq Xalq Yaradıcılığı Festivalında Zaqatala rayonunun "Hudulki" avar xalq kollektivinin iştirakı təmin edilmişdir. Milli azlıqların bədii kollektivlərinin beynəlxalq və respublika festivallarında yüksək səviyyəli çıxışlarını nəzərə alaraq, nazirlik tərəfindən Bakı şəhəri "Suvar" ləzgi mahnı və rəqs ansamblına, Zaqatala rayonunun "Hudulki" rəqs ansamblına, Balakən rayonunun "Cahan" avar folklor kollektivinə, Lerik rayonunun "Uzunömürlülər-rəfti" talış folklor rəqs kollektivinə və İsmayıllı rayonunun "İvanovka" folklor qrupuna "Xalq kollektivi" adı verilmişdir. Azsaylı xalqların mədəniyyət mərkəzlərinin keçirdikləri tədbirlərə nazirlik tərəfindən dəstək göstərilir, onların bədii kollektivlərinin konsertlərinin təşkili üçün Azərbaycan Dövlət Filarmoniyası, Opera və Balet Teatrı, R.Behbudov adına Dövlət Mahnı Teatrı və digər səhnələr təqdim edilir. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş "2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları" Proqramı ilə əlaqədar 2014-cü il üçün Balakən "Azərbaycanın Folklor Paytaxtı" elan edilmişdir. Bununla əlaqədar 25-26 sentyabr 2014-cü il tarixlərində Balakən rayonunda Mədəniyyət və Turizm Nazirliyi və Balakən rayon İcra Hakimiyyəti tərəfindən keçirilmiş "Balakən payızı" Folklor və Turizm Festivalı çərçivəsində Rusiya (Dağıstan) və Gürcüstandan dəvət olunmuş rəqs qruplarının, habelə respublikanın bədii özfəaliyyət kollektivlərinin çıxışları, rayonun adət-ənənələrinə həsr olunmuş sərgi, elmi-praktiki konfrans və digər tədbirlər təşkil edilmişdir. Festivalda milli azlıqların bir sıra mədəniyyət mərkəzlərinin bədii kollektivləri də iştirak etmişdir. Göstərilənlərdən əlavə qeyd olunmalıdır ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə hər iki ildən bir "Azərbaycan-doğma diyar" devizi altında milli azlıqların incəsənəti festivalı keçirilir. 2006, 2008, 2011 və 2014-cü illərdə keçirilmiş festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Akademik Opera və Balet, Dövlət Musiqili Komediya, Rəşid Behbudov adına Dövlət Mahnı teatrlarında Bakı şəhərində və respublikamızın 15-dək rayonunda fəaliyyət göstərən və demək olar ki, bütün milli azlıq və etnik qrupları təmsil edən, 800 nəfər iştirakçını özündə birləşdirən 40-dan çox kollektivin çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. 4 gün ərzində hər bir mədəniyyət mərkəzinin öz proqramını təqdim etmək üçün şərait yaradılır və ən yaxşı kollektivlər seçilərək festivalın sonuncu günü qala konsertdə çıxış etmək hüququ qazanır. Qala konsertdə çıxış edən hər bir kollektiv nazirliyin diplomları ilə təltif edilir. Festivalın gedişi Azərbaycanın kütləvi informasiya vasitələrində geniş işıqlandırılır, festivalın qala konserti isə İctimai Televiziya tərəfindən bütünlüklə tamaşaçılara təqdim edilir. Festivalların baş rejissoru xalq artisti, professor Cənnət Səlimova olmuşdur. Ənənəvi olaraq mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev festivalın tədbirlərində iştirak və çıxış edir, azsaylı xalqların mədəniyyət mərkəzlərinin və bədii kollektivlərin rəhbərləri ilə görüşür. Festivallar çərçivəsində "Azərbaycanın ənənəvi musiqi atlası", "Azərbaycan etnik musiqisinə həsr olunmuş albom" və 5 dildə (Azərbaycan, ingilis, rus, fransız və alman) "Azərbaycanda yaşayan xalqların mahnıları" diski (42 mahnı) hazırlanaraq ictimaiyyətə təqdim olunmuşdur. Hər bir festival çərçivəsində cənab nazir Əbülfəs Qarayevin, Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Nazirlər Kabinetinin məsul işçilərinin, respublikanın görkəmli alimlərinin və azsaylı xalqların mədəniyyət mərkəzləri rəhbərlərinin iştirakı ilə "Azsaylı xalqların mədəni irsi və müasirlik", "Milli azlıqların mədəni irsinin qorunması", "Qloballaşma dövründə Azərbaycanda etnik mədəniyyət" mövzularında dəyirmi masalar təşkil edilmiş, maraqlı məruzələr dinlənilmiş, mədəniyyət mərkəzlərini narahat edən məsələlər aşkarlıq şəraitində müzakirə edilmişdir. Dəyirmi masaların materialları "Musiqi dünyası" jurnalında çap olunmuşdur. Festivallar çərçivəsində Muzey Mərkəzinin sərgi salonunda azsaylı xalqların və etnik qrupların həyat və yaşayış tərzini əks etdirən böyük fotosərgilər nümayiş etdirilmişdir. Bu istiqamətdə işlər davam etdirilir. Göstərilənlərdən əlavə qeyd edirik ki, hazırda Azərbaycan Respublikası Prezidentinin 11.01.2016-cı il tarixli 1673 nömrəli Sərəncamına əsasən 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi ilə əlaqədar tədbirlər planı hazırlanır. Bu tədbirlər planında Azərbaycan-doğma diyar" devizi ilə V milli azlıqların incəsənəti festivalının keçirilməsi və digər çoxsaylı tədbirlərin təşkili nəzərdə tutulacaqdır. Xınalıq kəndinin özünəməxsusluğunun, adət-ənənələrinin, etnosunun qorunması və gələcək nəsillərə çatdırılmasının xüsusi əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2563 nömrəli 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə Quba rayonunun Xınalıq kəndinin tarixi ərazisi "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun 98 abidə-evinin qəzalı vəziyyətdə olan dam örtükləri bərpa edilmişdir. Qoruğun ərazisində Əbu-Müslüm və Xıdır Nəbi məscidlərində bərpa və konservasiya işləri aparılmışdır. Bundan başqa məktubun 6-cı bəndi ilə bağlı bildiririk ki, 2015-ci ildə nazirliyin strukturunda aparılmış islahatlar nəticəsində İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektoru yaradılmışdır. Qeyri-hökumət təşkilatları ilə iş sektoru etnotanıtım sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə gələcəkdə əməkdaşlıq etməyi və layihələr həyata keçirməyi nəzərdə tutmuşdur. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |