Rəssam və memar
Şahdağ - əsrarəngiz məkan...
Əvvəlcə bir qədər özüm haqqında. 1941-ci ildə Bakıda doğulmuşam. Orta məktəbi bitirdikdən sonra rəssamlığa olan böyük həvəsim məni 1958-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gətirdi. 1963-cü ildə həmin məktəbi uğurla bitirdim. Amma indi rəngkarlığa olan həvəsimə memar olmaq istəyi də qoşulmuşdu. Çünki rəssamlıq məktəbində təhsil alarkən dünyanın bütün görkəmli fırça ustalarının həm də gözəl memar olduqlarını görür və təbii ki, bizdə də qurub-yaratmaq, dünyanı daha da zənginləşdirmək eşqi doğurdu. Elə bu böyük həvəslə də 1963-1968-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indi Azərbaycan Texniki Universiteti adlanır) Memarlıq bölümündə memarlıq ixtisasına yiyələndim. Üç il təyinatla “Azərdövlətlayihə” İnstitutunda çalışdım. Sonra dörd il ərzində indiki Sabunçu rayonunda baş memar oldum. Daha sonra uzun illər Azərbaycan Dövlət Tikinti və Memarlıq Komitəsində memar kimi fəaliyyətimi davam etdirdim. Həmin illərdə respublikamızın bir sıra rayon və şəhərlərində xeyli sayda ictimai və mədəni-məişət obyektlərinin tikintisinə nəzarət işlərində iştirak etdim.
Memar olaraq fəxr elədiyim məqamlar kimi Bakıda ilk bu cür tikintilərdən sayılan Sabunçuda dəmir yolunun üstündən keçən körpünün tikilməsi, 1918-ci ildə erməni talanları zamanı torpağın altında qalmış qədim Şamaxı Cümə məscidinin aşkar edilib torpaq altından çıxarması, həmin rayondakı Diribaba türbəsinin bərpası, İçərişəhərdəki Qasımbəy (indiki Yaşıl aptek) və Qız Qalasının yaxınlığındakı Hacıbanu hamamlarının aşkarlanması və bərpası, Bakıdakı İmam Hüseyn məscidinin, Nardarandakı qədim məscidin bərpası, Naxçıvandakı Mömünə xatun məqbərəsinin naxışlarının bərpası, Lənkəran şəhərində iki məscidin bərpası işlərində və çoxsaylı digər bərpa-yenidənqurma layihələrində yaxından iştirakımı göstərə bilərəm.
İllərlə Azərbaycanın bütün bölgələrini qarış-qarış gəzdim və elə o zamandan da rəssamlıq həvəsim yenidən yaradıcılığımın əsas qoluna çevrildi. Çalışdım ki, qədim tarixə malik rəngkarlıq sənətində özümə məxsus yolum, öz üslubum olsun. Elə bilirəm ki, illər əvvəl axtardığımı tapmış və özümü rəssam kimi təsdiqləyə bilmişəm. Bu, klassika ilə müasirliyin mənim nəzərimcə müvəffəqiyyətlə alınmış sintezidir. Uzun illərdir ki, tablolarımı bu cür, özümə məxsus tərzdə işləyirəm.
Rəssam kimi təbiət qoynunda olmağı, naturadan mənzərələr çəkməyi sevirəm. Daha çox İsmayıllı rayonu və Şahdağətrafı ərazilərin mənzərələrini tabloya köçürməyi xoşlayıram. Deyim ki, bu gözəl məkanları kətana köçürən ilk rəssamlar biz deyilik. Hələ ötən əsrin 50-ci illərindən başlayaraq Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Qafar Seyfullayev, Mürsəl Nəcəfov kimi görkəmli rəssamlar dəfələrlə bu yerlərdə olmuş və öz məşhur əsərlərini yaratmışlar.
Mən də Şahdağı və bu ərazidəki Ləzə kəndini çəkməyə çox cana atırdım. Çünki payız fəslində Şahdağ və onun ətrafındakı ərazilər, xüsusən də Ləzə kəndi dedikcə gözəl olur. Ümumiyyətlə, mənzərəçi rəssamlar daima insan əli dəyməmiş, olduğu kimi qalmış təbiət guşələri axtarır, bunları rənglərin və fırçanın köməyi ilə kətan üzərində yenidən canlandırmağa çalışırlar. Təəssüf hissi ilə deyim ki, illər əvvəl kətana köçürdüyüm bəzi təbiət guşələrinə indi yolum düşəndə, həmin yerləri tanıya bilmirəm. Bu, necə deyərlər, insanın təsərrüfat fəaliyyətinin, təbiəti ram etmək canatımının acı nəticələridir. Belə hallarla daha çox İsmayıllı rayonu ərazisində rastlaşmaq olur. Düşünəndə ki, həmin gözəlliklər indən belə yalnız sənin tablolarında yaşayacaq, ancaq sənin fırçan vasitəsilə gələcək nəsillərə çatacaq, sevinir və eyni zamanda da kədərlənirsən.
Şahdağətrafı ərazilər isə hələlik nisbətən toxunulmamış qalıb. Hə yaxşı ki, dörd tərəfi bağlar olan 20-25 evlik Ləzə kəndi və ondan da yuxarı yerlər öz əzəli toxunulmazlığını saxlamaqdadır. Ümumiyyətlə, bu kənddə təbiətlə gözəl bir harmoniya şəraitində yaşayan insanlar məncə, qəhrəmandırlar. Qışda bu yerlərdə 30 dərəcəyədək şaxta olur, yollar bağlanır, amma onlar həmin kənddə yaşamaqda davam edirlər. Bu cür dözümü və doğma məkana sədaqəti hər birinin özünəməxsus mədəniyyəti, dili və tarixi olan Şahdağətrafı qədim kəndlərin sakinləri olan azsaylı xalqların hamısında görə bilərsiniz. Bir məqamı da qeyd edim ki, bu dağların sakinləri mərdliyi, qüruru və əyilməzliyi ilə yanaşı, öz qonaqpərvərliyi ilə də məşhurdurlar. Düşünürəm ki, bütün bunlar və üstəlik də təbiətin gözəlliyi hər bir yaradıcı insanı bu təkrarsız məkanlara məftun etməyə bilməz.
Vəhşi təbiətdə naturaya çıxmaq rəssam üçün təkcə zövqlü bir məşğuliyyət deyil, o həm də çox qorxulu ola bilər. Odur ki, biz də dağlara qrup halında gedirik - rəssam dostlarım Darvin Vəlibəyov, heykəltəraş və rəssam Cümşüd İbrahimli, qubalı həmkarım Əmrulla İsrafilov və mən. Yaradıcı ekpedisiyaya çıxmaq üçün əvvəlcədən ciddi hazırlaşır, yetərli miqdarda boş kətan, rəng-fırça və ərzaq ehtiyatı tədarük edir, maşın tutur və yalnız bundan sonra yola düşürük. Maşında yer çox olanda bizimlə getmək istəyən rəssamların da sayı artır. Hərdən elə olur ki, bir maşına yerləşmirik. Yol boyu gözəl mənzərəli yerlər gördükcə maşını saxlayır və həvəslə işləyirik. Xoşbəxtlikdən Şahdağ və Qusar ətrafında belə məkanlar çoxdur.
Rəsm çəkmək üçün yer seçəndə bir-birimizdən çox uzaqlaşmırıq, vizual görüm məsafəsində qalmağa çalışırıq. Çünki dəfələrlə olub ki, işləyərkən gözləri uzaqdan parıldayan canavarların bizi izlədiyini, yaxınlaşmaq istədiklərini görmüşük. Bu da təbii gözəllikləri kətanda canlandırmaq həvəsində olan rəssamın təbiətdə qarşılaşdığı təhlükələrdən biridir.
“Qərargahımız” adətən Qusarda olur. Hər səhər dağlara yollanır, axşama qədər rəsm çəkir, sonra yenə geri dönürük. Beləcə, 10-15 gün təbiət qoynunda oluruq. Elə bu məqamda qeyd etməliyəm ki, təbiətdə naturadan rəsm çəkməklə emalatxanada işləməyin zəmini-asiman fərqi var. Mənim elə rəsmlərim var ki, illərlə işləsəm də, hələ bitirə bilməmişəm. Amma onlardan da mürəkkəb tabloları təbiətdə 1-2 günə uğurla yekunlaşdırmaq mümkündür.
Bizim marşrutumuz çox gözəl, cazibədar məkanlardan keçir. Üstəlik, günlərlə təbiət qoynunda olmaq insanın sağlamlığına, əhval-ruhiyyəsinə dedikcə xoş təsir bağışlayır. Şəxsən mən belə yaradıcı səfərlərdən sonra özümü xeyli qıvraq, rahat hiss edirəm. Çəkdiyi rəsmlərlə evə dönən rəssamı bir növ, ovdan əlidolu qayıdan ovçuya da bənzətmək olar.
...Əlli ildən çoxdur ki, rəngkarlıqla məşğulam. Uzun illərdir həm ölkəmizdəki Rəssamlar ittifaqının və həm də Memarlar ittifaqının üzvüyəm. Əsərlərim Azərbaycanla yanaşı əcnəbi ölkələrdə də nümayiş olunmaqdadır. Hazırda 75 əsərim bir sıra xarici ölkələrdəki kolleksiyalardadır. Bunlardan təkcə 24-ü Avstraliya qitəsindədir. Mən özüm də bu gözəl qitədə yaradıcılıq ezamiyyətində olmuş, çoxsaylı tablolar işləmişəm. Ümumiyyətlə, müxtəlif yerlərdə, ayrı-ayrı ölkələrdə naturadan rəsmlər çəkmişəm. Amma Azərbaycanın, xüsusən də vətənimizin dilbər guşələrindən olan Şahdağ və civarının gözəlliklərini kətana köçürmək qədər zövq aldığım başqa məkan yoxdur. Bu isti duyğularımı və Şahdağ silsiləsindən olan bir neçə rəsmimi saytınızın oxucusu olan Şahdağsevərlərin diqqətinə yetirməyi özümə borc bildim.
Nə yaxşı ki, Azərbaycan var, nə yaxşı ki, Şahdağ var!
Rəssam Telman Babayev Şahdağda. 2002-ci ilRəssam Telman Babayev. İsmayıllının Çayqoşa kəndindən mənzərə-diptix. Yağlı boya (55x166 sm). 2002-ci il.Rəssam Telman Babayev. Qusar lalələri. Yağlı boya (31x45 sm). 2002-ci il.Rəssam Telman Babayev. Şahdağ lalələri. Yağlı boya (60x90 sm). 2002-ci il.Rəssam Telman Babayev. Şahdağdan mənzərə. Yağlı boya (40x66 sm). 2002-ci il.скачать dle 10.4 UTF-8Forex для начинающих