BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şuşa fatehlərindən biri - Tehran Mənsimov

Şuşa fatehlərindən biri - Tehran Mənsimov

13 noyabr 2025-ci il

 

Onu “Şuşa Fatehi” kimi də tanıyırlar. Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən müharibəsi iştirakçısı Tehran Mənsimov 1972-ci il avqustun 24-də Qusar rayonunun Düztahir kəndində anadan olub. Orta təhsilini Qusar rayonunda alıb, 1989-cu ildə orta məktəbi bitirib. 1990-cı ildən 6 yanvar 1992-ci ilədək Sovet Ordusunun sıralarında hərbi xidmət keçib, Azərbaycan Milli Ordusunda xidmətə başlayıb. Könüllü olaraq Birinci Qarabağ müharibəsinə yollanıb və müxtəlif istiqamətlərdə gedən döyüşlərdə fəal iştirak edib.

Birinci Qarabağ müharibəsində könüllü iştirak etdikdən sonra hərbi təhsil alaraq leytenant rütbəsində ordu sıralarında xidmətə başlayıb. Taqım komandirliyindən briqada komandirliyinə kimi Qarabağ bölgəsində xidmət edib. Kapitan rütbəsini də 1994-cü ildə Horadiz istiqamətində gedən uğurlu əməliyyatlar zamanı alıb. Horadiz qəsəbəsi və 22 kəndin uğurlu müdafiəsindən sonra Heydər Əliyev taborla görüşüb. Tehranla da söhbət edib, rütbəsini soruşub. Baş leytenant cavabından sonra Ulu Öndər Tehrana “bu gündən kapitansan” deyib. Bu, onun ilk yüksək rütbəsi idi.

2013-cü ildən Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda xidmətə başlayaraq, Şahbuz rayonundakı hərbi hissənin komandiri kimi xidmət edib. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib. Ələlxüsus, noyabrın 4-dən 8-nə qədər davam edən Şuşanın azadlığı uğrunda döyüşlərində şəhərə girən ilk zabitlərdən olub. Şuşaya gedən yol açıq olmadığı üçün ərazidə qızğın döyüşlər gedirmiş. Düşmən də bütün gücünü həmin əraziyə cəlb edibmiş. Tehrana Daşaltı bögəsini nəzarətə almaq, xüsusi təyinatlılara şərait yaratmaq, düşmən qüvvələrini məhv etmək tapşırığı verilir. Noyabrın 4-də Daşaltı işğaldan azad edilir. Naxçıvan xüsusi təyinatlıları xüsusi şücaət göstərərək, düşmənin bütün əks-hücumlarını dəf edir. Tehran Mənsimovun rəhbərlik etdiyi bölmələr noyabrın 5-dən 6-na keçən gecə Laçın yolunu keçərək Keybalı yaşayış məntəqəsi tərəfdən Şuşa ətrafındakı meşəyə daxil oldular. Artıq noyabrın 6-da Şuşada idilər. Şəhərin içində güclü döyüşlər getdi, ermənilərin 3 əks-hücumunu dəf etdilər. Həmin gün Şuşada hücumu dərinliyə doğru daha da genişləndirdilər, hücum istiqamətində küçə və prospektləri, yaşayış və qeyri-yaşayış obyektlərini düşməndən təmizlədilər. Növbəti günlərdə ermənilərin çoxsaylı əks-hücumlarının da qarşısı uğurla alınır. Noyabrın 9-da Şuşada hər şey artıq başa çatmışdı, düşmən birdəfəlik məhv edilmiş, şəhər tam təmizlənmişdi. Tehran Mənsimovun rəhbərlik etdiyi əməliyyat qruplaşması Ali Baş Komandanın Şuşa ilə bağlı əmrini qələbə ilə icra etmişdi. Artıq Zəfər qazanılmışdı. İkinci Qarabağ müharibəsinin əsas qəhrəmanlarından və simvollarından sayılan Tehran Mənsimov “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları  ilə təltif edilib.

shimal.news

 

скачать dle 10.4 UTF-8Forex для начинающих