BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şahdağlı generalın vəfatından 40 gün keçir

Şahdağlı generalın vəfatından 40 gün keçir

28 dekabr 2021-ci il

 

O gün – 18 noyabrda ölkənin əksər saytları acı bir xəbəri öz oxucularına çatdırdı: “Ədliyyə general-mayoru Zavər Qafarov vəfat edib. O, Xaçmazın Qobuqıraq kəndində dəfn ediləcək. Zavər Qafarov uzun illər ədliyyə orqanlarında çalışıb. O, 2015-ci ilədək Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi olub. Xatırladaq ki, generalın oğlu da bir müddət əvvəl dünaysını dəyişib”.

 

 

…Onu həyatda heç görmədim. Amma haqqında çoxdan – doxsanların əvvəllərindən eşitmişdim: “Ədliyyə nazirliyində bir həmyerlimiz çalışır. Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisidir”. Görüşmək yaxşı olardı. Ancaq lüzum olmadıqca rəyasət adamlarından məsafəli dolanmaq şakərim buna mane oldu. Jurnalist kimi hazırlanması ondan asılı bir material da lazım gəlmədi ki, barı şəxsi tanışılq üçün bəhanəm olsun.

Yalnız 2015-ci ildə Şahdağ xalqlarının dünəni, çağdaş durumu, mədəniyyəti, etnoqrafiyasından bəhs edən “Shahdagpeoples.az” internet saytını fədakar dostum Araz Teymurxanlının İT dəstəyi ilə hasilə gətirdiyim zaman ona telefon açdım, “haqqınızda olduqca az məlumat tapdım internetdən, bəlkə əlavə faktlar təqdim edəsiniz”, - dedim. Bu işi oğluna tapşırdı, onunla da danışdım, elektron poçt ünvanımı verdim. Lakin… nə zəng gəldi, nə də məlumatlar. Və saytımızın “Buduqlular” bölümünün “Şəxsiyyətlər” pəncərəsində Zavər Qafarov barəsində dördcə cümləlik informasiya necə vardısa, indi də eləcə qalmaqdadır: “Əslən Qubanın Buduq kəndindən olan tanınmış hüquqşünas Zavər Murad oğlu Qafarov III dərəcəli dövlət ədliyyə müşaviridir. 2015-ci ilin mart ayınadək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq əməkdaşlığı idarəsinin rəisi vəzifəsində çalışıb. Hazırda Ədliyyə Akademiyasında dekandır. 20 noyabr 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub”.

 

 

Sonralar onu yaxşı tanıyanlardan öz qabiliyyəti hesabına Bakı və Moskvada mükəmməl təhsil aldığını, çox savadlı hüquqşünas kimi çalışdığı ortamlarda yüksək qiymətləndirildiyini də eşitdim. Növbəti dəfə yenə onunla telefonda danışası oldum – ona “Şahdağ Xalqlarının Mədəni İrsinin Təbliği Mərkəzi” adlı ictimai qurumun rəsmi qeydiyyata alınmasına süni maneələr yaradılmasından şikayətləndim, kömək istədim. Çox səmimi şəkildə mənə yardım etməyə çalışdı. Ancaq heç nə dəyişmədi, Və nə yazıq ki, Mərkəzimiz indinin özündə də rəsmi qeydiyyatdan və deməli, dövlət dəstəyindən məhrum şəkildə sönük fəaliyyət göstərməkdədir...

 

 

O ərəfədə fürsətdən istifadə edib ondan bir daha özü haqqında məlumatlar istədim. Yenə təvazökarlıq etdi, şəxsi haqqında danışmaqdan yayındı, “görüşərik”, - dedi. Lakin nəsib olmadı. Və nə acı ki, onunla “görüşümüz” dünyasını dəyişməsindən 37 gün sonra, burada - Xaçmazın Qobuqıraq kənd qəbiristanlığındakı məzarı başında oldu…

 

 

Hamımız növbədəyik. Vaxtı çatdıqca hər kəs əbədiyyətə doğru geridönməz səfərə mütləq yollanacaq. Amma bu kənddə hamının tanıdığı “generalın məzarı”nda uyuyan Zavər Murad oğlu Qafarov kimi bütün həyatını xalqına və dövlətinə fədakar xidmətə həsr etmək cismani ölümdən sonrakı ölümsüzlük deməkdir!..

Şövkət Səlimov Budad

Tərcüməçi-jurnalist

скачать dle 10.4 UTF-8Forex для начинающих