Qaçaq Mayıl ünvanlı məkanları ziyarət28 avqust 2024-cü il
Qaçaq Mayıl ünvanlı məkanları ziyarət Sumqayıtdan keçdinmi, kimdən soruşsan onun haqqında sənə əfsanəvi olaylar nəql edər… Elə onun adı da əfsanədir. Yüz ildən artıq müddətdə dipdiri olan, yaşayan əfsanə! Tarixi ədəbiyyatda adına Qubalı Qaçaq Mayıl deyilən, el arasında Zail-Mayıl kimi tanınan əslən Şahdağın Buduq kəndindən olan Mayıl Zahir oğlu Zahirov XIX əsrin ikinci yarısı və XX əsrin ilk iki onilliyində Altıağacdan Şamaxıya, Qubadan Şabrana və Xaçmazadək böyük bir ərazidə - bir sözlə, kilassik Quba qəzasının sərhədləri içərisində ən populyar şəxslərdən biri, bəlkə də birincisidir. Rusların Qafqaza, o cümlədən də Azərbaycana artmaqda olan işğalçı yürüşləri və bu yerləri ələ keçirmələri davamlı etiraz dalğaları ilə qarşılandı. Bu cür müqavimət üsullarından biri də getdikcə genişlənməkdə olan qaçaqçılıq hərəkatı idi. Hələ Əfşarlar imperiyası dövründən Quba dağlarında kök salmış və hətta Nadir şahın iki dəfə bu yerlərə yürüş etməsinə səbəb olmuş qaçaqçılıq və onun ən güclü qolu olan Buduq qaçaqçılığı bu dəfə rus işğalçılarını hədəf seçmişdi. Quba dağlarının azadlıqsevər insanları köləliklə barışmağı ağıllarına belə gətirməyərək silahı yerə qoymur, vuruşurdular. Saytımızın bir neçə bölməsində haqqında geniş məlumat verilən yüzbaşı və qaçaq Mayıl Zahirovun adını tutub bu yerlərə gəlməkdə məqsədimiz onun xatirəsini yaşadan ünvanlarla portalımızın ziyarətçilərini də tanış etməkdir. Beləliklə, yolumuz Qonaqkəndədir…
Dağətəyi və düzən Quba ilə Şamaxını birləşdirən qədim yolun təqribən ortasında yerləşdiyindən qonaqlı-qaralı olub bu kənd həmişə. Bir qayda olaraq burada gecələyib yollarına davam etdiklərindən əzəl adı Ləmsə olan bu kənd sonralar qonaqlı yer, Qonaqkənd kimi tanınıb. Qonaqlarının arasında məşhurlar da az olmayıb. Rus dekabrist yazıçısı Aleksandr Bestujev-Marlinskinin “Qonaqkənd yolu” adlı əsəri də var… Yazımızın qəhrəmanı Qaçaq Mayılın bizə məlum olan iki evindən sonuncusu da buradadır. Qonaqkəndin kiçik mərkəzi meydanına yaxın yerləşən darvazası və otaqları bağlı evin həyətini sirkan basıb, özünün də ciddi təmirə, insan hənirinə ehtiyacı var. Sumqayıtda yaşayan varisləri – mərhum qızı Seyrə xanım, nəvəsi Solmaz xanım və nəticəsi Elmar Hüseyn tərəfindən dam örtüyü təzələndiyindəndir ki, bu qocaman ev indiyədək duruş gətirə bilib. Zamanında kəndin ən gözəgəlimli evlərindən olmuş bu ikimərtəbəli, cənub və qərb tərəfdən yay eyvanı ilə əhatələnmiş evdə indi ancaq göyərçinlər sakindir. Hətta buradakı qaranquş yuvaları da boşdur. Sovet hökuməti, Qırmızı ordu və ermənilərə qarşı inadla vuruşan bu xalq qəhrəmanı ömrünün son anınadək onlara qarşı amansız olub. 1918-ci ildə ermənilərin Quba qəzasına basqını zamanı Qaçaq Mayıl Qubanın Digah kəndində indi “Qanlı dərə” adlanan yerdə dostu Ləzgi Əhməd və 2 türk topu ilə erməni vandallarının qarşısını kəsənlərdən olub və onlara irəli getməyə imkan verməyib. Zabitəli yüzbaşı, bir müddət bu dağların yaylaqlar sorumlusu olmuş Mayıl bolşevik fitnə-fəsadı nəticəsində öldürüldükdən sonra sovet hökuməti bu evdə mağaza, poçt şöbəsi və qəzet redaksiyası yerləşdirib. Düşünürük ki, çağımızda da bu tarixi evdən səmərəli istifadə etmək mümkündür. Misal üçün, burada İstiqlal tarixi diyarşünaslıq muzeyi yaratmaq olar. Bu, dogma torpağı uğrunda canından keçmiş qubalı fədailərin xatirəsinə ehtiramın daha bir sübutu olardı… Bu kənddən çıxıb dağların arası ilə üzü cənuba xeyli getdikdən sonra ağaclı bir təpədəki “Şeyx Əli Baba türbəsi” (1813) deyilən məkanda məşhur Qaçaq Mayılın məzarını ziyarət edirik. Bütün ömrü boyu atasının xatirəsini əziz tutmuş, 101 yaşında Sumqayıtda vəfat etmiş qızı Seyrə xanım da burada onun yanında dəfn edilib. Nəvəsi Elmar Hüseyn onun sinədaşı üzərinə bu xatirə misraları köçürüb:
Atan Mayıl, yurdu Quba, Bu dağlarda qurdu yuva. Döyüşərək oba-oba, Təngə, Sarvan, Çanaqqala.
Seyrə Mayıl qızı adın, Sən şərəfinlə anırdın. İki qardaş, bir atanın, Şəhid adın tək ucaltdın.
Məşhur qaçağın başdaşından boylanan dinc-gülümsər simasına, miyanə məzarına baxdıqca burada qəzəbindən ədalətsiz qoluzorluların tir-tir əsdikləri, Quba qəzasına sığmayıb ta Çanaqqalayacan at sürüb yeni Türkiyənin azadlığı uğrunda cəng eləmiş azman bir igidin uyuduğuna inanmağın gəlmir. Amma, bu belədir: 1924-cü ildə “Cimi dərəsi” deyilən yerdə sirri bu gün də tam açılmamış müəmmalı bir şəkildə güllə ilə vurulmuş Mayılın nəşi sağlığında ehtiram bəslədiyi bu şeyx ocağına gətirilərək torpağa tapşırılıb. Ensiz dağ yolunun kənarında yerləşən kiçik məzarlığın bu yerlərin tarixi turizm marşrutlarına daxil edilməsi, Qonaqkənd İstiqlal muzeyi ilə əlaqələndirilməsi, zənnimizcə, məqsədəuyğun olardı. Qaçaq Mayılın ailəsi ilə birlikdə 1830-cu illərdə Buduqdan köçüb gəldiyi Xaşı kəndində tikdirdiyi və 72 il sovet üsul-idarəsi, son 30 ildən artıq müddətdə isə müstəqil Azərbaycan Respublikası tərəfindən ibtidai məktəb və inzibati idarə kimi istifadə olunan evi də diqqətdən kənarda qalmaqdadır. Halbuki hazırda bina baxımsızlıqdan qəzalı vəziyyətə düşüb, onun unikal xarici daş hörgüsü sökülmək üzrədir. Burada İstiqlal muzeyinin bir şöbəsini yaratmaq, evin otaqlarından birini həmin məqsədlə ayırmaq çox yaxşı olardı. Hələliksə bütün bunlar yalnız arzudur. Bu yerlərin tarixi keçmişindən soraq verən ünvanlara münasibətin dəyişəcəyi gün tezmi gələcək? Təki tez olaydı… P.S.: Dağlardan geri dönərkən artıq şər qarışmaqda olsa da bir vaxtlar şair Mixail Lermontovun vəsf elədiyi Təngialtı dərəsinin quzey qayasındakı yüksək “Qaçaq Mayıl mağarası”nı da ziyarət etdik. Mayılın əvvəllər çar silahlılarına, sonralarsa bolşevik silahlı dəstələrinə qan uddurduğu, dərədən keçmələrinə imkan vermədiyi bu əfsanəvi mağara indi uzun dəmir pilləkənlərin köməyi ilə insanların maraqla tamaşa etdikləri turistik məkana çevrilib. Bu yoldan keçən az qonaq tapılar ki, mağaranı ziyarət etməmiş yoluna davam eləsin. Qayaya vurulmuş lövhədən məlum olur ki, on illərlə əlçatmaz qalmış mağaranı əlçatan eləmiş şəxsin belə təəssübkeşliyi təqdirə və alqışa layiqdir. Lakin, düşünürük ki, iki məqama diqqəti cəlb etməsək yazımız tam olmaz. Bu, əvvəla, mağaranın kimə məxsus olması ilə bağlıdır. Ətraf yerlərin insanları bilirlər ki, zaman-zaman həmin mağaradan çox qaçaqlar gizlənmək və hücumların qarşısını almaq üçün istifadə ediblər ki, bunlardan da ən məşhurları Qaçaq Molla Nur və Qaçaq Mayıldır. Odur ki, buranın “Qaçaqlar mağarası” adlandırılması və çuxalı-çəkməli mağaza manekeninin yerinə mütəxəssis tərəfindən hazırlanmış və hər iki məşhur qaçağın surətlərini canlandıran qoşa fiqurun qoyulması daha yaxşı olardı… Ş. Sərkaroğlu Budad A. İsmayılov Bakı-Quba-Bakı |
Bizim
seçim
|
|
Lətafət BeybutovaQuba Soyqırımı Memorial Kompleksinin şöbə müdiri... Şahdağ dil qrupuna aid xalqlar İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |











