Əlik necə boşalır18 iyun 2023-cü il
Şahdağ milli-etnik qrupuna daxil azsaylı xalqlardan biri də əliklilərdir. Tarixən bu kənddə yaşamış əliklilərin özünə məxsus həyat tərzi, adət-ənənələri və hətta öz dilləri var. Əlik Qudyalçayın qolu olan Ağçayın sağ sahilində, Böyük Qafqaz sıra dağlarının Quba Dağıstanı hissəsindəki Yan silsilənin cənub-qərb ətəyində yerləşir. Azərbaycanın qafqazdilli etnik qruplarından biri olan Əlik və əliklilər zaman-zaman bölgənin ayrı-ayrı məntəqələrində çoxsaylı yeni kəndlər salmışlar. Bunlardan biri və böyüklərindən biri müasir Xaçmaz rayonunun cənub tərəfində, yenə Ağçayın sağ sahilində yerləşən və indi Canaxır adlanan Aşağı Əlikdir. Yalama-Bakı magistralının sağ tərəfində, yolun kənarında yerləşən Canaxır-Aşağı Əlikdə əsasən etnik əliklilər məskunlaşıb. Son illərdə kənddə müasir tələblərə cavab verən məktəb də tikilib. Aşağı Əlik və bu kimi neçə-neçə düzən kəndin yaranması zaman-zaman özünü göstərən tarixi-demoqrafik və iqtisadi amillərlə şərtlənsə də, haradasa başadüşüləndir. Lakin son illərdə əliklilərin tarixi vətənində baş verənlər sanki bu kəndin bilərəkdən boşaldılması kimi mənfi təəssürat yaradır. Yəqin ki, elə deyil, ancaq dediyimiz kimi, son illərin olaylarından hasilə gələn görüntü daha çox bu fikri söyləməyə yol açır. Özünüz fikirləşin: bəzi tədqiqatçıların fikrincə, “hündürlük, yüksəklik, zirvə” mənasında işlənən “alık” sözündən yaranmış Əlik oykonimi bu yerin çaydan daha hündürdə yerləşməsindən soraq verir. Doğrudan da belədir. Əks halda əliklilər yüz illərlə bu yerdə qərar tutub qala bilməzdilər. Lakin, son 10-15 il ərzində Ağçayın sahillərinin yuyulması nəticəsində kəndə yaxınlaşması səbəbindən torpaq boşalır və Əlikdə vaxtaşırı sürüşmələr baş verir. Yerli hakimiyyət orqanları isə çayın kənddən keçən hissəsində sahilin bəndlənməsini həyata keçirmək əvəzinə... evləri sürüşmədən uçmuş və ya uçmaq təhlükəsi qarşısında olan sakinləri kənar ərazilərə köçürmək siyasətinə üstünlük verirlər. İllərdən bəri davam edən həmin yanlış tendensiya bu qədim və zəngin turizm potensialına malik unikal kəndi hazırda yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyub. İş o yerə çatıb ki, ötən tədris ilində rayon mərkəzindən kəndə yoxlamaya gəlmiş maarif inspektoru şagird azlığı üzündən Əlik kənd ibtidai məktəbində... 1, 2, 3 və 4-cü sinifləri bir sinifdə birləşdirərək çıxıb gedib! Bu “dahiyanə” çulğalaşdırma valideynlərin, övladlarının yaxşı təhsil almasından ötrü əndişələnmələri ilə nəticələnib. Və nə yazıq ki, bu cür valideynlər kəndi tərk etməkdən başqa çıxış yolu tapa bilmirlər. Uşaqlarının normal məktəblərdə və uyğun siniflərdə ibtidai təhsil proqramını təkamüllə mənimsəməsini arzulayan ata və anaların sayının bundan sonra getdikcə artacağını proqnozlaşdırmaq heç də çətin deyil. Əgər Quba rayon rəhbərliyi və respublikanın əlaqədar mərkəzi qurumları təxirəsalınmaz tədbirlər görməsələr, Ağçayın sahilində hündür bəndvurma işləri görülməsə, kənddən köçmüş və ya köçürülmüş yerli sakinlərin geri dönmələri üçün stimullaşdırıcı təxirəsalınmaz addımlar atılmasa, Əlik də 50-60 il bundan əvvəl Şahdağ ətrafındakı doğma yurdlarını elliklə tərk etməyə məcbuq qalmış Yergüc milli-etnik qrupunun doğma kəndinin acı taleyini yaşaya bilər. Və yalnız iki fərqlə: əgər yergüclülər öz dədə-baba yurdlarını susuzluq ucbatından tərk etmişdilərsə, əliklilər bu yerlərdən suyun bolluğu səbəbindən ayrılacaqlar. Əgər yergüclülər müxtəlif səmtlərə dağılmayıb, Xaçmaz şəhərinin qərbində, Xaçmaz-Quba yolunun sol tərəfində eyniadlı kənd salaraq indi də orada yaşayırlarsa, pərən-pərən düşmüş əliklilərin belə bir son şansı da olmayacaq... Şahdağ xalqlarından daha birinin bu gözəl məkanı tərk etməsinə, Əlik milli-etnik qrupunun yox olmasına biganə qalmayaq! Shahdagpeoples.az
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |