BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » AZƏRBAYCAN SİVİLİZASİYALARARASI DİALOQ MƏKANIDIR

AZƏRBAYCAN SİVİLİZASİYALARARASI DİALOQ MƏKANIDIR

AZƏRBAYCAN SİVİLİZASİYALARARASI DİALOQ MƏKANIDIR
27.02.2012
Çoxmillətlilik Azərbaycanın böyük sərvətidir
Azərbaycan çoxmillətli və çoxdinli bir ölkədir. Bir neçə əsr ərzində etnik və dini azlıqlara mənsub olan şəxslər respublikamızda etnik çoxluq olan azərbaycanlılarla sülh və harmoniya şəraitində yaşayıb və yaşayırlar. Bu torpağı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəziləri isə yerli xalqlarla qaynayıb qarışıblar və bu gün haqlı olaraq bu torpaqda yaşayanlar Azərbaycanı özlərinə doğma və əbədi vətən hesab edirlər.
Azərbaycanın yeraltı, yerüstü sərvətləri kimi etnomədəni tərkibi də əsrlər boyu zəngin olub. Və bu zəngin tərkib güclü, qüdrətli, istiqanlı təbiətə malik bir millətin - Azərbaycan millətinin formalaşmasında böyük rol oynayıb. Yüz illərlə bu odlar diyarında yaşayan xalqlar çətin gündə də, xoş gündə də dostluq, qardaşlıq şəraitində yaşayıblar. Azərbaycanın hələ orta əsrlərdə müxtəlif yadelli işğalçılarla mübarizəsində burada yaşayan milli azlıqlar da ciddi rol oynayıblar. Çar Rusiyası vaxtilə Azərbaycan xanlıqlarını işğal etdiyi dövrlərdə Quba, Balakən zonalarında yaşayan ləzgi, avar və digər azsaylı xalqların da azərbaycanlılarla çiyin-çiyinə işğalçıya qarşı mübarizə apardığını təsdiqləyən tarixi faktlar mövcuddur. Milli azlıqların Azərbaycanı azərbaycanlılar qədər sevməsinin kökündə dayanan amillərdən biri azərbaycanlıların tarixən onlara qarşı heç bir ayrı-seçkiliyə yol verməməsidir. Azsaylı xalqların təmsilçiləri həmişə Azərbaycanın ictimai, siyasi həyatında yüksək səviyyələrdə təmsil olunublar.
Tarixi mənbələr hələ Səfəvi dövlətinin idarəçiliyində Şah İsmayıl Xətainin yaxın ətrafı olaraq bir sıra milli azlıqların (talış, kürd) iştirak etdiyini təsdiqləyir. Hələ 20-ci əsrin əvvəlində Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində talış, ləzgi və digər azsaylı xalqların nümayəndələri təmsil olunub. Bu tarixi ənənə, tolerantlıq bu gün də davam edir. Hazırda da bir sıra yüksək vəzifələrdə, parlamentdə etnik azlıqların nümayəndələri təmsil olunur. Azərbaycan o dərəcədə tolerant ölkədir ki, hüquq-mühafizə orqanlarında, ordusunda milli azlıqların təmsilçilərinin vəzifələr tutmasına şərait yaradır. Bu gün Azərbaycanın ordusunda ləzgi, talış, kürd millətindən olan generallar xidmət edir.
Azərbaycan tarixən unikal çoxetnoslu cəmiyyət olduğu üçün bu multimədəniyyətli, multietnik irs bu gün də Azərbaycanda qorunub saxlanılmaqdadır. Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, 2009-cu il aprel ayının 13-dən 22-dək ölkədə həyata keçirilən siyahıyaalmanın nəticələrinə görə, Azərbaycanda əhalinin milli tərkibi aşağıdakı kimidir: azərbaycanlılar - 8 milyon 172 min 800 nəfər - 91%, ləzgilər- 180 min 300 nəfər - 2%, ermənilər- 120 min 300 nəfər 1,3% (Dağlıq Qarabağda yaşayanlar), ruslar-119 min 300 nəfər 1,3%, talışlar- 112 min nəfər - 1,3%, avarlar - 49 min 800 nəfər - 0,6%, türklər - 38 min nəfər - 0,4%, tatarlar - 25 min 900 nəfər - 0,3%, tatlar - 25 min 200 nəfər - 0,3%, ukraynalılar - 21 min 500 nəfər - 0,3%, saxurlar - 12 min 300 nəfər - 0,1%, gürcülər - 9 min 900 nəfər - 0,1%, yəhudilər - 9 min 100 nəfər - 0,1%, kürdlər - 6 min 100 nəfər - 0,1%, qrızlar - 4 min 400 nəfər - 0,04%, udinlər - 3 min 800 nəfər - 0,04%, xınalıqlar - 2 min 200 nəfər - 0,02%, digər millətlər - 9 min 500 nəfər - 0,1%.
Bu xalqların nümayəndələrinin Azərbaycanı öz doğma vətənləri kimi qəbul etmələrində dövlətin də rolu əvəzsizdir. Ölkənin milli siyasəti müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə görə, dövlət irqindən, milliyyətindən, dinindən, dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Milli azlıqların özlərini Azərbaycan dövlətinin bərabərhüquqlu vətəndaşı kimi hiss etmələrində həm də azərbaycanlıların tolerantlığı xüsusi rol oynayıb. Azərbaycan xalqının bütün tarixi ərzində bir dəfə də olsun dini və etnik ədavət, sayından asılı olmayaraq, etnik azlıqlara münasibətdə ayrı-seçkilik faktları qeydə alınmayıb. İlk növbədə, ona görə ki, Azərbaycan dövləti onların hər birinə eyni dərəcədə qayğı göstərir. Bu ölkənin milli siyasəti müxtəlif xalq, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib.
Azərbaycanda bütün xalqların tarixən və bu gün bərabərhüquqlu yaşaması böyük dəyər və dövlətimizin üstünlüyü olmasını prezident İlham Əliyev bu il fevralın 16-da ölkəmizin şimal bölgəsinə səfəri zamanı bir daha bəyan edib. Prezident bəyan edib ki, heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək, verilmir və bunun qarantı Azərbaycan prezidentidir: “Bunun qarantı mənəm - Azərbaycan prezidenti. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Bu gün də bu gözəl ənənələr yaşayır. Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt Azərbaycanda milli zəmində qarşıdurma olmayıb və olmayacaq. Əksinə, bizim təcrübəmiz dünya ictimaiyyəti tərəfindən öyrənilir. Necə ola bilir ki, müxtəlif dillərdə danışan, müxtəlif dinlərin nümayəndələri bir ailə kimi, problemsiz yaşayırlar?! Biz öz həyatımızla və siyasətimizlə sübut edirik ki, bu, mümkündür. Bəzi hallarda bəzi Avropa ölkələrində belə ifadələr, fikirlər səslənir ki, multikulturalizm iflasa uğrayıb. Yəni müxtəlif millətlərə mənsub olan xalqlar bir yerdə yaşaya bilmirlər. Gəlsinlər Azərbaycana baxsınlar, bu, mümkündür! Özü də yaxşı yaşamaq mümkündür. Məhz buna görə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilir. Dinlərarası, mədəniyyətlərarası, millətlərarası dialoqun gücləndirilməsinə yönəlmiş tədbirlər keçirilir. Biz istəyirik ki, dünya ictimaiyyəti də bizim təcrübəmizi bilsin və harada lazımdır öyrənsin, tətbiq etsin. Bu baxımdan da Azərbaycan dünyada seçilən ölkələrdəndir”.
Dövlətin ən yüksək səviyyədə ortaya qoyduğu bu cür mövqe sıradan bir məsələ hesab olunmamalıdır. Azərbaycan hökuməti ölkəmizdə tarixən mövcud olan tolerant mühitin beynəlxalq səviyyədə təbliği üçün tatların sıx məskunlaşdığı İsmayıllı rayonunun Lahıc qəsəbəsi, Qəbələ rayonun udinlər yaşayan Nic kəndi və Quba rayondakı dağ yəhudiləri yaşayan Qırmızı qəsəbənin “Mədəniyyət məkanı” adı ilə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxil edilməsi məqsədilə işlər aparır.
Azərbaycanda ən azsaylı xalqlar da öz dillərini, mədəniyyətlərini qoruyub saxlaya biliblər. Azsaylı xalqların sıx yaşadıqları cənub bölgəsində, Qubada orta məktəblərdə azsaylı xalqların ana dili tədris olunur. Dövlət hər bir milli azlığa ana dilində təhsil almağa şərait yaradır. Məsələn, xınalıqlılar etnosu dünyada yeganə etnosdur və Quba rayonunda Xınalıq kəndində məskunlaşıblar. Kəndin məktəbində xınalıqlılar dili tədris olunur. Yəni hətta bir kənddə məskunlaşan milli azlıqlara belə ana dilində təhsil almaq imkanı yaradılıb.
Azərbaycan dövlətinin tolerantlığının nəticəsidir ki, ilk dəfə olaraq İctimai Televiziyada Milli Azlıqlar üçün Verilişlər Departamenti yaradılıb. Departamentin təqdim etdiyi verilişlərdə Azərbaycanda yaşayan etnik və dini azlıqların, azsaylı xalqların və etnik qrupların tarixi, adət-ənənəsi, dini, dili, mədəniyyəti, folkloru, mətbəxi haqqında məlumatlar öz əksini tapır.
Azərbaycanın etnik xəritəsində xüsusi yeri olan ölkəmizin şimal bölgəsində yaşayan ləzgilər, tatlar, taleyini bu torpağa bağlayan ölkəmizin cənub bölgəsində yaşayan talışlar, etnik rəngarəngliyinə görə fərqlənən Zaqatala və Qax rayonlarında yaşayan avarlar, ingiloylar, axaklar, Qafqaz dilləri ailəsinə daxil olan saxurlar, Qəbələ rayonunda yaşayan udinlər, Azərbaycanda yaşayan milli azlıqların nümayəndələrindən olan polyaklar, almanlar, ruslar, ukraynalılar, gürcülər, moldavanlar, əsrlər boyu Azərbaycan xalqı ilə qardaşlıq və dostluq şəraitində yaşayan dağ yəhudiləri, XX yüzillikdə ağır məhrumiyyətlərlə qarşılaşan, bir neçə dəfə deportasiyaya məruz qalan vətən, yurd sevgisi ilə yaşayan Ahıska türkləri, eləcə də ölkəmizdə yaşayan digər xalqlar haqqında hazırlanan verilişlər təkcə həmin xalqların nümayəndələri tərəfindən deyil, bütövlükdə cəmiyyətimiz tərəfindən də çox maraqla qarşılanır.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyi İctimai Televiziya ilə birgə “Azərbaycan doğma diyar” devizi altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti festivalını keçirir. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Dəvəçidən azsaylı xalqların bədii kollektivləri Bakıya dəvət edilirlər. Ümumilkdə isə festivalın 500-ə yaxın iştirakçısı olur.
Azərbaycanda tarixən mövcud olan dini və milli tolerantlığın daha bariz nümunəsi ölkəmizin qədim yaşayış məskənlərində qədim ibadət ocaqlarının qorunub saxlanması və müxtəlif dini konvessiyaların dövlət qeydiyyatına alınmaqla onların qanuni fəaliyyətinə şərait yaradılmasıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Azərbaycan ərazisində 1802 məscid, 5 pravoslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq və digər ibadət yerləri fəaliyyət göstərir. Ölkə əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə xristianlar, yəhudilər və digər dinlərin təmsilçiləri təşkil edir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra tikilmiş məscidlərin sayı 595-ə çatıb. Ölkədə 11 kilsə, o cümlədən Bakıda 3 pravoslav və 1 katolik, Gəncə və Xaçmazda 1 pravoslav və digər kilsələr fəaliyyət göstərir. Eyni zamanda Quba rayonunun “Qırmızı” qəsəbəsi İsraildən sonra yəhudilərin kompakt halda yaşadıqları yeganə yaşayış məntəqəsidir. Bu gün qəsəbədə iki sinaqoq fəaliyyət göstərir.
Azərbaycanın bu palitrası ölkəmizin monoetnik dövlət olan Ermənistandan bu sahədə də öndə olduğunu təsdiqləyir. Azərbaycanın dünyada hörmətini artırır.
Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.
Etibar AĞAYEV
Musavat.comскачать dle 10.4 UTF-8Forex для начинающих