Dövlət müşaviri Kamal Abdullayev III Beynəlxalq multikulturalizm məktəbinin iştirakçıları ilə görüşübBakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə fəaliyyət göstərən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi proqram üzrə iyulun 25-də öz işini Bakıda davam etdirib. Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev BBMM-də yay məktəbinin iştirakçıları ilə görüşüb. Dövlət müşaviri Kamal Abdullayev tələbələri Multikulturalizm Mərkəzində salamlamaqdan məmnun olduğunu bildirib. Dövlət müşaviri 18-24 iyul tarixlərində Qəbələdə, İsmayıllıda, Şəkidə, Qaxda, Oğuzda, eləcə də Nic, Lahıc, İvanovka, Oğuzdakı “Yəhudilər məhəlləsi” kimi Azərbaycanın unikal multietnik bölgələrində fəaliyyət göstərən III Beynəlxalq multikulturalizm məktəbinin tələbələrin yaddaşında unudulmaz izlər buraxdığına inandığını deyib: “Mən çox şadam ki, Azərbaycana bu qədər gənc dostlarımız gəlib. Azərbaycanın etnik və dini müxtəliflik baxımından unikal bölgələrində çox maraqlı və mənalı günlər keçirdiyinizə inanıram. Bugünlər ərzində Azərbaycanın multikulturalizm modelini özündə ehtiva edən Qəbələ və ətraf bölgələrə getməklə siz yeni bir mədəniyyətin içərisinə daxil oldunuz, bu mədəniyyətin incəlikləri, maraqlı nüansları ilə yaxından tanış oldunuz və bildiyim qədər bu səfərlərdən razı qalmısınız. Deməli, multietnik bölgə olan Qəbələni III beynəlxalq multikulturalizm məktəbi üçün əsas məkan seçməkdə yanılmamışıq. III Beynəlxalq multikulturalizm məktəbi vasitəsilə Çin, İndoneziya, Almaniya, Polşa, Litva, Çexiya, Ukrayna, İsveçrə, Türkiyə, Bolqarıstan, Rusiya, Yunanıstan, Qırğızıstan, Gürcüstan və Yəmən olmaqla 15 xarici ölkənin 16 nüfuzlu universitetindən 31 xarici tələbə, Azərbaycanın 12 tanınmış ali təhsil müəssisəsindən 19 azərbaycanlı tələbə indiyə qədər nəzəri şəkildə tanış olduğu Azərbaycan multikulturalizmini öz gözləri ilə görmək imkanı əldə ediblər. Yay məktəbi ərzində tələbələr Azərbaycandakı dini və milli dəyərlərin təbliğinə və təşviqinə həsr olunmuş dəyirmi masa, konfrans və toplantılarda iştirak edib, yerli alimlərlə yanaşı, ABŞ- və İngiltərədən gəlmiş xarici mütəxəssislərin mühazirələrini dinləyiblər. Çox şadam ki, Azərbaycana olan marağınız əyani tanışlıqdan sonra zamanla Azərbaycana sevgiyə çevrilir, bununla da yeni dostluqların, əməkdaşlıqların təməli qoyulur. Düşünürəm ki, əgər dostlarımız bizim inandığımız həqiqətləri bizdən əvvəl kiməsə deyib sübut edirlərsə, deməli, yanılmamışıq və biz dostlarımızı doğru seçmişik. Azərbaycan həm seviləsi, həm də sevimli dostlarını unutmayan ölkədir. Azərbaycan öncəki yay məktəblərinin tələbələrinə olduğu kimi, sizə də ömrünüz boyu dost olmağı təklif edir. Burada hamı sizi çox sevib. Biz sizinlə bu dostluq əlaqələrimizi təkcə indi yox, həmişə davam etdirmək arzusundayıq. Bu multikulturalizm məktəbindən sonra Azərbaycan sizin hamınızın dostuna çevrildi və biz ömrünüz boyu sizin dostunuz olmağa hazırıq”. Çıxışdan sonra Litvadan olan tələbə Salomeya Lukaite və Yunanıstandan Dimitrios Asproulis onların öz təşəbbüsləri ilə yaratdıqları “Azərbaycanın gənc dostları” beynəlxalq klubunu təqdim edib. Sözügedən klubun üzvlüyündə indiyədək ölkəmizdə təşkil olunmuş beynəlxalq multikulturalizm məktəblərinin xarici tələbələri, eləcə də 13 xarici ölkədəki universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris olunduğu fakültələrin dinləyiciləri təmsil olunacaqlar. Təqdimatdan məlum oldu ki, bu klub üzvü olan hər bir xarici gənc üçün Azərbaycanda təhsil imkanları yaradacaq, onların ölkəmizlə bağlı aparacaqları tədqiqatlarda onlara yardımçı olacaq, Azərbaycan dilinin və mədəniyyətinin öyrənilməsində hər bir klub üzvünə köməklik göstərəcəkdir. “Azərbaycanın gənc dostları” beynəlxalq klubunun yenicə fəaliyyətə başlayan internet saytı (www.youngfriends.az ) və bu saytda üzvlər üçün yaradılmış imkanlar da diqqətə çatdırılıb. Dövlət müşaviri Kamal Abdullayev belə bir klubun yaradılmasını yüksək dəyərləndirib və bu klubu yaradanlara öz təşəkkürünü bildirib. O qeyd edib ki, bu klub Azərbaycanın dünyada olan çoxsaylı dostlarını daha sıx birləşdirəcək və onların fəaliyyətinin daha sistemli edəcəkdir: “ Ümid edirəm ki, bu klub təkcə Azərbaycanın deyil, bütün dostsevər dövlətlərin və xalqların klubuna çevriləcək”. Günün sonunda “İçərişəhərin sirləri” adlı gəzinti çərçivəsində tələbələr Qoşa Qala qapısı, Şirvanşahlar sarayı, Miniatür Kitab muzeyi və Qız qalasında olacaqlar. Qeyd edək ki, iyulun 26-da III Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçiriləcək. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |