BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Müfəssəl elektron resurs hazırlanıb

Müfəssəl elektron resurs hazırlanıb

8 iyul 2022-ci il

 

“Məqsədimiz informasiya savaşı şəraitində həqiqətlərimizi daha sistemli şəkildə dünyaya çatdırmaqdır”

 Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işğaldan azad olunmuş ərazilərdəki tarix-mədəniyyət abidələri ilə bağlı məlumatların yer aldığı heritage.gov.az saytı hazırlanıb. İyulun 7-də Beynəlxalq Muğam Mərkəzində saytın təqdimat mərasimi keçirildi.

Sayt haqqında məlumat verən Dövlət Xidmətinin əməkdaşı Fariz Hüseynli bildirdi ki, məqsəd işğal dövründə mədəni irs nümunələrimizə qarşı Ermənistan tərəfindən həyata keçirilən vandalizm, mənimsəmə və dağıntı faktlarını internet resurslarında yerləşdirməklə törədilmiş qanunsuz əməllər barədə daha geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir.

Təqdimat mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov yeni yaradılan portalın işğaldan azad olunmuş ərazilərimizdə yerləşən tarix-mədəniyyət abidələrinin real mənzərəsinin geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətini vurğuladı. Bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyinin həyata keçirdiyi monitorinqlərdən məlum oldu ki, Ermənistan silahlı qüvvələri tərəfindən mədəni irsimizin böyük hissəsi dağıdılıb, vandalizmə və özününküləşdirməyə məruz qoyulub. Dağıdılan daşınmaz mədəni irs nümunələri içərisində məscidlər, türbələr və digər inanc yerləri üstünlük təşkil edir. Yeni sayt işğaldan azad olunmuş ərazilərdəki daşınmaz tarix-mədəniyyət abidələri ilə bağlı portal rolunu oynayacaq.

Dövlət tərəfindən mədəni irsin qorunması istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayan nazir dedi: “Mədəni irs xalqın yaddaş tarixidir və dövlətimiz bu mirasın qorunması üçün böyük səylər göstərir. Ermənistan uzun illər torpaqlarımızı işğal altında saxlasa da, ölçüyəgəlməz vandalizm aktları törətsə də, həmin ərazilərdən mədəni yaddaşımızı silə bilmədi...”.

Nazir vurğuladı ki, ermənilərin Azərbaycan xalqının tarixi irsinə qarşı mədəni soyqırımı dalğası XX əsrin əvvəllərində İrəvan və Zəngəzurda başlamışdı və sonrakı illərdə məqsədli şəkildə davam etdirilib.

44 günlük Vətən müharibəsindən sonra Prezidentin müvafiq sərəncamı ilə azad olunmuş ərazilərimizdə abidələrin monitorinqinin aparıldığını diqqətə çatdıran Anar Kərimov bildirdi ki, monitorinqlər nəticəsində 403 tarixi abidə aşkar edilib və bundan əlavə, 162 yeni abidə (dövlət reyestrinə daxil olmayan) ortaya çıxarılıb. Şuşa abidələrinin kataloqu nəşr edilərək ictimaiyyətə təqdim olunub: “İşğaldan azad olunan digər rayonların da tarixi-mədəni mirasını əhatə edəcək kataloqlar hazırlanacaq. Məqsədimiz bu gün informasiya müharibəsi şəraitində Azərbaycan həqiqətlərini daha sistemli şəkildə dünyaya çatdırmaqdır. Təqdimatı keçirilən sayt da bu mənada mühüm informasiya resursudur”.

Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxışı zamanı diqqətə çatdırdı ki, heritage.gov.az saytı qurumun açıq informasiya missiyası ilə bağlı prioritetlərinin əsas hissəsini təşkil edir. Qeyd olundu ki, saytda işğaldan azad edilmiş ərazilərdə aparılan tarix-mədəniyyət abidələrinin monitorinqinin nəticələri geniş şəkildə öz əksini tapıb. İlkin olaraq sayta 240 ölkə əhəmiyyətli abidə haqqında məlumat yerləşdirilib.

Saytdan tarix-mədəniyyət abidlərinin işğaldan əvvəl və sonrakı vəziyyəti, eləcə də bərpa görüntüləri, arxiv fotoları və cizgiləri, abidələr haqqında müfəssəl məlumat almaq mümkündür. Abidələrin yerləşdiyi məkanlar da müvafiq xəritə üzərində qeyd olunub. İnternet resursu istifadəçilərin rahatlığını təmin etmək baxımından müasir tələblər səviyyəsində, yeni proqram təminatları əsasında hazırlanıb. Sayt “google”un seo (search engine optimization – axtarış motoru optimizasiyası) standartlarına cavab verir. Bu da axtarış sistemlərində əlaqəli açar sözlər daxil edilən zaman saytda olan məlumatların ən ön sırada göstərilməsinə imkan yaradır. Məzmun baxımından daha dəqiq, elmi, əsaslandırılmış məlumatlarla zənginləşdirilən internet resursu işğaldan azad olunmuş ərazilərdə yerləşən tarix-mədəniyyət abidləri haqqında məlumatların və bu sahədə olan yeniliklərin də operativ şəkildə ictimaiyyətə çatdırılmasını təmin edəcək.

Qeyd olundu ki, işğaldan əvvəl Şuşada, Kəlbəcərdə və Qarabağın digər bölgələrində yaşamış soydaşlarımızın şəxsi arxivindəki məlumatlar da toplanılır və sayta daxil edilir. İctimaiyyəti sayta daxil olaraq öz təkliflərini bildirməyi xahiş edən Azad Cəfərli abidələrin qorunması istiqamətində ictimaiyyətin də rolunun vacibliyini diqqətə çatdırdı.

Sonda mədəniyyət naziri Anar Kərimov və Dövlət Xidmətinin rəisi Azad Cəfərli jurnalistlərin suallarını cavablandırdılar.

https://www.medeniyyet.az/

 

скачать dle 10.4 UTF-8Forex для начинающих