Xınalıqda 16 evin bərpası davam etdirilir2 avqust 2022-ci il
Ümumdünya Turizm Təşkilatının (United Nations World Tourism Organization – UNWTO) elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. Təşkilatın bu layihəsinin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.
Dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunan Xınalıq kəndinin ərazisində 2007-ci ildə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. Dövlət Turizm Agentliyi tabeliyində fəaliyyət göstərən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu orta əsrlərə xas olan özünəməxsus memarlıq strukturu və əsrarəngiz təbiət mənzərəsi ilə seçilən bir mədəni irs nümunəsi kimi qəbul edilir.
2020-ci ildə “Xınalıq, orta əsr dağ kəndi” adı ilə YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Hazırda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylının yazılması prosesi davam etdirilir. Dövlət Turizm Agentliyinin mütəxəssislərinin hazırladığı və İlkin Siyahıya daxil edilmiş sənəddə kəndin qədim dili, köçəri yaşayış tərzi, Qafqaz dağlarındakı qədim memarlıq ənənələri və Xınalıq icmasının təbiətlə harmoniyalı şəkildə yaşayış tərzi onun müstəsna ümumbəşəri dəyərləri kimi qeyd olunur.
Qədim tarixə malik olan Xınalıq kəndində arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparılır. Hazırda 3 hektardan çox ərazini əhatə edən “Kima Liqebiriş” adlı qədim qəbristanlıqda qazıntılar davam edir. Qazıntı zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri hazırda qoruğun elmi fondunda saxlanılır və onların bir hissəsi Xınalığı ziyarət edən yerli və xarici turistlərə nümayiş etdirilir. Bundan əlavə, kənddə aşkarlanmış qədim epiqrafik abidələr və nadir əlyazmalar öyrənilir. Kənd ərazisində yerləşən dini abidələr – pirlər və ziyarətgahların qeydiyyatı aparılır.
Xınalıq kəndinin mədəni irs elementlərindən biri də özünəməxsus memarlıq üslubudur. Bu üslubu qorumaq məqsədilə kənd ərazisində qəza vəziyyətində olan, uçqunlar nəticəsində təhlükəli vəziyyətə düşən evlərin təmir və bərpa prosesi aparılır. Vətəndaşların müraciətlərinə əsasən hazırda Xınalıq kəndində 16 evin təmir işləri davam etdirilir.
Dövlət Turizm Agentliyinin Quba rayonunda yerləşən “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda qəzalı evlərin təmiri və bərpası (16 ev) işləri üzrə keçirmiş olduğu tenderdə 1 183 023.88 manat məbləğində satınalma müqaviləsi 22.07.2021-ci il tarixdə “STAR CONSTRUKTİON-12” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmışdır. Təxmini hesablamalara görə Xınalıq kəndində hər bir evin təmir-bərpası Dövlət Turizm Agentliyinə orta hesabla 73 938 manata başa gələcək.
Ərazidə təmir-bərpa işləri başlanmazdan əvvəl Dövlət Turizm Agentliyinin mütəxəssisləri tərəfindən beynəlxalq standartlara uyğun “Xınalıq- Bərpa Təlimat” kitabçası və ərazinin Regenerasiya Planı hazırlanıb.
UNWTO-nun keçirdiyi müsabiqənin nəticələri bu ilin sonunadək Mərakeşdə keçiriləcək 24-cü illik sessiyada elan olunacaq. UNWTO-nun “Ən yaxşı turistik kənd” nişanını qazanan kəndlər modernləşmə proqramında daxil ediləcək.
Teref.az
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |