BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » “Qafqaz Albaniyasının etnomədəni irsi”

“Qafqaz Albaniyasının etnomədəni irsi”

13 dekabr 2022-ci il

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Qafqaz Albaniyasının etnomədəni irsi” adlı yeni buraxılışı nəşr edilib. Azərbaycan, rus və ingilis dillərində təqdim olunan nəşr görkəmli Azərbaycan alimi, tarixçi, qafqazşünas-albanşünas, mənbəşünas Fəridə Məmmədovanın xatirəsinə həsr edilib.

Bununla bağlı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidməti məlumat yayıb.

Kitabda Qafqaz Albaniyasının tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq, mənbəşünaslıq, epiqrafika, linqvistika və numizmatika sahələrində bir sıra problemli məsələlərin araşdırıldığı məqalələr daxil edilib. Gürcüstan, Fransa, İtaliya və Azərbaycan alimlərinin araşdırmalarından ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsinin saxtalaşdırmaları faktlarına da geniş diqqət yetirilib.

Lolua Romanın “Dərbənd qala divarlarında Qafqaz Albaniyası epiqrafikası və alban işarələri”, Zammatteo Paolonun “Dadivəng/Xudavəng monastırının (Kəlbəcər) bədii və mədəni perspektivi”, Dimitri Kiriçenkonun “Azərbaycanın fiziki antropologiyasının tarixi”, Nikinorov, Arximandrit Aleksinin “Sasanilər dövlətinin dini islahatları kontekstində Qafqaz Albaniyasının xristianlaşdırılması” və digər bu kimi məqalələr bu sahədə mühüm tədqiqatın nəticəsidir. Toplunun Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşri Qafqaz Albaniyası həqiqətlərini beynəlxalq müstəvidə təqdim etmək imkanı yaradır. 

Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsidir. “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi mühüm layihələrdən biridir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir.

“Qafqaz Albaniyasının etnomədəni irsi” adlı yeni buraxılışının ön söz müəllifi və baş redaktoru BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorlar AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, professor Nəcəf Müseyibli və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Ülviyyə Hacıyeva, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənovdur.

Nəşr elmi ictimaiyyətin nümayəndələri və Qafqaz Albaniyası (e.ə. IV əsr-eramızın VIII əsrlərinin əvvəlləri), habelə keçmişin və indinin alban etnomədəni irsi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

скачать dle 10.4 UTF-8Forex для начинающих