BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » "Sən yadıma düşəndə" kitabının təqdimatı

"Sən yadıma düşəndə" kitabının təqdimatı

9 iyun 2023-cü il

 

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) görkəmli bəstəkar, Xalq artisti Elza İbrahimovanın anadan olmasının 85 illiyinə həsr edilmiş “Sən yadıma düşəndə” adlı kitabın təqdimat mərasimi keçirilib. ABİ-nin dəstəyi ilə ərsəyə gələn kitabın müəllifi Zəhra İbrahimovadır (Ələkbərova).

Tədbirdə əvvəlcə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti Firəngiz Əlizadə Elza xanımın yaradıcılığından, onun dillər əzbəri olan mahnılarından, ömrü boyu şövqlə çalışaraq milli musiqimizi zənginləşdirməsindən danışıb. O, eyni zamanda, sənətkarın özünəməxsus xasiyyətinə, dahi Üzeyir bəydən başlayan peşəkar və xalq musiqi ənənələrindən məharətlə bəhrələnməsi məsələsinə toxunub.

Sonra sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabova "Elza İbrahimovanın yaradıcılıq yolu", Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə "Elza İbrahimovanın mahnılarında söz və musiqinin vəhdəti", həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva "Sən yadıma düşəndə" kitabı haqqında" məruzələrlə çıxış ediblər.

Musiqişünaslar cismani yoxluğuna baxmayaraq mahnıları ilə ölməzlik qazanan bəstəkarın bənzərsiz istedadını, daim qurub-yaratdığını dilə gətirib, maraqlı fikirlər söyləyiblər. Kitabın bədii məziyyətləri, gərəkliyi diqqətə çatdırılıb: "Tanqoda burjua ahənginin olduğunu və sovet ruhuna uyğun gəlmədiyini iddia edən bədii şuranın əksinə gedərək Azərbaycanda tanqo ritmini estradaya gətirən ilk bəstəkarlardan biri Elza İbrahimovadır. Onun “Qurban verərdim” (sözləri Rəfiq Zəkanın), “Sən mənə lazımsan” (sözləri Əliağa Kürçaylının), “Bağçadan keçmisən” (sözləri Ənvər Əlibəylinin) və sair tanqo ritmində yazılmış musiqiləri sevilən mahnıları sırasındadır".

Tədbirdə, eyni zamanda, Milli Məclisin deputatı Hikmət Babaoğlunun Elza İbrahimova yaradıcılığına verdiyi yüksək dəyər diqqət çəkib.

Bəstəkarın yaradıcılığının təbliğində uzun illərdən bəri usanmadan çalışan Çingiz İbrahimovun böyük əməyindən söz açılıb.

Bədii hissədə Elza İbrahimovanın bəstələri olan müğənni Rövşən Əziz, Əməkdar artist Fəridə Hüseynovanın müşayiəti ilə “Gecələr bulaq başı” (sözləri Bəxtiyar Vahabzadənin), “Təki sən səslə məni” (sözləri Əliağa Kürçaylının) və Əməkdar artist Arzu Əliyeva “Sən yadıma düşəndə”, “Daha məndə dözüm yox” (hər iki mahnının sözləri Dəmir Gədəbəylinin) mahnılarını ifa ediblər. İlhamə Adilqızının öz sözlərinə bəstələdiyi və fortepiano arxasına keçərək səsləndirdiyi mahnını Aytən Məhərrəmova ifa edib. Yaddaşlarda yaşayan Xalq şair Vahid Əzizin sözlərinə Elza xanımın bəstələdiyi “Mehribanım”ı bu dəfə Xalq artisti Fidan Hacıyeva ifa edib.

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих