ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI

Rəhman İSAYEV

Xaçmazdakı Qaradağlı kənd tam orta məktəbin coğrafiya müəllimi, metodbirləşmə sədri

 

Quba soyqırımı ilə bağlı həqiqətlər bütün dünyaya çatdırılmalıdır

Xalqımızın şanlı tarixi hər bir vətəndaşımız üçün iftixar mənbəyidir. Vətənimizin zaman-zaman qonşu dövlətlər tərəfindən işğal etmək cəhdlərinə qarşı formalaşmış milli müqavimət hərəkatları qəhrəmanlıq nümunələri ilə zəngindir. Xain qonşularımız olan ermənilərin həmişə ağır vaxtlarda, milli ordumuzun və silah-sursatımızın olmadığı zamanlarda namərdcəsinə bizə hücum etmələri böyük fəlakətlərə səbəb olmuşdur. Lakin bütün bunlara baxmayaraq, fəlakət anında yenə də xalqın qəhrəman oğulları ortaya çıxmış və ətrafına cəsdur igidləri toplayaraq düşmənlərə layiqli cavab vermişlər. Bu keçmişdə də belə olmuşdur, indi də belədir. İstər hərbi madaxilələr zamanı olsun, istərsə dinc vaxtlarda. Milli qəhrəman Mübariz İbrahimovun sücaəti buna parlaq misaldır.
Amma mən bu dəfə 1918-ci il mart soyqırımında şimal-şərqi Azərbaycanda erməni silahlı dəstələrinə qarşı mübarizə aparmış, lakin geniş tanınmayan bəzi xalq intiqamçıları barədə söz açmaq istəyirəm. Bunlar Şabrandan Həmdulla bəy, Qubadan Qaçaq Mayıl, Qubanın Zizik kəndindən kapitan Əli bəy, Qusardan Çağaralı Hatəm və b. Bu dostların igidlikləri bir vaxtlar dillər əzbəri olsa da, nədənsə onlar haqqında indi olduqca az danışılır. Tanış olduğum bəzi mənbələr – tanınmış yazar Kərim Dünyamalının “Bir soyun tarixi”, tarixçi alim İsak Məmmədovun “Azərbaycan tarixi”kitabları və yerli ağsaqqalların söhbətləri əsasında bu barədə söz açmaq istəyirəm.
XX əsrin əvvəllərində rus çarı devrildikdən sonra hər yerdə olduğu kimi, Cənubi Qafqazda da hərc-mərclik başlandı. Tiflisdə Cənubi Qafqaz Komissarlığı yaradıldı. Azərbaycanlı, gürcü və erməni millətləri bir qurumda təmsil olundu. Onlar özlərini müstəqil Zaqafqaziya hökuməti elan etdilər. Tezliklə Osmanlı dövləti ilə sülh bağlandığı üçün Qafqaz cəbhəsindəki rus qoşunları öz silahlarını ermənilərə, gürcülərə və Bakı bolşeviklərinə verib vətənlərinə yola düşdülər. Azərbaycanlılar Şəmkir stansiyasında rus polkundan silah almaq istədikdə isə onlar etiraz etdilər. Bu zaman toqquşma baş verdi və hər iki tərəfdən itkilər oldu. Bakıda bu vaxt artıq Stepan Şaumyan adlı erməninin başçılığı ilə “Bakı sovet hökuməti” yaradılmışdı. Onların ixtiyarında 20 mindən artıq və əsasən ermənilərdən ibarət olan qoşun var idi. Lakin əhali içərisində Müsavat partiyasının nüfuzu yüksək idi. Ermənilər xalqı qorxutmaq və Müsavatı gözdən salmaq üçün qırığın törətmək istəyirdilər. Bunun üçün bəhanə axtarırdılar.
Yanvar ayında Müsəlman korpusunun generalı Talışinski həbs edildi. Bu, Bakı əhalisinin ciddi narazılığına səbəb oldu. Ziyalıların səyi ilə toqquşmanın qarşısı alındı. Belə olduqda ermənilər başqa hiyləyə əl atdılar. Martda şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisini tərk-silah etdilər. Əhali buna qarşı ciddi etiraz edərək silahların geri qaytarılması tələbini qoydu. Bunu ermənilər əksinqilabi çıxış kimi qələmə verərək şayiə yaydılar ki, guya azərbaycanlıəlar rusları öldürürlər. Martın 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstələri müsəlmanlara atəş açmağa başladılar. Qırğın nəticəsində aprel ayının 2-nə qədər olan müddətdə 12 mindən çox müsəlman qətlə yetirildi. Bolşevik-daşnak birləşmələri “əksinqilabi çıxışları yatırmaq” bəhanəsi altında Şamaxı, Quba, Kürdəmir və Salyanda (1990-ci ildə olduğu kimi – R.İ.) soyqırım törətdilər. Onlar Quba qəzasında 162 kəndi yandırdılar, 16 min nəfərdən çox müsəlmanı və 3 min nəfərdən çox dağ yəhudisini öldürdülər. Sentyabra qədər ölkə ərazisində 50 min nəfərdən çox azərbaycanlı öldürülmüşdü. Uşaqkən həmin hadisələri öz gözləri ilə görmüş qocalar deyirlər ki, o vaxt kəndlərdə adam qalmamışdı. Hamı qaçıb gizlənmişdi. Dəmir yolu ilə kiçik qatarlarla hərəkət edən ermənilər harada adam görürdülərsə, onu atəşə tuturdular. Lakin sovet dövründə bütün bunlar ört-basdır edilmiş və ya baş verənləri “antisovet çıxışlara qarşı mübarizə” kimi qələmə vermişlər. Amma həqiqəti nə qədər gizlətsələr də, gec-tez üzə çıxır. Elə 2007-ci ildə erməni daşnaklarının Qubada törətdikləri soyqırımın sübutu olan kütləvi məzarlığın aşkara çıxması kimi.
O zaman Qubada baş verən qırğından xəbər tutan igid dağlılar özünümüdafiə dəstələri yaratmışdılar. Bu dəstələrin əsas təşkilatçısı və başçısı Dəvəçi (indi Şabran) rayonunun Qələgah kəndində yaşayan Həmdulla bəy idi. O, dövrünün savadlı və böyük nüfuza malik şəxsiyyəti olmuşdur. Həmdulla bəy xalqın müdafiəsinə qalxanda uşaqlıq dostu Əli bəy Zizikski və Qaçaq Mayıl öz dəstələri ilə ona kömək etdilər. Qanlı qırğınlar törətmiş ermənilər Qubadan çıxıb Qusara tərəf hərəkət etdikləri vaxt bəylərin dəstələri onları yaxaladılar. Qarşılarına belə silahlı dəstənin çıxacağını gözləməyən ermənilər bu döyüşdə 5 min itki verdilər. Quba şəhidlərinin qismən də olsa, qisası alındı. 1920-ci il aprelin 25-də gecə XI Qırmızı ordu şimal sərhəddini keçib Azərbaycana hücum edəndə ermənilər Qarabağda yenə qırğınlara və talanlara başlamışdılar. Azərbaycan ordusu onlara qarşı mübarizəyə göndərildiyi üçün XI Qırmızı ordunun qarşısını kəsmək mümkün olmadı. Sərhəd zastavası yalnız 2 saatlıq döyüşə davam gətirə bildi. Lakin çoxuna məlum deyil ki, zirehli qatarla hərəkət edən bir ordunun Sarvan stansiyasında qarşısını kəsərək onlara hücum edən böyük bir dəstə olmuşdur. Həmdulla bəy, kapitan Əli bəy Zizikski, Qaçaq Mayıl öz dəstələri ilə birlikdə bolşeviklərin zirehli qatarına hücum etmişdilər. Hər iki tərəf xeyli tələfat vermişdi.
Lakin nizami ordunun qarşısını belə qüvvə ilə saxlamaq mümkün olmadı. Eyni zamanda Dağıstandan bir süvari alayı bolşeviklərə köməyə gəldi. Dağlılar itkilər verərək geri çəkilməyə məcbur oldular. Azərbaycanda sovet hökuməti qurulduqdan sonra da qırğınlar davam edirdi. On minlərlə insan kollektivləşmə zamanı həbs olunmuş, onlardan 29 min nəfəri xalq düşməni adı ilə güllələnmişdir. Xaricə qaçmış 5 min nəfərdən artıq Azərbaycan ziyalısı siyasi mühacir vəziyyətində idi. Yüzlərlə qaçaq dəstələri dağlara səpələnib sovetlərə qarşı vuruşurdu. Bu dövrdə Həmdulla bəyin başına böyük puyl mükafatı qoyulmuşdu. Qubanın daxilinə bolşeviklər nüfuz edə bilmirdilər. Ermənilərin fitvası ilə nəhayət, mahalın qadınlarının və uşaqlarının həbs olunduğunu görən Həmdulla bəy təslim oldu. Bəylərin dəstələri dağların yuxarılarına doğru çəkildilər. Xüsusilə Qaçaq Mayılın dəstəsi mübarizəni uzun müddət davam etdirdi.
Yaxın keçmişimizdə baş verən bu hadisələri qələmə almaqda bir vətəndaş kimi məqsədim budur: qoy bizim gənc nəsil bilsin ki, ölkəmizin hər guşəsində düşmənə qarşı vuruşan qəhrəman Vətən övladları həmişə olmuşdur. İndiki dövrdə də həmin ssenarilər üzrə törədilmiş və 1988-ci ildən başlayan, azərbaycanlılara qarşı törədilən qırğınlara cavab verə bilən igidlərimiz də vardır. Bunu biz birinci Qarabağ savaşındakı döyüşlərlə də, elə 2016-cı il aprelin ilk günlərində ordumuzun Qarabağ cəbhəsindəki uğurları ilə də sübut etdik. Qarabağ döyüşlərində bizim bu mahalın gəncləri də şəhid olsalar da, həmişə düşmənin layiqli cavabını vermişlər.
Zaman-zaman soyqırıma məruz qalsaq da, gənclərimizin və bütövlükdə xalqımızın vətənpərvərlik ruhu çox yüksəkdir. Mən inanıram ki, insanlarımız hörmətli Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə hər an hücuma keçib işğal altında olan ərazilərimizi azad etməyə qadirdirlər.
Rəhman İSAYEV
Rəhman İSAYEV
Rəhman İSAYEV
Rəhman İSAYEV
Rəhman İSAYEV
Rəhman İSAYEV
Rəhman İSAYEV

скачать dle 10.4 UTF-8Forex для начинающих