BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » AMEA-nın prezidenti Beşbarmaqda səfərdə olub

AMEA-nın prezidenti Beşbarmaqda səfərdə olub

3 avqust 2023-cü il

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu tərəfindən Beşbarmaq dağında aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.

Qazıntı aparılan ərazidə arxeoloqlarla görüşən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan tarixinin dərindən və hərtərəfli araşdırılıb öyrənilməsində arxeoloji tədqiqatların böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Ölkə Prezidenti İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrdən irəli gələrək Akademiyada məqsədyönlü və geniş islahatların davam etdirildiyini, müasir çağırışlara cavab verən bir sıra yeni elmi istiqamətlər üzrə tədqiqatlara start verildiyini diqqətə çatdıran akademik İsa Həbibbəyli arxeologiya elminin tarix, antropologiya, etnoqrafiya və digər elm sahələri ilə qarşılıqlı şəkildə öyrənilməsinin elmlərarası əlaqələrin inkişaf etdirilməsinə böyük töhfə verəcəyini qeyd edib. Artıq bütün istiqamətlərdə ölkəmizin milli maraqlarına, müasir reallıqlarına cavab verən, yeniləşməyə inamla qədəm qoymuş Akademiyada digər sahələrlə yanaşı, arxeologiya və tarix elmləri üzrə də bir sıra vacib qərarların qəbul edildiyini, elmi tədqiqat müəssisələrinin daxili imkanları hesabına, heç bir maliyyə vəsaiti tələb olunmadan təkmilləşdirilmiş yeni strukturların yaradıldığını bildirən AMEA rəhbəri Akademiyada mühüm elmi nəticələrin əldə ediləcəyinə, bu istiqamətdə arxeologiyanın da mühüm rol oynayacağına əminliyini ifadə edib.

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun direktoru v.i.e., tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Akademiyanın fəaliyyət göstərdiyi 78 il ərzində AMEA prezidentinin ilk dəfə olaraq arxeoloji qazıntı işləri ilə əyani tanış olduğunu xüsusi vurğulayaraq, akademik İsa Həbibbəyliyə Beşbarmaq dağında fəaliyyət göstərən ekspedisiya haqqında ümumi məlumat verib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin sədrinin müşaviri Elşən Mustafayev isə Beşbarmaq qoruğunun ərazisindəki tarixi yerlər və burada gəzinti, eləcə də dini ziyarət üçün yaradılmış yeni əlverişli şərait barədə ətraflı söz açıb.

Beşbarmaq arxeoloji ekspedisiyasının rəhbəri, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Sevinc Hüseynova və arxeoloq, tarix elmləri doktoru Səfər Aşurov ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış qədim tarixi yaşayış yerləri və burada tapılmış maddi mədəniyyət nümunələri haqqında əhatəli məlumat veriblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli sərəncamı ilə “Beşbarmaq dağı Dövlət, Tarix-Mədəniyyət və Təbiət qoruğu”nun yaradılması Beşbarmaq dağının arxeoloji cəhətdən öyrənilməsinə geniş imkan yaradıb. Dövlət Turizm Agentliyi və AMEA Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutu arasında imzalanmış müqaviləyə əsasən 2020-ci ildən qoruq ərazisində arxeoloji tədqiqatlara başlanılmış və bu gün də davam etdirilən arxeoloji tədqiqatların nəticəsində bir sıra vacib elmi nəticələr əldə edilib.

Qeyd edilib ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Sevinc Hüseynovanın rəhbərlik etdiyi Beşbarmaq arxeoloji ekspedisiyası tərəfindən Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə qoruq ərazisində ilk dəfə aparılan elmi tədqiqatların əsas məqsədi Beşbarmaq qalasının, müdafiə səddinin və digər tikililərin memarlıq xüsusiyyətlərini, dövrünü müəyyənləşdirməkdən ibarətdir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyən edilib ki, həm I terras, həm də II terras qala divarı ilə əhatə olunub. Narınqalanın daxilindəki tikililər açılaraq müəyyən elmi nəticələr əldə edilib. Taxçası, buxarısı olan dördkünc planda inşa edilmiş tikililər tikinti xüsusiyyətinə və tikinti materialına görə bir-birindən o qədər də fərqlənmir. 17 otaq I terrasda, 4 otaq isə II terrasda aşkar edilərək tədqiqata cəlb edilib. Əldə edilmiş arxeoloji materialların əsasən orta əsrlərə aid olmasına  baxmayaraq, Erkən Tunc dövrünün  xarakterik xüsusiyyətini  əks etdirən maddi mədəniyyət nümunələri də aşkar edilib ki, bu da eradan əvvəl III minillikdən Beşbarmaq dağının bölgədə məskunlaşan əhalinin sitayiş məskəni olduğunu göstərir.

Çöl tədqiqatları üzrə iş şəraiti ilə tanış olaraq, qazıntı yerlərinə və burada tapılmış maddi mədəniyyət nümunələrinə baxış keçirildikdən sonra AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli arxeoloqlara həmişə hərtərəfli dəstək göstəriləcəyini bildirərək institut rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını verib. Növbəti mövsümdə ekspedisiyaların tərkibi formalaşdırılarkən hərəsində bir nəfər olmaqla antropoloq və etnoqrafın da daxil edilməsini məqsədəuyğun hesab edən AMEA rəhbəri bunun da yeni elmi məktəblərin yaranmasına gətirib çıxaracağaına əminliyini ifadə edib.

Həmçinin builki arxeoloji qazıntı mövsümü başa çatdıqdan sonra AMEA-da ilk dəfə təşkil olunacaq arxeoloqların yekun konfransında ölkə ərazisində fəaliyyət göstərmiş bütün arxeoloji ekspedisiyaların, o cümlədən Beşbarmaq dağında qazıntı işləri aparan qrupun da hesabatlarının təqdim ediləcəyi, arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış maddi mədəniyyət nümunələrindən ibarət sərginin keçiriləcəyi vurğulanıb, nümayiş olunacaq yeni tapılmış eksponatlara dair dolğun xarakteristikaların işlənib hazırlanması tapşırılıb.

science.gov.az

скачать dle 10.4 UTF-8Forex для начинающих