BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Nərgizava arxeoloji ekspedisiyası başa çatıb

Nərgizava arxeoloji ekspedisiyası başa çatıb

4 oktyabr 2023-cü il

 

Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonu Gəgəli kəndi ərazisində yerləşən antik dövrə aid nekropolda tədqiqatı yekunlaşdırıb.

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərlik etdiyi Nərgizava arxeoloji ekspedisiyası Ağsu rayonu Gəgəli kəndi ərazisində yerləşən antik dövrə aid nekropolda tədqiqatı yekunlaşdırıb. Nekropolun əsas hissəsi Gəgəli kəndinin yaşayış evlərinin yerləşdiyi məhəllələrdə üzə çıxdığı üçün ekspedisiya işinə İpək yolu küçəsi ev 91 ünvanında yerləşən həyətyanı sahədə başlayıb.
Qazıntı 64 kv.m. sahədə aparılıb, əvvəlcə 60 sm dərinliyə qədər qarışıq təbəqə təmizlənərək götürülüb. Qarışıq təbəqə uzun dövrlər ərzində şum işlərinin görülməsi, təsərrüfat quyularının qazılması nəticəsində yaranıb. Qarışıq təbəqədən ellin dövrünə aid nərgizava tipli qabların müxtəlif hissələrinin parçaları, küpə, parç, dolçaların fraqmentləri seçilərək götürülüb.
Qazıntı sahəsinin 60 sm dərinlikdə birinci kvadratının şimal-şərq hissəsindən bir-birinə yaxın iki sadə torpaq qəbir üzə çıxıb. Birinci qəbirdə gənc qadına məxsus skelet qalıqları təmizlənib. Skelet sıx bükülü vəziyyətdə sağ böyrü üstə başı cənub-şərqə olmaqla dəfn olunub. Skeletin üzü qarşısından bir ədəd oturacağında "tələf deşiyi" (kill hole) olan saxsı qab, çanaq hissəsi istiqamətində isə yerə başıüstə basdırılmış daş heykəlin baş hissəsi aşkar olunub. Ümumilikdə 2023-cü ilin sentyabr ayında Nərgizava nekropolunda 15 sadə torpaq qəbir öyrənilib. Qəbirlərin yarısı azyaşlı uşaqlara məxsusdur. Onların bəzilərini iri küp parçaları ilə örtüblər, yanlarına istiqamət göstərən daşlar qoyublar. Uşaq skeletlərinin üzərindən tunc, dəmir, əqiq, pasta, şüşə bəzək əşyaları, üzüklər, qolabaqlar, sancaqlar, muncuqlar aşkar olunub. Böyüklərin skeletləri içərisində kişi skeletləri üstünlük təşkil edir. Onların baş və ya ayaq tərəfində dəmir nizə və bıçaqlar qoyulub. Maraqlıdır ki, bəzən kişi və qadınlar eyni qəbir quyusunda dəfn edilib. Ona görə də Nərgizava qəbir abidələri pilləli qəbirlər adlandırılır. Hazırki qazıntıda 5 saylı kişi qəbirinin altında 7 saylı qadın qəbiri üzə çıxıb. Bu onu göstərir ki, qadın kişidən daha əvvəl vəfat edib. Əksər qəbirlərdə nərgizava tipli dördqulplu qablara ya skeletin baş tərəfində, ya da ayaq tərəfində rast gəlinir. Qəbirlərdən analiz üçün kömür və sümük qalıqları götürülüb.
İlk dəfədir ki, Nərgizava abidəsində qəbir avadanlığı içərisində oturacağında "tələf deşiyi" olan saxsı qablara rast gəlinir. Bununla yanaşı, bu abidədə daş heykəlin başının qoparılaraq başıüstə qoyulması və saxsı qabların sınıqlarının qəbir avadanlığına daxil edilməsi dini ayinlərlə bağlı yeni tapıntıdır. İlkin araşdırmalar göstərir ki, belə rituallar Qafqazla yanaşı, ellin dövründə Ptolomeylər Misirinə xasdır və daha əvvəlki dövrlərin dini ayinlərini əks etdirir.
Qazıntı dövründə Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları və Həqiqət Musayev adına Gəgəli kənd Ümumi orta məktəbinin şagirdləri üçün təlim və ustad dərsi keçirilib.
Qafqaz Albaniyasının Ellin dövrünə aid yeni tapıntılar üzə çıxdığı üçün Nərgizava arxeoloji ekspedisiyası növbəti mövsümdə işlərini davam etdirməyi planlaşdırır.
Zəruri əlavələr:
Qədim Nərgizava yaşayış məskəni

Bico kəndi ilə Gəgəli kəndi ərazisində, Gəgəli kəndindən təxminən 2 km cənubi-şərqdə, Bico və Gəgəli kəndinin sakinləri tərəfindən Nərgizava adlandırılan, Bicodərəsi ilə Yasamal adlı qobuluq ərazidə qədim yaşayış məskəni yerləşir. 10 hektardan geniş bir sahəni əhatə edən bu ərazinin böyük bir hissəsi Bico və Gəgəli kəndlərinin (Gəgəli kəndinin əsası 19-cu əsrin 40-50-ci illərində Dəyəli-Gəgəli adlı axtaçı obasının Ağsu və Bico kəndləri arasındakı yazlaq sahəni daimi binə yeri seçməsi ilə qoyulmuşdur) sakinləri tərəfindən uzun müddət əkin məqsədləri üçün şumlandığına görə, abidənin tarixi-mədəni təbəqəsi güclü dağıntıya məruz qalmışdır. Buna baxmayaraq, 1997-2010-cu illərdə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı-Ağsu ekspedisiyası tərəfindən aparılmış geniş miqyaslı arxeoloji tədqiqatlar nəticəsində ərazinin indiki Gəgəli kəndi ərazisindəki hissəsində aşkarlanmış, e.ə. III-II əsrlərə aid 69 torpaq tipli qəbir, xeyli miqdarda və müxtəlif növdən olan daş, saxsı və metal məmulatları burada qədim və inkişaf etmiş mədəniyyətə malik yaşayış məskəninin mövcud olduğundan xəbər verir. Köçəri həyat tərzi sürmüş bir çox yaşayış məntəqələrindən fərqli olaraq daima oturaq həyat tərzi ilə yaşamış Bico kəndinin əhalisinin əsrlər boyu davam etdirdiyi və qoruyub saxladığı elmi, ədəbi, dini, və incəsənət ənənələri bu zəngin mədəniyyətin tamamlayıcısı, tərkib hissəsi və davamı kimi qiymətləndirilir. Nərgizava şəhərinin dağılması 1192-ci ilin dağıdıcı zəlzələsi və 1221-ci ildən başlayan monqol-tatar yürüşləri ilə əlaqələndirilir.

Bicoda tapılmış orta əsrlərə aid qablar
Nərgizava ilə bağlı ekspedisiyasının aparıldığı dövrdə, Şamaxı-Ağsu arxeoloji ekspedisiyası 2010-cu ilin iyul ayında Bico kəndinin ərazisində, kənd sakini, Bico kənd orta məktəbinin direktoru, tarixçi Yaşar Qarayevə məxsus həyətyanı sahədə kəşfiyyat-qazıntı işləri apararaq, 1 metr dərinlikdə torpaq qəbir aşkar etmişdilər. Qəbir kamerasında tapılan skelet torpağın ağırlığından əzilərək dağılmış və bu səbəbdən onun istiqamətini müəyyən etmək mümkün olmamışdı. Skeletin yanından orta ölçülü açıq narıncı rəngli dolça və boz rəngli küp də aşkar edilmişdi. Qəbir kamerasından yuxarı hissədə isə saxsı qab fraqmentləri tapılmışdı. Əldə edilmiş maddi mədəniyyət nümunələri əsasında qəbirin e.ə. II əsrə aid olduğu müəyyənləşdirilmişdir. Kənd ərazisində əvvəllər də dəfələrlə bu cür tapıntıların rast gəlindiyini, lakin bəzən sakinlər, bəzən də aidiyyəti elmi-tədqiqat bölmələri tərəfindən laqeyd münasibəti nəzərə aldıqda, Bico kəndinin yerləşdiyi ərazinin həmin dövrə və ya daha qədim tarixə aid bu cür abidələrlə zəngin olması ehtimalına əsas verir.
скачать dle 10.4 UTF-8Forex для начинающих