BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » “Mətbəx, çörək və yemək mədəniyyəti”

“Mətbəx, çörək və yemək mədəniyyəti”

19 aprel 2026-cı il

 

6-10 aprel 2026-cı il tarixlərində Bakı şəhərində yerləşən Zərgərpalan hamamında Beynəlxalq Mədəni İrs Ustad Məktəbi çərçivəsində təşkil olunan dərs proqramlarının altıncı tematik qrupu - “Mətbəx, çörək və yemək mədəniyyəti” üzrə təlimlər keçirilib. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Mədəni irs beynəlxalq ustad məktəbində qeyri-maddi mədəni irs dərsləri və sərgisi” layihəsinin tərkib hissəsi kimi baş tutub.

Beş gün davam edən və ümumilikdə 20 saatlıq tədrisi əhatə edən proqram layihə əsaslı öyrənmə (Project-Based Learning - PBL) metodologiyası əsasında təşkil olunub. Tədris proqramı çərçivəsində iştirakçılar Azərbaycan mətbəx mədəniyyətinin mühüm istiqamətləri - təndir sənətkarlığı və çörəkbişirmə ənənələri, nazik çörək növləri (yuxa, lavaş, katırma, jupka, yufka) və dolma hazırlama ənənəsi üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Proqramın əsas məqsədi qeyri-maddi mədəni irs anlayışının kulinariya mədəniyyəti kontekstində mənimsənilməsi, Azərbaycan mətbəxinin tarixi və regional xüsusiyyətlərinin öyrənilməsi, ənənəvi yemək hazırlama üsullarının texnoloji və mədəni aspektlərinin təhlili, eləcə də bu irsin qorunması və gələcək nəsillərə ötürülməsi yollarının müəyyənləşdirilməsi olub. Təlimin əsas tədqiqat sualı isə “Azərbaycan mətbəx mədəniyyəti və ənənəvi yemək hazırlama üsulları qeyri-maddi mədəni irs kontekstində müasir dövrdə necə qoruna və gələcək nəsillərə ötürülə bilər?” kimi müəyyən edilib.

Proqramın ilk günü - 06 aprel tarixində qeydiyyat və ümumi tanışlıq Məleykə Hüseynova tərəfindən aparılıb. Daha sonra Prof. Dr. Şikar Qasımov (Bakı Mühəndislik Universiteti) “Qeyri-maddi mədəni irs anlayışı” mövzusunda məruzə ilə çıxış edib. Ceyran Əsgərova (qida mühəndisi, Saffron Group Restoran Şirkəti) isə “Azərbaycan mətbəxinin tarixi və əsas xüsusiyyətləri. Mətbəxin xalq mədəniyyətində rolu” mövzusunda təqdimat edib.

07 aprel tarixində keçirilən ikinci modul təndir sənətkarlığı və çörəkbişirmə ənənələrinə həsr olunub. Dr. Aida İsmayılova (Milli Azərbaycan Tarixi Muzeyi) “Təndirin yaranma tarixi və mədəni əhəmiyyəti”, Fariz Xəlilli (“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi) isə “Arxeoloji tədqiqatlarda təndir” mövzusunda çıxış edib. Praktiki hissədə Ceyran Əsgərovanın rəhbərliyi ilə təndirin quruluşu, çörəkbişirmə alətləri, xəmirin hazırlanması və təndirə yapılma texnikaları üzrə ustad dərsi keçirilib.

08 aprel tarixində keçirilən üçüncü modul nazik çörəklərin hazırlanması və paylaşma mədəniyyətinə həsr edilib. Ceyran Əsgərova “Nazik çörəklərin tarixi və regional xüsusiyyətləri: lavaş, katırma, jupka, yufka” mövzusunda çıxış edib. Gün ərzində xəmirin hazırlanması, yayma texnikaları və ənənəvi bişirmə üsulları üzrə ustad dərsi keçirilib.

09 aprel tarixində keçirilən dördüncü modul dolma ənənəsinə həsr olunub. Ceyran Əsgərova “Dolmanın Azərbaycan mətbəxində yeri, tarixi və növləri” mövzusunda məruzə edib. Praktiki məşğələdə iştirakçılar içliyin hazırlanması, bükmə texnikaları və bişirmə üsullarını tətbiq edərək dolmanın hazırlanması və süfrəyə təqdimatını həyata keçiriblər.

10 aprel tarixində keçirilən yekun modul çərçivəsində mövzular üzrə ümumiləşdirmə və interaktiv müzakirələr aparılıb. İştirakçılar süfrə mədəniyyəti və yemək hazırlama ənənələri üzrə qrup təqdimatları ilə çıxış ediblər. Təlim proqramı birgə süfrə və dadım mərasimi ilə yekunlaşıb.

İştirakçıların yekun qiymətləndirilməsi elmi və tarixi əsaslandırma, texniki icra, estetik quruluş, yaradıcılıq yanaşması və təqdimat bacarıqları üzrə aparılıb. Qiymətləndirmə prosesi fasilitativ və summativ xarakter daşıyıb.

Proqramın sonunda iştirakçılar Azərbaycan mətbəxinin əsas xüsusiyyətlərini izah etmək, ənənəvi çörək və yemək hazırlama texnologiyalarını tətbiq etmək, həmçinin süfrə mədəniyyəti və paylaşma dəyərlərini elmi əsaslarla təqdim etmək bacarıqları əldə ediblər.

скачать dle 10.4 UTF-8Forex для начинающих