BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Milli-mədəni müxtəliflik ölkənin zənginliyidir

Milli-mədəni müxtəliflik ölkənin zənginliyidir

Milli-mədəni müxtəliflik ölkənin zənginliyidir
Milli Azlıqların V Respublika Festivalı çərçivəsində fotosərgi və dəyirmi masa keçirildi

İyunun 30-da Bakıda keçirilən Milli Azlıqların V Respublika Festivalı çərçivəsində Azərbaycan Xalça Muzeyində milli azlıqların həyat və yaşayış tərzini əks etdirən “Bir ailədə” adlı fotosərgi və “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masa təşkil edildi.

Fotosərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, Azərbaycanda artıq 5-ci dəfədir milli azlıqların festivalı təşkil edilir. 2006-cı ildən etibarən Bakıda “Azərbaycan-doğma diyar” devizi altında azsaylı xalqların incəsənəti festivalları keçirilir. 2008, 2011 və 2014-cü illərdə də təşkil edilən festivallar respublikanın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb.

Müxtəlif xalqların mehriban ailəsi

Nazir müavini əlavə etdi ki, sərginin “Bir ailədə” adlanması təsadüfi deyil. Azərbaycan ta qədimdən müxtəlif mədəniyyətlərin birləşdiyi məkan kimi tanınıb. Müxtəlif xalqlar ölkəmizdə həmişə sülh şəraitində yaşayıblar: “Ulu öndər Heydər Əliyev deyirdi ki, hər bir ölkə nə qədər müxtəlif mədəniyyətləri özündə birləşdirsə, bir o qədər zəngindir. Çünki hər bir xalq dünya mədəniyyətinə öz töhfəsini verir. Təqdim edilən sərgidə biz Azərbaycan ərazisində yaşayan milli azlıqların həyat tərzi və adətləri ilə tanış oluruq. Görürük ki, bu xalqların və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf etdirilir”.
Qeyd olundu ki, dövlət başçısının sərəncamına əsasən 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan olunub. Bu münasibətlə respublikamızda çoxsaylı tədbirlər təşkil edilir. Mədəniyyət və Turizm Nazirliyi digər dövlət orqanları ilə birlikdə azsaylı xalqların mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparır. Ölkəmizin artıq üç dəfə ev sahibliyi etdiyi Dünya Mədəniyyətlərarası Dialoq Forumu, həmçinin bu ilin aprelində Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu Azərbaycanın tolerant ölkə olduğunun mühüm göstəriciləridir.
Çıxışının sonunda Sevda Məmmədəliyeva festivalın işinə uğurlar arzuladı.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə Azərbaycanda yaşayan udin, tat, ləzgi, ingiloy, avar, gürcü, rus, saxur, talış və digər xalqların mədəni irsi öz əksini tapmışdı.

“Multikulturalizmin Azərbaycan modeli”

Sonra tədbir “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda dəyirmi masa ilə davam etdi.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək bildirdi ki, Azərbaycanda multikultural dəyərlərə həmişə hörmətlə yanaşılıb. Ölkəmizdə multikultural dəyərlərin qorunması və inkişafına dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir, çoxsaylı tədbirlər həyata keçirilir: “Ulu öndər Heydər Əliyev ölkəmizdəki milli azlıqlara çox böyük qayğı ilə yanaşırdı. O, Azərbaycan multikulturalizminin siyasi banisidir. Azərbaycan müstəqilliyinin ilk dövründə ümummilli lider Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi. Öz siyasəti ilə Azərbaycanın əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirib, onu keyfiyyətcə yeni mərhələyə, siyasət müstəvisinə keçirdi”.
Qeyd olundu ki, Heydər Əliyevin multikulturalizm istiqamətində vaxtilə həyata keçirdiyi siyasət bu gün uğurla davam etdirilir: “Prezident İlham Əliyev bu həssas məsələyə böyük önəm verir. Son illər azsaylı xalqların yaşadığı bölgələrin sosial-iqtisadi inkişafı üçün əhəmiyyətli işlər həyata keçirilmişdir”.
Vaqif Əliyev “Multikulturalizm ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi tədbirlərin əhəmiyyətindən danışdı.
Bildirildi ki, multikultural dəyərlərin pozulduğu məkanda tənəzzül və qarşıdurmalar qaçılmazdır: “Biz bunun fəsadlarını Avropa ölkələrində daha açıq şəkildə görürük. Azərbaycanda multikultural stabillik davam edəcək, dözümlülük və dəyərlərin qorunması istiqamətində həyata keçirilən siyasət uğurla davam etdiriləcək”.
Daha sonra mövzuya dair məruzələr dinlənildi.
Millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdulla, AMEA-nın vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov, Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev və başqaları məruzə ilə çıxış etdilər. Qeyd olundu ki, Azərbaycan dünyanın ən tolerant ölkələri sırasında ilk beşlikdə yer alır və əsrlərə söykənən tolerantlıq ənənələrimiz bu gün bütün dünyaya nümunədir.
Bildirildi ki, Heydər Əliyev Azərbaycanda dini mədəniyyətin, tolerantlığın və dinlərarası dialoqun proqram əsaslarının təməlini qoyub. Məscid, kilsə və sinaqoqların böyük qayğı ilə tikilib bərpa olunduğu, bütün ənənəvi dini icmaların maddi-mənəvi cəhətdən dəstəkləndiyi Azərbaycanda multikultural həyat tərzi, dinlər və məzhəblərarası müstəvidə ehtiramlı münasibət hökm sürür.
Dəyirmi masada həmçinin “Musiqi dünyası” jurnalının baş redaktoru, professor Tariyel Məmmədov tərəfindən “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqsləri, folklor nümunələri” adlı disk təqdim edildi.
Tədbir müzakirələrlə davam etdi.скачать dle 10.4 UTF-8Forex для начинающих