BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Buludların üzərindəki Xınalıq - nadir dil, fərqli həyat...

Buludların üzərindəki Xınalıq - nadir dil, fərqli həyat...

 Buludların üzərindəki Xınalıq - nadir dil, fərqli həyat...
Azərbaycan təbiətinin incisi, dağların üzük qaşı kimi əhatəyə aldığı, əsrarəngiz gözəlliklər məskəni Xınalıq... “Yeni Müsavat”ın reportyor qrupu bu dəfə Qubanın Xınalıq kəndinə üz tutub. Məlumat üçün qeyd edək ki, bu kəndin 5 min ilə yaxın yaşı var. Xınalıq kəndinin tarixi ərazisi prezidentin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli sərəncamı ilə “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. Buranın hər daşı tarixi abidə hesab olunur və sakinlərə evlərini sökməyə və ya fərqli yenilik etməyə icazə verilmir. Hazırda kənddə 2000 nəfərə yaxın əhali yaşayır. 153 qədim ev hələ də qalmaqdadır...


Yola çıxarkən anlayırıq ki, Azərbaycanın ən təhlükəli yolu sayılan, ildə bir neçə dəfə qar və uçqun səbəbindən bağlanan, sıldırımların arası ilə çəkilmiş Xınalıq yolu insanı həm mənzil başına, həm də ölümə apara bilər. İki avtomobilin yanaşı keçə bilməyəcəyi qədər dar olan, bir tərəfi dağ, bir tərəfi uçuruma baxan bu yollar sərt döngələrdən, kəskin eniş və yoxuşlardan ibarətdir. Bir anlıq diqqətsizlik avtomobilin 300 metrlik uçuruma yuvarlanması ilə nəticələnə bilər.

Yeganə müsbət məqam odur ki, ölkə başçısının göstərişindən sonra uzunluğu 60 kilometrə yaxın Quba-Xınalıq yolu başdan-başa təmir edilib, asfalt örtüyü yenilənib.
Xınalıq dəniz səviyyəsindən 2335 metr yüksəklikdə yerləşir. Yoxuş yuxarı qalxdıqca təzyiq artdığından insanın qulaqları uğuldayır, gözləri acışır. İzsiz-bucaqsız yollarda ara-sıra turistlərin və Xınalıq sakinlərinin avtomobilləri keçir. Üz-üzə gələnlər ehtiyatla kənara çəkilib bir-birinə yol verirlər.

Bu yollara baxıb düşünürsən ki, elə Xınalığı özəl qılan, toxunulmaz edən də bu yollardır. Məhz bu səbəbdən orada hələ də qədim dövrə məxsus həyat tərzi davam edir. Aylarla qar və uçqun səbəbindən bağlı qalan, ətraf dünya ilə əlaqənin kəsildiyi Xınalıqda sakinlər ibtidai icma dövründəki kimi özləri əkib, becərib, özləri yeməyə alışıblar. Sovet dövrünə qədər buradan digər kəndlərə yeganə nəqliyyat vasitəsi at olub. 1971-72-ci illərdə avtomobillərin keçə bilməyəcəyi bir yol açılıb. Sonradan 1998-ci ildə torpaq yol çəkilib. 2006-cı ildə isə yol təmir olunub, asfalt örtüyü çəkilib. Məhz bundan sonra Xınalığa turist axını başlayıb...

Xınalıqda hər şey yüz illər öncəni xatırladır. Özümüzü sehrli xalat geyinib keçmişə səyahət edən Rəşid və Zərifə kimi hiss edirik. Hava bir qədər soyuqdur. Kənd sakinləri payız fəslinə uyğun geyimdə dolaşır. Kəndin girəcəyində yarıqaranlıq, alçaq bir daxmanın üzərinə market yazılıb. İçəridə həm ərzaq məhsulları, həm də geyim əşyaları satılır. Bura kəndin yeganə ticarət obyektidir.
Evlər bir təpənin üzərində pilləli şəkildə tikilib. Damlar sadəcə torpaqla örtülüb. Tikililər isə çay daşındandır, sement əvəzinə bu yerin torpağından və samandan istifadə olunub. Bəzi evlərin iki yüz il yaşı var. Lakin hələ də istifadə olunur. Həyətlərdə yanaqları qıp-qırmızı olan kənd uşaqları gözə dəyir, maraqlı baxışlarla bizi izləyirlər.
Xınalığa turistlərin marağı böyük olduğundan onları qarşılamaq, bu tarixi məkanı gəzdirmək üçün xüsusi şəxs də ayrılıb. Kənd sakini Rəhman Sərkərov bizə və İsveçrədən gəlmiş bir ailəyə bələdçilik edir. Evlərin arası ilə yoxuşa qalxırıq. Tikililər hədsiz dərəcədə alçaqdır, xırda pəncərələr yerdən 30 santimetr hündürlükdədir. Evlərin yaxşı havalanması üçün damda kiçik bacalar qoyulub. Evlərin damı torpaq olduğundan və təpənin üzərində pilləli şəkildə tikildiyindən bir evin damı digərinin həyətidir. Yəni evin damında insanlar gəzir, qar-yağış yağır, palçıq olur, lakin sirri nədirsə bu damlar nə çökmür, nə də içəri su dammır.

Bələdçimiz Telman dayı deyir ki, evlərin damı xüsusi qaydada düzəldilib. Altdan taxta düzülüb, üstünə torpaq səpilib, yenidən bir qat taxta düşülüb və üstü torpaqla örtülüb. Hər yağış, qar yağanda evlərin üstü xüsusi hazırlanmış “katok” adlı qurğu ilə hamarlanır, öz dilləri ilə desək, katoklanır. Damda qoyulan baca isə içərini gün işığı ilə təmin etmək və havanı təmizləmək üçündür.
Sakinlərin dediyinə görə, Xınalıq torpağı həddindən artıq möhkəmdir. Burada 200-300 il yaşı olan evlər var ki, indi də istifadə olunur, dağılmayıb və zəlzələyə də davamlıdır. Səbəb isə odur ki, kəndin ətrafı 4 dağla əhatələnib. Bir tərəfində Qiblə dağı, bir tərəfində Tufan dağ, bir tərəfi Şahdağ, bir tərəfi isə Qızılqayadır. Bu dağlar Xınalığı qoruyub saxlayır. Ətrafdakı dağların bəzilərinin başı hələ də qarlıdır.
скачать dle 10.4 UTF-8Forex для начинающих