Bayram günlərində “Şahdağ” Turizm Mərkəzinə rekord sayda turist gəlibBakı, 5 yanvar 2017 “Şahdağ” Turizm Mərkəzində keçirilən builki Yeni il şənlikləri əsl qış nağılını xatırladaraq, qonaqlarda unudulmaz təəssüratlar yaradıb. Bayram günlərində qonaqların istirahəti ən yüksək səviyyədə təşkil edilib, təntənəli yeni il şənlikləri, möhtəşəm atəşfəşanlıq, ardınca sübhün erkən çağlarınadək davam edən musiqi ziyafəti turistlərin zövqünü oxşayıb. Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Şahdağ” Turizm Mərkəzində Yeni il bayramı münasibətilə keçirilən tədbirlər çərçivəsində Rəvan Tohidoğlunun “Taleyin oyunu” əsəri əsasında hazırlanan teatr tamaşası səhnəyə qoyulub. Əsərin səhnələşdirilməsində Qusar Dövlət Ləzgi Dram Teatrının 12 nəfərdən ibarət aktyor heyəti iştirak edib, tamaşada cəmiyyətimizin müasir problemlərinə toxunulub, əxlaqi-tərbiyəvi mesajlar verilib. Dramatik komediya janrında olan tamaşa turistlərin xeyli marağına səbəb olub, aktyorların çıxışları alqışlarla müşayiət edilib. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzində Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliğinə daim diqqət ayrılır. Belə ki, ötən mövsümlərdə də qonaqların zövqlü istirahətini təşkil etmək, onların bayram tətilini daha maraqlı və yaddaqalan etmək məqsədilə Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs quldurbasan” və Üzeyir Hacıbəylinin “Arşın mal alan” kimi klassik əsərləri səhnələşdirilmişdir. Qeyd edək ki, bu mövsüm turizm mərkəzinin fəaliyyətdə olduğu 5 mövsüm ərzində turistlərin rekord sayı ilə yadda qalıb. Belə ki, bayram günləri ərəfəsində 20.000-dən çox turist qəbul edən mərkəzdə təkcə yanvarın 2-də 6 mindən çox turist qeydə alınıb. Ümumilikdə, qış mövsümü açılandan bu günədək “Şahdağ”ı ziyarət edənlərin sayı 35 mindən çox olub. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |