Beynəlxalq Novruz Günü BMT-də qeyd olunub
22 mart 2017, Cenevrə BMT-nin Cenevrədəki Bölməsinin yerləşdiyi Millətlər Sarayında Azərbaycan, Albaniya, Əfqanıstan, İraq, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Tacikistan, Türkiyə və Türkmənistanın daimi nümayəndəliklərinin və BMT Bölməsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib. Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Daha sonra, 2010-cu il fevralın 23-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul edilmiş qətnaməyə əsasən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan edilib. Həmin vaxtdan etibarən Novruz Günü BMT-də qeyd olunur. Cenevrədəki tədbir də BMT qətnaməsinə uyğun təşkil edilib. Açılış mərasimində BMT-nin Cenevrə Bölməsinin Baş direktoru Maykl Möller çıxış edib. O, Novruz bayramının adət-ənənələrinin dünya mədəni irsinin mühüm tərkib hissəsi olduğunu, dünya mədəniyyəti və incəsənətinə xüsusi töhfə verdiyini vurğulayıb. M.Möller tədbirin təşkilinə rəhbərlik etdiyinə görə Azərbaycan Respublikasının Daimi nümayəndəliyinə xüsusi minnətdarlığını bildirib. Baş direktor tədbirdə iştirak etmiş 12 ölkənin daimi nümayəndəliklərinin bu təşəbbüsünü mədəniyyətlər və dinlər arasında sərhədlər tanımayan dostluq və həmrəyliyin rəmzi kimi qiymətləndirib. Daha sonra Novruz bayramını qeyd edən ölkələr adından çıxış edən Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov çıxış edərək, Novruzun mədəni irs və çoxəsrlik ənənələrin birlik təcəssümü kimi xalqlar arasında əlaqələrin qarşılıqlı hörmət əsasında möhkəmləndirilməsində mühüm rolunu qeyd edib. Səfir vurğulayıb ki, dünyanın müxtəlif bölgələrində 300 milyondan çox insan tərəfindən qeyd edilən, sülh və tolerantlıq ideyalarını özündə birləşdirən Novruz BMT ideallarını tam əks etdirir. İştirakçı ölkələrin daimi nümayəndəlikləri tərəfindən hazırlanmış tarix, mədəniyyət və incəsənətə dair foto və video materiallar iştirakçılara təqdim edilib, milli yeməklərdən və şirniyyatlardan ibarət xüsusi guşələr təşkil olunub. Tədbirdə, həmçinin Azərbaycanın xalq artisti Mənsum İbrahimovun rəhbərliyi altında “Qarabağ” ansamblı musiqi proqramı ilə çıxış edib. Musiqiçilərin ifasında səsləndirilən Azərbaycan xalq mahnıları və muğamlar tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Mərasimdə BMT-nin Cenevrə bölməsi yanında akkreditə olunmuş ölkələrin daimi nümayəndələri və diplomatik korpusun digər üzvləri, BMT-nin Cenevrədəki ofisinin katibliyi, beynəlxalq təşkilatların əməkdaşları, Cenevrə şəhərinin rəsmiləri və tədbiri təşkil edən ölkələrin diaspor nümayəndələri iştirak ediblər. Elgün Niftəli, AZƏRTAC-ın xüsusi müxbiri
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |