Natəvana məxsus əlyazmalar bərpa olunacaq
9 fevral 2021-ci il
Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan Xurşudbanu Natəvana (1832-1897) məxsus şeirlərdən və onun rəsmlərindən ibarət 7 əlyazma bərpa olunacaq. Əlyazmalar C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyindən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə təqdim olunub. Mərkəzdən verilən məlumata görə, bundan əvvəl Xurşudbanu Natəvana məxsus ətəklər yüksək səviyyədə bərpa olunub və hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında sərgilənir. “İnanırıq ki, bərpaçılarımızın peşəkarlığı sayəsində bu əlyazmalar da yüksək səviyyədə bərpa olunaraq Qarabağın mədəniyyət beşiyi olan Şuşada, Natəvanın Ev-Muzeyinin ekspozisiyasında tamaşaçılara təqdim olunacaq”, – deyə məlumatda bildirilir. Natəvanın Şuşa şəhərindəki evi XVIII əsrə aid tarix-memarlıq abidəsidir. İkimərtəbəli binada 1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi – Şuşa Musiqi məktəbi fəaliyyətə başlayıb. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq incəsənət məktəbi adlandırılıb. 1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşudbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlayıb. 1992-ci ilin mayında Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra muzeydəki yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri talan edilib, bina isə dağıdılıb. Hazırda bərpa prosesində olan Natəvanının əlyazmalarından bir neçəsinin fotosunu təqdim edirik.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |