Qusar Dövlət Ləzgi Dram Teatrının yaranmasının 25 illiyi qeyd olunub
30 iyun 2017 2017-ci ilin 30 iyun tarixində Qusar Dövlət Ləzgi Dram Teatrının yaranmasının 25 illiyi münasibətilə təntənəli mərasim təşkil olunub. Teatrın üç aktyoru “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Yubiley tədbirində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Qusar rayon rəhbərliyi, elm və incəsənət xadimləri, teatrsevərlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək, xatirəsini ehtiramla anıblar. Yubiley münasibətilə Qusar şəhərinin mərkəzindəki general Mahmud Əbilov adına meydanda multikulturalizmi təbliğ edən ləzgi folklor nümunələri təqdim olunub. Mərasimə qatılanlar Qusar Mədəniyyət Sarayında yerli əhalinin tarixi yaşam tərzini, xalq yaradıcılığını, folklorunu, sənətkarlığını əks etdirən maraqlı sərgini izləmək imkanı da qazanıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivini yubiley münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir bildirib ki, Qusar Azərbaycanın turizm potensialına görə öndə gedən rayonlarından biridir. Son illər ölkəmizə gələn turistlərin sayının xeyli artmasında bu rayonun ərazisində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin də payı var. Turistlərin daha çox ziyarət etdiyi regionlarda turizm obyektləri ilə paralel olaraq mədəniyyət ocaqlarının, o cümlədən muzeylərin, teatrların fəaliyyəti də yüksək səviyyədə təşkil olunmalıdır. Əbülfəs Qarayev qeyd edib ki, 25 il əvvəl Qusarda yaradılan bölgə teatrı regionda teatr sənətinin inkişafına öz töhfələrini verib. Son illərdə maddi-texniki bazanın möhkəmləndirilməsi sayəsində kollektiv respublika miqyaslı müsabiqələrdə bir sıra nailiyyət qazınıb, klassik və müasir dramaturqlarımızın əsərlərini bölgə tamaşaçılarına özünəməxsus tərzdə təqdim edir. Rayon icra hakimiyyətinin başçısı Şair Alxasov Qusar Dövlət Ləzgi Dram Teatrının rayonun mədəni mühitinin formalaşmasında, teatr sənətinin inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. Çıxışlardan sonra teatrın kollektivi fəxri fərmanla, aktyorlar Həsrət Nəsrullayev, Kifayət Yusifova və Yalçın Qaraxanov isə “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub. Qusar Dövlət Ləzgi Dram Teatrının direktoru Faiq Qardaşov bildirib ki, son illər teatrın inkişafında əsaslı və köklü dəyişikliklər baş verib. Tamaşaların bədii tərtibatı, məzmunu, rejissor işi, aktyor oyununun təkmilləşdirilməsi nəticəsində tamaşaçıların teatra olan marağı daha da artıb. Diqqətə çatdırılıb ki, teatr fəaliyyətdə olduğu bu 25 ildə 110-a yaxın səhnə əsərini tamaşaçılara təqdim edib. Mərasimdə Qusar Dövlət Ləzgi Dram Teatrının yubiley münasibətilə hazırladığı “Yaradan, yaşadan teatr” adlı kompozisiya təqdim olunub. Kompozisiya müxtəlif tamaşalardan hissələr, milli rəqslər, həmçinin Azərbaycan və ləzgi dillərində mahnı və şeirlərdən ibarət olub. Maraqla qarşılanan səhnə əsərinin quruluşçu rejissorları Laləzar Hüseynova və Bağır Əhmədovdur. Musiqi tərtibatı isə Faiq Qardaşova məxsusdur. Yetmiş nəfərə yaxın heyətin yer aldığı bir saatlıq tamaşa üçün xüsusi dekorasiya hazırlanıb.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |