II Respublika Xalq Teatrları Festivalı başa çatıb
14 iyun 2017, Bakı İyunun 14-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında II Respublika Xalq Teatrları Festivalının yekunlarına həsr olunmuş tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən festivalın məqsədi xalq teatrlarının dəstəklənməsi, həvəskar yaradıcılıq kollektivlərinin potensialından istifadə edilməsi, əhalinin asudə vaxtının təşkilində rolunun artırılmasıdır. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın yekun mərasiminin Milli Qurtuluş Günü ərəfəsində keçirilməsinin heç də təsadüfi olmadığını bildirib. Nazir deyib ki, bu günü bizə bəxş edən ulu öndər Heydər Əliyev hər zaman yaradıcı adamlara, Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə, inkişafına xüsusi diqqət göstərib. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın mədəniyyətimizin inkişafı, təbliği istiqamətində gördüyü işləri xüsusilə qeyd edən Ə.Qarayev deyib ki, birinci xanımın yorulmaz fəaliyyəti nəticəsində bu gün xalqımıza məxsus milli-mənəvi dəyərlər dünyada geniş şəkildə tanınır və maraqla qarşılanır. Azərbaycan teatrının keçdiyi tarixi yola nəzər salan nazir II Respublika Xalq Teatrları Festivalının işini yüksək qiymətləndirib. Bildirilib ki, festivala 32 teatr qatılıb. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru, Xalq Artisti Vaqif Əsədovun başçılıq etdiyi münsiflər heyəti aprelin 27-dən mayın 31-dək Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, Sumqayıt, Kürdəmir, İsmayıllı, Şəmkir və Masallı regional mədəniyyət və turizm idarələrində keçirilmiş seçim turunda baxdıqları tamaşaların arasından 15 tamaşanın final mərhələsində iştirakını məqbul bilib. Həmin tamaşalar iyunun 12-də və 13-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində nümayiş olunub. Sonra musiqi sədaları altında qalib aktyorlar və münsiflər heyəti səhnəyə daxil olublar. Münsiflər heyətinin rəhbəri Xalq Artisti Vaqif Əsədov festivalın əhəmiyyətindən söz açıb və xalq teatrlarında çox istedadlı gənclərin olduğunu söyləyib. Təklif edib ki, yaxın gələcəkdə belə istedadların peşəkar aktyor kimi yetişməsi üçün müvafiq işlər görülməlidir. O deyib ki, bölgələrdə teatra marağın güclü olması, müxtəlif peşə sahiblərinin səhnədə özünü uğurla sınaması ümid verir ki, Azərbaycan teatrının gələcəyi parlaq, milli aktyor sənətinin potensialı isə tükənməzdir. Sonda qaliblər mükafatlandırılıb. Onlara diplom, fəxri fərman və xatirə hədiyyələri təqdim edilib.
Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzi xalq teatrı kollektivinin nümayiş etdirdiyi Rəhman Əlizadənin “Diqqət, başlayırıq” tamaşası festivalın qalibi elan edilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Xalq teatrına birincilik prizini və diplomu təqdim edib. Bundan əlavə, Xalq teatrının rejissoru İlham Tağıyev festivalın "Ən yaxşı rejissor", Pinəçi rolunun ifaçısı Vaqif Məmmədxanov isə "Ən yaxşı aktyor" diplomuna layiq görülüblər.
|
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |