BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Bakıda V Dünya Etnoidman Forumu işə başlayıb

Bakıda V Dünya Etnoidman Forumu işə başlayıb

5 mart 2022-ci il

 

Forumun birinci günündə Birgə Bəyannamə qəbul edilib

Martın 5-də Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında ikigünlük V Beynəlxalq Etnoidman Forumu işə başlayıb.

AZƏRTAC xəbər verir ki, foruma Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar olmaqla 14 ölkədən ümumilikdə 140 nümayəndə qatılıb.

Forumun açılış mərasimində əvvəlcə dünyada etnoidman növlərinin inkişafını əks etdirən videoçarx nümayiş olunub.

 

 

Tədbirdə çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov forumun Bakıda keçirilməsinə görə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğana təşəkkür edib. Nazir Azərbaycanın irimiqyaslı tədbirlərə ev sahibliyi ilə bağlı zəngin təcrübəsi olduğunu vurğulayaraq deyib: “Azərbaycan dövlətinin, xüsusilə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, Formula 1 yarışları, dünya və Avropa çempionatları, digər nüfuzlu turnirlər keçirilib. IV İslam Həmrəyliyi Oyunlarının proqramına ənənəvi idman növümüz olan zorxana da daxil edilmişdi və bu yarış uğurla keçirildi. Azərbaycanın milli idman növü olan çövkən atüstü oyunu üzrə bir sıra yarışlar, o cümlədən beynəlxalq turnirlər təşkil edilir. 2019-cu ildə isə Gədəbəydə Milli Yaylaq Festivalı keçirilib”.

 

 

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan qədim tarixə malik Azərbaycanda belə bir nüfuzlu forumun keçirilməsindən məmnunluğunu bildirib. Gənc nəsil arasında milli idman oyunlarının təbliğinin vacibliyini xüsusi qeyd edib. B.Ərdoğan növbəti forumun Türkiyədə keçiriləcəyini bildirib.

 

 

BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif BMT-nin Dünya Etnoidman Konfederasiyası ilə əməkdaşlığa böyük önəm verdiyini və bu işbirliyindən məmnun olduğunu bildirib. Xanım Maimuna Mohd Şərif BMT-nin Dünya Etnoidman Konfederasiyası ilə bundan sonra da fəal əməkdaşlıq edəcəyini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev etnoidman növlərinin kütləviliyinin artırılmasının müxtəlif xalqlar arasında münasibətlərin inkişafı, dostluq əlaqələrinin və əməkdaşlığın dərinləşdirilməsi baxımından önəmini xüsusi vurğulayıb. B.Amreyev bu forumun, eləcə də etnoidmanın türkdilli dövlətlər və xalqlar arasında da qardaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini deyib.

Açılış mərasimindən sonra yüksək səviyyəli nazirlərin “Etnoidman beynəlxalq tərəfdaşlığın qurulması və genişləndirilməsi üçün vasitə kimi” mövzusunda panel iclası keçirilib.

Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın moderatorluğu ilə keçirilən iclasda Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu dünyanın bu çətin günlərində idmanın insanları sülh və ədalət naminə birləşdirdiyini bildirib. Türkiyənin bütün regionlarında ənənəvi idman növlərini inkişaf etdirməyin əsas məqsədlərdən olduğunu bildirən nazir bu sahədə bir sıra infrastruktur layihələrinin olduğunu vurğulayıb.

Nigerin gənclər və idman naziri Sekou Doro Adamou etnoidman növlərinin bütün dəyərləri özündə birləşdirdiyini bildirib. O, ölkəsində bu sahədə çoxlu işlərin görüldüyünü və gələcəkdə digər tədbirlərin nəzərdə tutulduğunu deyib.

Meksikanın Milli Bədən Tərbiyəsi və İdman Komissiyasının (CONADE) baş direktoru Ana Qabriela Guevara Espinoza idmanın insanları birləşdirdiyini və nəticədə qarşılıqlı dialoqun yarandığını bildirib. Müasir idman növləri ilə yanaşı, ənənəvi növlərin də inkişafının önəmini vurğulayan qurum rəsmisi Meksikada hər iki istiqamətdə ciddi tədbirlərin görüldüyünü vurğulayıb.

Qambiyanın gənclər və idman naziri Bakary Badjie ölkəsində güləşin çox populyar olduğunu və futbola böyük rəğbət bəsləndiyini bildirib.

Daha sonra V Beynəlxalq Etnoidman Forumunun iştirakçıları birgə bəyanat qəbul ediblər.

Bəyanatı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif, Nigerin gənclər və idman naziri Sekou Doro Adamou, Meksikanın Milli Bədən Tərbiyəsi və İdman Komissiyasının (CONADE) baş direktoru Ana Qabriela Guevara Espinoza, Qambiyanın gənclər və idman naziri Bakari Badjie və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev imzalayıblar.

Bəyanatda ənənəvi idman növlərinin milli və beynəlxalq səviyyədə inkişafı, dəstəklənməsi və kütləviliyinin artırılması məsələləri əksini tapıb.

 

 

Forumun birinci günündə “Etnoidmanda maliyyə vəsaitlərinin toplanması üçün sponsorların və tərəfdaşların cəlb edilməsi yolları”, “Etnoidman növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması”, “Kütləvi və sosial mediada etnoidmanın daha çox işıqlandırılması üçün tövsiyələr” mövzularında sessiyalar, eləcə də Dünya Etnoidman Konfederasiyası üzvlərinin dördüncü iclası və etnoidman komitələrinin toplantısı keçirilib.

V Dünya Etnoidman Forumu işini martın 6-da “Etnoidman və onların effektiv həyata keçirilməsi üçün mümkün əlaqələr və media strategiyaları” mövzusunda panel iclası ilə davam etdirəcək. Sonra Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatlarının təqdim olunması mərasimi keçiriləcək. Yekun çıxışlardan sonra Forum işini başa çatdıracaq. Forum iştirakçılarının Azərbaycan Respublikası Atçılıq Konfederasiyasının komandasının çövkən oyununu izləmələri də nəzərdə tutulur.

Qeyd edək ki, V Dünya Etnoidman Forumunda etnoidman idman növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması, eləcə də etnoidmanın təbliği məsələləri müzakirə olunacaq. Belə bir tədbirin təşkili xalqların zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, eləcə də milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq.

V Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın qəbulu ölkəmizin indiyədək bir sıra mühüm idman yarışlarına və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsidir. Belə ki, dünyanın zənginliyindən xəbər verən ənənəvi milli idman növlərinin inkişafına ölkəmizdə yüksək diqqət və qayğı göstərilir. Bu da Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə yüksək diqqətinin bariz göstəricisidir. Azərbaycanın milli atüstü idman oyununun - çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınması böyük uğurlarımızdandır.

Dünya Etnoidman Konfederasiyası 2016-cı ildən etibarən hər il İstanbulda onlarca ölkədən yüz minlərcə ziyarətçinin iştirakı ilə Etnoidman Mədəniyyəti Festivalı təşkil edir. Ənənəvi idman və oyunlar çərçivəsində keçirilən festivalda müxtəlif ölkələr öz mədəni və idman tədbirlərini nümayiş etdirmək imkanı qazanırlar.

Konfederasiyanın dəstəyi ilə Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilib. Bu festivalın əsas məqsədi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olub.

скачать dle 10.4 UTF-8Forex для начинающих